Kulis.az Qismətin yeni şeirlərini təqdim edir.
Yataqxana alliterasiyası
Gurultudan göylərin pərdəsi parçalandı.
Köhnə körpü yavaşca yırğalandı.
Körpə kirpi kimi büzüşdü Bakı!
Dəlisov dənizin
dizinin
dibində
ağ-ağ qağayılar çığırdı,
dağ kimi dalğalar çağladı.
Bir cüt cığara ağardı
qaçqın qadının qapısında…
Ayıq, astagəl, ağırçəkili
miləmil köynəkli millət vəkili
arıq, astma… adamların arasından keçdi,
açıq qapının ağzındakı ana-balanı seçdi.
Uşağın saçını qarışdırdı,
yalandan ananı danışdırdı,
sonra məşq edilmiş səslə,
dünəndənqalma həvəslə
çıxışına başladı.
Ürəyində özünü alqışladı.
Birdən balaca başladı
vəkilin çəkməsini
pal-palçıqdan qoruyan
cağbacağ cığaraları dartışdırmağa.
Vəkilsə vecinə almırdı,
inamla addımlayırdı
öz nitqinin içində “işıqlı sabahlara…”
2016, fevral
Mötərizə
Səhərə az qalır.
Utancaq sübhün yanaqları qızarır.
Unutmalı şeylər var:
bir: ilan kimi qıvrılan almasifət küçələr,
iki: bir dişləyə çılpaqlaşan gecələr…
Səhərə az qalır.
Dan yeri ağarır.
Cavab çırpıları atıram sual sobasına.
Aynadakı əksim susur inadla:
dodaqları tərpənir, dünənki pantomima!
Sükut – o ki, həmişə bilgimizdən böyükdür.
Dan yeri ağarır.
Gülümsəyir günəş.
Çox şey dəyişib, keçmiş sevgilinin soyadı kimi…
Yavaş-yavaş hüznlər stabilləşir.
Amma hələ ki, titrək küçə fənərləri
ancaq gecələr təqlid edə bilir günəşi.
Gülümsəyir günəş.
Dünya qəpik kimi ikiüzlüdür!
Mənimsə sözlərlə qırışır alın yazım:
bəzən qədim bir qəsidənin rədifində
söndürürəm susuzluğumu,
bəzənsə nağıllara yedirirəm yuxusuzluğumu.
Dünya qəpik kimi ikiüzlüdür!
2016, mart
Qızım Dəfnə üçün (I)
Ultrasondakı görüntülərə baxanda
çaşıb qalmışdıq ananla,
izaholunmaz bir sevinc bürümüşdü bizi.
Bu səndin, qızım,
zülmətin içində işaran
çeçelə barmaq boyda bir işıq gilizi…
Günü-gündən böyüyən,
ürəyi döyünən bir işıq!
Sən doğulan gün
bumeranq kimi öz üstümə qayıtdım,
duaların ətəyindən yapışdım,
və üzündəki ilahi cizgilərə baxıb
növbədənkənar göz yaşları axıtdım.
Qızım, indi elə əl-qol atırsan ki,
üzməyi öyrənirsən sanki.
Havanı təpikləyirsən,
elə bil, dünyada özünə yer eləyirsən…
Amma sən doğulan gün mən də böyüdüm,
o qədər böyüdüm ki,
indi sənin təsbeh dənəsi gözlərindəki
əksim boydayam.
2016, oktyabr
Ev haqqında bop
Pəncərələr içərdən pərdəylə hicablanıb,
çöldən dəmir barmaqlıq taxılıb azadlığa.
İndi hamı bu evdə özünün polisidi,
indi hamı bu evdə məyus və məhbus…
Bu evdə nəfəs almaq çətinləşir get-gedə,
tükənir günü-gündən oksigen ehtiyatı…
Ağacların tarixi kağızlara yazılır!
İç-içə yığılmış boşqablardan
ən altdakı kimidi indi bu evin sakinləri
qonaq gələndən-gələnə süfrə üzü görürlər.
Bu ev köhnə fotoları yamsılayır,
sarışınların da qaraşın düşdüyü köhnə fotoları…
Dırnağını mayasınacan tutan nevrotiklərsayağı
hara toxunsan ağrıyırsan. Hər yer ağrıdır.
Burda tarix vaxtı keşmiş təqvim yarpaqlarıdır.
Yarpaqların tarixi səkilərə yazılır!
Neyləməli, “günəş” sözünə isinmək olmursa,
“çörək” sözü qarın doyurmursa, neyləməli;
hər gün çay kimi dəmlənir bu evdə sıxıntı,
qonşuda nəsə bişir, ac pişiklər çığırır;
Nəfəsliklər açılmasa, bu boğanaqda
bir azdan sonuncu otaq da qürbət olacaq.
2016, noyabr