Tənqidimizdən narazıyıq! – YAZIÇILARDAN SƏRT ETİRAZ

Tənqidimizdən narazıyıq! – <span style="color:red;">YAZIÇILARDAN SƏRT ETİRAZ
15 dekabr 2016
# 11:59

Ədəbi tənqid ədəbi prosesi izləyir və yazıçılar haqqında öz fikirlərini yazır. Çox vaxt tənqiddən narazılıq yaranır, bəzən də tənqid tərif kimi yazılır.

Görəsən, bizim yazıçılar haqlarında yazılan tənqidi məqalədən razıdırlarmı? İradları, deyilən fikirləri qəbul edirlərmi?

Kulis.Az bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Image result for vaqif nəsib

Vaqif Nəsib

- Özüm haqqında yazılan yazılardan daha çox, özümə olan münasibətdən narazıyam. “Ədəbiyyat qəzeti”ndə “Üç adamın qırmızı günü” adlı hekayəmi çap eləmişdilər. Bu silsilədən iki hekayəni çapa verdilər, sonuncusunu çap eləmədilər. Daha sonra şeirlərimi vermişdim “Ədəbiyyat qəzeti”nə. Çıxanda görürəm ki, bir səhifə veriblər, özü də ən zəiflərini. Qəsdən belə eləyiblər. Çingiz Əlioğlunun şeirlərini iki səhifədə bəh-bəhlə veriblər. Sonra “Azərbaycan” jurnalı neçə illərdən sonra “Sənsizlik, mənsizlik, onsuzluq” romanımı buraxdı. Ondan sonra heç kim səsini çıxarmadı. Sovet vaxtı “Bakı” qəzetində məni biabırçı şəkildə tənqid eləmişdilər. Professorlardan biri də haqqımda kəskin tənqid yazmışdı. Üstündən bir neçə il keçəndən sonra kitabını mənə bağışlamışdı, hələ belə bir avtoqraf da yazmışdı: “Günahlarımın bağışlanmağı naminə”. 70-80-ci illərdə elə bir mətbu orqan qalmadı ki, məni tənqid eləməsin. Çoxlu kitablarım çıxmışdı. Gözü götürməyənlər vardı.

İndiki zamana gəlsək... Bu yaxınlarda “Ulduz” jurnalında povestim çıxmışdı. Sadıq Elcanlı o əsər haqqında elə gözəl yazı yazmışdı ki, açığı bir xeyli təəccübləndim. Mənə qarşı olan soyuq münasibətdən də söz açan müəllif yazısını belə bitirmişdi: “Vaqif Nəsib unudulmaz unudulanlardandır”. İndi vəzifəli, şöhrətli bir adamın əsəri çıxanda hamı tərif xoruna qoşulur. Mənim özümü görəndə üzümə tərifləyirlər. Deyirlər ki, sən başqa xalqın nümayəndəsi olsan çoxdan Nobel mükafatı qazanmışdın. Ancaq romanım çıxıb, biri qələm götürüb tənqid yazmır. Ədəbi tənqidin mənə olan münasibətinə görə tənqidçiləri oxumuram. Onlar da görür ki, mən sərt açıqlamalar verirəm. Məsələn, deyirəm ki, Yazıçılar Birliyinə girəndə heç yazıçı ilə qarşılaşmıram. Ona görə də yazmaqdan çəkinirlər. Mən də tənqiddən heç nə ummuram. Ədəbi tənqid prosesi tənzimləməlidir. İndiki tənqid isə kampaniya xarakteri daşıyır.

Image result for pərviz cəbrayıl

Pərviz Cəbrayıl

- Tənqid yazanlardan çoxunun düşüncələri cəmiyyətdə tutduqları ictimai mövqeyə bağlıdır. Tənqidçilər məni hətta bolşevik yazar kimi qələmə verirlər. Ancaq özləri bolşevik yazarlardan yaza-yaza ədəbi tənqidçi statusu alıblar. Bolşeviklərdən yazıb onları göyə qaldıranlar eyni məsələdə məni qınayır. Bu yanaşma məntiqsizdir. Görünür, kimsə vəzifə almaq istəyir, düşünür ki, Pərvizə də bir qələm çalım, əsəri bir tərəfə qoyub keçir şəxsiyyətə. Yəni ədəbiyyat qalır kənarda, müəllif hədəfə alınır. Çağdaş tənqiddə yazarı necə deyərlər, mötərizədən kənara çıxarırlar. Sanki o yoxdu. Ortada bir mətn var, bir də onun haqqında fikir yürüdən tənqidçi. “Yad dildə” ilə bağlı tənqidlərdə isə mötərizədən kənar olan mətndir. Bütün hallarda söhbət müəllifdən gedir. Bu doğrudan da anormaldır. Yazılarında Tehran Əlişanoğlu da, Əsəd Cahangir də, Cavanşir Yusifli də elə davranırlar ki, sanki nəsrin reseptini nasirdən, şeirin reseptini şairdən yaxşı bilirlər. Əsəd yazmışdı ki, mən Qaraqanın “A” romanınından təsirlənib “Yad dildə”ni yazmışam. Məsələ burasındadır ki, mən "Yad dildə"nin qeydlərini aparanda Qaraqan 7-8 yaşlı uşaq idi. Bu necə ola bilər, mənə qaranlıqdı. Bir də yazmışdı ki, “Yad dildə” stolustu yox, stulüstü romandır. Kitabın yeri rəfdi. Bəyənməsən, uzağı onu bukinistə verə bilərsən, heç bəyənməsən makalatura kimi kiməsə bağışlaya ilərsən. Düzü, hər hansı tənqidçinin əsəri bütün keyfiyyətlərinə görə tənqid edə biləcəyinə inanmıram.

Image result for elçin hüseynbəyli

Elçin Hüseynbəyli

- Mənə ədəbi tənqidin münasibəti ümumən yaxşı olub. Lakin qərəzli sifarişlə əleyhimə yazıblar, razılaşmadığım tənqidi yazılar da çox olub. Amma bu yaxınlarda Dilarə Əliyeva adında cavan bir ədəbiyyatşünasın müasir Azərbaycan ədəbiyyatı haqqında oçerkində məndən yazdığı hissə çox xoşuma gəldi. Təbii ki, tənqidlərdə razılaşmadığım iradlar da olub. Məsələn, adını çəkməyəcəm, bir tənqidçi xanım romanım haqqında yazmışdı ki, bu pornoqrafiyadır. Ona dedim ki, xanım, siz erotika ilə pornoqrafiyanı qarışdırırsınız. Azadlıq Radiosunda “Yol ayrıcında qaçış” romanımın müzakirəsində də razılaşmadığım məqamlar olmuşdu. Anlaşılmazlıq vardı bəzi yazılarda. Özündən deyən tənqidçilərin çoxu romanın janrını başa düşmədən tənqid yazmışdılar. Əgər ki, tənqidçi janrı, cərəyanı müəyyənləşdirə bilmədən əsər haqqında yazırsa, bu doğru deyil. Mən özüm ədəbi tənqidi pis bilmirəm. Özündən deyən tənqidçilərin romanım haqqında bəsit yanaşması məni heyrətləndirir. Yenə ad çəkməyəcəm, bir tənqidçi vardı, əvvəl mənim haqqımda tərif yazmışdı, sonra əksinə gedib qərəzli tənqid qaralamışdı. Üstündən bir xeyli vaxt keçəndən sonra da tərif yazıb, hətta məni Dostoyevski ilə müqayisə etmişdi. Mən isə həmişə ağıllı tənqidin tərəfindəyəm.

Image result for aslan quliyev

Aslan Quliyev

- Azərbaycanda ədəbi tənqid qış yağışı kimidir, bir kimsəyə faydası olmaz, yalnız baş ağrısı gətirər, ətrafı lilləyib, çamurlayar. Tənqid o vaxt yazıçının və oxucunun diqqətini çəkər, onun üçün önəmli olar, yazıçı o vaxt tənqiddən razı qalar ki, tənqidin mətni tənqid elədiyi mətndən güclü olsun. Varmı bizdə elə tənqidi mətnlər? Elə isə necə razı qala bilərəm? Tənqidimiz bərbaddır. Bu yaxınlarda ədəbiyyat institutunda iki cildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı buraxıldı. Kitabda Sabir Əhmədov, İsmayıl Şıxlı, Yusif Səmədoğlu haqqında portret oçerklər olmadığı halda adını çoxumuzun eşitmədiyimiz, ya da boz yazıçılar ordusunun əsgərlərinə ayrıca portret oçerklər həsr olunsa da, kitabın tərtibçisi səhifələrini etiraf eləmək əvəzinə, nə desə yaxşıdır? “Belə. Məndən şeir xəbər alan dost! Kim ki, Müstəqillik Ədəbiyyatında sözünü, ya izini görmür, günah onun Özündədir. Vəlvələdən ya zəlzələdən”. Demək, günah Sabir Əhmədovda, İsmayıl Şıxlıda, Yusif Səmədoğlundaymış! Professor, filologiya elmləri doktoru, akademiyanın elmi işçisi! İndi bu qədər qeyri-ciddi, subyektiv ab-havaya köklənən tənqidçinin tənqidindən razı qalmalıyammı?

Image result for şərif ağayar

Şərif Ağayar

- Sizə balaca bir sirr açım: istənilən əsəri yerə vurmaq da olar, göyə qaldırmaq da! İllah o əsər yeni yazılıbsa, zamanın sınağına düşməyibsə... Ona görə təkcə tənqiddə deyil, bütün sahələrdə niyyətdən çox şey asılıdır. Mənim və qeyrisinin haqqında səmimi şəkildə öyrədən, başa salan, təhlil edən, təqdim edən, təqdir edən və tənqid edən yazı görəndə yüksək qiymətləndirirəm. Niyyət başqa olanda, hamı kimi, əlimin arxasıyla itələyirəm. Niyyəti əsl ədəbiyyat olan tənqidi yazıları on addımdan tanımaq olur. Ümumilikdə vəziyyət yaxşı deyil. Tənqiddə yarınmaq baş alıb gedir və adamı iyrəndirir. Bu çirkləndirilmiş mühitdə az-az dürüst yazılar da gözə dəyir ki, hənirnə qızınmaq olur. Yəni, həmişə necə olubsa, elə. Yaxşılar çox azdır, pislər saysız-hesabsız...

Əlabbas

Normal iradla, ağıllı sözlə razılaşmamaq nadanlıqdı. Nə deyib razılaşmayasan? Göydən-zaddan gəlməmişik ki. Amma tənqid də özünü elə aparmasın ki, guya, o, göydən gəlib. Ədəbiyyat hamının - yazıçı, şair və tənqidçinin birgə yaratdığı mənəviyyat dünyasıdı. Orda birinin payı az, birininki çox, o birininki heç olmaya bilər, amma bu, kimsəyə haqq vermir ki, tənqidçisənsə, yazıçı ilə necə istədin, elə də davranasan. Yaz, həqiqəti yaz! Qərəzlə yox! Obyektiv ol, alnından öpüm. O sözü hələ on-on iki il əvvəl demişdim ki, bu tənqid mənə qayınanalıq etməklə məşğuldu. İki il əvvəl isə konkret ünvan da göstərdim. Bu haqda Vaqif Yusifliyə yazdığım açıq məktubda ətraflı bəhs etdiyimdən bir daha o məsələyə qayıtmaq istəmirəm. Həm də belə çıxmasın ki, qaşınmayan yerdən qan çıxartmaq fikrindəyəm... Qərəz... Son bir ayda "Ədəbiyyat qəzeti"ndə bir hekayəmin müzakirəsi getdi. Özü də necə müzakirə?! Mən bundan necə narazı qala billəm? Əsas da odu ki, qərəz olmadı, hərə öz fikrini bildirdi və mən də qəbul etdim. Hər şey qarşılıqlı anlaşma şəraitində yekunlaşdı və qələm dostlarıma minnətdarlığımı bildirdim.

# 1027 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #