Adil Mirseyid: Allah, bu gecə öldürmə məni ŞEİRLƏR

Adil Mirseyid: Allah, bu gecə öldürmə məni ŞEİRLƏR
17 iyul 2014
# 11:21

Kulis.Az Adil Mirseyidin bir neçə şeirini təqdim edir.

Dua

səndən ölüm diləmişdim
allah mənə ölüm göndər demişdim
allah bağışla bəndəni
bu gecə öldürmə məni

bilirəm qul olduğumu
bilirəm şair olduğumu
qulamsa şairliyimi al məndən
şairəmsə gəl məni qul eləmə

bir kimsə görmədən başım üstündə uçur
sən göndərən bəyaz kölgə
anlat mənə allahım anlat mənə kim olduğumu
bir anadan doğulmuşuq biz bəlkə

o dünyadan gəlmişdim
bu dünyaya alışdım
amma nə qul nə də şair
taleyimlə barışdım

allahım niyə mənə qanad vermişdin
bilirdin ki qıracaqlar qanadlarımı
uçub gələ bilməyəcəm dərgahına
yapayalnız qalacam fani dünyada

axşam tənhalığı

kitab mağazalarının vitrinlərində
çap olunmamış şeirlər kitabımı
axtarıram axşamlar
saat beşdən-altıdan sonra
qəfil kədər gözlərimi acışdıranda
gəlincik təbəssümlü

gənc satıcı qızların
dodaqları çiçəkləyir gözləri
çılınçılpaq
öz adımı soruşuram astadan
bu dünyada mənim adım naməlum
vitrinlərin işıqları süni
qızların təbəssümü boyalı laqeyd saxta
yalnız yorğun gözlərimin qüssəsi
həqiqətdi bu şəhərdə anacan

***

Bir dəli şeytan deyir

Sən də at şeirin daşını

Çıx get qara Afrikaya

Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap

Bir də köndələn daxma

Heç kimə məktub yazma

Güzgülərə də baxma

Nə din, nə dil, nə də Vətən

Hamısı çıxsın yadından

Amma bir gün uçan yerdə

Vursunlar qanadından

Qar eskizi

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

...Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

gözləri nəmli nəğmə

gecənin bir vaxtında telefonun zəngi çalar

gecənin bir vaxtında yuxudan oyanarsan

və bir gözün gördüyün şirin röyada qalar

röyadakı hilalın nuruna boyanarsan

ağlına nə gələcək o anda bilməm ki mən

bəlkə bir əski dua bəlkə bir qəmli nəğmə

abdal könül havalı dünya şairə düşmən

pəncərədən baxan ay gözləri nəmli nəğmə

göyüzündə bəyaz ay xəfif duman içində

bəlkə çin rahibitək dağlara çəkilim mən

bəlkə bir ağac əkim bir dörd yol ayrıcında

bəlkə bu məmləkəti terk edib gedim həmən

allahım bəllidi bu dünyada hər halım

uzaqlardan səsləyir məni qarlı himalay

boş ver məni qardaşım dağınıqdı xəyalım

bilmirəm nədən belə hüznlüdü göydə ay

cavan ölmüş dostları xatırladım

yolçunu yoldan eləyir
ağaclar arasında gizlənən quşların səsi
yayın son günləridi payıza lap az qalıb
hardasa uzaqlarda dağlar xəyala dalıb
ənsəmdə payızın ilıq nəfəsi
mən hələ ayılmamışam bahar sərxoşluğundan
hər il bahar gələndə qürbətdən geri dönər
gənclik xatirələrimiz
geri dönər yüyürüb açarıq qapımızı
qapıda durub baxar baxar tanımaz bizi
tanımaz bu dağınıq ruh halımızda
amma biz hələ də iyirmi yaşlarındayıq
bəzən bizi qara basan şair xəyalımızda
cavan ölmüş dostları xatırlayıb kövrəldim
uçurumun kənarında buldum özümü birdən
deməli mən yolun sonuna gəldim
nə bir cığır nə bir iz var qarşıda
nə bir liman nə dəniz var qarşıda
yalnız göyüzüdü burdan o yana
bir quş uçur göyüzündə
qanadları yana yana

# 2064 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
#
#
# # #