Tolstoyun darıxan qəbri - Yasnaya Polyanadan REPORTAJ

Tolstoyun darıxan qəbri - <span style="color:red;">Yasnaya Polyanadan REPORTAJ
12 mart 2015
# 21:30

Rusiyanın paytaxtına ilk səfərimin birinci gününü elə həmin şəhərdən uzaqlaşmağa sərf elədim. Tulaya, ordan da Yasnaya Polyanaya - Tolstoyun malikanəsinə doğru.

Yasnaya Polyana ucsuz-bucaqsız Rusiyada mənim ən çox can atdığım ünvan idi (Sonradan yanılmadığımı anladım).

O Yasnaya Polyana ki, özündə Rusiyanın əsrarəngiz təbiəti ilə Tolstoyun böyük yaradıcılığını qəribə bir ahənglə birləşdirir. Tulanın bir əyalətində, o qədər də gediş-gəlişi olmayan magistral yolun üstündə Rusiya çöllərinin siması olan ağcaqayınlarla əhatə olunmuş göz işlədikcə uzanan qarlı çöllər... İçərisində Tolstoyun bütün “varidatı” olduğu kimi qorunub saxlanan böyük bir mülk.

Həmin gün Yasnaya Polyanada xizək yarışması vardı, ev muzeyinə hər saatdan bir ekskursiyalar təşkil olunmuşdu. Amma buraları maraqla gəzən adamlar bu mülkün ancaq qonağı ola bilərdi, heç bir səs-küy, heç bir qələbəlik bu malikanənin sirli sükutunu, qəribə harmoniyasını pozmağa qadir deyildi.

O Yasnaya Polyana ki, qraf Volkonski Tolstoylara yaşamaq üçün əta edəndə onu məhz Lev Nikolayeviçə, məhz rus ədəbiyyatına bağışladığını ağlına da gətirməzdi.

Onda qraf Tolstoylar qumar oynayırdı!

Bu o dövr idi ki, onun imzası hələ ədəbiyyatda brendə çevrilməmişdi. Ova gedən, növbənöv meyvələr yetişdirən, “samaqon” çəkən, dərs deyən, müxtəlif musiqi alətlərində çalan, həyat yoldaşı Sofyanı “sərvət”i adlandıran və hər şeyə rəğmən, bütün ruhu ilə yazıçı olduğu fərq edilməyən Lev Nikolayeviçi nəinki qraf Volkonski, nəinki Tolstoylar nəsli anlayırdı, heç Rusiya boyda nəhəng də onun buradakı ömrünün fəzilətini qiymətləndirmək iqtidarında deyildi. Təbii ki, onda...

İndi bu malikanə dünyanın ən yaxşı ev muzeylərindən biri hesab olunur.

Ətrafda müxtəlif tikililər gözə dəyir, Tolstoyun öz gözəl arxitekturası ilə seçilən evi, kitabxanası, nökərlər üçün taxtadan tikilmiş yaraşıqlı komalar, atlar üçün tövlələr, hər bir ağacına xüsusi diqqət ayrılmış, polietilen örtüklərə bürünmüş meyvə bağçaları. Qonaq, yataq, iş otaqları, düzülüşünəcən toxunulmaz qalan müxtəlif mebellər, maraqlı eksponatlar - ov etdiyi silahlar, qumar oynadığı kartlar, ifa elədiyi musiqi alətləri, diktofon xüsusiyyəti daşıyan ilk alətdəki səs yazısı, əlyazmaları, yazı masası, məxsusi kətili, dövrünün dəbinə çevrilən geyimi, kitabları, ailə üzvlərinin şəkilləri.

Ekskursiya rəhbəri olan gənc rus qızı son eksponat haqda da eyni həvəs və rəvanlıqla danışdıqdan sonra axırıncı otağı tərk edib həyətə çıxırıq. Yelena Tolstoyun məzarına gedən yolu təsvir edib qayıdır.

Qarşıda mülkün dərinliklərinə doğru burula-burula gedən geniş yol görünür, yolboyu Tolstoyun qəbrinin istiqamətini göstərən “bələdçi” taxta lövhəciklər qoyulub. Yadıma nədənsə Axundovun ev-muzeyindən məzarına qalxan yol düşür. Onda Tiflisdəydim, qızmar yay günüydü, qəbiristanlığa gedən yol kifayət qədər yoxuşluydu. İndi Rusiyadayam, qarlı bir qış günüdü, yol düppədüzdü, amma üç il bundan qabaqkı həmin əhvaldayam, eyni şeyləri düşünürəm. Bir yazıçının evindən qəbrinə qədər olan yolda nə düşünmək mümkündüsə.

Məzar qarşımıza gözlənilmədən çıxır, malikanənin heç nəylə fərqlənməyən hissəsində, adamı mülkün dərinliklərinə aparan yolun sağ tərəfində neçə vaxtdı görməyə can atdığım, heç vaxt heç cür təsəvvür edə bilməyəcəyim o məzar gözə dəyir. Lev Tolstoyun küknar yarpaqlarıyla örtülmüş balaca, tənha, adsız məzarı... Bayaqdan xeyli eksponat, kitablar, kitabxanalar, otaqlar, əşyalar, adamlar görmüş gözlərim qarın içindəki bu dördkünc məzara dirənir, çaşıb qalır. Bu boyda malikanədə yalnız o boyda zənginlik yiyəsinin belə kədərli qəbri ola bilər.

Fikrimdə Tolstoyun qəhrəmanları, həyatı haqda oxuduqlarım, bayaqdan Yelenanın danışdıqları bir-birinə qarışıb. Başı eyş-işrətdən açılmayan qraf oğlu gənc Lev Nikolayeviç, mülkünü qardaşının təkidi ilə beş min rubla satıb, pulun min beş yüzünü qumar borcuna, min beş yüzünü “Vestnik Soldata”nın nəşrinə ayıran, qalanını qadınlara xərcləyən qraf Tolstoy, əlli mujik uşağına dərs deyən, on beş dil bilən, kitabxanasında iyirmi üç mindən çox kitab olan ziyalı Tolstoy, “Nobel” ödülündən imtina etmək dərəcəsinə çatan dahi Tolstoy, həyatının sonunu “qumara qoyub”, səfil həyat tərzi keçirən qoca Tolstoy, nəhayət, sonradan geri qaytarılan mülkünün uzaq küncündə - qarşımdakı həmin bu adsız məzarda uyuyan cansız Tolstoy. Və lap nəhayət, gözlə görülməyən, əllə tutulmayan başqa həqiqət - ölümündən sonra hər şeyə və hamıya qalib gəlib Yasnaya Polyananı həmişəlik öz nəslinə “qaytaran”, ziyarətgaha çevirən, tarixə, ədəbiyyata və əbədiyyətə meydan oxuyan əsl Tolstoy!

Anlayıram ki, bu, artıq sondu, Moskvadan Tulayacan olan yolçuluğun, Yasnaya Polyanadakı malikanənin, ağcaqayınlarla əhatə olunmuş qarlı yolların sonundakı nöqtədi bu məzar. Ucu-bucağı bilinməyən Rusiya çöllərinin, dibi görünməyən insan düşüncələrinin, yazıçı qüdrətinin, həyat fəlsəfəsinin, ölüm hikmətinin, bütün əksliklərin vəhdətinin məntiqi sonluğu. Hətta mənim bundan sonrakı Moskva təəssüratımı öldürəcək ən yaxşı final.

Bir xatirə lövhəsi, hətta bir başdaşı belə olmayan bu tənha məzarda sanki hər şeyin sirri dəfn edilib. Bütün hərb və sülhlərin, cinayət və cəzaların, həyat və yaradıcılıqların, əbədiliyin və faniliyin, fatehliyin və qurtuluşun, insan gücünün və acizliyinin, bütün paradoksların, teoremlərin isbatı... Tolstoyun, Dostoyevskinin, Cexovun, Axundovun, bütün yazıçıların ev-muzeylərinin və məzarlarının vəhdəti. Və həm də fərqi.

Yollar isə hələ davam edir. Malikanənin ağcaqayınlı, qarlı torpaqları uzanıb ucsuz-bucaqsız Rusiya çöllərinə qarışır. Amma burdan o tərəfə qar tapdanmayıb, ayaq izləri Tolstoyun o qüssəli qəbrindən dönüb qayıdır...

# 1288 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #