Hamilə vaxtı ərindən iyrənən qadın – BİRCƏNİN ROMANI

Hamilə vaxtı ərindən iyrənən qadın – <span style="color:red;">BİRCƏNİN ROMANI
19 may 2017
# 13:59

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İyunun əvvəlləri bir səhər yuxudan dözülməz ürəkbulanmayla oyandım. Özümü həyətə açılan pəncərəyə güclə çatdırdım. Mənə elə gəldi indicə daxili orqanlarım ağzımdan çölə töküləcək. Başı kəsilmiş mal kimi böyürürdüm. Düşündüm ya mənə möhkəm soyuq dəyib, ya da nədənsə zəhərlənmişəm. Ancaq az sonra toxtadım, halım özümə gəldi. O günü rahatlıqla başa vurdum.

Ertəsi gün səhər tezdən dünənkindən betər hala düşdüm. Mənə nə azar dəydiyini anlamırdım, nəydisə ürəyim səhərdən-səhərə bulanırdı, qalan vaxt narahat olmurdum. Həkimə aparmasınlar deyə dərdimi heç kəsə demirdim, evdə soyuqdəyməyə aid nə dərman vardısa, növbəylə hamısını udurdum. Yemək görəndə ödüm ağzıma gəlirdi, bəzən o qədər güclü öyüyürdüm ki, burnumdan qan fışqırırdı. Tibb işçisi olan qaynanam mənim halımı görsə də, susurdu. İçimdə qapqara qorxu qaynayırdı, mənə elə gəlirdi nəsə pis bir xəstəliyə yoluxmuşam. Qaynatam arabir üzümə diqqətlə baxıb soruşurdu:

- Dovşan, nə olub sənə? Nəsə gözümə bikef dəyirsən...

Mən onu duyuq salmamaq üçün sakitcə:

- Heç nə olmayıb, hər şey yaxşıdı, - deyib tez qaranlıq otaqların birinə çəkilirdim.

Gecələr də halım pis olurdu, istidən boğulurdum. Termometri qoltuğuma qoyub bədənimin hərarətini ölçürdüm – qızdırmam yoxuydu, bəs niyə yanırdım? Ayaq üstə güclə hərlənirdim. O günlərin birində Emin mənim əhvalıma bir xeyli göz qoyandan sonra lap amanımı qırdı:

- Xəstə şey idin də, dədən-nənən sırıdı bizə. İndi də içindəkilər üzə çıxır...

Özümü çölə atılmış yiyəsiz bir məxluq sandım. Öz halımdan halıydım, canımda nəsə ciddi bir şey baş verdiyini anlayırdım. Amma dərdimi kimə açaydım, bilmirdim. Yenə anam yadıma düşdü. Bu xarabaya köçdüyüm gündən bir dəfə mənlə maraqlanmamışdı, bircə yol da dalımca gəlməmişdi. Gəlsəydi, bəlkə bir az toxtaq olardım.

Ağzıma nə qoyurdumsa, boğazımdan keçməmiş qaytarırdım. Mədəmdə su da qalmırdı. Bütün gün həyəcan içində dolanmağım işimə-gücümə də mane olurdu. Belə vahiməli günlərin birində Eminin qonşuluqda yaşayan əmisinin arvadı əlində bir nəlbəki, nəlbəkinin içində də duz bizə qatıq mayasına gəlmişdi – o vaxtın arvadları bir evdən maya aparanda qaba ya duz, ya da qənd qoyardılar ki, halallıq olsun. Qaynanam bu qadını mənim nəzərimdə ifritə kimi qələmə vermişdi, hər gün evdən çıxanda mənə bərk-bərk tapşırırdı ki, eltisi bir diləyə gəlsə, verməyim, ona xoş üz göstərməyim. Ancaq kənd məktəbində müəllimlik eləyən Sitarə xalanın siması nədənsə mənə xoş gəlirdi. Mən onun qabına azca qatıq qoya-qoya Allaha yalvarırdım ki, qaynanam gəlməmiş bu arvad çıxıb getsin. O, nəlbəkini məndən alıb getmək istəyəndə yenə məni öyümək tutdu, bir az əvvəl içdiyim suyu necə təzyiqlə qaytardımsa, yazıq arvad nəlbəkini yerə atıb əlləriylə başımı sıxdı, məni qapıdakı stula oturtdu, kürəyimi ovxaladı. Qadın əməllicə qorxmuşdu:

- Sənə noldu birdən-birə, ay bala? Rəngin-ruhun niyə belə qaçdı?

- Özüm də bilmirəm. Bir aydı ağzıma nə alıramsa, qaytarıram. Sitarə xala, vallah mən ölürəm, - deyib arvada sarıldım, hönkür-hönkür ağladım.

Qadın mənim əllərimi ovuşdura-ovuşdura:

- Qorxma, balam, heç nəyin yoxdu, - dedi, - sən boylusan. Qaynananın həkim boyunu yerə soxum, deməyib sənə?

Heysiz-heysiz yerimdən qalxıb yenə stula çökdüm. Ürəyim quş ürəyi kimi çırpındı, dilim dilçəyimə yapışdı. Dizlərim qatlandı. Damarlarım həyəcanıma yenə tab gətirmədi, qan burnumdan fışqırıb sinəm aşağı axdı. Qadına elə gəldi mən sevincimdən bu hala düşdüm, bilmədi mənə necə kömək eləsin. İndi mən istəyirdim o yubanmadan çıxıb getsin. Özümə yardım göstərməyi özüm hamıdan yaxşı bacarırdım. Bir anda məni tərk eləmiş qorxu-həyəcan indi də bu yazıq arvadın canına dolmuşdu. Mən ona məhəl qoymadan özümü həyətdən axan su arxına çatdırıb ağız-burnumun qanını yudum. Amma o iki kəlmə qulaqlarımı çəkic kimi döyəcləyirdi: “Sən boylusan, sən boylusan, sən boylusan...” Bilmirdim sevinim, yoxsa kədərlənim.

Yox, əlbəttə, sevinirdim; sevinirdim ki, nə yaxşı bir sağalmaz xəstəliyə tutulmamışam...

***

Hə, ağlıma nə desən gəlirdi, tək bunu gözləmirdim. Nə boylu, canım, mən özümü bu evdə qonaq kimi, amanat kimi hiss eləyirdim. Elə bilirdim gecələrin birində kiminsə qüdrətli əli məni alıb qeybə çəkəcək. Kimsə mütləq mənim dalımca gələcək, mütləq gələcək! İndi uşağa qaldımsa, bitdi hər şey, bir ömür bu cəhənnəmdə qovrulacam. Əlacım olsaydı, əlimi içimə salıb o yuvanı pardax-pardax eləyərdim, hələ yerini bərkitməmiş o rüşeymi qoparıb itlərə atardım.

Bətnimdəki dölə tuşlanmış qəzəbimin ən şiddətli yerində birdən içimdən xəfif bir üşütmə keçdi. Yadıma düşdü ki, bir zaman anam da məni beləcə məhv eləmək istəmişdi. Gələcək övladım haqqında belə amansız düşündüyümə görə xəcalət çəkdim, əllərimi az qala kürəyimə yapışan göbəyimin üstündə çarpazlayıb bətnimdəki dölcükdən üzr istədim. Otağıma keçib çarpayıma qısıldım, iki gün yerimdən çıxmadım. Qaynanam nə qədər danışdısa, yenə qalxmadım. İçimin dərinliyinə dalıb, gözlərimi, qulaqlarımı dünyanın üzünə bağladım.

***

Sağalmaz dərdə düçar olmadığımı anlayandan sonra həyəcanım sovuşmuşdusa da, halım düzəlmirdi. Heç nə yeyə bilmirdim, ət görəndə, yağ-soğan görəndə başıma hava gəlirdi. Yeməklərim qabaqkı kimi dadlı çıxmırdı, qaynanam da buna görə söz-söhbət salırdı. Boylu olmağım evdə heç kəsin tükünü tərpətməmişdi. Mənlə eyni ayda baldızım da üçüncü uşağına hamilə qalmışdı. Qaynanam onun hamiləliyini toy-bayrama çevirmişdi – gecə-gündüz qızını göz bəbəyi kimi qoruyurdu, ürəyi istəyənləri bişirib ona yedizdirirdi, birdən uşağı düşər deyə onu tərpənməyə belə qoymurdu.

Boylu olduğumu biləndə atamgil məni qonaq çağırdılar. Toydan sonra ilk dəfə evimizə gedəcəkdim. Bilmirdim bu necə bir gediş olacaq, doğmalarım məni necə qarşılayacaqlar. Eminlə qaynanam mənə dönə-dönə tapşırdılar ki, gecəni orda qalmayım. Bunun mənası, səbəbi nəydi, bilmədim.

Nə geydimsə əynimdən töküldü. Toyumda mənə gözəl paltarlar almışdılar, heç biri əynimə oturmadı. Əriyib çöpə dönmüşdüm. Bu halımdan pərt olan qaynanam alverçi tanışına xəbər göndərib mənə indiki ölçülərimə uyğun yubka-kofta gətirtdi. Üstümdən də bir şələ qızıl asıb məni atam evinə apardılar.

Darvazamıza çatanda ürəyim ağzımdan çıxırdı. Qaranlıqda həyət boyu düzülmüş əmilərimi, qardaşlarımı, əmim oğlanlarını görəndə məni ağlamaq tutdu. Maşından düşəndə bilmədim birinci kimin üstünə qaçım. Əvvəlcə böyük əmim Musanı qucaqladım. Kişi məni sinəsinə necə sıxdısa, elə bildim qabırğalarım onun qollarının arasında çilik-çilik olacaq. Sonra qardaşlarımla, atamla, lap sonda əmim oğlanlarıyla görüşdüm. Kimisi üzümdən, kimisi saçımdan, kimisi də əllərimdən öpdü.

Gözüm yenə anamı axtarırdı. Bacılarım mənə sarılıb ağlayırdılar – bu evdə onlarla elə də yaxşı davranmamışdım, niyə ağlayırdılar, bilmirdim. Anam hələ də gözə dəymirdi. Hamı süfrə arxasına keçəndən sonra o, yan otaqdan çıxıb, qonaqlara xoşgəldin elədi. Gözünün ucuyla məni də süzdü, hamıdan axırda yanağıma bir xalaxətrin qalmasın öpüş qondurub getdi.

Çoxdan görmədiyim əzizlərimin üzünə hələ doyunca gülümsəyə bilməmişdim, birdən gözlərim Eminə sataşdı: nədənsə o məni qanlı-qanlı süzürdü. Əhvalım o andaca dəyişdi, oturduğum stula yapışıb qaldım.

Hamı süfrədə olandan yeyib içdi. Atam Eminə çox gözəl bir üzük bağışladı. Tək ona yox, ailənin bütün üzvlərinə hədiyyə alınmışdı – elimizin adəti beləydi, gəlin köçmüş qızı atası qonaq çağıranda oğlan evinin bütün sakinlərinə bəxşiş verilərdi. Atam hətta böyük qaynımın balaca uşaqlarına – mənim evcik yoldaşlarıma da pal-paltar almışdı.

Bol süfrədən ağzıma heç nə apara bilmədim. Bir az bibimə sarıldım, bir az qardaşlarıma. Getməyə qalxanda əmilərim oğlan tərəfdən xahiş elədilər ki, məni aparmasınlar – adətə görə, qonaq çağırılan qız bir həftə ata evində qalardı. Ancaq ər evində məni təlimatlandırmışdılar ki, atamgildə qalmaqdan boyun qaçırım. Ona görə də camaat ayağa durhadurda mən tez qalxıb qaynanamın yanında dayandım. Evdəkilərin təkidindən sonra qaynanam qayıtdı ki, gəlin özü bilər, qalmaq istəyirsə qalsın. Mən ayağımı soyunub içəri keçmək istəyəndə Emin hamı eşidə-eşidə:

- Olmaz, geyin gedirik, - dedi.

Adam sözü hansı tonla dedisə əmilərim bir anda yumşaldılar.

Çarəsiz-çarəsiz üzümə baxıb:

- Yaxşı, dur get evinə, - dedilər.

Düzünü desəm, o gecə atam evində qalmaq özümün də ürəyimdən keçmirdi. Bilmirəm niyə, ancaq içini-çölünü hələ tanıyıb öyrənmədiyim, elə də sevilmədiyim o evə dönmək istəyirdim; məni çox da istəməyən, qollamayan yad adamlardan o gecə heç ayrılmaq istəmirdim. Bir şeyi dəqiq bilirdim ki, daha atam evində, doğmalarımın arasında mənə yer yoxdu.

Gecənin qaranlığında maşın dartınıb həyətimizdən çıxanda çevrilib geri baxdım: arxada bir alt-üst ev dolusu doğmam qalmışdı. Hamısı da dalımca baxa-baxa ağlayırdı. Gözüm yenə anamı axtardı, görmədim. Gözü yaşlı əzizlərimi heç bir ağrı-acı duymadan geridə buraxıb, yad üzlərdən, yad səslərdən qurulmuş yeni dünyama – yeni yuvama qayıtdım. İçimdə də bir ağır yük, bir isti manqal...

***

Özümü bu evdə sevdirməliydim. Bunu çox istəyirdim, çünki ayrı əlacım yoxuydu. Nənəmin öz gəlinlərinə dediyi bir söz daim qulaqlarımda səslənirdi: “Ərinizin mehrini qazanmaq istəyirsizsə, birinci onun anasına yarının, bacısını əziz tutun”.

Emin də anasına çox bağlıydı. Hər həftə qaynanamın saçlarını xınalayırdım, əl-ayaq dırnaqlarını isti suya qoyub tuturdum, ağ həkimlik xalatını tərtəmiz yuyub nişastalayırdım. Mən onun nazıyla oynayırdım, o da baldızımın. Bunları gördükcə baldızıma həsəd aparırdım, deyirdim kaş mənim də anam məni qaynanam öz qızını sevdiyi kimi sevəydi. Padşah qızı olsa belə, arxasında ana durmayan qızın xoşbəxt olması müşkül məsələdi.

Qaynatam həyətimizdə uzun-uzun ləklər boyunca çiyələk yetişdirmişdi. Mənim də çiyələkdən başqa heç nəyi təbim çəkmirdi. Qaynanam hər səhər işə gedəndə mənə tapşırırdı:

- O çiyələkdən yığ, mürəbbə bişirək.

Arvad qapıdan çıxar-çıxmaz mən özümü ləklərin arasına atırdım, çiyələkləri görməmiş kimi ikiəlli dərib yumamış, təmizləməmiş ağzıma basırdım. Qaynatam bunu gördükcə bərkdən gülürdü. Gün uzunu çiyələkdən savayı boğazımdan heç nə keçmirdi. Qaynanam hər gün soruşurdu:

- Bəs nə oldu, niyə çiyələk yığmadın?

Mən gözümü ondan yayındırıb udquna-udquna qalanda qaynatam arvadına acıqlanırdı:

- Orda nə çiyələk var ki, ondan da mürəbbə olsun...

Səhər hamı işə-gücə dağılışan kimi mənim bu evdəki tək həmdəmim:

- Dovşan, tez gəl, - deyirdi, - çiyələklər səni gözləyir.

Mən dərhal işimi-gücümü atıb özümü verirdim qırmızı cənnətə, tozlu-palçıqlı çiyələkləri acgözlüklə udurdum. Yeyib bitirən kimi xəcalətdən ölürdüm ki, o boyda ağbirçək qadını hər gün aldadıram. Hər dəfə də özümə söz verirdim ki, daha sabah çiyələkləri yeməyəcəm, yığıb mürəbbə bişirəcəm; ancaq ertəsi günü yenə özümlə bacarmırdım.

İşi belə görən qaynatam qonşudan bir iri vedrə çiyələk satın aldı. Özü də oturub mənə kömək elədi, təmizlədik, mürəbbə bişirdim. Bundan sonra qaynanamın havası alındı.

Çiyələk sovulan kimi moruğa dadandım. Hamiləliyin üçüncü ayındaydım. Ürəkbulanmam qabaqkına baxanda bir az seyrəlmişdi, amma hələ də düz-əməlli yeyib-içə bilmirdim. Eminlə münasibətimiz elə də pis deyildi, ancaq məişət söhbətlərindən başqa bir sözümüz-danışığımız olmazdı. Hər gün bir əhvala düşürdüm – gah səbəbsiz ağlayırdım, gah da oturduğum yerdə məni yuxu aparırdı. Ürəyimdən elə əcaib şeylər yemək keçirdi ki, açıb heç kəsə deyə bilmirdim. Məsələn, ağacların dibində dən-dən olan quru torpağı ovuc-ovuc yeyirdim. Mənə elə gəlirdi içimdə bir yanar kürə, qaynar samovar gəzdirirəm. Havalar da isinmişdi, durduğum yerdə başımdan bəlkə yüz tər cığırı açılırdı. Məni tənbəllik basmışdı, bir işə-gücə əl atmaq istəmirdim. Bu da ki mümkün deyildi, evin bütün yükü mənim çiyinlərimdəydi. Ən çox da paltar yumaqdan yorulurdum. Bacılarımın bizə tez-tez gəlməyinə Emin razı deyildi; deyirdi gəlib səni öyrədib evdən soyudarlar. Ha fikirləşirdim ki, məndən neçə yaş kiçik bacılarım mənə nə öyrədə bilərlər, bir şey tapa bilmirdim.

Hamiləliyim dördüncü aya keçəndə çox əcaib bir hala düşdüm. Bir səhər yuxudan oyanıb Emini yanımda görəndə öyüməyə başladım. Durub qaça-qaça özümü həyətə atdım. Arxamca qapıya çıxan Emin məni çağırıb nəsə demək istədi, mən onu görər-görməz böyürə-böyürə qusmağa başladım, mədəmdə nə vardısa çölə püskürdüm. Bundan sonra Emindən (yalnız ondan) iyrənməyə başladım.

Mənim bu halım onun qüruruna toxundu, özünü təhqir olunmuş saydı. Aramızdakı atəşkəs yenə pozuldu, Emin yenə hər addımda məni döyüb incitməyə başladı. Mənsə yenə dərdimi deməyə bir adam tapmadım. Vəziyyətim gündən-günə pisləşirdi, özümü heç cür ələ ala bilmirdim. Getdikcə daha çox iyrənirdim ondan. Bir gün dava-şava o həddə çatdı ki, dedim daha belə yaşamaq mümkün deyil, məni evimizə aparın.

Mənim dərdimə-sərimə laqeyd olan qaynanam iş bu yerə dirənəndə vəziyyətimlə maraqlanmağa başladı, məni sorğu-suala tutub nə vaxt hansı hallara düşdüyümü öyrəndi. Sonra da Emini çağırıb nə dedisə, o məni rahat buraxdı. Demə, bunlar hamısı hamiləliyin fəsadlarıymış, bəzi qadınlar boylu olanda ərindən iyrənirmiş. Eynən mənim kimi...

İki ayı da bu əhvalla keçirdim. Hamiləliyimin beşinci ayında atılmış siqaret kötüklərinin filtrlərini çeynəməyə başladım. Emin evdə olanda onu güdürdüm, siqaretini çəkib qurtaran kimi külqabını qapıb mətbəxə qaçırdım, filtrin kağızını cırıb, içindən çıxan pambığa bənzər süzgəci sorurdum. Onu sorduqca canıma misilsiz bir ləzzət yayılırdı.

Emin bir gün bu oğurluğumu da tutdu, külfətin içində məni biyabır elədi. Nə qədər ağlayıb yalvardımsa, yenə məndən əl çəkmədi. Handan-hana bütün olanlardan xəbər tutan böyük eltim Maral irəli durub:

- Nə istəyirsiz bu ikicanlı gəlindən, - dedi, - sizə nə qalıb o nə yeyir, nə içir! Rahat buraxın xalxın uşağını! Yadınızda saxlayın, boylu qadın küçük ətinə də yerikləyə bilər...

Onun bu cəsarətli çıxışı Eminlə qaynanamın üstünə soyuq su çilədi. Bir müddət məni rahat buraxdılar.

ardı var

# 3734 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #