Eyvaz Borçalı: səksənə doğru – Nəriman Əbdülrəhmanlı

Eyvaz Borçalı: səksənə doğru – <span style="color:red;">Nəriman Əbdülrəhmanlı
3 may 2017
# 14:05

Kulis.az Nəriman Əbdülrəhmanlının “Eyvaz Borçalı: səksənə doğru” yazısını təqdim edir.

Altmışıncı illərin əvvəllərində ədəbiyyata gələnlər arasında “Vətənin qıraqda qalan yerində - Borçalıda doğulmuş dörd söz adamı da vardı: Arif Mustafazadə, Eyvaz Borçalı, Abbas Abdulla və İsa İsmayılzadə...

Onda o cavanların üçü Bakı Dövlət Universitetində, biri (Eyvaz Borçalı) M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universitetində) təhsil alırdı. Həmin iillərdə hələ rəsmən Ayvaz Ayvazov kimi tanınan Eyvaz Borçalı institutun son kursundan Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutunun tərcümə bölməsində oxumağa getdi, Arif Mustafazadə bir müddət Azərbaycan radiosunda çalışandan sonra Qarayazıya qayıtdı, qarayazılı İsa İsmayılzadəsə, əksinə, bir neçə il Tiflisdə işləyib Bakıya döndü, Abbas Abdulla elə Bakıda qalıb ədəbi həyatını davam etdirdi...

Arif Mustafazadə və İsa İsmayılzadə iki il fərqlə eyni yaşda – 56 yaşında dünyalarını dəyişdilər...

Eyvaz Borçalı və Abbas Abdulla Allahın verdiyi ömür möhlətini yaşayır, yaradıcılıq həyatlarını davam etdirirlər...

***

Eyvaz Borçalının şeirlərinə hələ orta məktəbdə oxuyanda abunə yazıldığım qəzet-jurnallardan bələd olmuşdum, Mən Bakıya gələn il – 1975-ci ildə də “İllər...Pillələr...” adlı poetik toplusu çapdan çıxmışdı, kitab haqqında ədəbi aləmdə söz-söhbət gedir, mətbuatda müəllifin uğuru kimi dəyərləndirilirdi. Artan marağımı təmin eləmək üçün kitablarının (“Üfüq yananda”, “Sevgi radiusu”, “Qızıl anlar”, “İnsan, zaman, izlər”) bəzilərini kitab dükanlarından, bəzilərini də kitabxanalardan tapıb oxudum, poetik nəfəsinə bələd oldum. O vaxtdan da Eyvaz Borçalı “mənim müəlliflərimdən” birinə çevrildi...

O illərdə Eyvaz Borçalı Azərnəşrdə yeddi il redaktor işləyəndən sonra “Mozalan” satirik kino-jurnalının baş redaktoru təyin edilmişdi. Həmin dövrdə əliəyrilərin, rüşvətxorların, korrupsiyaçıların qorxulu röyasına çevrilmiş “Mozalan” respublikada böyük nüfuza malik idi, Eyvaz Borçalı da özünəxas prinsipiallıqla, əlbəttə ki, respublika rəhbərliyinin imkan verdiyi qədər qətiyyətlə neqativ hallara qarşı mübarizə aparırdı. Elə həmin dövrdə - 1980-ci ildə “Şərəf nişanı” ordeniylə təltif olunmuş, 1981-ci ildəsə respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanıyla yanaşı, Əməkdar İncəsənət Xadimi fəxri adına da layiq görülmüşdü.

Eyvaz Borçalıyla yolumuz 1985-ci ildə kəsişdi. Onda o, artıq C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru idi, mən də “Sovet Gürcüstanı” qəzetinin əməkdaşı kimi müsahibə götürməyə gəlmişdim. İlk əyani görüşün təəssüratı məndə ikili hiss doğurmuşdu: poetik duyğularında bu qədər kövrək və həssas olan Eyvaz Borçalının rəsmiyyətlə necə ayaqlaşa bildiyini uzun müddət dərk eləyə bilmədim.

Kino sahəsində çalışdığı illərdə Eyvaz Borçalının yaradıcılıq bioqrafiyasına 200-ə yaxın film yazıldı. O, bədii ekran sahəsində (“1001-ci qastrol”, 1974) də qüvvəsini sınadı, sənədli lentlər üçün də ssenari yazdı, “Mozalan” satiyik kino-jurnalı üçün süjetlər qələmə aldı.

Sonra Eyvaz Borçalı 80-ci illərdə hələ də nüfuzlu olan “Kirpi” jurnalının baş redaktoru kimi çalışdı, “Dünya, məni tərkinə al”, “Dünyanın tərkində”, “Durnalı göylər” adlı poetik toplularını nəşr etdirdi, tərcümə yaradıcılığına da ara vermədi.

80-ci illərin axırında Eyvaz Borçalı bir çox ziyalılarımız kimi, erməni təcavüzkarlarına qarşı xalq hərəkatının fəal iştirakçılarından birinə çevrildi, xüsusilə gürcü maskası altında gizlənmiş erməni şovinistlərin Gürcüstanda soydaşlarımıza qarşı təxribatlarının qarşısını almaq üçün Həsən Həsənov, Şamil Qurbanov, Dilarə Əliyeva, Abbas Abdulla, İsa İsmayılzadə, Zəlimxan Yaqubla bir sırada dayandı, “Borçalı” cəmiyyətinin dirçəldilməsi və səmərəli fəaliyyət göstərməsi, ağrılı problemlərin qabardılması və həll yollarının tapılması üçün əlindən gələni əsirgəmədi.

Eyvaz Borçalı bütün məqamlarda öz simasını qoruyub saxlamağı bacardı, nələrinsə xətrinə yön və səf dəyişdirmədi, hətta haqqı olanı almaq üçün meşin qapılar döymədi, əlli ildi üzvü olduğu AYB-nin qapısını heç otuz dəfə də açmadı, ən çətin vaxtlarında müəllimlik eləməyi belə özünə əskiklik saymadı...

***

Eyvaz Borçalının “Səksənə doğru” adlı bir şeiri var. Yazır ki:

Səksənə üz tutub gedən gəmiyəm,

Arxaya baxanda adam səksənir;

Çalxanan dəryada uşaq kimiyəm,

Göz həyan axtarır, qulaq – səs-səmir...

Onun poeziyası təbiətə, ilkinliyə, saflığa köklənib qanı-canıyla bağlı olduğu, şəhərin tünlüyündə darıxdığı, görüşünə can atdığı doğma yerləri, təkrarsız məqamları, unuda bilmədiyi çalarları axtarır. Ömrünün ahıl çağlarında belə yaddaşını tərpədən o duyğular Eyvaz Borçalının şeirlərindən qırmızı xətt kimi keçir:

...Doğma cığırları gəzdim, dolandım,

Gözündən su içdim buz bulaqların.

Bir odsuz-ocaqsız oda qalandım,

Xəbəri olmadı amma dağların...

Eyvaz Borçalı təbiətinə görə yaradıcı adam olduğuna görə, bəzən daxilindəki ikiləşmədən, şair-məmur toqquşmasından əziyyət çəkib, bəlkə də bu misraları elə həmin məqamların birində qələmə alıb:

Özümün özümdən yoxmuş xəbərim -
İki "Mən" yaşayır mənim içimdə.
İki "Mən" yaşayır... lakin hər biri
Bir özgə xislətdə, özgə biçimdə.

Amma son illərdə yazdığı şeirləri oxuyanda bu toqquşmadan şair “Mən”in qələbəylə çıxdığını aydın görmək olar...

***

Eyvaz Borçalı rus dilindən Azərbaycan türkcəsinə poetik tərcümənin ən peşəkar ustalarından biridi. Əlli ildən artıqdı ki, bu işlə davamlı məşğul olur, oxucularımızın bir qismi Aleksandr Puşkin, Mixail Lermontov, Aleksandr Blok, Sergey Yesenin, Mustay Kərim, eləcə də böyük gürcü şairi Nikoloz Barataşaşvili yaradıcılığını məhz Eyvaz Borçalının tərcümələrilə tanıyıblar.

Xüsusilə onun Puşkin və Lermontov yaradıcılığını sanballı şəkildə dilimizdə səsləndirmək yönümündə son illər təmənnasız çalışması əsl ziyalı fədakarlığıdı. Təkcə elə Səməd Vurğundan sonra Puşkin yaradıcılığının zirvəsi sayılan “Yevgeni Onegin” mənzum romanını yenidən dilimizə qazandırmaq, tərcüməçinin bu addımına böyük bir məqalə həsr eləmiş xalq yazıçısı Elçinin təbirincə desək, “sənərkar cəsarətinin göstəricisidir”, çünki “Səməd Vurğun professional tərcüməçi deyildi və ilham bəzən onu mətndən uzaqlaşdırırdı. Eyvaz isə eyni zamanda professional tərcüməçidir və ilham pərisini, bir az kobud desəm, cilovlaya bilir, görünür, elə buna görə də onun tərcüməsi orijinala daha yaxındır...”

Eyvaz Borçalı “Yevgeni Onegin”lə yanaşı, böyük şairin “Ruslan və Lyudmila” mənzum romanını, “Baxçasaray fontanı”, “Qaraçılar”, Tunc atlı” poemalarını və seçmə şeirlərini də dilimizə çevirib. Hətta o, məşhur “Oxuma gözəl” romansı yazılmış məşhur şeiri az qala 25 ildən sonra bir daha dilimizdə səsləndirib, ilk tərcüməsini daha da cilalayıb:

Oxuma yanımda, oxuma gözəl,

O qəmli Gürcüstan nəğmələrini.

Onlar yada salır, hər şeydən əzəl,

Ömrümün çox uzaq səhnələrini...

Eyvaz Borçalının tərcüməsində Lermontov poeziyası da orijinala sədaqəti və dilimizin incəliklərinə bələdliyi büruzə verir. Şairin indiyəcən dilimizə başqa-başqa qələm adamları tərəfindən çevrilmiş məlum şeirləri də, “Qannı”, “Fərari, “Hacı Abrek”, “Mtsıri”, “İblis” poemaları da onu qələmilə Lermontov ruhunu duymağa yardım eləyir. Təkcə elə dillər əzbəri olan “Qafqaz” şeirindən bir bəndə nəzər salan bunu aydın görə bilər:

Tək özüməm Qafqaz üstdə, uçurum başında,

Aşağıda qar – altdadır, dağlar dərində:

Bir qartal da havalanıb zirvə qaşından,

Dövrə vurur, cövlan edir bərabərimdə...

Şübhəsiz, Eyvax Borçalının Puşkin, Lermontov və Blok kimi böyük söz ustalarını dilimizə və ədəbiyyatımıza qazandırmaq üçün çəkdiyi misilsiz zəhmət hörmətəlayiqdi, nə vaxtsa öz qiymətini alacaq...

***

Eyvaz Borçalı müsahibələrinin birində deyir: “Əslində, mən sırf ədəbiyyatla məşğul olmalı idim. Təəssüf ki, “Mozalan” satirik kino-jurnalı bu gün mənim ədəbiyyatçı kimi tanınmağıma imkan vermədi”.

Təəssüf doğuran, haqlı sözlərdi. Bəlkə də elə özünə çəkilməyinin, ədəbi mühitdə görünməməyinin başlıca səbəbi ədəbi taleyindən bu narazılığıdı...

Buna əmin olmaq üçün onun poetik toplularını, tərcümələrini oxumaq lazımdı...

Eyvaz Borçalının poeziyası da, peşəkar tərcümələləri də az qala gözdən-könüldən uzaq qalıb, ədəbiyyatşünaslar da tənqidçilər də onun altmış ilə sürən yaradıcılıq ömrünün faktı olan özünəməxsus şeirlərini və ustalıqla elədiyi tərcümələri görməzliyə vururlar...

Amma o əsərlərin yaşarılığına şəxsən mənim zərrə qədər də şübhəm yoxdu.

Nə qədər sınqın olsa da buna elə özünün də imanı var:

...Hələ tanıyan var, hələ sayan var,

Hələ kimliyimə qiymət qoyan var;

Dözülməz olsa da hələ həyan var,

Hələ beçəlidir pətək, a könlüm,

Bu yol bizimkidir, gedək, a könlüm...

3 may 2017.

# 2481 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #