Heç qadından da kirvə olar? – Bircənin Romanı

<b>Heç qadından da kirvə olar? – <span style="color:red;">Bircənin Romanı </b>
29 iyun 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Gün işığı qapımıza yayılanda axşamdan nəm qalmış can dəsmalını götürüb yenə arxa sarı getdim. Toyuqlar tardan enirdi, camaat mal-qarasını örüşə ötürürdü, gecə bağdan açılmış itlər zəncirə vurulurdu, tər səhərin hay-küyü səssizliyə duman kimi yayılırdı.

Canımı sərin suda isladıb özümü boş qalmış mal pəyəsinə verdim, səsimi başıma atıb bir ağız çığırdım, yaş dəsmalın ucunu ağzıma təpib hönkür-hönkür ağlamağa başladım. Ağlayırdım, amma nəyə ağladığımı bilmirdim. Damın divarında həşirlə tor qurmaqda olan iri hörümçək səsimdən qorxub ayaqlarımın altına düşdü. Qurumuş kərmənin üstündə o üz-bu üzə yumalanan hörümçəyə baxıb ulartımı kəsdim, elə bildim kimsə onu mənə bir nişana göndərdi. Hörümçəyi əzməyim deyə dalın-dalın pəyədən çıxıb evə qalxdım.

Maral yuxudan oyanmış Cavidi yedirib yanıma gələndə mən otağımı nizama salırdım. Uşaq pərgarı pozulmuş otaqlara, nənəsinin cırılmış üzünə baxıb üstümə atıldı:

- Sən yenə nənəmlə dalaşmısan? İndi də yığışırsan ki, qardaşlarınla gedəsən?

Maralla baxışdıq. İrəli durub Cavidi qucaqlamaq istədim, uşaq əlimdən çıxıb özünü qaynanamın qucağına atdı, balaca əllərini arvadın üzündəki sıyrıqların üstünə qoydu, sonra da qollarını onun boynuna dolayıb soruşdu:

- Nənə, səni Bircə döydü?

Zöhrə xala bir əlcə uşağın qayğılanmasından kövrəlib Cavidi bərk-bərk sinəsinə sıxdı:

- Yox, ay bala, məni fələk döydü, fələk doladı boynuma şahmar ilanı, - deyib nalə çəkdi, səsi növrağı pozulmuş otaqların divarlarına dəyib mənim qoynuma doldu.

Maral uşağı nənəsindən alıb çölə çıxardı, balalarını çağırıb Cavidi onlara qoşandan sonra yanımıza qayıtdı:

- Dünyanı yorub yola salmısan, uşağın qulağına niyə elə çığırıb bağrını yarırsan? Göydən yağana yer yiyələnir, Allah dərdi dağa-daşa vermir ha, bəndəsinə göndərir. On ildən sonra inşallah Cavid də bir Emin olacaq. Dünya malı balandan irəlidi, üz-gözünü niyə bu günə qoymusan?

Zöhrə xala qıyğacının ucuyla ağız-burnunun seliyini silə-silə:

- Qadam dünya malının içinə, - dedi, - fələk xeyməmi talan elədi, yurdumu-yuvamı virana qoydu, öjgül durnamı vurdu, səfimi pozdu, evimə oddaq saldı. Amma bu gecəki hamısından betər oldu. Bax evimin-eşiyimin gününə, balam kimə neyləmişdi! Tüfəng-patron yeməli şeydi yığam gizlədəm? Nə verirdilər hamısını aparıb yerinə çatdırırdı. Bir dəstə kişini bir cüt arvadın üstünə göndərib evi başımıza uçurladılar.

Dava başlanandan kənddəki özünümüdafiə dəstəsinə silah-sursatı Eminin əliylə çatdırırdılar. Onun sağlığında evimizin zirzəmisinə xeyli döyüş ləvazımatı daşıyıb yığmışdılar, Emin hamısını lazım olan yerlərə paylamışdı. Gecəki axtarış da o silahlara görəydi...

***

Altı üstünə çevrilmiş otaqları bir həftəyə güclə qaydaya saldıq. Anası həmişəki kimi Nərgizi bələyib qucağına aldı, əlini ağdan-qaraya vurmağa qoymadı. Öz otağımda yır-yığış eləyəndə Maral da əlimdən tutdu, qalan otaqları Zöhrə xalanın bacısı qızlarıyla köməkli silib süpürdüm. Bu işləri görə-görə özümü zora salıb, içimdə bic uşaq kimi döllənməyə başlamış qorxunu, səksəkəni bətnimdən düşürmək istəyirdim. Nənəm belə yerdə deyərdi: “Danışıram, gülürəm, oynaş yadımdan çıxmır”. İndi mən də hər ağır işi canla-başla görürdüm, quş kimi ora-bura səkirdim, di gəl, Zöhrə xala məni bir az bərk çağıranda hövüllənirdim, elə bilirdim axtarışa gələn polislərin arasında Əlinin də olduğunu bilsələr bunun günahını məndə görəcəklər. Ruhu şad olsun Misir əminin – Əlini tanımışdı, ancaq məni dilə-dişə salmamaq üçün üstünü vurmamışdı.

Qəfil axtarışdan sonra qızıllarımı, bizə aid pulları toplayıb Səməndərə verdim. Gözümü dikdiyim mal-madar əlimdən çıxdıqca umudumu bu dəmir-dümürə bağlayırdım.

Olanları Səməndərə danışdım. Səməndər Əlinin mənlə bir sinifdə oxumuş kiçik qardaşıyla ona xəbər göndərdi, tutduğu işin bir töhmət olduğunu sərt sözlərlə onun nəzərinə çatdırdı. Əli də ona belə cavab göndərmişdi ki, guya mənim o evdə yaşadığımdan xəbəri olmayıb, bilsəymiş getməzmiş. Amma mən özüm sonradan onun gəlişinə də, davranışına da çox sevindim – o gəliş məni düşə biləcəyim çox bəladan xilas eləmişdi...

Ara sakitləşəndə bu sirri Marala açdım. Eltim müddəti keçmiş bir təşvişlə üzümə baxıb dedi:

- Səni bizə verən atana qurban olum! Xətrinə dəysə də deyəcəm, elə alçaqla bir ömür yaşamaqdan belə kişinin dul arvadı olmaq yaxşıdı. Vecinə də alma, sən bəy oğlu Mahmudun gəlinisən, Emin kimi qeyrətli oğulun arvadısan. Sənin utanıb-çəkinəcəyin, qorxub-çəkinəcəyin bir köpəyoğlu ola bilməz dünyada!

Maralın sözləri məni bir xeyli toxtatdı, sapından üzülü ürəyimi yerinə qaytardı. Ovcuma qoyulmuş taleyimi bir daha gün işığına tutdum, aydınlanan gələcəyimin kölgəsində daldalanmağa, çösgü qurmağa başladım, o çösgüyə başımı qoyub canıma dinclik verdim...

***

Nərgizin qarnı yekəldikcə dili lap uzanırdı. Günortalar olandan-olmazdan yeyib üzümə dik baxa-baxa ultimatum verirdi:

- Mən gedirəm yatmağa, heç kimin səsi çıxmasın!

Kirimişcə Cavidi götürüb düşürdüm qovağın dibinə, məhlədə başımı iş-güclə qatırdım. Yox, ondan qorxmurdum, sadəcə evdə söz-söhbət yaratmaq istəmirdim. Bütün günü həyət-bacada dolanan Maral bizdən gözünü əymirdi. Onların geniş seyvanında samovar qaynadırdıq, olan-olmazdan komalayıb şirin bir şey bişirirdik, gah da Yunusun boşaltdığı şüşələri toplayıb dondurmasatanın yolunu gözləyirdik.

Bir gün ha axtardıq şüşə tapmadıq, pulumuz da yox. Yunusun uzun yunlu bir quzu dərisi vardı, Maral onu aparıb bir ləyən dondurmaya dəyişdi. Uşaqlarla ləyənin qırağında dəyirmisinə oturub dondurmanı yedik. Birdən Bəhruz pəltəkləyə-pəltəkləyə soruşdu:

- Maral, bəs Yunus (atalarını da adıyla çağırırdılar) dərini axtaranda nə deyəcəksən?

Maralın köşək gözləri güldü:

- Siz dilinizi dinməz qoyun, deyəcəm it aparıb.

Hamımız dondurmaya görə it olmağa razılaşıb ürəkdən gülüşdük.

***

Qaynım uşaqlarına sünnət elətməmişdi. Eminin ölümü bu işi də unutdurmuşdu. Yunus həmişə Eminə deyərdi ki, uşaqları sənin qucağına qoyacam.

Bir axşam yenə Cavid Zöhrə xalanın sinəsinə sərilib:

- Bircə, gəl nağılı burda oxu, bu gecə nənəmlə yatacam, - dedi.

Gördüm Cavidin sözü gəlinin ürəyincə olmadı – bilmirdim mənim səsim onu qıcıqlandırır, yoxsa nağıllar özündən çıxarır. Mən uşağı darta-darta öz otağımıza aparmaq istəyəndə Zöhrə xalanın acığı tutdu:

- Dəymə ona, nə oxuyursan elə burda oxu. Qoy mən də eşidim, bəlkə ağlım artdı.

Mən oxuduqca o pampaq gah dayanıb sosur sifətiylə bizi süzürdü, gah da irəli-geri gedib-gəlirdi. Nağılın şirin yerində təvərə dodağını irəli uzadıb dedi:

- Xala (qaynanamızı belə çağırırdı), bax buna (əlini qarnına döydü) Eminin adını qoyacam, ikinciyə də rəhmətlik Mahmud əminin.

Zöhrə xalanın sələ tutmuş ağzı açıla qaldı, üzümə baxıb gözüylə məndən imdad dilədi. Kitab əlimdə qurudu, araya bomboz bir sükut çökdü. Ancaq sükut çox çəkmədi, Maralın səsi evin içinə bomba kimi düşüb qəlpələrini üstümüzə dağıtdı:

- Aaazzz, zircik-zircik danışma, deyəsən hamımızı qoymusan bu karsala arvadın yerinə. Get döləyinə dədənin, zağar qardaşlarının adını qoy, sənin o kişilərlə nə işin?!

Onun gəlişi qaynanamla mənim içimizdə ilişib qalmış burusux nəfəsimizi dartıb çölə çıxardı, elə bil evimiz genişləndi.

- Get sadırını yu, bala, - deyib Maral özünü divana yıxdı.

Sonra da çevrilib qapının ağzında kölgə kimi dayanmış Yunusa göz ağartdı:

- Nədi, dilinə dolama çıxıb, dillən dəə!

Yunus ağızdan pərtovuydu, dillənsə söyüşün biri bir qəpiyə olacaqdı. Maral bunu hamımızdan yaxşı bilirdi, qəsdən kişini dingildədib şeytanlarını çölə tökmək istəyirdi.

Yunus kinli, çatma baxışlarıyla Nərgizi süzüb:

- Aazz, get o dəvdək ərini bura çağır, - dedi, - günün qulağı batmamış nə səvərib yorğan-döşəyə? Özün də sərək-sərək danışma!

Gəlin Yunusun qırımından ürküb özünü dal otağa təpdi. Bir azdan Elgiz əsnəyə-əsnəyə dayanıb üzümüzə baxanda Yunusun qəzəbli səsi yenə gurladı:

- Nədi, əəə, çömələn çıxartmısan, otur da. Özün də o sallaqxana tulası arvadına denən bir də o kişilərin adını qulğuna çıxmış dilinə gətirməsin.

Yunusun sözləri Zöhrə xalanın da canına sarı yağ kimi yayıldı, arvad qalxıb töyəciyə-töyəciyə özünü stula yıxdı.

Yunusla Maral bizə uşaqların sünnət məsələsini gənəşməyə gəlmişdilər. Zöhrə xala daş atıb başını tutdu ki, yayın günü nə sünnət, saxlayın payıza. Yunus hamını səbirlə dinləyib dedi:

- Payıza çox var, mən dəsgah açıb, duvaq sərib el yığası deyiləm. Az adamla uşaqları təmizə çıxaracam.

Çay verməyin dərdindən sıpıtma aradan çıxmış Nərgiz qəfil itdiyi kimi qəfil də peyda oldu:

- Kirvəniz kimdi?

Yunus onun şüllüt üzünə, təvərə dodaqlarına acıqlı-acıqlı baxıb dedi:

- Kirvəmiz – Bircə, Cavid. Bunlardan yaxşı kirvə?..

Yunusun dediklərini zarafat bilib çay dalınca mətbəxə keçdim. İri siniyə qənd, mürəbbə, konfet yığıb, dəmli çaydan hərəyə bir istəkan süzüb geri qayıtdım. Yunus qənşərinə qoyduğum çayı geri itələyib məni yanına çağırdı:

- Bircə, mən əhd eləmişdim ki, uşaqlarımın kirvəsi Emin olacaq, özündən də razılıq almışdım. Qismət olmadı. İndi istəyirəm sənlə, Cavidlə kirvə olam.

Qulaqlarıma kimi qızardım – ilk dəfəydi qadından kirvə tutulduğunu eşidirdim. Mən ağzımı açmamış Maral üstümə şığıdı:

- Nə naz-qoz eləyirsən, buyur uşaqlarının bu əziyyətini də çək. Mənim ərimə qalsa özü kimi araq hortladanın birini tutub gətirib kərt eləyəcək ocağımıza. Mən istəyirəm uşağın ikisini sən tutasan, ikisini də Elgiz.

Nərgizin yenə dili atdı:

- Boy, arvaddan da kirvə olar?

Gəlinin qəhqəhəsi Yunusun təpəsindən tökülüb ayağından çıxdı. Qaynım Nərgizi hiddətlə süzüb Marala gözlərini ağartdı: yəni nə durmusan, di ver cavabını. Maral ərinin baxışını göydə tutub döndü gəlinə sarı:

- Ağız ey, ay gəlin, sən bu qapıdan girəli heç bu külfətə yovuşmadın. Heç olmasa dilini dinməzinə qoy, get tirlən kahanda, qoy işimizi görək.

Qapıdan çıxanda Maral bir də mənə sarı çevrikdi:

- Sən də hazır ol, bazar günü öz oğlunla (Bəhruzu deyirdi) dəli Kazım (uşaqların balacasıydı) sənlikdi. İkisini də Elgiz tutar.

***

Səhərin gözü açılan kimi yenə qaçdım atam-anam Səməndərin üstünə. Maralgilin fikrini ona çəkinə-çəkinə dedim. Səməndər sevindi:

- Bəh-bəh, bundan gözəl nə ola bilər! O uşaqlar orda sənə söykək olublar. Biz də kirvəliyə ifçin getməliyik.

Qardaşım məni qonşu rayonun bazarına apardı. Kirvəsi olduğum iki uşağın ikisinə də gözəl əyin-baş, xeyli konfet, Marala qəşəng parçadan paltarlıq, Yunusa bir yaxşı köynək, üstəlik, Zöhrə xalaya da bir donluq aldıq. Bizlərdə kirvəlik toy-nişan kimi olurdu. Nənəm danışardı ki, filan vaxt bizi kirvə tutdular, kirvəliyə bir at apardıq. Ağlım kəsəndən atam da Sahib əmigillə çox şirin kirvəlik eləyirdi – Sahib əminin böyük oğlu Şahlara atam bir saz camış bağışlamışdı. Hər bayram kirvələrimiz gəlib gedənə qədər səbrimiz bir tikə olurdu, sovqat zənbillərinin tezcə açılıb paylanmasını gözləyirdik, bilirdik ki, hərəmizə ən azı bir təzə paltar gətiriblər; manpasılar, saçaqlı konfetlər, ətirlər də öz yerində.

İndi mən də başımı başlara qoşub kirvəlik missiyamı şərəflə yerinə yetirmək istəyirdim, uşaqlara veriləsi atım, camışım olmasa da camaat arasına, balaca dostlarımın üzünə layiqli çıxmaq istəyirdim.

Çoxlu şirniyyat bişirmişdim. Sünnətə bir gün qalmış arxa otağımda gözəl xonçalar düzəltdim. Xonça tutmağıma cəfakeş bibim də kömək elədi. Yeri gəlmişkən, o zaman sünnət xonçası belə hazırlanırdı: bəzəkli siniyə təzə qayçı, sabun, iki metr qırmızı ipək, bir də bir yastıq qoyulurdu – ipək uşağın üzünə tutulur, yastıq kirvənin qucağına qoyulurdu. Uşağı yastığın üstünə oturdub qayçıyla kəsəndən sonra ortaya ləyən gətirilir, kirvələr bir-birinin əlini sabunlayıb yuyurdu...

Xuraman müəllimənin mənə bağışladığı cənnət ətirli sabunlara, sapına qırmızı bağladığım qayçıya baxa-baxa sevincimdən gecəni yata bilmədim. Özümü yetkin, yaşlanmış bir qadın, müdrik ağbirçək sayırdım.

Uşaqlar sünnət olunan günə qədər qaynanamı, baldızımı, kiçik eltimi otağıma buraxmamışdım, ordan-burdan ha boylanmışdılarsa da arzuları gözlərində qalmışdı, xonçalarımı onlara göstərməmişdim. Sünnət günü yenə şitliyim tutdu – Zöhrə xala, Bəsti, Nərgiz bəzənib artırmada məni gözləyirdilər, özümü onlardan ayırdım:

- Siz gedin, - dedim, - mən bir azdan gələcəm.

Xonçaları pilləkənin başındakı sürahinin üstünə düzdüm, heç kimi yaxın gəlməyə qoymadım. Qaynanam aralıdan xonçalara baxıb-baxıb Nərgizə sarı çöndü:

- Qapağan qancıq kimi elə adama ağız atmağı bilirsən, bəs sənin sovqatın hanı? Allah qoymasa səni də kirvə tutublar axı.

Baldızım irəli durmaq istədi:

- Qoy xonçalarını götürək, heç olmasa burda sənə köməyimiz dəysin.

Mən həyasızlığıma saldım:

- Yox-yox, bacı, yaxın durma, lazım deyil mənə sizin köməyiniz. Çıxın gedin, mən Səməndəri gözləyirəm.

Gəlin-baldız sağdan-soldan Zöhrə xalanın qoluna girib Maralgilə çataçatda Səməndər özünü yetirdi. Qızlarının hazırlayıb qırmızıya tutduğu bir cüt xonçanı da mənimkilərin yanına qoyanda az qaldım Qırat kimi qanad çıxaram.

Səməndərin gəldiyini eşidən Sahib əmiylə Misir əmi məclisdən durub bizə gəldilər. Mən xonçaların ən irilərini bu ağsaqqal kişilərə verib dedim:

- Bunları siz götürün, özünüz də mənim yanımca yeriyin, kirvə tək getməsin.

Sonra onların əlindəki xonçalara bir də diqqətlə baxıb:

- Dayanın, hələ tərpənməyin, - dedim, qaçıb Mahmud əminin əkdiyi qızılgül kolundan üç gül dərdim, birini Sahib əminin, birini də Misir əminin yaxasına taxdım. Pencək geyməmiş Səməndərin yaxasına göz gəzdirəndə qardaşım işini bildi, gülü əlimdən alıb saplağını siqaret kimi dodaqlarının arasına qoydu:

- Mən gülümü dişimdə aparacam, di dincəl.

Böyükləru qabağa salıb qalan xonçaları uşaqların qucağına yığdım, beləcə Maralgilə kirvəliyə getdim. Onların məni kirvə tutmağı ağsaqqal əmilərin də üzünü güldürmüşdü.

Xonçaları mənim payıma düşən uşaqların mərasimdən sonra yatacaqları çarpayıların üstünə yığanda qalan iki uşağın səsi məclisi ayağa qaldırdı. Onlar da qaçıb gəlib mənim yanımda durdular, üzlərini Elgizə tutub:

- Sən bizim kirvəmiz olma, - dedilər, - bax gör bibim Bəhruza, Kazıma necə gözəl şeylər alıb.

Onsuz da söyüşcül, davakar olan uşaqlar indi lap dəliyə dönmüşdülər. Səməndər tez irəli yeridi, xonçaları bölüşdürüb hər uşağın çarpayısına birini qoydu. Uşaqlar Səməndəri çox istəyirdilər, ona inanırdılar deyə səslərini kəsdilər.

Sonra dəllək işə başladı, yastığı dizlərimin üstünə, uşaqları qucağıma qoyub kəsdilər. Qırmızını uşaqların üzünə Səməndər tutdu, Misir əmi sağımda, Sahib əmi solumda dayandı.

Uşaqları yerlərinə uzandırandan sonra gətirdiyim sabunlarla kirvə təmizliyi elədik. Mərasimin bu yerində məni Səməndər əvəzlədi, Yunusla bir-birinin əllərini yudular, qucaqlaşıb öpüşdülər.

Qonaqlar ağac kölgəsində yeyib-içib dağılışandan sonra Sahib əmi böyük qaynıma üzünü tutub dedi:

- Kirvəlik elə-belə şey deyil ha, gərək buna axıracan sədaqətli qalasan. Mənim dörd oğlumun qanı Bircənin atası Rəhimin qucağına tökülüb. Bu qohumluğa bir az Emin, bir az da anan kölgə saldı. Biz gedirik, Bircəni sənə tapşırırıq. Bu gündən ona əsl qohumun kimi bax, orda-burda araqdan-çaxırdan hortladıb gəlini (barmağını əvvəlcə qaynanama, sonra da eltimə tuşutdu) bu hüdələklə bu xəfənəyin əlinə vermə...

Zöhrə xala ağzını açmaq istəyəndə Bəsti onun yanından bir burmac götürdü:

- Dillənmə, indi gül ağzını açacaq, qoy çıxıb getsin.

Uşaqların yaraları sağalanacan Cavidlə mən günlərimizi Maralgildə yola verdik...

ardı var

# 2651 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #