Kulis Kurt Vonnequtun “Harrison Berqeron” hekayəsini təqdim edir.
2081-ci il idi, nəhayət bütün insanlar bərabər idi. Onlar yalnız Allah və qanun qarşısında bərabər deyildi. Onlar hər şeydə bərabər idi. Heç kim başqasından ağıllı deyildi. Heç kim başqasından daha gözəl görünmürdü. Heç kim başqasından daha güclü, daha cəld deyildi. Bütün bu bərabərlik Konstitusiyaya 211, 212, 213-cü illərdəki dəyişikliklərin və Amerika Birləşmiş Ştatları Handikapper Təşkilatının (Handikap - insanların hamısının bərabər olması üçün istifadə etdikləri maskadır – S.G) agentlərinin sayıqlığının nəticəsi idi.
Bəzi şeylər hələ də əvvəlki kimi idi. Məsələn, aprel ayı hələ də öz havasıyla adamları dəli edirdi, bu ay yaz ayına oxşamırdı. Məhz elə bu ayda da Handikapper Təşkilatının agentləri Corc və Hazel Berqeronların on dörd yaşlı oğlu Harrisonu tutub apardılar.
Əlbəttə, bu bir faciə idi, ancaq Corc və Hazel bu faciə haqda çox fikirləşə bilmirdilər. Hazelin mükəmməl ağlı vardı, bu isə o demək idi ki, bəzən azca davam edən nüansları çıxmaq şərtilə o hər şey haqda düşünə bilmirdi. Corcun ağlı isə normadan bir az artıq olduğuna görə qulağına balaca radio qoyulmuşdu. Qanun tələb edirdi ki, o bu radionu bütün günü qulağında saxlasın. Bu radio hökumətin ötürücü stansiyasına birləşdirilmişdi. Hər iyirmi saniyədən bir bu ötürücü stansiya Corc kimi adamlara möhkəm səs-küy yollayırdı ki, onların beyninin qanunsuz üstünlüyünü aradan qaldırsın.
Corc və Hazel televizora baxırdılar. Hazelin yanaqlarında göz yaşı vardı, ancaq hal-hazırda o nəyə görə ağladığını bilmirdi.
Televizorun ekranında rəqqasələr görünürdü.
Corcun başında siqnal səsləndi. Onun beynindəki fikirlər bir anda uçub getdi - siqnalizasiya səsi eşidən banditlər kimi.
- Onların indicə oynadığı rəqs çox gözəl, həqiqi rəqs idi, - Hazel dedi.
- Nə deyirsən? Yaxşı anlamadım, - Corc dedi.
- Rəqsi deyirəm, onların rəqsini, çox gözəl idi, - Hazel dedi.
- Hə, - Corc dedi.
O rəqqasələr haqqında az da olsa düşünməyə cəhd etdi. Onlar əslində gözəl deyildi - heç kimdən gözəl deyildi. Onlar qurğuşun torbasıyla yüklənmişdilər. Üzləri maskalanmışdı, ona görə də onların hamısı eyni cür görünürdü. Ancaq o bundan artığını düşünə bilmədi, çünki qulağındakı radio onun beynindəki fikirləri pərən-pərən saldı.
Corc səksəndi. Səkkiz rəqqasənin ikisi də onun kimi səksəndi.
Hazel də ərinin səksəndiyini gördü. - Sanki süd şüşəsinə çəkiclə zərbə endirirdilər, - Corc dedi.
- Fikirləşirəm ki, belə müxtəlif səslər eşitmək çox maraqlı olardı, - Hazel qibtəylə dedi. - Onların cihazlarının bütün səslərini eşitməyi nəzərdə tuturam.
- Hm, - Corc dedi.
- Əgər mən Handikapper rəhbəri olsaydım bilirsən nə edərdim? – Hazel dedi.
Faktiki olaraq Hazel Handikapper rəhbərinə, Dianna Moon Qlampersə çox oxşayırdı.
- Əgər mən Dianna Moon Qlampers olsaydım bazar günləri xüsusi zəng yaradardım. Yalnız zəng səsi... Dinin şərəfinə.
- Fikirləşirəm ki, bunlar yalnız zəng olardı, yoxsa başqa səslər də, - Corc dedi.
- Yaxşı, bəlkə də bu zəng səslərini daha möhkəm edərdim, - Hazel dedi. - Mən yaxşı Handikapper rəhbəri olardım.
- O vəzifədə olan hər kəs kimi, yaxşı, - Corc dedi.
- Normal olmağın nə olduğunu kim məndən yaxşı bilir? - Hazel dedi.
- Düzdür, - Corc dedi və hazırda həbsxanada olan anormal oğlu Harrisonu adda-buda fikirləşməyə başladı, ancaq beynindəki “silahlar” bu fikirləşməyə son qoydu.
- Cavan oğlan, - Hazel dedi. - Bu səs lap qeyri-adi idi, deyilmi?
Bəli, budəfəki səs elə qeyri-adi ki, Corcun üzü ağappaq idi, o titrəyirdi, qızarmış gözünün qıraqlarında yaş parlayırdı. Səkkiz rəqqasədən ikisi də studiyanın döşəməsinə yıxılmışdı, əlləriylə başlarını tutmuşdular.
- Birdən-birə sən çox yorğun görünürsən, - Hazel dedi. - Niyə divanda uzanmırsan? Handikapını balışın üstünə qoya bilərsən, şəkərim!
O kətan torbanın içində Corcun boynundan asılmış 47 funt ağırlıqda olan qurğuşunları nəzərdə tuturdu. – Get divanda uzan, torbanı balışın üstünə qoyub dincəl, - o dedi. - Bir müddət mənimlə eyni bərabərdə olmasan da buna etiraz etmərəm.
Corc əliylə kətan torbanı qaldırdı.
- Mən bunu vecimə almıram, - o dedi. - Demək olar ki, heç onu hiss etmirəm. O sanki mənim bədənimin bir orqanıdır.
- Sən son vaxtlar yaman yorğun görünürsən, - Hazel dedi. - Əgər bu torbanın aşağısından balaca bir deşik aça bilsəydik, bu qurğuşunlardan bir neçəsini çıxara bilərdik. Yalnız bir neçəsini.
- Ordan çıxardığım hər bir qurğuşun üçün iki il həbs və iki min dollar cərimə ödəməliyəm, - Corc dedi. - Buna razı ola bilmərəm.
- İşdən evə qayıdandan sonra onlardan bir neçəsini çıxarda bilsəydin yaxşı olardı, - Hazel dedi. - Dediyim odur ki, sən burda yalnız oturursan, heç kimlə rəqabət aparmırsan.
- Əgər mən bundan canımı qurtarmağa cəhd etsəm, - Corc dedi. - mənim kimi başqa adamlar da belə etsələr, biz onda yenidən orta əsrlərə qayıdarıq - adamların bir-biriylə rəqabət apardığı illərə. - Sən bunu istəməzdin, eləmi?
- Buna nifrət edirəm, - Hazel dedi.
- İndi özün fikirləş, - Corc dedi. - Adamlar qanuna kələk gəlməyə başlasalar bilirsən cəmiyyətdə nələr baş verər?
Əgər Hazel bu suala cavab verməsəydi, Corc başqa sual verməzdi. Beynindəki siqnal yox olurdu.
- Təsəvvür et ki, cəmiyyət parçalanardı, - Hazel dedi.
- Nə parçalanardı? - Corc laqeydcəsinə soruşdu.
- Cəmiyyət, - Hazel qeyri-müəyyən cavab verdi. - Sən də elə indicə bunu demirdin?
- Bəlkə də, - Corc dedi.
Qəflətən xəbərlər televiziya proqramını kəsdi. Əvvəlcə heç bilinmədi ki, xəbərlər nə haqdadır. Çünki bütün başqa diktorlar kimi bu diktorda da ciddi kəkələyirdi. Yarım dəqiqə həyəcanlı anlar keçəndən sonra diktor “Xanımlar və cənablar” deyə bildi.
Nəhayət, diktor xəbərləri oxumaqdan əl çəkdi, kağızları rəqqasəyə verdi ki, oxusun.
- Bu çox yaxşıdır - Hazel diktor haqda belə dedi. – O, cəhd etdi. Bu böyük şeydir. O, Allahın ona bəxş etdiklərinə güvənib əlindən gələni etməyi bacardı. Buna görə onun vəzifəsini artırarlar.
- Xanımlar və cənablar, - rəqqasə bülleteni oxuyub dedi.
Yəqin ki, bu rəqqasə həddindən çox gözəl idi, çünki taxdığı maska çox pis idi. Ancaq yenə də hiss olunurdu ki, o rəqqasələr içində ən zərifi və ən güclüsüdür, çünki handikap torbaları iki yüz fut çəkisi olan adamların torbası böyüklükdə idi.
Birdən o səsinə görə üzr istəməli oldu, qadınların belə səslə danışması qanuna görə ədalətsiz idi. Onun səsi sonsuz melodiya kimi şirin idi.
- Üzr istəyirəm, - o dedi və elə səslə oxudu ki, başqa səslərdən fərqlənməsin.
- On dörd yaşlı Harrison Berqeron həbsxanadan qaçıb. O, hökumət əleyhinə sui-qəsddə şübhələndiyi üçün həbs edilmişdi. O hərtərəfli inkişaf edib, idmançıdır, çox təhlükəlidir.
Harrison Berqeronun polis fotosu ekranda gah başıaşağı, gah da başıyuxarı göstərildi. Şəkildə Harrisonun bədən ölçüsü aydın görünürdü. O, yeddi fut hündürlükdə idi.
Harrisonun görünüşünün qalanı isə texniki vasitələr idi. Heç kim bu vaxtacan belə ağır handikap geyməmişdi. O elə maneələr düzəltmişdi ki, bu heç Handikap başçılarının da ağlına gəlməzdi. O, zehni handikap əvəzinə iri qulaqlıqlar və qalın linzalı eynəklər taxmışdı. Bu eynəklər təkcə onu yarımkor etmirdi, həm də ona başağrıları verirdi.
Onun bədəni metalla örtülmüşdü. Bunda bir simmetriya da vardı, o yeriyən köhnə avtomobil qəbiristanlığına oxşayırdı. Həyat adlı yarışda Harrison üç yüz fut daşıyırdı. Harrisonun gözəl baxışlarını gizlətmək üçün Handikap rəhbərləri onu burnuna qırmızı rezin top taxmağa məcbur etmişdilər, onun uzun kirpiklərini gizləmək üçün, ağ dişləri qara papaqla örtülmüşdü.
- Əgər siz bu oğlanı görsəniz, - rəqqasə dedi. - Təkrar edirəm, onu mühakimə etməyin, təkrar edirəm, mühakimə etməyin.
Qapıya zərbə dəydi, sanki qapı yerində çıxdı.
Vahiməli, qorxulu qışqırıq səsləri eşidildi. Harrison Berqeronun ekrandakı fotosu yenidən tərpənir, sanki zəlzələnin tonuna uyğun rəqs edirdi.
Corc Berqeron zəlzələni müəyyən etdi. Bu ona çətin deyildi. Çünki onun öz evi dəfələrlə bu melodiyaya uyğun rəqs etmişdi
- Aman Allah, - Corc dedi. - Bu, bizim Harrisondur.
Onun beynindəki bu fikirlər radio vasitəsilə avtomobil toqquşması səsi ilə qarışdı.
Corc bir də gözlərini açanda Harrisonun fotosu ekranda yox idi. İndi canlı, nəfəs alan Harrison ekranı tutmuşdu.
Nəhəng, kobud, bağıran Harrison studiyanın tən ortasında dayanmışdı. Yerindən çıxmış studiya qapısının dəstəyi hələ də onun əlindəydi. Rəqqasələr, texniklər, musiqiçilər və diktorlar onun qarşısında diz üstə çöküb ölümlərini gözləyirdilər.
- Mən İmperatoram, - Harrison bağırdı. - Eşidirsiniz? Mən İmperatoram! Mənim dediklərimə hamı dərhal əməl etməlidir!
O, ayağını döşəməyə elə vurdu ki, studiya silkələndi.
- Hətta mən burda nifrət doğuran görkəmdə dayansam belə, mən bu vaxtacan yaşayanlardan ən yaxşı hökmdaram. İndi isə mənə baxın görün necə oluram.
Belə deyib Harrison “təhlükəsizlik kəmərini” yaş salfet kimi cırıq-cırıq etdi, beş min funt çəkini müdafiə etməyə zəmanət verilmiş kəmərləri qırdı.
Harrisonun kəmər - kəməri tappıltıyla döşəməyə düşdü.
Sonra o baş barmaqlarını başını qoruyan naqillərin qıfılına soxdu. Onlar da kərəviz kimi yerindən çıxdı. Harrison qulaqlıqları və eynəyini divara çırpdı.
O, burnuna taxılmış “rezin top” burnunu bir yana vıyıldatdı. İldırım Allahı Thor kimi üzü göründü.
- İndi isə mən özümün imperatriçamı seçəcəm, - o dedi və diz üstə çökən adamlara baxdı.
- Qoy kraliçam olmağa cürət edən ilk qadın ayağa durub bunu etiraf etsin.
Bir dəqiqə keçdi, sonra söyüd kimi əsən bir rəqqasə ayağa durdu.
Harrison onun qulaqlarındakı zehni handikapı dartıb qopartdı. Ən axırda isə onun maskasını çıxartdı.
O, çox gözəl idi, gözəlliyi adamı kor edirdi.
- İndi isə, - Harrison onun əlindən tutub dedi. - İndi biz insanlara “rəqs etmək” ifadəsinin nə demək olduğunu göstərə bilərik? Musiqi! – o əmr verdi.
Musiqiçilər öz stullarına oturdular. Harrison onların da handikaplarını qopartdı.
- Bacardığınız qədər yaxşı çalın, - onlara dedi. - Mən sizi baron, hersoq və qraf edəcəm.
Musiqi başlandı. Əvvəlcə musiqi normal idi. Ancaq Harrison iki musiqiçinin yaxasından tutub baton kimi yellədi, onlara necə musiqi istədiyini göstərmək üçün özü oxudu. Sonra onları yenidən stullarına tolazladı.
Musiqi yenidən başlandı, bu dəfə bayaqkından yaxşı.
Harrison və onun kraliçası bir müddət musiqiyə qulaq asdılar, - ciddi, sanki ürək döyüntülərini musiqiylə sinxronlaşdırırdılar. Onlar bütün güclərini ayaq barmaqlarına saldılar.
Harrison böyük əllərini qızın incə belinə qoydu, çəkisizliyini hiss etdirməyə çalışdı.
Sonra sevinc və iltifatla elə bil havaya tullandılar.
Təkcə yerin qanunlarını unutmadılar, hətta cazibə qüvvəsi və hərəkət də unuduldu.
Onlar tullandılar, fırlandılar, hərləndilər.
Onlar ayda tullanan ceyran kimi tullandılar.
Studiyanın tavanı otuz fut hündürlükdəydi, amma onlar hər dəfə tullananda başları az qala tavana dəyirdi.
Elə bil tavanı öpmək onların niyyəti idi. Tavanı öpdülər.
Sonra yerin cazibə qüvvəsini sevgi və əsl iradəylə neytrallaşdırıb onlar tavanı öpməyə son qoyub bir-birlərini öpdülər. Çoxlu-çoxlu öpüşdülər.
Elə bu vaxt Handikaper başçısı Diana Moon Qlampers əlində ikilüləli tüfəng studiyaya daxil oldu. O, iki dəfə atəş açdı, kral və kraliça döşəməyə yıxılmazdan qabaq artıq ölmüşdülər.
Bu vaxt Berqeronların televizorunun ekranı partladı.
Hazel döndü ki, bu haqda Corca desin. Amma Corc pivə götürmək üçün mətbəxə getmişdi.
Corc əlində pivə geri qayıtdı, siqnal səsi onu silkələyəndə dayandı. Sonra yenidən oturdu.
- Sən ağlayırdın, - o, Hazelə dedi.
- Hə, - Hazel dedi.
- Niyə ağlayırdın? - Corc soruşdu.
- Unutmuşam, - Hazel dedi. - Televizorda əsl qəmli bir şey vardı.
- Nə idi? – Corc soruşdu.
- Beynimdə qarışıb, - Hazel dedi.
- Qəmli şeyləri unut getsin, - Corc dedi.
- Həmişə belə edirəm.
- Ona görə səninlə fəxr edirəm, - Corc dedi. O, səksəndi. Onun beynində tüfəng səsi vardı.
- Nə gözəl, - deyə bilərəm ki, bu səs lap əlaydı, - Hazel dedi.
- Bunu bir də deyə bilərsən, - Corc dedi.
- Lap gözəl, - Hazel dedi. - Deyə bilərəm ki, bu səs lap əlaydı.
İngilis dilindən tərcümə edən: Sevil Gültən
Kaspi.az