O, narkotika aludəçisi idi - Günel Natiqdən hekayə

O, narkotika aludəçisi idi - <span style="color:red;">Günel Natiqdən hekayə
17 fevral 2016
# 11:14

Kulis Günel Natiqin “Ədalətli hökm” hekayəsini təqdim edir.

Yüz il də dünyaya gəlsəm onun kimi birini tapa bilməzdim. Elə bil biz 100 ildir bir-birimizi tanıyırdıq. Danışmağa, artıq söz deməyə ehtiyac yox idi, hətta susarkən bir-birimizi anlayırdıq. Mən başımı Onun sümüklü çiyninə qoyur, saatlarla belə otururdum. Bəzən Onun davranışında atalıq duyğusu hiss edirdim. Bəzən elə bilirdim, atamın ruhu Onun bədəninə köçüb.

Uşaqları çox sevirdi. Eləcə səssiz gəzintilərimizdə uşaqları gözləriylə oxşayardı. Üzündə təbəssüm oynayar, gözlərinin lap dərinliyinə isə qüssə çökərdi. Ən sevincli anlarında da kədər çağırılmamış qonaq kimi özünə tez-tələsik yer edərdi. Qova bilmirdi kədəri gözlərindən. Eləcə kədərinə sığınıb qalardı, bilməzdim kədər nə istəyir ondan, ya da O kədərə niyə tutunub qalıb.

Özündən iki yaş kiçik qardaşı vardı. Özü hələ balaca ikən körpə qardaşını ayaqlarının üstündə yatızdırmağından danışardı. Uşaqlar haqqında elə danışardı, elə bil bu arzusu əlçatmaz bir ada qədər uzaq idi ondan. Məchul bir şey haqqında danışırdı elə bil. Halbuki mən bilirdim, bu adam elə ata kimi gəlib dünyaya. Ona görə yox ki, hələ balaca ikən qardaşını ayaqlarının üstündə yatızdırıb. Ona görə yox ki, mənə davranışında atalıq duyğusu hiss edirdim. Ona görə yox ki, uşaqları baxışlarıyla oxşayardı. Ona görə ki, ata kimi gəlmişdi dünyaya, vəssalam.

Şəhərdə gəzən qrip epidemiyası məni də ağuşuna almışdı. Möhkəm soyuqlamışdım. Məndən çox nigaran idi, zəngləri bir-birinə calayırdı.

- Biz evlənəndə sənə özüm baxacam, - ciddi-ciddi deyirdi.

Mən Onun qətiyyətlə dediyi sözlərə gülürdüm. Onun təlaşa düşməsi, məni qoruması xoşuma gəlirdi.

“Balıqlar darıxıb bizsiz”, - deyirdi.

Dənizdəki balıqları deyirdi.

***

Yenidən görüşəndə qüssə bir az da dərində idi. Gözləri qan çəkmişdi, bunun səbəbini bilirdim.

O, narkotika aludəçisi idi. Ona görə yox ki, pis adam idi. Ona görə ki, pis mühitə düşmüşdü. Ailədən xəbərsiz uçuruma yuvarlanmışdı.

Amma mən hər şeyin hələ gec olmadığını düşünürdüm. Son şansımızı da itirdiyimiz ağlıma gəlmirdi.

Zəifləmişdi. Sonradan bildim ki, narkotik maddələr bədəninə ciddi ziyan vurub, O, bunun ağrılarını həm mənən, həm də fiziki cəhətdən yaşayırdı.

Mən bütün bunları hiss edirdim, hərçənd bu barədə bir kəlmə də danışmırdıq.

- Bu gün xəstəxanaya getdim, analiz verməyə, - mənim sual verəcəyimi gözlədi bir anlıq, sual olmayınca davam etdi - cavablar sabah bəlli olacaq. Bizim gələcəyimiz də bundan asılıdır. Ola bilsin ki, biz bir daha görüşmədik.

- Belə demə - mən dedim. Biz ayrılmayacayıq.

Biz ayrıldıq. O məni avtobusa mindirib üzü yuxarı getdi. Mən də pəncərədən Onun bükülmüş qəddinə baxa-baxa qaldım.

Hər şey biz düşündüyümüzdən də pis idi. O ölürdü.

- Yəni heç çarəsi yoxdur? – Mən ağlayırdım. Əməliyyat, başqa vasitələr... Axı hər şey belə çarəsiz ola bilməz. Axı biz beləcə aciz qala bilmərik. Axı...

- Hər şey gecdir, çox gec. Sona çox az qalıb, bir ay, iki ay bəlkə daha da az.

Mən indi anlayırdım Onun gözlərinin lap dərinliyinə çökən qüssəni. Uşaqlara lal baxışını. Hər şey üçün təəssüf ki, çox gec idi.

Mən Onu çarəsizliklərin arasından tapmışdım. Mən çox yalqız olan vaxt Onu yalqızlığım doğurmuşdu. İndi belə çıxır, biz əvvəlki yerimizə qayıdırıq. Ora, gəldiyimiz yerə. Tənhalıqların ağuşuna.

Biz daha görüşmürdük. Mən donuq vəziyyətdə işə gedirdim, elə eləcə də qayıdırdım. Heç nə barədə düşünə bilmirdim. Hər şey arxada qalmışdı. İrəliyə isə yol-filan görünmürdü. Ağır yük maşınları kimi gedirdim, amma bilmirdim, hara gedirəm, kimin yüküdür və harda boşalmalıdır bu yüklər.

Ətrafdakılar mənə qəribə baxırdılar. Elə bil mən onların məni görmək istədiyi kimi olmalıyam. Elə bil heç nə başqa cür ola bilməz. Hamımız eyni qəlibdən çıxmalıyıq. Elə bil eyni analar doğur bizi.

- İşinə əvvəlki kimi can yandırmırsan - bunu baş mühəndis dedi.

- Problemim var bu aralar...

- Probleminizi işinizə gətirməyin, xahiş edirəm. Onu boş vaxtlarınızda həll edin...

Bəlkə də çoxluq haqlıdır. Ögey olmamaq üçün cəmiyyətə uyğunlaşmalıyıq. Axı O, dünyada yeganə adam deyil. Nə olsun ki, mən Onu tozun-palçığın içindən tapmışam. Nə olsun ki, biz bir-birimizi bəsləmişik. Həyatdır bu. Dözümlü, ağırbaşlı olmalıyıq.

Nə olsun, doğma duyğular cücərir Ona baxanda. Əslində doğmalıq nədir? İnsanın uydurduğu bir anlam. İnsan tək gəlir dünyaya və bütün ömrü boyu tək qalır. Ətrafında kim olursa olsun.

Bir neçə vaxtdan sonra telefonda Onun xeyli gümrah səsini eşitdim.

- Gülüm, xoş gördük. Qəribsədim səsin üçün.

Bu zəng elə bil yerinə düşmədi.

- Mən də qəribsədim... Necəsən? Yaxşısanmı?

- Hər zamankı kimi. - səsi bu dəfə bir az göynədi - Səni görmək istəyirəm.

- İşlərim çoxdur bu aralar... Amma görüşə bilərik.

- Oldu gülüm. Sahilimizdə gözləyəcəm səni.

Sahil elə bil payız qəribliyindən büzüşmüşdü. Sahil mənə oxşayırdı. Büzüşüb içinə yığılmışdı. Əvvəlki ənginliyi görə bilmədim.

- Xoş gəldin gülüm.

O, qarşımda durub gülümsəyirdi. Xeyli sınıxmışdı. Bir az arıqlamış, qəddi bir az da əyilmişdi. Amma gözləri əvvəlki doğmalıqla baxırdı.

- Mənim vaxtım azdır, - dedim - Səni görmək mənim də ürəyimdən keçirdi. Çox şadam ki, səni belə yaxşı ovqatda gördüm.

- Həyatı getdikcə daha yaxşı anlayıram, - O dedi - Bu da olumu və ölümü dərk etməyə kömək edir.

“Olum” və “ölüm” kəlmələri məni üşütdü. Əlimi gödəkcəmin ciblərinə sıxıb uzaqlara baxdım. Elə bil qənşərimdə durmuş adamı görmürdüm. Eləcə uzaqlara baxırdım.

Sahildə beləcə iki yad adam kimi gəzişdik. Elə bilirdim ölümün qənşərində gəzirəm və tezliklə qaçıb həyata qovuşmaq istəyirdim.

- Gülüm, bilirsən nə fikirləşirəm - birdən O dedi, - biz evlənmişik, balaca bir qızımız var, sənin kimi günəşə oxşayır... Və mən çox xoşbəxtəm, çünki iki günəşim var...

- Sən ciddi deyirsən? - mən dedim, səsimin ahəngi ikimizi də qorxutdu.

- Əlbəttə, yəni mən..

“Doğrudanmı O öz probleminin ağırlığını bilmir? Bilmir ki, O sadəcə bir narkomandır?” - Mən ikrah hissilə düşündüm. “Necə olur ki, məni qoruyan bu adam indi mənim onunla yaşamağımı mənə rəva bilir? Doğrudanmı O belə eqoistdir?”

- Mən eqoist deyiləm,- O elə bil baxışlarımı oxudu.- Sadəcə sevgi çoxaldır insanın duyğularını, yaşantılarını, ömrünü...

Mən bilirdim, 100 il keçsə də onun kimi birini tapmayacam. Axı Onu mənim yalqızlığım doğurmuşdu. İnanmıram, bir də o dərəcədə yalqız olum. Həyat onu ciddiyə almağa dəyməzdi...

***

İki il keçmişdi. Boğazımda təsadüfən şiş tapılmışdı. Analizlərin cavabını götürməyə gedəndə həkim bir az üzümə baxıb duruxdu:

- Bir az gec gəlmisiniz. Əgər iki il qabaq gəlsəydiniz...

Həkimin sözlərinin ardını gözləmədən otaqdan çıxdım. Sahilə, bir vaxt Onu arzularıyla baş-başa qoyub getdiyim yerə gəldim. “Balıqlar darıxıb bizim üçün” - bir vaxtlar o belə deyərdi. Mən günəşə, dənizə və qağayılara baxıb “Bu ədalətli hökm idi” deyə pıçıldayırdım...

# 1009 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #