Aç köynəyimi Kərəm kimi... - .HƏYAT ŞƏMİNİN ŞEİRLƏRİ

Aç köynəyimi Kərəm kimi... - .HƏYAT ŞƏMİNİN ŞEİRLƏRİ
9 iyun 2014
# 10:53

Kulis.Az Həyat Şəminin yeni şeirlərini təqdim edir.

SUNAMİ

Hərdən

çıxıram şəhərdən...

Xəzərin yanına gedirəm,

kəsdirirəm dizinin dibini.

O da: həm dəryadı,

həm də bircə damladı...

qalxıb üzümə su vurur hərdən.

Səni soruşuram,

Deyir, daha dəymir mənə,

ağıllanıb...

Son dəfə sunami oldu,

yuyub apardı hər şeyi:

səni, məni...

sənin sevmədiyin telefonunu,

mənim sevdiyim arabamı,

qulağımdan dodaqlarını,

daşımı, yaddaşımı,

fikirlərimi,

ağırlığımı-uğurluğumu...

Elə yüngülləşdim ki –

hər şeyim Səndin...

Azad oldum bu dünyadan,

Səndən, məndən...

yox olduq...

Durub evə gəldim,

gördüm ki, evdəsən...

Ay da!!!

Sunami olsun

bu Sevgiyə!

YENİ ŞEİRLƏRİM VAR SƏNƏ

Yeni şeirlərim var sənə,

Dünən bir uşaq

əlində pozan –

Qoy gözünün yaşını silim – dedi.

Gecə saat 10 radələrində

bir avtomobil qəzaya uğrayıb

aeroport yolunda...

yanında sərnişin də vardı,

nicat idi adı...

eşitdim,

ürəyim çatdadı.

Bu gün havam yaxşı olacaq,

efirdə gördüm səni.

“Ümid var” da bağlandı...

Sabah

mən olmayacam...

Bu gün də gecdi...

Görüşməyənədək!

DAĞILMIŞ HƏRFLƏR


Zaman
yüyürür irəliyə doğru
uçur, uçur...
bircə dəqiqəlik təmənnam var
səni görmək üçün...

Oxuyum üzündəki

dağılmış hərflərin
sirrini...
Açım
sevdiyim gözlərini,
görüm rəngini dünyanın.
Dadına bax göz yaşlarımın,
hər damlasında sən varsan...
duzlu-duzsuz...

Dərin-dərin
köksümün dibindən
çıxar nəfəsimi,
boğuluram sənsiz...səssiz...
qaşlarımın çatılan yerinə bax,
yetmədiyim arzularımın izi...

Səsimi nota sal,
oxumadığım layla qorxusu,
sənli günlərimin
qoxusu
düyünlənib boğazımda..

Yenə
sığal çək saçlarıma,
ürəyini hiss edim,
hər telimdə sızıldayan kaman səsi...

Harda gizlədim səni,
necə qoruyum hər kəsdən,
mərəzdən...
Necə çatım köməyinə?
gəl saxlayım səni...
Səssizcə içəri keç -
Ürəyimə...

RƏNGLƏ DUYURUQ

Rənglə duyurduq yağışı,

göyün üzü qaralanda...

Yağışdan sonrakı

göy qurşağını...

islanmış torpağı, daşı

rəngli qoxusundan duyurduq.

Rənglə duyurduq ölkələri,

bayraqların libasında...

qırmızısı, sarısı var...

narıncısı var.

rənglə duyurduq yaşımızı,

saçımızın bəyazından...

ömrümüzün yazında...

Rənglə duyurduq hərəkəti,

Yaşılı çox sevirdik

sükan arxasında.

Rənglə duyurduq yolu,

Aramızda yollar, rənglər, xətlər vardı.

Ciddi-ciddi qoşa xətlər

kişi rəngində, kəsmək olmaz.

Qırıq-qırıq qadın xətti

Könül kimi...

Küçələrə döşənmiş istiqamət oxları-

uşaq xəttidir,

göstərəcək sənə gedəcəyin ünvanı...

Rənglə duyurdum

yanaqlarındakı sözü...

Rənglə duyurdum Səni,

sən rəngliydin

Göy qurşağım!!!

ADAM OLMADI BİZDƏN

Evcik-evcik oynadıq,

ev qurduq özümüzdən...

böyüyüb uşaq olduq,

Adam olmadı bizdən...

Ən şirin oyuncağın,

gəlinciyin də məndim,

min yol qolumu qırdın,

bir qol da incimədim...

Görən indi hardasan?

Gəlmirsənsə özün bil,

Tulladığın gəlinciyi,

Yol gözləyən qızın bil...

Mənsə ürəyim dolu

Su atmışam dalınca...

Oh, yamanca susadım,

Ürəyim boş qalınca...

QOXLA MƏNİ

Mən bir gözəl mələk olum,

Yuxularda yoxla məni...

Kipriklərin yorulanda,

Ürəyində saxla məni.

Aç qolların uzanınca,

Hicran yaşanarmı bunca?

Sarıl boynuma doyunca,

Nəfəs-nəfəs qoxla məni.

Ayrılıq məni dağlayar,

Gözlərim yosun bağlayar,

Anam yox, məni ağlaya,

Nə olar, gəl, ağla məni...

Qov, dağılsın qara bulud,

Ağlamağı unut, unut...

Yum gözünü, bir arzu tut,

Tut, bir də buraxma məni...

DİALOQ

  • Sizdə təkliyə xırda olmaz?
  • Bizdə həmişə təklikdir...
  • Gəl evlənək, sən darıxmamaq üçünsən...
  • Darıxmağı sevirəm axı.
  • Kişisiz necə yaşayırsan?
  • Kişi kimi....
  • Ürəyim səni istəyir...
  • Ürəyin var sənin?
  • Bilmirəm, sol tərəfimdə nə isə hürür.
  • Mən hardayam? It hürən yerdə, yoxsa işıq gələndə?
  • It hürən yerdəsən, ulayırıq..
  • Ulama, birinə ulaş!
  • Sənə ulaşmaq istəyirəm... bağla gözlərimi, uzat əlini...
  • Aç köynəyimi Kərəm kimi...
  • Yeni roman yazıram.
  • Məni də romanına sal.
  • Bileti 10 manatdır.
  • Mənə iki bilet ver..
  • Kiminlə gələcəksən?
  • Sevdiyimlə...
  • Hələ də onu sevirsən? Görüşürsünüz?
  • Romanda görüşəcəyik də....

DUYĞULARI ÜZÜRSƏN

Hərdən yazırsan, dostum!

sonra niyə pozursan?

İncidirsən sözləri,

duyğuları üzürsən...

Qoparmaq istəyirsən

köksümdən izini də?

Yalan yaza bilmirsən,

yazma heç düzünü də.

Məndə sənin boşluğun

olmasın heç - demişdin...

Kimsələri düşünmə,

özünü seç demişdin.

Öz əlinlə qoyduğun,

qaydaların yerində,

Barmaqların yığacaq

bəlkə günün birində!...

Hardasan indi görən,

kimin ürəyindəsən?

Əynini qalın elə,

Soyuqdur, üşüyərsən...

Yatmamısan, yazırsan...

dünyanı unuduram.

Boğazın qəhərlənib,

acısını dadıram.

Qələmlərin ömrünü

yeyir hər gün hərflər...

Mən səni axtarıram,

gözlərimdə görüblər...

31.01.2014

ELƏ ŞİRİN SUSMUSAN

Elə şirin susmusan,

oyatmaq istəmirəm.

Acıyla doğmalaşdım,

Oy, atmaq istəmirəm...

Dünya, sənin üzündən

közərən atəşim var.

Bağlama gözlərini,

gör nə qədər işim var!

Kimin üçün qalanır

ürəyimdə ocaqlar?

Ayağına gəlmişəm,

Dur, boyumu qucaqla.

Səni sevmək, ay canım,

Canımdan ağır yükdü...

Ən böyük günahdan da

yenə Allah böyükdü...

09.03.2014

# 2793 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #