“Bu ölkə sənin qədrini bilir” – Matey Vişnekin pyesi

“Bu ölkə sənin qədrini bilir” – <span style="color:red;">Matey Vişnekin pyesi
13 may 2017
# 16:00

Kulis.az Həmid Piriyevin tərcüməsində Matey Vişnekin “Bu ölkə sənin qədrini bilir” pyesini təqdim edir.

İştirak edirlər:

Şef

Şefin köməkçisi

Məhbus

Şefin köməkçisi məhbusu şefin yanına gətirir.

Şefin köməkçisi: Şef!

Şef: Hə.

Şefin köməkçisi: Bu hərif zəng etmək istəyir.

Şef: Nə lazımdır?

Şefin köməkçisi: Zəng etmək lazımdır.

Şef: Həə, zəng etmək lazımdır.

Şefin köməkçisi: Hə, zəng etmək istəyir. Deyir ki, bu onun haqqıdır.

Şef: Hə, deyir, onun haqqıdır... Demək, mən belə başa düşdüm ki, zəng etmək istəyirsən?

Məhbus: Elədir.

Şef: Lap yaxşı. Əla. Zəng edə bilərsən. Bu konstitusiyaya zidd deyil. Bizim ölkədə hər qancığın balası zəng etmək hüququna malikdir. Ona de ki, bizim ölkədə bütün qancıq balaları zəng etmək hüququna malikdirlər.

Şefin köməkçisi: Şef deyir ki, bizim ölkədə bütün qancıq balalarının zəng etmək hüququ var.

Şef: Ona de ki, bizim ölkə bu haqqı verir: bütün əclaflar, bütün alçaqlar, bütün cındırlar zəng edə bilər.

Şefin köməkçisi: Şef deyir ki, bizim ölkədə hər əclaf, hər alçaq, hər cındır rahatlıqla zəng edə bilər.

Şef: O mənim nə dediyimi eşitdi? Bəlkə eşitməyib? Soruş gör eşidib ya yox.

Şefin köməkçisi: Sən şefin nə dediyini eşitdin?

Məhbus: Hə.

Şef: Ona de ki, eşitdiyini bir də təkrarlasın.

Şefin köməkçisi: Bir də de.

Məhbus: Bizim ölkəsə hər alçaq, hər əclaf, hər cındır zəng edə bilər.

Şef: O təkrarladı? Mən heç nə eşitmədim.

Şefin köməkçisi: Bir də təkrarla.

Məhbus: Bizim ölkədə hər əclaf, hər alçaq, hər cındır zəng etmək hüququna malikdir.

Şef: O təkrarladı? Mən tamamilə heç nə eşitmədim. İnanmırsan xaç çəkim.

Şefin köməkçisi: Şef ümumiyyətlə heç nə eşitməyib.

Məhbus: Bizim ölkədə...

Şef: Bərkdən!

Şefin köməkçisi: Bərkdən!

Məhbus: Bizim ölkədə hər əclaf, hər alçaq...

Şef: Elə de ki, eşidim də... Bərkdən!

Şefin köməkçisi: Bərkdən! Eşidirsən nə deyirəm? Bərkdən!

Məhbus: (qışqırır) Bizim ölkədə hər alçaq, hər əclaf, hər cındır ...

Şef: O deyəsən bizi dolayır. Mənə belə gəlir. Bəlkə düz deyil? Dedim axı, o bərkdən desin. Nə üçün o bərkdən demir?

Şefin köməkçisi: Qulaq as, əgər sən bizi dolayırsansa, bu artıq ciddi məsələdir...

Məhbus: (var gücüylə qışqırır) Bizim ölkədə hər alçaq, hər əclaf, hər cındır telefonla zəng eləmək hüququna malikdir.

Şef: Hə, artıq nəsə var. Ona de ki, belə yarayar.

Şefin köməkçisi: Belə gedər.

Şef: Ona de ki, bizim ölkə onun qədrini bilir, nə qədər qəribə olsa da.

Şefin köməkçisi: Bu ölkə, lənətə gələsən, sənin qədrini bilir. Bildin?

Şef: Ona de ki, hər qancıq balasının zəng etmək hüququ olan ölkədə onun da zəng etmək hüququ var. Telefon onun ixtiyarındadır. Əgər onun jetonu varsa.

Şefin köməkçisi: Buyur zəng elə. Əgər jetonun varsa.

Şef: Onun jetonu var?

Şefin köməkçisi: Jetonun var?

Məhbus: Var.

Şefin köməkçisi: Onun jetonu var.

Şef: Lap yaxşı. Əgər jetonu varsa, onda zəng etsin.

Məhbus: Mən yoxladım. Zəng etmək olmur.

Şef: Alınmır? O nə dedi? O dedi ki, alınmır?

Şefin köməkçisi: Hə, deyir ki, alınmır.

Şef: Necə yəni alınmır? Ona de ki, bir də yoxlasın.

Məhbus: Yoxladım. Jeton girmir, deyəsən sınıb.

Şef: O nə dedi?

Şefin köməkçisi: Dedi ki, avtomat-telefon sınıqdır. Ona belə gəlir.

Şef: Necə yəni sınıqdır? Bəlkə onun jetonu geydirmədir?

Şefin köməkçisi: Jetonun normal olduğuna əminsən?

Məhbus: Əminəm.

Şefin köməkçisi: Deyir ki, adi jetondur.

Şef: Bəs nə üçün alınmır? Bu necə ola bilər? De ki, bir də yoxlasın.

Məhbus jetonu avtomat-telefona atır, jeton fırlanıb aşağı deşikdən düşür. Məhbus yenə jetonu götürüb deşiyə atır. Bu proses dəfələrlə təkrar olunur.

Məhbus: Alınmır.

Şef: Nə? Necə? O daha yoxlamır? De ki, dayanmasın. Yoxsa beynini yerə tökərəm.

Şefin köməkçisi: Nə dayanmısan? Yenə yoxla, dayanma.

Həmin proses yenə dəfələrlə təkrar olunur. Şeflə köməkçisi saqqız çeynəyə-çeynəyə baxırlar.

Şef: Hə, belə-belə işlər. Doğrudan... ona de ki, ölkə təəssüflənir... de ki, bütün qancıq balalarına zəng etmək hüququ verən ölkə təəssüflənir... bütün ölkə təəssüflənir ki, avtomat-telefon işləmir.

Şefin köməkçisi: Ölkə təəssüflənir, qandın?

Şef: Belə. İndi kameraya qayıtsa yaxşı olar. Sabah yenə yoxlayar.

Şefin köməkçisi məhbusu kameraya aparır.

Şef: Jetonu da qaytar. Bu onun jetonudur.

Son

# 1008 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #