Şirkətə şair kimi işə götürülən adam – Dilsuzdan Yeni Hekayə

Şirkətə şair kimi işə götürülən adam – <span style="color:red;">Dilsuzdan Yeni Hekayə
13 iyul 2018
# 14:00

Kulis.az tanınmış yazıçı Dilsuzun “Yaradıcılıq günü və yaxud şeirin oğurlanması” adlı yeni hekayəsini təqdim edir.

(Tragikomik və bir qədər də fantasmaqorik hekayə)

Mirzə Məhi rəhbərliyin də iştirak etdiyi srağagünkü mötəbər iclasda, rəsmi qaydada, yekdilliklə Qeyri-adi İşlər Şirkətinin şairi təyin olunduqdan (məhz təyin olunduqdan!) sonra götürdüyü ilk yaradıcılıq gününün uğurlu alınması üçün hər cür hazırlıq görmüşdü: Malaziyada, şərq üslubunda, nəfis şəkildə istehsal olunmuş yazı masası, diyircəkli qoltuq, ağ, yaşıl, göy, sarı, qırmızı, bənövşəyi, çəhrayı, narıncı vərəqlər və bu vərəqlərə də uyğun rəngbərəng qələmlər… Fikirləşmişdi ki, məsələn, yamyaşıl vərəqdə sapsarı qələmlə elə həzin bir payız şeiri yazmaq olar ki, vallah, Jak Prever kimi şairlərin heyrətdən qələmləri əllərindən yerə düşər.

Bu ağ, yaşıl, göy, sarı, qırmızı, bənövşəyi, çəhrayı, narıncı vərəqlərin arasında dörd dənə də - cəmisi elə bu qədər tapa bilmişdi - qapqara, karton qalınlığında kağız vardı.

Mirzə Məhi bu qapqara, karton qalınlığındakı kağızda əhəngdən düzəltdiyi ağappaq mürəkkəblə Qarabağ həqiqətlərini nəzmə çəkəcəkdi və BMT-nin Baş katibi Antonio Quttereşə göndərəcəkdi, şübhəsiz, bir xeyri olacaqdı, hökmən olacaqdı, çünki bu portuqaliyalılar da, eynən xəlqi-Azərbaycan kimi, möhkəm şeirbazdılar, - doğrusu, Federiko Qarsia Lorkanın qonşularını heç başqa cür təsəvvür etmək də olmur – bir də görürsən ki, adi bir sözdən uşaq kimi kövrəlirlər…

Mirzə Məhi başqa hazırlıqlar da görmüşdü: sağanağı qızıl suyuna çəkilmiş pilisse eynək, ətəyi dizdən azacıq aşağı qara mahuddan arxalıq, kəpənək qalstuk, boyaboy saf, qədimi sədəflə işlənmiş əsa, qaragül dərisindən tikilmiş papaq. Amma bunlar irəlidə, çox-çox irəlidə - məşhurlaşandan, ad-san qazanandan sonra lazım olacaqdı, inşallah…

Mirzə Məhi Qeyri-adi İşlər Şirkətində iş başladığı vaxtda – düz saat doqquzda yazı masasının arxasına keçdi. Əlini elə qələmə sarı uzatmaq istəyirdi ki, qeybdən səs gəldi:

- Bala, demişdin mənə şeir yazacaqsan, nə oldu?

- Yazacam, nənə, yazacam.

- O ələk də ki elə alt-altda, üst-üstdə qaldı, düzəltdirmədin.

- Nənə, sən o dünyada da un ələyirsən?

- Ələyirəm, bala, ələyirəm… Cümədən-cüməyə… Halva çalandan-çalana… Ələkdi, düzəltdirsən də sağ ol, düzəltdirməsən də… Uzaqbaşı un bir az kəpəkli olacaq, olsun, eybi yoxdu… Bax, indi Novruz bayramıdır, demirəm ki, gətir qəbrimin üstünə bir nəlbəki səməni qoy… Sən mənim şeirimi yaz, şeirimi – olsun ehsanlar ehsanı…

- Yazacam, nənə, yazacam… Qoy, bu şirkətin işlərindən başım bir balaca açılsın…

Mirzə Məhi dodağının altında mızıldandı:

- Bu arvad, portuqaliyalılar kimi, lap şeirbaz olub gedib. Heç nədəncə vaxtımı alır.

Qeybdən gələn səs qəfildən xırp kəsildi.

Mirzə Məhi yenə əlini qələmə sarı uzatmaq istəyirdi ki, qapı döyüldü, o, qoltuqdan qalxmaq istədi, hətta, bir balaca dikəldi də, amma sonra, nədənsə, fikrini dəyişdi:

- Açmayacağam!

Qapı bir də döyüldü. Mirzə Məhi hövsələdən çıxdı:

- Dedim ki, açmayacağam!

Qapı üçüncü dəfə döyüləndə, o, artıq sakitləşmişdi:

- Heç vecimə də deyil, istəyirsən, lap yüz dəfə döy, açmayacağam.

Mirzə Məhi istəmirdi ki, yaradıcılıq gününün bir saniyəsini də kənar işə sərf etsin. Odur ki, qapının fasiləsiz halda döyülməsinə məhəl qoymadan, yenə əlini qələmə sarı uzatmaq istəyirdi ki, otağın küçəyə baxan pəncərəsinin altında pişik elə bərkdən çımxırdı ki, o, yerindən dik atıldı. Ancaq bu bir an oldu və Mirzə Məhi qeyri-ixtiyari gülümsündü, fikirləşdi ki, sənət yolunda bu cür maneələr çox olacaq, gərək fikir verməyəsən...

Nəhayət, o, bənövşəyi qələmi götürüb, narıncı vərəqdə narın xətlə belə bir şey yazdı:

Fikir vermə

qeybdən gələn səsə,

fikir vermə aramsız döyülən qapıya,

fikir vermə ədəbsiz-ədəbsiz çımxıran pişiyə,

işində ol, şair!

Mövzu bir az – yəni, üç-beş dəqiqə bundan əvvəlki həyatdan götürülsə də, şeir, nədənsə, xoşuna gəlmədi, hiss etdi ki, poetik vəsf axsayır, cırıb atdı: “Şirkətin adına layiq bir şey yazmalıyam… qeyri-adi…” Təzə vərəq, təzə qələm götürdü, yazdı-pozdu, yazdı-pozdu…

Günortaya yaxın həm sağ, həm sol çiynində yalnız ilham pərilərinə məxsus olan yüngül, son dərəcə yüngül bir ağırlıq hiss etdi, bununla da, bütün nigarançılğı keçib getdi və öz-özünə dedi: “Şükür, qəzaya-filana uğramadan – sağ-salamat uçub gəldilər, lap təyyarə kimi, vaxtında – nə bir dəqiqə tez, nə bir dəqiqə gec. Amma bir dəfə dumanlı havada çaşıb mənim çiynimi hansısa şairciyəzin çiyni ilə dəyişik salmışdılar.”

İlham pəriləri gələn kimi Mirzə Məhinin zehni açıldı, təbi coşdu, sözləri muncuq kimi yan-yana düzdü, maşallah, hecalar yerində, qafiələr yerində, poetik yozum, modern ruh yerində. Yoxsa, bayaqkı şeir...

Mirzə Məhi elə son nöqtəni qoymuşdu ki, yenə qeybdən səs gəldi:

- Bala, deyəsən, mənim şeirimi yazdın, hə?

- Yox, ay nənə, yox.

- Bəs, o əlindəki nədi elə?

- Sənəddi, ay nənə, sənəd.

- Nəyin sənədidi, bala?

- Şirkətin, ay nənə, şirkətin, yadımda ikən, aparım qoyum seyfə, birdən itib-eləyər.

- Yubatdın, mənim şeirimi yaman yubatdın.

- Yazacam, nənə, yazacam.

- Mən indi Cənnətin kənar məhəllələrindən birində oluram...

- Nədi, Dördüncü mikrorayondan pisdi?

- Yox, amma o şeiri yazsan, məni mərkəzə - Peyğəmbər əleyhisalama yaxın bir yerə köçürərlər. Burada nəslində-kökündə şair olanlara çox hörmət eləyirlər...

- Yazacam, nənə, yazacam. Və gətirəcəm.

- Səni bura buraxmazlar, çiynindəki o pərilərə ver, gətirsinlər.

- Onların buraxılış vəsiqələri var?

- Var, bala, var, yaşıl rəngdə, gözümlə görmüşəm.

Qeybdən gələn səs yenə qəfildən xırp kəsildi...

Mirzə Məhi saata baxdı - 13:00. Nahar fasiləsi. Sevincək olduğundan, iştahı qaçmışdı. Amma gəzmək... gəzmək istəyirdi. Belə qərara gəldi ki, heç bayıra çıxmasın, elə evin içində - dəhlizdə var-gəl etsin, sağanağı qızıl suyuna çəkilmiş pilisse eynəyini, ətəyi dizdən azacıq aşağı qara mahuddan arxalığını, kəpənək qalustukunu, boyaboy saf, qədimi sədəflə işlənmiş əsasını, qaragül dərisindən tikilmiş papağını da yoxlasın, görsün necədir.

Mirzə Məhi sağanağı qızıl suyuna çəkilmiş pilisse eynəyini gözünə taxıb, bədənnüma güzgünün qabağına keçdi: bəh-bəh, yaraşdı, vallah, yaraşdı, hətta bir anlıq ona elə gəldi ki, anadan doğulanda, bu sağanağı qızıl suyuna çəkilmiş pilisse eynək elə gözündə olub…

Arxalıq... Hansı əsrdə dəbdə olmayıb? Yeddinci, on üçüncü, iyirmi birinci... Yəqin, hələ, otuzuncu əsrin də dizlərini qatlayacaq. Bəli, nə qədər ki, şeir var, ətəyi dizdən azacıq aşağı qara mahuddan arxalıq da olacaq!..

Kəpənək qalustuk... Elə bil, canlı idi – indicə “pırr” eləyib uçacaqdı. Gülməyi tutdu. Qəfildən ağlına gələn bu əcaib fikrin özü elə bir şeir idi, vallah.

Boyaboy saf, qədimi sədəflə işlənmiş əsasını götürdü, elə bir addım atmışdı ki, az qaldı yıxılsın, təəccüb elədi: üç ayaqla yerimək iki ayaqla yeriməkdən çətin imiş… Görəsən, niyə?.. Yazıq heyvanlar… dörd ayaqla…

Amma nə etmək olar? Mirzə Məhi məşhur olandan, ad-san qazanandan sonra bu üçüncü ayağa hökmən öyrəşməli idi. Əlbəttə, məşq etmək lazımdır, elə bu gündən, bir saniyə də vaxt itirmədən!

Mirzə Məhi boyaboy saf, qədimi sədəflə işlənmiş əsanı yerindən asıb, qaragül dərisindən tikilmiş papağı götürdü, başına qoydu və yenə bədənnüma güzgünün önünə keçdi: andır xeyli böyük idi – bütün alnını örtürdü və hələ bir az da gözünün üstünə düşürdü. Papaqçının dediyi sözləri xatırladı: “Ömrümdə bu cür balaca baş görməmişəm. Papaqlar ölkəsi İndoneziyadan gətirdiyim ən kiçik qəlibdə tikmişəm, istəyirsən - götür, istəmirsən – yox, nədirsə, budur.” Və Mirzə Məhi papağı götürmüşdü, fikirləşmişdi ki, şan-şöhrət köpəkoğlu şeydi, bir də gördün, başı şişirtdi, şişirtdi, saldı papağın formasına…

Mirzə Məhi saata baxdı – 14:00. Deməli, nahar fasiləsi qurtardı. O, təzədən yazı masasının arxasına keçdi və bir az əvvəl yazdığı şeirin üzünü köçürdü, özü də, nə az, nə çox – düz səksən bir nüsxə! Niyə məhz səksən bir nüsxə - bunu bir o bilirdi, bir də Allah!

Axşama yaxın Mirzə Məhi düşündü ki, bu cür gərgin əqli fəaliyyətdən sonra havaya çıxmaq heç də pis olmaz. Bu, təkcə bir ekotələbat idimi? Əsla, yox! O, o qədər gözəl dağ havası görmüşdü ki... yəni, oksigen acı deyildi, sadəcə, istəyirdi ki, beş-on dəqiqə də olsa, xalqın - gələcək oxucularının arasında olsun...

Mirzə Məhi evdən çıxanda dönüb sağanağı qızıl suyuna çəkilmiş pilisse eynəyinə, boyaboy saf, qədimi sədəflə işlənmiş əsasına, ətəyi dizdən azacıq aşağı qara mahuddan arxalığına, kəpənək qalustukuna, qaragül dərisindən tikilmiş papağına baxdı və əzilə-əzilə, büzülə-büzülə, özünün də güclə eşidə biləcəyi bir səslə dedi:

- Hələ tezdir, hələ tezdir, hələ tezdir! Bir-iki kitabımız çıxsın, sonra!

Küçədə adam az idi. Hava yavaş-yavaş qaralmağa başlamışdı. Mirzə Məhi səliqə-səhmanlı həyəti xatırladan balaca parkdan keçib, dəniz kənarına çıxdı, sonra gəzə-gəzə işıqlı və gediş-gəlişin gur olduğu bir yerə - metro stansiyanın qabağına gəldi. Çıxış qapısı iki-üç dəqiqədən bir adamla dolub-boşalırdı: bəh, bəh, buna deyərəm izdiham! Buna deyərəm geniş xalq kütləsi! Kefi duruldu. Amma qəfildən, heç gözləmədiyi halda, əhvalı pozuldu, qəlbini qəribə bir yalnızlıq duyğusu sardı – bu qədər adamın içində onu bir tanıyan yox idi…

Yaxşı ki, özünü tez ələ aldı: “Darıxma, şair, vaxt gələcək səni hər yerdə - tramvayda, troleybusda, avtobusda, metroda barmaqla göstərəcəklər, üzünə o qədər göz zillənəcək ki, naəlac qalıb, ora-bura ancaq taksi ilə gedib-gələcəksən…”

Mirzə Məhi birdən lap arxada gələn bir adamın zəndlə ona baxdığını sezdi. Fikirləşdi ki, yəqin, qəzetdə şəklimi görüb, hələ bəlkə şeirimi də oxuyub. Maraqlıdır, gözünü məndən heç çəkmir. Gözləyəcəyəm, qoy gəlsin!

Və elə bu vaxt durduğu yerdəcə, heç nədən, - çox elə lazım imiş, - sarsaqdan da sarsaq bir əhvalat yadına düşdü – yenə dilxor oldu: deməli, hər həftə, şənbə günü televiziyada azyaşlı uşaqlar üçün veriliş hazırlayan qapıbir qonşuları bəstəkar Mösü – arvadı belə çağırırdı – toya gedir. Baxır ki, on adamlıq masada nə o bir adamı tanıyır, nə də bir adam onu… heç nə… dilxorçuluq… Boşqabına bir pomidor, bir xiyar, bir az da pendir qoyur, başlayır midilənməyə, arada da bir əlli-əlli araq… Amma məsəl var, deyir, hər gecənin bir gündüzü var – birdən qarşı tərəfdə onunla üzbəüz əyləşmiş dörd-beş yaşında bir qızcığaz deyir:

- Əmi, mən səni tanıdım!

Mösünün eyni açılır, - masadakıların onun kim olduğunu bilmələri üçün qızcığazın fikrini inkişaf etdirmək məqsədilə mülayim səslə soruşur:

- Qızım, sən məni hardan tanıdın?

Qızcığaz gülümsəyə-gülümsəyə deyir:

- Sən elə televizorda da çeçəlsən, burda da çeçəlsən.

Mösü pərt olur və toydan yarımçıq çıxır. Evdə, başına gələn bu “qəzavü-qədəri” danışanda, arvadı od püskürür:

- A kişi, sənə elə haqq olur, min dəfə demişəm ki, əlinə qonarar gələndə, bir parik al, qoy başına, televiziyaya-zada çıxırsan, ayıbdı!..

Mirzə Məhini fikir götürdü: əgər, bu gələn adam da məni, qızcığazın Mösünü tanıdığına bənzər bir şəkildə tanısa, vay halıma. Ürəyinə damdı ki, elə belə də olacaq. Xoflandı və aradan çıxmaq - əkilmək istədi… Amma, deyəsən, artıq gec idi –arxadan, elə bil, kimsə onu çağırdı:

- Mirzə Məhi!

Mirzə Məhi udqundu. Sonra çönüb, çaşqın halda arxaya baxdı – iş yoldaşı Qubad idi!

- Mirzə Məhi, bayaqdan gələ-gələ öz-özümə deyirəm: ay Allah, görəsən, bu odur? Xeyir ola, işdə yox idin?

Mirzə Məhi yüngülcə qızardı:

- Bu gün yaradıcılıq…

Qubad macal vermədi ki, Mirzə Məhi sözünü tamamlasın:

- Hə, hə, yadıma düşdü… Yaradıcılıq günündü… Bir şey yaza bildin?

- Yazdım!

- Təbrik! Təbrik! – Qubad gözünü azca qıyıb, bic-bic gülümsündü. – Bəs, bunu qeyd etməyəcəyik?

- Edəcəyik! Edəcəyik!

Qubad yenə gözünü azca qıyıb, bic-bic gülümsündü:

- Nə vaxt?

- İstəsən, elə indi. Gedək bizə, adama bir yüz-yüz vuraq. O yazdığın şeiri də oxuyaq.

- Təbii ki!..

- Mağazadan bir şey götürək?

- Ehtiyac yoxdur. Evdə hər şey var.

Mirzə Məhi metronun sağ tərəfindəki xiyabanın arxa tərəfində inşa edilmiş təzə tikililərin birində - on yeddinci mərtəbədə olurdu. İncəvara, lift işləyirdi – heç on saniyə çəkmədi ki, yuxarı qalxdılar. Mirzə Məhi içəri girən kimi dedi:

- Qubad, sən mətbəxə keç, mən bir dəqiqəyə əynimi dəyişib gəlim.

Mirzə Məhi yan otağa keçib, kəpənək qalstukunu vurdu, sağanağı qızıl suyuna çəkilmiş pilisse eynəyini gözünə taxdı, ətəyi dizdən azacıq aşağı qara mahuddan arxalığını əyninə geyindi, qaragül dərisindən tikilmiş papağını başına qoydu, boyaboy saf, qədimi sədəflə işlənmiş əsasını əlinə aldı və son dərəcə ehtiyatla addım ata-ata mətbəxə gəldi.

Qubad çaşmış halda:

- Hüseyn Cavid? – dedi.

Mirzə Məhi pərt oldu:

- Nə Hüseyn Cavid, ə? Mirzə Məhi!!!

Qubad bərkdən güldü:

- Tanıdım, indi tanıdım... Sən işə də bu paltarda gələcəksən?

- Hələ yox... Tezdi... Qoy bir-iki kitabımız çıxsın, sonra...

- İnşallah... Amma evdə geyinmək olar... Soyunma... Qoy qalsın... Ekzotika naminə... Əgər, etiraz etməsəydin, mobil telefonla bir-iki şəklini çəkərdim...

Mirzə Məhi qəti etiraz etdi:

- Yox, yox, çəksən, səni tanıyıram, mütləq ona-buna göstərəcəksən, sonra gəl camaatın ağzını yığ, hələ tezdi, hələ tezdi, hələ tezdi!..

Qubad əllərini ovuşdurdu:

- Yaxşı, mən işdən gəlirəm, möhkəm də acam, gətir görək yeyib-içməyə nəyin var?

Mirzə Məhi dünəndən, Allah bilir, bəlkə də srağagündən bişmiş xörəyi qazın üstünə qoydu. Soyuducudan araq, qazsız su, pendir, göy-göyərti, limon, zeytun turşusu çıxartdı, çörək doğradı – xudmani bir süfrə düzəltdi, qədəhlərə araq süzdü:

- Qubad, xoş gəlmisən, götür görək! – dedi.

Qubad hörmət əlaməti olaraq, başı ilə yüngülcə “təzim” etdi:

- Sağ ol!

- İç!

Araq, elə bil, Qubadın boğazını bir balaca acışdırdı, çeçədi, nitqi də batan kimi oldu:

- Dünən, - dedi, televizorda Vaqif Səmədoğlunun bir köhnə lent yazısını göstərirdilər. Elə qəribə şeylər danışırdı ki...

- Məsələn, nə?

- Nə bilim, deyirdi, guya, əvvəllər bu dünyada olub, hələ indən belə bir dəfə də olacaq.

- Qubad, ağlın olsun, şəkk eləmə, kim "guya" desə də, sən demə. O, həqiqətən də, əvvəllər bu dünyada olub.

- Nə vaxt?

- Məncə, ya üçüncü əsrin sonunda, ya dördüncü əsrin əvvəlində. Deməli, hunlar yavaş-yavaş tarix səhnəsindən gedirlər, oğuzlar yavaş-yavaş tarix səhnəsinə gəlirlər. Bax, bu "Kitabi-Dədə Qorqud" o vaxt yazılıb, əsil adı da – gərək həqiqəti deyək - "Kitabi-Dədə Vaqif"dir. Deməli, bu bunu yazır, özü də lap ahıl vaxtlarında, yoldan keçən bir uşağı çağırıb deyir, a bala, apar bunu ver nəşriyyata. Uşaq da kim olsa yaxşıdı? Qorqud! Yolda açıb oxuyur, görür başdan ayağa – ləl-cəvahirat! İndi başa düşdün?

- Öz adına çıxır, hə?

- Afərin!

- Mən mal oğrusu, ev oğrusu, bank oğrusu eşitmişdim, amma şeir oğrusu yox...

- A kişi, ağlın olsun, şeir nədi, simfoniya oğurlayırlar, orkestr ilə bir yerdə, muzey oğurlayırlar, Leonardo da Vinçi ilə bir yerdə. Hələ onu demirəm ki, təyyarə oğurlayırlar, səmadan – Allahın gözünün qabağından, içi də adamla dolu!..

- Mirzə Məhi, deyirəm, bəlkə sənin dediyin Vaqif bu Vaqif yox, Molla Pənah Vaqifdir?

- Qubad, Molla Pənah Vaqif gəraylı yazıb, qoşma yazıb, qəzəl yazıb, amma "Kitabi-Dədə Qorqud" başdan-ayağa sərbəst vəzndədir, kor-kor, gör-gör... O ki, qaldı Vaqif Səmədoğlunun üçüncü dəfə dünyaya gəlməsinə, mən inanıram, gələcək, mütləq gələcək, özü də, əlində tutarlı dəlil-sübut... Haqq, ədalət, əvvəl-axır, öz yerini tutacaq. O, gələcək, amma nə qədər tez gəlsə yaxşıdı, çünki ədəbiyyat pis günə qalıb… Nə isə, götür, vuraq. Bir də xoş gəlmisən!

Araq bu dəfə, nədənsə, Qubadın boğazından yağ kimi getdi. O:

- Mirzə Məhi, mən bunu bilmirdim, - dedi. Sən çox böyük adam olacaqsan! Bax, deyirəm, vaxt gələcək, bizim o şirkətin girəcəyinə lövhə vuracaqlar, üstünə də yazacaqlar: “Şair Mirzə Məhi filan ildən filan ilə kimi burada işləmişdir.”

- Eh, nə olsun? Mən ki, o lövhəni görə bilməyəcəyəm. Belə şeyləri, Qubad, təəssüf ki, adam öləndən sonra eləyirlər.

- Yəni, deyirsən, Vaqif Səmədoğlu dünyaya üç dəfə gələndə, sən iki dəfə gələ bilməyəcəksən? Əfəl olma! Görsən ki, imkan yarandı, gəl!

- Qubad, ya qismət. Onda, mənim səndən bir xahişim var.

- Buyur.

- Elə et ki, o lövhənin üstünü Orxan-Yenisey əlifbası ilə yazsınlar. Belə görürəm ki, o əlifbanın zamanı və dövranı gəlir. Nə isə… Harda qaldıq? Hə, dünyada elə haqsızlıqlar var ki… A kişi, Ömər Xəyyam kimi adamın, baxıram, heç yanda adı yoxdu…

- Mirzə Məhi, mən bilən, var axı: nə qədər küçə, universitet, hələ, deyəsən, heykəlini də qoyublar.

- Ay-hay. Sən buna ad-san deyirsən? Bu elə yox kimi bir şeydi də. Ömər Xəyyam neyləyir heykəli, küçəni, universiteti? İndi gərək onun adına bir bar, bir şərab zavodu, heç olmasa, bir ayıltma məntəqəsi olaydı! Farslar necə deyiblər? Kəbutər bə kəbutər! Götür görüm qədəhi!

Qubad qədəhi götürdü.

Mirzə Məhi, Ömər Xəyyamın bir beyitini, xüsusi şuxluqla, “Mahur” muğamı üstə oxudu:

Çox içmə, gizli iç, meyə alışma,

İçsən, xumar gözlü bir ceyranla iç.

Qubad əlindəki qədəhi yerə qoydu, stolun üstündəki bıçağa baxdı və üzü bozarmış halda soruşdu:

- Sən məni bura nəyə gətirmisən? Kimdi ceyran?

Mirzə Məhi bıçağı qırağa çəkdi:

- Deyəsən, araq səni tutub ha… Səfehləyirsən…

- Yox ey, de görüm, məni bura nəyə gətirmisən? Ceyran kimdi?

- İşə düşmədik… Dur gəl bura…

Mirzə Məhi dəhlizin sağ tərəfində - üstünə oboy çəkilmiş divarla üzbəüz dayandı:

- Bu nədi?

- Görmürsən? Divardı da.

- Kənardan baxanda elədir. Amma, əslində, qapıdı, qapı! Siyirtməli qapı! Çəkirsən, yanlara açılır. Bax, belə. Bəs, bu nədi?

- Dəmirdir, lay dəmir.

- Kənardan baxanda elədi. Amma əslində seyfdi, seyf!.

- Bu yekəlikdə?

- Hə. Mən böyük otağı boyaboy seyf eləmişəm.

- Bunun içində nə var ki?

- Seyf.

- Seyfin içində seyf?

- Hə.

- Bəs o seyfin içində?

- Onun da içində seyf. Yəni, iç-içə qırx seyfdi. Bizə lazım olan şey axırıncı seyfdədir.

- Aç görüm.

Mirzə Məhi seyflərin qapısını bir-bir açdı.

Üzü brilyantlarla bəzədilmiş bapbalaca – ovuc içi boyda qırxıncı seyfdə dümağ bir vərəq vardı.

Mirzə Məhi, Qubada dedi:

- Ey ilk yaradıcılıq gününün ilk şeirinin ilk oxucusu, götür oxu, amma, sən mənim canım, ucadan!

Qubad dodağının altında mızıldadı:

Mən cahan mülkündə mütləq, doğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.

Mirzə Məhi pərt halda:

- Ə, sən nə oxuyursan?! – dedi.

- Burda yazılanı.

- Baxım? Vay…Vay…Vay… Bu, qırxqat seyfə də girdi?.. Görürsən, brilyantlara dəyməyib… Deməli, onu var-dövlət yox, ancaq binəva, biçarə Mirzə Məhinin yazdıqları maraqlandırır. İşə bax, həm şeirimi çırpışdırır, həm də bu azmış kimi, məni Molla Pənah Vaqiflə düşmən eləyir.

- Kim?

- O…

- O, yəni, kim?

- Deyəcəm, Qubad, deyəcəm. İndi bu söhbətin yeri və vaxtı deyil. Qapının ağzında bel var, götür, düşək həyətə.

Qubad beli götürüb, Mirzə Məhi ilə həyətə düşdü.

Mirzə Məhi bir ağacın dibini göstərib dedi:

- Buranı qaz.

Qubad ağacın dibini qazdı. Yerdən içinə narıncı vərəq qoyulmuş bir şüşə çıxdı.

Mirzə Məhi narahat halda:

- O kağızdakı şeiri də oxu görək, - dedi.

Qubad sözləri höccələməyə başladı:

Bikəsü-dərbədərəm, püştü-pənahım yoxdur,

Özümə lütfü-xudavəndi pənah istərəm.

Mirzə Məhinin qanı qaraldı:

- Bilirsən, bu kimin şeiridi? Seyid Əzimin… İndi də şirvanlılarla aramı vurmaq istəyir. Bu biri ağacların da dibini qaz… Bundan əlavə, hələ otuz doqquz şüşə də basdırmışam.

Qubad o biri ağacların da dibini qazmağa başladı və bir qədər sonra beli yerə atıb, dedi:

- Mirzə Məhi, otuz doqquz şüşənin içindəki də elə bu şeirdi, bir şüşənin içində isə su var.

- Su yox, araq. Necə olub ki, mən onu içməmiş – dolu-dolu basdırmışam? Qoy cibinə… yan cibinə yox, qırılar, döş cibinə. Evə qayıdanda dadına baxarıq. Getdik üçüncü müdafiə xəttinə!

Mirzə Məhi, Qubad ilə gəzə-gəzə gəlib çıxdı dəniz kənarına:

- Qırx şüşə də burda – sahilə yaxın bir yerdə basdırmışam, - dedi. Soyun, giririk dənizə.

- Mirzə Məhi, mən üzə bilmirəm… Boğularam…

- Sənə dalğıc paltarı gətirmişəm…

- Yox, qorxuram… Birdən bir yeri deşildi, ya havam çatmadı?

- Qubad, məndən sənə məsləhət: nə qədər ki, gec deyil, ayda bir əllicə manatından keç, üzgüçülüyə yazıl, heç olmasa, bir balaca əl-qol atmağı öyrən. Buzluqlar əriyir, bugün-sabah, bir də gördün, Yerüzünü su basdı, neyləyəcəksən?

- Mirzə Məhi, eşitməmisən, ellə gələn yas toy-bayramdır?

- Özün bilərsən… Mən, lazım gəlsə, lap günlərlə suyun üzündə arxası üstə qalıb, Nuhun gəmisini gözləyəcəyəm, vay sən kimilərinin halına… Eybi yoxdu, bir halda ki, suya girmək istəmirsən, girmə, o şüşələri mən özüm tək çıxararam… Sən burda gözlə…

Mirzə Məhi, dənizə girhagirdə, nə fikirləşdisə, geri çöndü və:

- Qubad, bir gözünün önünə gətir: külli-aləmi su basır, Sultan Süleymana qalmayan dünya beş-on yoluq ördəyə qalır, - dedi və pəsdən oxudu:

Ədalətin bumu, dünya?

Sonra o, dənizə baş vurdu: su həm ilıq, həm də dupduru idi; iri, ağappaq üzüm dənələrini xatırladan meduzalar burnunun ucuna toxunan kimi yad məxluqla təmasdan diksinir və dərhal üzü geri qayıdırdılar.

Mirzə Məhi əlini atıb, sarımtıl-yaşıl yosunların altından bir-birinin ardınca düz qırx şüşə çıxartdı.

Qubad dedi:

- Mirzə Məhi, bu şüşələrdən birinin də içi su ilə doludu.

- O da araq olacaq… Deyim nədən bilirəm? Şeirin iki nüsxəsi cibimdə artıq qalmışdı…

Qubad içində araq olan şüşəni göstərib dedi:

- Bəs, indi bunu neyləyim?

- Qoy o biri döş cibinə… Ehtiyatlı ol, sınmasın. İndi o biri şüşələrin içindəki kağızları bir-bir aç, oxu.

Qubad şüşələrin içindəki kağızları bir-bir açandan sonra:

- Mirzə Məhi, hamısında eyni şey yazılıb, – dedi.

- Əlbəttə, eyni şey yazılacaq. Oxu görüm...

- Uzun şeirdi ha…

- Axı, qısa olmalıydı …

- Yox, uzundu. Ucadan oxuyum?

- Hə, ucadan.

Qubad şeiri, nədənsə, lap yavaşdan oxudu:

Xar içində bitən qönçə gülə minnət eyləməm,

Ərəbi, farsi bilməm, dilə minnət eyləməm.

Sirati- müstəqim üzrə gözətirim Rahimi,

Ol iblisin buyurduğu yola minnət eyləməm.

Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,

Bu gün buldum bu gün yerim, Haqq kərimdi yarına,

Zərrəcə tamahım yoxdu şu dünyanın varına,

Rızkımı verən Xudadır, qula minnət eyləməm.

Ey Nəsimi, can Nəsimi, ol dildar mehman ikən,

Yarın suçum əhf etdirən Əhmədi-Muxtar ikən,

Cümlə-aləmə bəxt verən rəhmi bol sərdar ikən,

Yer üzünün xəlifəsi sultana minnət eyləməm.

- Qul Nəsimi… Gör hardan hara… Sən bundakı hövsələyə bax… Şeiri birinci misrasından axırıncı misrasınacan köçürüb, özü də, düz otuz doqquz nüsxə…

Qubad birdən var gücü ilə qışqırdı:

- Tapdım!

Mirzə Məhi çaşmış halda soruşdu:

- Nəyi?

- Şeiri… Bayaq demədin ki, iki nüsxəsi cibində qalıb?

Mirzə Məhi sevincək oldu:

- Düzdü! Düzdü! – Tez əlini cibinə saldı və ordan iki əzik-üzük vərəq çıxartdı.

Qubad vərəqləri qamarladı:

- Görüm nə yazmısan…

Ümid – kasıbın əppəyi,

Ye, Məhmət, ye,

Ye, Məhmət, ye,

Ye, Məhmət, ye…

- Bu da bir gənc türk şairinin şeiridir. Qubad, ikimizin də canına and olsun, cibimə necə girib – xəbərim olmayıb… Yox, bu işi belə qoymaq olmaz… Hökmən, bir çarə tapmalıyam. Əsgər vətənini qoruduğu kimi, şair də gərək şeirini qorusun.

- Mirzə Məhi, şirkətə de, qoy sənə bir mühafizəçi versin.

- Elə bilirsən mühafizəçiyə etibar etmək olar? Şeirin birini bir qəpiyə satar. Sən, de görüm, Səddam Hüseynin nüvə silahının yerini bilirsən?

- Səddam Hüseynin nüvə silahı nədi, sən demə, heç dayandoldurumu da yox imiş.

- Nə danışırsan?

- Xəbərin yoxdu? Külli-aləm bilir ki, bunu. Üstü açıldı da… Qəzetlər neçə ay yazdılar… Axırda amerikanların özləri də etiraf etdilər…

- Onda, de görüm, Kim Jonqdan mənə bir atom bombası ala bilərsən?

- Yox… Mən kiməm ki?.. Amma, şirkət istəsə, ala bilər… Puluna minnət… Neyləyirsən atom bombasını?

- Qoyacam şeirin içinə. Elə əlini uzadan kimi: part!!

Mirzə Məhi bunu demişdi ki, qəflətən güclü bir partlayış oldu: bütün işıqlar söndü, ulduzlar çilik-çilik olub yerə töküldü, Ay parçalandı, kainatı zülmət bürüdü…

Qubad qorxdu:

- Bu nədi, ə?

Mirzə Məhi ağlamsınan kimi oldu:

- Güni-qiyamətdi, Axırzamandı, Qubad. Batdıq. Hər şey məhv oldu.

Qubad yerdən – ayağının altından bir ulduz götürdü:

- Bunun içinin spiralı yanıb...

Sonra yerdən bir başqa ulduz götürdü:

- Bunun da içinin spiralı yanıb… Heyf…

Mirzə Məhi Ayı yerdən qaldırdı:

- Bununku da… Gör nə yekə spiralı varmış?..

- Olar da… Bu boyda kainatı işıqlandırmaq sənə zarafat gəlir?

- Yəqin, günəşin spiralı lap böyük olar…

- Hamısı məhv oldu, getdi?

- Bəs nə! Qiyamət gününə heç nə qalmamalıdır…

- Qurd da?

- Bəri bax, Qubad, o döş cibindəkilər nədi elə?

- Araq.

- Araq? Evin yıxılmasın, onu görsələr, bizi birbaşa Cəhənnəmə göndərəcəklər…

- Bəs nə edim?

- Yanında Qara dəlik olmalıdır, at ora…

- Qaranlıqdı, görmürəm.

- Əlinlə axtar.

- Tapdım, tapdım. Amma yaman dardı, girmir.

- Özgə vaxt nəhəng təyyarələri, gəmiləri udur. Amma, indi, biz gələndə ağzını büzür? Tez ol, genəlt, drel-filan…

- İşıq var ki, drel işləsin?

- Onda, çıx get.

- Hara?

- Qubad, hansı planetdən gəlmisənsə, ora! Elə bayaqdan səndən şübhələnmişdim. Təxribatçı! Casus! Gəldin Yer kürəsini bədbəxt elədin! İndi də mənə - Evliya nəslindən olan, gündə beş rükət namaz qılan bir adama araq təklif eləmək, bu Axırzamanda – Qiyamət günündə Cənnətimi murdarlamaq istəyirsən?! Çıx get, yoxsa, polis çağıraram!

Qubad özünü itirdi:

- Mirzə Məhi, sən dəli olmusan?

- Dedim ki, çıx get, yoxsa, polis çağıraram!

Qubad elə getmək istəyirdi ki, Mirzə Məhi:

- Dayan, deyəsən, hava ağarır axı, – dedi və qəfildən var gücü ilə qışqırdı: - Odur, o! Şam yandırıb!

Qubad qorxa-qorxa soruşdu:

- O – kim?

- Məhəmməd! Məhəmməd Füzuli! Mənim şeirlərimi aparan!

- Mirzə Məhi, lap ağ elədin ha! Sən hara, Məhəmməd Füzuli hara?

- Qubad, sən bu kərbəlalıları tanımırsan. Görürsən, bu Axırzamanda da yazır, yazır, yazır…

Mirzə Məhi üzünü göyə tutub dedi:

- O lələyi əlindən bir saniyə yerə qoy! Səni görüm quş qripinə tutulasan!..

… Sonra göydən dəmir tak-tukuna bənzər bir səs gəldi.

Mirzə Məhi:

- Deyəsən, ulduzları dəyişirlər.

Birdən ulduzlar “Pırrr” eləyib yandılar.

Qubad:

- Amma, elə bil, bu ulduzların rəngləri əvvəlki ulduzların nisbətən bir az solğundur.

- Yəqin, çin istehsalıdır.

Göydən yenə dəmir tak-tukuna bənzər səs gəldi:

- Deyəsən, Ayı da dəyişirlər.

- Yəqin, günəşi də dəyişəcəklər.

- Gecənin bu vaxtı?

Qubad Ayın da yandığını görüb dedi:

- Şükür, deyəsən, hər şey yavaş-yavaş qaydaya düşür. Amma, Mirzə Məhi, mən səndən möhkəm incidim.

- Niyə?

- Heç bir azərbaycanlı Cənnətə görə qonağını evdən qovmaz.

- Ə, mən sənin yumor hissinə güvənib bir söz dedim. Zarafat-zad qanmırsan ha. Araqları atmamısan ki?

- Yox.

- Yaşa!

Səhərəyaxın Günəşi də dəyişdilər – deyəsən, Həbəşistan istehsalı idi – isti, parlaq!

Və birdən-birə Mirzə Məhinin gözünə elə gur işıq düşdü ki, yuxudan dik atıldı. Bir müddət özünə gələ bilmədi - çaşmış halda tavana baxdı. Bilmədi ağlasın, yoxsa gülsün? Bu cür sarsaq – tragikomik, fantasmarik, qarmaqarışıq yuxudan sonra, vallah, adamın başına nə desən gələr: ağzı da əyilər, qıçı da sınar, hələ desən, gözü də tutular.

O, handan-hana yataqdan çıxdı - əvvəlcə “Kitabi-Dədə Qorqud”u, sonra Füzulinin kitablarını bir-bir öpüb gözünün üstünə qoydu, yəni, bir növ, “günahını” yumaq, “halallıq” almaq istədi…

Amma bu tragikomik və fantasmaqorik yuxuda, az da olsa, həqiqət vardı: srağagünkü iclasda Mirzə Məhiyə demişdilər ki, hesab elə ki, bu gündən şirkətin şairisən, eynən Yazıçılar Birliyində olduğu kimi, həftədə bir dəfə yaradıcılıq günü götürə bilərsən. Və həmin yaradıcılıq günü elə bu gün idi…

Mirzə Məhi Qeyri-adi İşlər Şirkətində işə başladığı vaxtda – düz saat doqquzda yazı masasının arxasına keçdi, bir müddət gözlədi, şükür, nə qeybdən səs gəldi, nə qapı döyüldü, nə pişik çımxırdı və o bir qədər götür-qoy etdikdən sonra narıncı vərəqin yuxarısında – tən ortadan bənövşəyi qələmlə belə bir başlıq yazdı: “Nənəmin ələyi və yaxud Cənnətin mərkəzi küçələri (tragikomik və bir qədər də fantasmaqorik şeir)”. Bəli, şeirin başlığı hazır olmağına hazır idi, amma bu həngamədən sonra ardı gələcəkdi, gəlməyəcəkdi – Allah bilir…

# 1287 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #