Toy hazırlığı: üzümü unlayıb... – BİRCƏNİN ROMANI

Toy hazırlığı: üzümü unlayıb... – BİRCƏNİN ROMANI
10 mart 2017
# 12:09

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Kamil mənə məktub barədə deyəndə əllərim, ovuclarımın içi xınalıydı. Yenə içimdə xırdaca sevinc qığılcımları oynaşdı, yetim bir umud işardı. Yenə Əli donunda bütün varlığınla gəlib beynimə doldun, Dostum – zatən o vaxtacan mən Səni bir özgə cilddə görməmişdim axı.

Mənə bu aralar onun artıq evləndiyini demişdilər, ancaq inanmamışdım; bilirdim ki, əlimi ondan biryolluq üzüm deyə, gözümü ondan ömürlük çəkim deyə daha bir yalan uydurublar. Elə hey ora-bura boylanırdım, elə bilirdim indi hardansa peyda olacaq - axı gəlin köçməyimə vur-tut üç gün qalmışdı!

Qızlığımı istəmədiyim bir adama belə rahatlıqla təhvil verəcəyimə heç inanmırdım, düşünürdüm ki, ən son məqamda kimsə gəlib məni bu cəhənnəm tonqalından xilas eləyəcək. Amma kim, necə? Bax, işin burasını ayıq başla düşünüb aydın təsəvvür eləyə bilmirdim. Ürəyim əzilib parçalanıb içimə batanda yalnız nağıl süjetləri karıma gəlirdi. Səndən hələ də əlimi üzməmişdim, Dostum, körpəcə qəlbimlə Sənə hələ də nağıl qəhrəmanı kimi etiqad bəsləyirdim...

Başımda qarışıq fikirlər, canımda ala-bula duyğular əlimin qıpqırmızı xınasını sürtmədiyim daş qalmadı; istəyirdim o xına tez silinsin əllərimdən. Elə bilirdim bu xınalı əllərim sevgimə xəyanətdi. Elə bilirdim yolunu gözlədiyim Xilaskar əllərimin xınasını görcək atına dəyib gedəcək, olan-qalan umudumu da tərkində aparacaq.

O gecə əllərim sularda, xınam da əllərimdə qaldı. Ancaq sabahkı günüm ondan da betər oldu.

Səhəri gün anam, xalam, əmim arvadları yığışıb mənim gəlin hamamına getməyimi müzakirəyə çıxardılar. Mən bilmirdim ki, qız gəlin köçəndə bir gün qabaqcadan onun filan-filan yerlərinin tükləri təmizlənməliymiş. Vallah, o yaşıma qədər mən belə işlərdən xəbərsiz olmuşdum – kitab oxumaqla deyil ki...

Balacaydım, qonşumuzun qızı Reyhan ərə gedirdi. Anam evimizə gəlmiş bacılıqlarıyla söhbət əsnasında qayıtdı ki, bəs filankəs Reyhanın yengəsi getdi. Bu söz yadımda qaldı, axşam süfrə arxasında oturub yemək yeyən atamdan soruşdum:

- Ata, yengə nə deməkdi?

Söz ağzımdan çıxmamış anam sobanı qurdaladığı maşayla belimə bir zərbə endirdi ki, gözlərimdən od çıxdı. Qəfil hücumun səbəbini anlamadan gözlərimdə yaş anamdan hansı qəbahətə yol verdiyimi soruşdum. Anam yenə üstümə qıcananda atam ağzındakı loxmanı çeynəyə-çeynəyə:

- Qızım, yekələndə bilərsən, - deyib bərkdən güldü.

İndi yengənin mənasını bilirdimsə də, ər evinə köçən gəlinin keçməli olduğu prosedurların incə detallarından hələ də xəbərsiz idim...

***

Anam məsələni qəti qoydu: Bircənin heç yerinə ülgüc dəyməyəcək! Söhbətin nədən getdiyi mənə hələ də çatmırdı. O vaxtlar kəndimizdə heç kimin hamamı yoxuydu (ancaq qonşu erməni kəndində qapısında hamamı olmayan ev tapılmazdı). Kəndin uçuq-sökük bir köhnə hamamı vardı, ora da ancaq qışda işləyərdi, həm də o hamama qadın ayağı dəyməzdi. Qışda hamı qapısındakı əl damına, ya hansısa başqa bir tikiliyə odun sobası qoyub orda çimər, o da olmazdısa elə yaşadığı evdəcə suya düşərdi. Yayda isə hamı bağın-bağçanın dalda yerinə çəkilib təpəsindən bir vedrə su axıdardı.

Mənim işbilən, zəhmətkeş, təsərrüfatcıl atam yay mətbəximizə bitişik bir tikili tikdirib içinə odun sobası, bir də iri vanna qoydurmuşdu; bir sözlə, başqalarına baxanda bizim hamamımız vardı. Nənəmdən qalma iri mis qazan o hamamdakı sobanın üstündən düşürülməzdi, daim qaynar suyla dolu olardı. Mənim gəlin hamamımı da elə adına hamam dediyimiz o tikilidə təşkil elədilər.

Öncə qollarımın altındakı narın tüklər təmizlənməliydi. Hər arvad bir təklif irəli sürdü. Mən hamını içəridən qovdum, dedim heç kəs mənə yaxın gəlməsin. Yenə bütün yüküm yazıq bibimin üstünə düşdü. Çox çək-çevirdən, danışıqdan sonra bibimlə əmim arvadının içəridə qalıb mənə kömək eləmələrinə razılıq verdim.

Sən demə, o vaxtacan çəkdiklərim bu gəlin hamamının yanında yalanmış. Bibim təndirdən çıxardığı isti külü qollarımın altına sürtüb məni diri-diri yolmağa başladı. Keçirdiyim o ağır əməliyyatlar heç mənə bunca ağrı verməmişdi. Bibim küldən sürtüb tükdən dartdıqca gözlərimdən sıçrayan yaşlar sobanın üstündə qıvrıla-qıvrıla cızhacız qovrulur, elə bil bununla mənim canımın necə yandığını, cızdağımın çıxdığını əyani şəkildə göstərirdi.

Uzun əziyyətdən sonra bu məşəqqət, zülüm bitdi. Mən qanadları qırılmış qarğa kimi süst qaldım. Ən betər zülmü də qasığımdakı tüklər təmizlənəndə çəkdim; kökündən çıxarılan hər tüküm bir ox olub bəlalı başıma batırdı. Qapı-baca kişiylə dolu olduğundan səsimi udmuşdum, yoxsa bağırtıma bütün mahal yığılardı. Bu işgəncə mərasimi başa çatanda mənim ərə getməyə də, toya da içimdə göyərtdiyim nifrət toxumları böyüyüb, artıb, qol-budaq atıb bir nifrət meşəsinə çevrilmişdi.

İnanmıram belə bir işgəncədən sonra hansısa qız özünü oğlandan seçib-ayırmağa başlayandan bəri şirin bir həsrətlə gözlədiyi zifaf gecəsini arzulaya. Bütün gənc qızların içində o gecənin bir gözləntisi, bir yanğısı olur. Bilmirsən başına nə gələcək. Amma hər qız özünü qadın kimi tanımağa başlayandan ayaqlarının arasında ləzzətlə zoqquldayan bir yara da gəzdirir. Bizim dövrün qızları zifaf gecəsinə o yaranın sağalacağı, şirin bir ağrıyla can yanğısına su səpiləcəyi gün kimi baxırdılar. Hər qız onu kişi cinsindən ayıran tül pərdənin sevdiyi oğlanın iştirakıyla aradan götürüləcəyi günün xəyalıyla yaşayırdı.

Bəlkə mən o mərasimə sevgisiz hazırlanırdım deyə elə həvəssiz, elə sönük idim? Bəlkə o təmizlənmə proseduru, məni qadınlığa hazırlayan ilkin tədbirlər ona görə bu qədər iyrənc, bu qədər ağrılı gəlirdi mənə? Bilmirəm. Bildiyim bu idi ki, nənəmin illərlə üstündə əsdiyi, erkək milçəkdən də qoruduğu tənimi belə nifrətlə, belə ikrahla heç kəsə peşkəş vermək istəmirdim...

O gəlin hamamından mənim meyidimi sürüyüb saldılar yatağıma. Bibim üstümü nəvazişlə örtə-örtə qulağıma pıçıldadı:

- Bu günlük bəsdi, qaşların qalsın sabaha.

Gözlərimdə şimşək caxdı: demək, bunlar hələ hamısı deyilmiş! Mənim o vannada dərimi soymuşdular, ancaq bu, azmış, hələ qaşlarımı da yolasıymışlar.

O gecə qollarımın, göbəyimin göynərtisindən it kimi uladım; elə bilirdim çəkilən hər tükümün yerinə bir nizə batırıblar. Həmişə ləzzətlə büründüyüm yorğan hələ canı çıxmamış adamın büküldüyü kəfən kimi boğurdu məni. Qəlbimdə baş açmadığım duyğular, sinirlərimdə bircə addımlığımda durub məni gözləyən qaranlıq, naməlum gələcəyin xofundan doğan həyəcanlar, canımda heç vaxt dadmadığım, çəkmədiyim ağrı-acılar...

Nə vaxt, necə yuxuya getdiyimi bilmədim. Uşaqlıqdan bəri yuxularımda tez-tez ya dərin bir çaya düşüb, ya da bir uçurumun başında bitmiş ağacdan sallana qalıb ayılardım. O gecə də elə oldu – buz kimi suya yıxılıb boğuldum, nəfəsim kəsilhakəsildə qan-tər içində yuxudan oyandım. Başımı qaldırıb sabah yox, birigün geyinəcəyim gəlinliyimi masanın üstünə sərili görəndə canımdakı ağrıların səbəbini anladım.

Səhərə qədər canıma daraşan quduz xəyalların, qıllı, həvədiş surətlərin, eybəcər mənzərələrin əlində naçar qaldım. Qızlıq mənzilimin belə tez, romantikadan, saflıqdan, gözəllikdən bu qədər uzaq şəkildə bitdiyinə inana bilmirdim. Axı qızlığımın dünyasında nə görmüşdüm, nə tapmışdım, nə qurmuşdum ki, onu gəlinlik dünyama cehiz aparım? Maddi cehizim görünməmiş dərəcədə zəngin idi, mənəvi cehizimsə yox dərəcəsindəydi. Vardı – bolluca göz yaşı, həsrət, nakam sevgi, baş tutmamış tələbəlik, hər birini qoxusundan tanıdığım dərdimə şərik kitablarım, kədərimi köçürdüyüm dəftərlərim, ürək ağrısı, can ağrısı, baş ağrısı. Ağrı, ağrı, ağrı... Vəssalam!

***

Sabah ertədən paltarlarımı birtəhər geyinib, yolunmuş cücə kimi ikinci mərtəbədən aşağı düşdüm. Həyət-baca adamla doluydu. Çalışırdım əmilərimlə, qardaşlarımla üz-üzə gəlməyim. Sabah məni yolunu belə tanımadığım bir yuvaya göndərəcəkdilər, orada bir hinə qatıb qapımı qıfıllayacaqdılar. Bu gün də həyəcandan boğula-boğula kimisə, nəyisə gözləyirdim, hələ də inana bilmirdim ki, gözlədiyim gəlməyəcək.

Sabahkı günə məni böyük canfəşanlıqla hazırlayırdılar. Etiraz eləməyə bir zərrə gücüm, heyim-hərdəmim qalmamışdı. Bacılarımın üzündən bol-bol sevinc yağırdı. Evimizdə heç vaxt görmədiyim hörmət yiyəsi olmuşdum, əlimi bir işə vurmağa qoymurdular.

Sabah həm də Novruz bayramıydı. Xalam, əmim arvadları böyük qazanlarda bayram aşı dəmləyir, dovğa bulayır, qatlama, fəsəli, şəkərbura, paxlava bişirirdilər. Evin hər künc-bucağı ləzzətli təamlarla doluydu, ancaq mən ağzıma heç nə apara bilmirdim, yeyilən-içilən nəyə baxırdımsa öyüyürdüm.

Bir yığın adamın nəzərindən yayınıb evimizin ərzaq saxlanan otağına girdim. Gözümə iri bankada bağlanmış heyva kompotu dəydi. Ağzını açdım, şirəsini pəncərədən çölə axıtdım, meyvələrini iri boşqaba yığıb qadınlar yığışan otağa qayıtdım. Ondan da vur-tut ikicə dilim yeyə bildim; anam başımı görən kimi yenə mənə yüz tapşırıq verdi, bayaqkı xanımlığımdan bir əsər qalmadı.

Ancaq bibimlə böyük əmimin arvadı yenə məni əzizləyir, başıma dolanırdılar, hərçənd onların da nəvazişi edama aparılan məhbusa göstərilən mərhəmətdən seçilmirdi.

Günorta aşağı-yuxarı otuz nəfərlik süfrə açdıq. Başımı hər qaldıranda nəzərlərim yaxından-uzaqdan qardaşlarımın baxışlarıyla toqquşurdu. Onlarla göz-gözə gəldikcə çox utanırdım, ancaq bu dar günümdə yenə qardaşlarımın gözlərinə baxmaq, ürəklərini oxumaq istəyirdim. Ən çox da Hakimin gözlərini axtarırdı gözlərim – axı o, həmişə Qurana əl basırdı ki, məni ərə getməyə qoymayaçaq! Bəs niyə indi quzuya dönmüşdü?..

Balacalığımda nənəm həmişə şirin tikəsini mənə yedizdirərdi. Qozu ləpələyib sapsarı kişmişə qatar, mənim ciblərimə doldurar, sonra da deyərdi: ye, ağzına baxım. Vay o günə ki, Hakim bunu görəydi; kirli-tozlu barmaqlarını xirtdəyimə soxar, çeynəyib udmaq istədiyim qozu-kişmişi ordan çıxarardı, sonra da nənəmə sarı dönüb bar-bar bağırardı:

- Bunu belə yedizdirirsən ki, tez yekələ, ərə verəsən?!

Bəs indi o Hakim mənim ərə getməyimə niyə əngəl törətmirdi? Niyə indi bir nəslin, bir tayfanın birləşib məni həvəslə itələdiyi cəhənnəm tonqalına, ər xarabasına, gor quyusuna belə asanlıqla buraxırdı məni?..

***

Günortadan sonra Telli mama məni yanlayıb qulağıma dedi:

- Qalx yuxarı, Hafizəni çağırmışıq, qaşlarını alsın.

Qırıq qol-qanadım elə bil yenidən qırıldı. Evin içində ruh kimi hərlənirdim, ortalığın tökünüyünü yığa-yığa vaxtı uzadırdım, elə bilirdim qaşlarım nə qədər gec alınsa, bu iş də bir o qədər yubanar.

Bibimin yalvar-yaxarından sonra ayaqlarımı sürüyə-sürüyə üst evə qalxdım. Burda da bir sürü qız-gəlin vardı. Hafizə xala əlində bir iri sap yumağı mənim çarpayımın üstündə oturmuşdu. Kənddə ona “erkək Hafizə” deyirdilər. Ağızdan şoran, harfa olan bu qadın heç kimi saya salmazdı, ağlına-ağzına nə gəldi danışardı. Xeyir işlərdə qız-gəlinin üz-gözünü canla-başla təmizlər, gərəkli məsləhətlər verərdi. İndi də növbə mənə çatmışdı.

Hafizə xala balkona çıxıb gər səsiylə anamı bir ağız çağırdı. Mən həyəcanla:

- Onu neynirsən, - dedim, - çağırma!

Arvad gülə-gülə qayıtdı ki:

- Bala, qadan alım, bəs mənim sapım düyün düşüb, anan gəlsin açsın da...

Mən hövlnak yerimdən qalxıb:

- Ver, mən açım, - dedim.

Hamı bərkdən gülüşdü. Sən demə, Hafizə xala zəhmətinin müqabilində anamdan xələt istəyirmiş. Handan-hana anamı tapıb gətirdilər, o da qaş-qabağının düyününü açmadan Hafizənin sapının düyününü açıb getdi – əlindəki boğçanı Hafizənin üstünə atıb, yeyin addımlarla otaqdan çıxdı. Mənim əsl toyum bundan sonra başlandı.

Hafizə üzümü narın-narın unladı. Sonra sapı əlində akrobat kimi fırlayıb mənim unlu sifətimə çəkdi. Bir an elə bildim ki, üzümə qaynar su atdılar. Qışqırdım. Bu qarayanıq, balacaboy, yöndəmsiz arvad cəllad kimi çökmüşdü sinəmə. Hər dəfə üzümü sapdan qaçırdıqca o “kaş yerinə mən olaydım, kaş sabahkı gecə mənim olaydı” kimi sözlərlə mənə bəxtəvərlik verir, otaqdakılar şaqqanaq çəkib gülüşürdülər. Təkcə bibim gülmürdü, mənim hər sızıltıma “caaan, gözlərinə qurban olum” deyə qarşılıq verirdi.

Ən çətini yanaqlarımda, bığ yerlərimdə bitmiş tüklərin alınması oldu. Sapla üzümü aşağı-yuxarı, sağa-sola o ki var şumladılar. Bu uzun, əzablı mərasim bitəndə mən də bitmişdim. Sap sir-sifətimi sıyrıq-sıyrıq eləmişdi, üzüm şişib köpəş-köpəş olmuşdu. Yenə güzgü qabağına keçməyə qorxurdum, elə bilirdim ordan nəsə bir yad adam baxacaq mənə.

Məni bu hala salandan sonra arvadlar gülə-gülə aşağı evlərə düşdülər. Qaldım təkbaşına. İndi bədənim təpədən-dırnağa sızıldayırdı. Qorxa-qorxa güzgüyə yanaşdım: ordan qoğala bənzər sifət, qıpqırmızı bir baş boylanırdı mənə sarı. Bu qədər zülüm, zillət çəkmək, üstəlik də, ömrünün idealı olan Biri üçün qoruyub-saxladığın, üstündə əsdiyin, Onun əmanəti kimi bəslədiyin bir canı götürüb tanımadığın, sevmədiyin, anlaşmadığın, bölüşmədiyin bir adamın üstünə getmək...

... Səndən ötrü bəsləmişdim o canı, Dostum, Sənə saxlamışdım özümü...

ardı var

# 2505 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #