Kitab sərgisi

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar...
3 oktyabr 2025
# 10:00

Kulis.az ədəbiyyatşünas Mətanət Vahidin "Yaza bilməyən tənqidçilər" yazısını təqdim edir.

Alexandro Qonsales İnyarritunun "Oskar"lı “Birdman” filmində (2014) ən yaddaqalan səhnələrdən biri də barda tənqidçi ilə aktyorun görüşüdür.

Tənqidçi tanışı ilə qarşılaşan Mayk Şayner deyir ki, mübarizə apara bilməyən adam qeybətçi olduğu kimi, yaratmaq iqtidarında olmayan yazar da tənqidçi olur.

Filmdə Mayk bu fikrin Floberə məxsus olduğu təxminini irəli sürsə də, biz onun Bernard Şouya aid olması məlumatı ilə daha çox qarşılaşmışıq.

Yeri gəlmişkən, B.Şou özü də tənqidçi idi. Üstəlik, 63 pyes müəllifi olan yazar 1925-ci ildə Nobel mükafatına da layiq görülmüşdü.

Bu fikrin ona məxsus olması bir o qədər inandırıcı təsir bağışlamır.

Hazırda isə bunun elə bir önəmi də yoxdur: mənbənin unudulub məlumatın yaddaşlarda qaldığı məqamlardandır.

Uzun illərdir, bu fikri hələ də əldə bayraq edib tənqidçilərdən tənqidlərin əvəzini çıxmağa çalışan yazarlar var.

Ən pisi də odur ki, onlar haqqında özü yaza bilmədiyi üçün tənqid yolu tutduğu fikrini hətta bəzi ədəbiyyatşünaslar da deyir.

Sirr deyil ki, binayi-qədimdən yazarlarla tənqidçilər ortaq məxrəcə gələ bilməyiblər.

Amma ədəbiyyatdan heç olmasa xəbəri olan hər kəs bilir ki, istər dünya, istərsə də Azərbaycan ədəbiyyatında həm tənqid, həm də bədii yaradıcılıqla məşğul olan müəlliflərin onlarla nümunəsi var.

Məsələ burasındadır ki, tənqidi mətn də ən azı, bədii mətn qədər maraqla oxunmalı, oxucunun diqqətini üzərinə cəmləyə bilməlidir.

Buna görə də tənqidi yazı heç də bədii mətndən daha az yaradıcılıq qabiliyyəti tələb etmir.

Dünya ədəbiyyatında Con Drayden, Şarl Pyerro, Lesli Stiven, Somerset Moem, Con Apdayk, Virciniya Vulf, Mişel Uelbek, Syuzan Zontaq, Stefan Mallarme, Hilari Mantel, Alber Kamyu, Tomas Eliot, Milan Kundera, Umberto Eko və s.; Azərbaycan ədəbiyyatında Seyid Hüseyn, Mehdi Hüseyn, Qulu Xəlilov, Bəxtiyar Vahabzadə, Cəfər Xəndan, Anar, Elçin, Əkrəm Əylisli, Kamal Abdulla, Çingiz Hüseynov, Zakir Məmməd, Vaqif Sultanlı, Aydın Talıbzadə, Əsəd Cahangir, Rəhim Əliyev və s. və i. yazıçı, şair və həm də tənqidçi kimi tanınan müəlliflər var və onların əksəriyyəti ixtisasca ədəbiyyatşünaslardır.

Yeri gəlmişkən, qeyd edim ki, bizdə işlənən “yazıçı tənqidi” ifadəsi ilə də razılaşmıram, bunu “şair-tərcüməçi” ifadəsi qədər yanlış hesab edirəm.

Çünki yazıçılıq və ədəbi tənqidçilik bir-birindən fərqlidir və onları “ikisi birində” təqdim etmək doğru deyil. Bir var ki, müəllif başqa bir yazarın əsəri haqqında sadəcə təəssüratlarından ibarət bir məqalə yazır, bir də var ki, ədəbi tənqidin kriteriyalarından çıxış edir.

Belə olduğu halda, müəllif həm də yazıçılıq fəaliyyəti ilə məşğul olduğu üçün onun tənqidini ədəbi tənqiddən, bir növ, qoparıb “yazıçı tənqidi” hesab etmək doğru deyil, məncə.

Ümumiyyətlə, ədəbiyyat sevdalısı olan biri üçün onun hansı sahəsi ilə məşğul olması çox böyük fərq etmir.

Çünki bu və ya digər şəkildə özünü yenə ədəbiyyatla ifadə etmiş olur. Təbii ki, həm yazıçılıq, həm də tənqidçiliklə məşğul olan müəllif bu sahələrin hər birində eyni dərəcədə müvəffəq olmur: hansı tərəf daha ağır gəlir, ədəbi tənqid, yaxud bədii yaradıcılıqmı uğurlu alınır? – bu artıq ayrı bir mövzudur.

Lakin tənqidi yazılarında yüksək tələblərlə çıxış edən müəllifin bəzən olduqca zəif bədii əsərlər yazdığının da şahidi oluruq.

Çünki bilmək heç də hər zaman həm də bacarmaq, nəzəri savada malik olmaq isə mütləq mükəmməl mətn yazmaq anlamına gəlmir.

Oxucu isə tənqidçinin əsərini (üstəlik, o, ixtisasca ədəbiyyatşünasdırsa) daha böyük maraq və intriqa ilə, “görək özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" yanaşması ilə oxuyur.

Bununla belə, ədəbi tənqidlə yanaşı, bədii yaradıcılıq sahəsində də uğurlu olan müəllifləri danmaq olmaz...

# 148 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış tarzənin yubileyi qeyd olunub

Tanınmış tarzənin yubileyi qeyd olunub

11:13 2 oktyabr 2025
Sürətlə unudulan əsərlər - Seymur Baycan

Sürətlə unudulan əsərlər - Seymur Baycan

16:00 1 oktyabr 2025
"Səməd Vurğun bu sözü bilib, sadəcə..." - Şərif Ağayardan Ağalar Quta cavab

"Səməd Vurğun bu sözü bilib, sadəcə..." - Şərif Ağayardan Ağalar Quta cavab

13:42 1 oktyabr 2025
İstedadlı adamın infantil söhbətləri

İstedadlı adamın infantil söhbətləri

10:00 26 sentyabr 2025
"Ulucayın məqsədi nə ölümü, nə də səbəbini göstərməkdir" - Mətanət Vahid

"Ulucayın məqsədi nə ölümü, nə də səbəbini göstərməkdir" - Mətanət Vahid

12:00 24 sentyabr 2025
Azərbaycanda qadın yazıçılara seksist münasibət

Azərbaycanda qadın yazıçılara seksist münasibət

11:45 23 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər