Kulis Səməd Vurğunun “Zəncinin arzuları” poemasını təqdim edir.
O, kürsüyə sinə gərdi. Danışmadı, susdu bir dəm,
Çatıb qara qaşlarını, fikrə getdi o bir anlıq;
(Bəzən dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq.
Qarşısında boyun büküb, səcdə qılır bütün aləm...)
Salon heyrət içindədir... Sükut edir başdan-başa.
Qara zənci kürsüdədir, ona min göz baxır yerdən...
Bir şeriyyət tablosudur seyr etdiyim bu tamaşa,
Nə mənalar oxuyuram dalğın baxan o gözlərdən!..
Elə bil ki, bir dəfə də, yarandığı gündən bəri
Ağız açıb o gülməmiş... nəşələrə biganədir...
Dodağında səslənməmiş ürəyinin nəğmələri,
Talan olmuş şəhər könlü top dağılmış viranədir...
Elə bil ki, qara zənci bu dünyaya gələn zaman
Bir daxmada matəm tutub ağlamışdır öz anası...
Fəqət yenə ana qəlbi ayrılmamış övladından,
Gecə-gündüz çörək yeyib, nalə çəkmiş hər laylası.
Onun tutqun baxışında bulud gəzir, şimşək çaxır,
Bir pəhləvan gücü də var onun canlı biləyində.
Dönə-dönə göz gəzdirib insanlara yenə baxır,
Açılmamış bir kitab var onun dolmuş ürəyində...
Dolan bulud boşalacaq! -
Bu hökmüdür təbiətin! Qara zənci ağız açır:
- Mən zənciyəm, həm də rəssam!
Otuz ildən bir az da çox övladıyam bu sənətin,
Məni yalnız insan deyil, bir də şair doğmuş anam!
Amerika, Yeni dünya! Mənim doğma vətənimdir,
Babamın ağ sümükləri çürümüşdür bu torpaqda...
Dəniz mənim, hava mənim, torpaq mənim, göy mənimdir!
Arzularım yuva salmış hər budaqda, hər yarpaqda,
Mən sevirəm öz yurdumu bir müqəddəs məhəbbətlə.
Rəssam könlüm vurğunudur hər axşamın, hər səhərin,
Yaratdığım tablolarda hüsnü vardır, şəfəqlərin...
Vaxtınızı çox almayım!
Deyin, mənim bu sənətlə,
Bu hünərlə yaşamağa yer üzündə yerim varmı?
Heç evsiz də, eşiksiz də rəssam olan yaradarmi?
Onun qara gözlərindən bir ildırım çaxdı keçdi.
Ürəyinin qızıl qanı ürəyimdən axdı keçdi. Zənci dalğın...
Salon səssiz... Elə bil ki, bütün varlıq
Ona bu dəm qulaq asır. Gəl, oxucum, diqqətlə bax,
Görürsənmi, onun gözü şölələnir bircə anlıq,
Üzündəki qəm dastanı açılmışdır varaq-varaq;
- Bir səyahət günlərində mən ac qalsam, susuz qalsam,
Bir aşxana qapısını ötənlərdən xəbər alsam,
"Sən qarasan..." sözlərini oxuyuram nəzərlərdə,
Deyin görək, ömrüm boyu necə dözüm mən bu dərdə?
Qanunların qara hökmü belə yazır nə zamandır;
Şəhərlərə qonaq düşmək qaralara qadağandır.
Bəli! - dedi qara zənci, - vətən ınənə bir qürbətdir,
Məni vaxtsız qocaldan da bu ayrılıq, bu möhnətdir!
Salondakı lal sükutun mənasını mən duyuram,
İnsanların gözlərində bir mərhəmət oxuyuram.
Baxışlardan dalğa-dalğa, bulud-bulud heyrət yağır,
Qara zənci acığından nəfəs alır ağır-ağır...
O çatılmış qaşlardakı mənaları duya bilsən!..
Artıq onun dişləri də kilidlənmiş qəzəbindən,
O yenə də sükut edir, danışmayır o bir anlıq,
(Bəzən dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq...)
- Amerika, Yeni dünya! Vətənimdir, dedim bayaq.
Çox sevirəm ana yurdun axıb gedən çaylarını,
Onun qarlı qışlarını, bir də bahar aylarını.
Qızıl, gümüş mədənidir yarandığım qara torpaq.
Fəqət, mənim bu torpaqda yaşamağa haqqım varmı?
Vətənsiz də insan olan insan kimi yaşayarmı?
Bu alovlu, odlu sözlər yanğın salır ürəklərə,
Elə bu vaxt göz qoyuram sağımdakı bir nəfərə.
O, tərləmiş çeşməyini sol əlilə düzəldərək,
Kinayəli baxışlarla diş qıcayır bir iblis tək,
Ayırmayır gözlərini o, zəncinin dodağından,
Bir qurd kimi dişlərini şaqqıldadır zaman-zaman.
Gah bozarır, gah qızarır, üşütmələr var canında,
Kölgə kimi qara-qara əllər gəzir vicdanında...
O, kinindən büzüşdükcə bir yumağa dönür bəzən,
Elə bil ki, ilan kimi sıçrayacaq öz yerindən.
Qaraqabaq, yerəbaxan, gözü gömgöy, rəngi kürən...
O fitnələr övladının hiylə yağır sifətindən.
Cənab kimdir? - O, Teylerdir! Şlyapalı bir iblisdir!
Ürəyimdən səslər gəlir: - İngilisdir! İngilisdir!
Çaylar kimi dalğa-dalğa gözlərimə vurur qanım,
Xatirimdən gəlib keçir 26 qəhrəmanım!
Zənci qızır aslan kimi, qabarmışdır tunc sinəsi,
Elə bil ki, dalğalarla pəncələşən bir adadır.
Qulaqlara lərzə salır bu natiqin qadir səsi –
Xəyalından nə keçirsə, yumruqları havadadır...
O, gəmirir zəncirini qəfəsdəki pələng kimi,
Ayaqdadir qara zənci açılacaq tüfəng kimi...
* * *
- Yüz həvəslə, düşüb bəzən,
Səyahətə çıxıram mən.
Deyirəm ki, öz fırçama
Rəng toplayım çiçəklərdən.
Deyirəm ki, qarış-qarış
Gəzim vətən torpağını;
Payız düşüb saraltmamış
Ağacların yarpağını,
Seyr eləyim dağı, daşı;
Qayaların çatıq qaşı
Başım üstə kölgə salsın.
Könlüm quşu ilham alsın,
Qanad gərsin bir çəməndə;
Bir arzuyla, deyirəm mən
Buludların məməsindən
Dağlar başı süd əməndə,
Bu sevdalı təbiətdən,
Hər görtlüyüm həqiqətdən
İlham alıb, yazım mən də
Bir tükənməz səadətlə!
Yaratdığım sənət qızı
Salamlasın baxtımızı
Bir müqəddəs məhəbbətlə:
Mən də baxıb bir şad olum;
Qəm mülkündən azad olum
Yaratdığım bir sənətlə!
Düşündükcə uzun-uzun
Deyirəm ki, yurdumuzun
Hər yayında, hər qışında
Həyat görüm, dünya görüm!
Hər insanın baxışında
Bir müqəddəs məna görüm!
Hər körpənin gülüşündən
Ürəyimə nur yayılsın.
Yatan günəş qalxıb erkən,
Yuxusundan tez ayılsın,
Üzündən nur yağa-yağa.
Nə qul görüm, nə də ağa,
Nə bir dustaq, nə bir zindan!
Cahangirlər dünyasından
Qalmasın bir yadigar da;
Qoy ağlar da, qaralar da
Səadətlə nəfəs alsın
Yaratdığım tablolarda
İnsan eşqi zəfər çalsın
Öz zəhməti, hünərilə;
Bu azadlıq günlərilə
Qoy ürəklər sirdaş olsun;
Alqışlayın bu niyyəti!
Bu müqəddəs şeriyyəti!
Qoy dünyanın min milləti
Bir and içib, qardaş olsun,
Bir bayrağa sirdaş olsun!
Bu saf arzularla yaşadıqca mən,
Bəzən özbaşına çıxıb evimdən,
Həftələr uzunu hey ac da qalsam,
Yavan bir çörəyə möhtac da qalsam,
Yuxusuz gecələr görsə də gözüm,
Qaranlıq keçsə də günüm-gündüzüm,
Piyada keçsəm də axar çayları,
Sinəmdə donsa da dağların qarı,
Daşlar qanatsa da ayaqlarımı,
Şaxtalar vursa da barmaqlarımı,
Vətən torpağına aşiq xəyalım
Yenə də zövq alır bu səyahətdən.
Qoy sadə gəlməsin sizə bu halım,
Ayrıla bilmərəm mən bu adətdən.
Gəzməsəm, görməsəm, duya bilməsəm,
Gözəllik eşqindən doya bilməsəm,
Sönər sənətimin eşqi, həvəsi,
Torpağa bağlıdır rəssam nəfəsi!
Lakin axşam olur, hava qaralır,
Əngin üfüqlərin alnı daralır.
Soyuyur gördüyüm o zümrüd sular.
Soyuyur sinəmdə yanan arzular...
Göz qoyub axşamın son havasına,
Qurd-quş da çəkilir öz yuvasına,
Nyu-York alışır, işıqlar yanır,
Salonlar al-əlvan rəngə boyanır.
İpək döşəməli xanimanlardan
Rəqqasə qızların səsi yüksəlir.
Mənimsə üstümə asimanlardan
Yağışlı, yağmurlu buludlar gəlir...
Yatmağa nə yerim, nə yurdum vardır,
Üzümə bağlıdır mehmanxanalar.
Orda xumarlanıb yatan ağlardır,
Çünki qara doğmuş bizi analar...
Bəli... Qara doğmuş məni öz anam,
Siz də yaxşı baxın, qaradır dərim...
Bir dəniz olsa da mənim hünərim,
Buyurun, neyləsin zənci bir rəssam?
Siz deyin, mənim də vətənim varmı?
İnsan da vətənsiz insan olarmı'?
Rəssamın nəfəsi, de, nədən yanır?
Bıçaq iliyəmi yoxsa dayanır?
Yox, o susmayacaq, susmaz sənətkar?
Heyrət içindədir salondakılar.
Zənci davam edir, kövrəlir səsi,
Od tutub alışır onun nəfəsi,
Üzündə rəqs edir boranlı bir qış,
Gözündən süzülür qəlbinin kini,
O açib tökdükcə qəlbindəkini.
Salonu titrədir sonsuz bir alqış. –
Bəli, mən zənciyəm! Zənci bir qadın
Mənə süd vermişdir öz döşlərindən.
Bədbəxt ananın övladıyam mən...
Eh, ana! Dünyada sən olmasaydın,
Bəlkə tanrıya da mən baş əyməzdim.
Bir sənin eşqinlə, bir öz adımla,
Südündən aldığım istedadımla
Ayağım tutduqca dünyanı gəzdim...
Azadlıq aşiqi oldusa adım,
Özüm bir gün belə azad olmadım?!
Yox! Məndən incimə, müqəddəs ana!
Nankor yaranmamış sənin övladın.
Bütün məbədlərdən ucadır adın,
Dünya bir yanadır, sənsə bir yana.
Ah, müqəddəs vətən, müqəddəs ana!
Yox, yox! Unutmadım mən öz əslimi,
Öz qara nəslimi, zənci nəslimi!
Köksüz bir ağacın meyvəsi varmı?
İnsan da əslini heç unudarmı?
Zənci bu sözləri dedi vüqarla,
Göylərə siğmayan bir iftixarla.
Bir günəş parladı onun üzündə,
Bir şimşək oynadı tutqun gözündə,
Əsdi yarpaq kimi dodaqları da.
Ağ saçlı, birçəkli zənci qarı da
Onun gözlərinə göründü bu an,
Nurlar tökülürdü ağ saçlarından...
Baxıb övladına deyirdi: "Var ol!
Mənim saf südümə sən minnətdar ol".
Salonu titrədən səslər, alqışlar
Dənizlər, ümmanlar, dağlar aşırdı.
Rəssam dayanmışdı alnında vüqar;
Bu vüqar göylərlə qucaqlaşırdı.
O silib yaylıqla alın tərini,
Yenə varaqladı can dəftərini: -
Təhqirə çox dözdü babalarım, ah!..
Onların üzünə gülmədi sabah.
Gülmədi səadət, o gözəl pəri.
Eşqin, məhəbbətin xoşbəxt günləri.
Gülmədi zəhmətin, hünərin üzü,
Qul kimi aldılar, satdılar bizi...
Qılıncdan keçirdi bizi bu ağlar,
Lalə tək qızardı Amazon çayı.
Ah!.. Qırıb tükətdi bizi alçaqlar,
Nə qədər azalmış zəncinin sayı!
Aclıq da bir yandan öldürür bizi,
Ehtiyac qul eylər qəhrəmanı da...
Candan çıxardılar ürəyimizi,
Gedir qəlbimizin isti qanı da,
Ehtiyac qul eylər qəhrəmanı da...
Bir torpaq övladı, bir rəssamam mən.
Gəlin, qanunları yazaq yenidən!..
Səsimə səs versin bütün ölkələr,
Qoy qılınc qurşasın müstəmləkələr.
Xəyallar, arzular şirin olsa da,
Bunların nəsibi yoxmuş dünyada.
Azadlıq istəsə torpaq bir anlıq,
Qoy qılınc qurşasın hər qəhrəmanlıq...
Bir yanğın olub da, insan hünəri
Yarıb parçalasın bu zülmətləri.
Yıxılsın ağalar, qullar dünyası,
Dəyişsin insanın, ömrün mənası!..
Bir torpaq övladı, bir rəssamam mən.
Gəlin, qanunları yazaq yenidən!..
O yenə de nəfəs aldı, danışmayıb susdu bir dəm.
Onun səyyar xəyalında açıldı bir gözəl aləm;
Moskvadan keçir fikri... Qızıl Meydan aşıb-daşır,
Uzaqlarda batan günəş şəhər ilə vidalaşır.
Yanır Kreml ulduzları, yaqut kimi şölələnir,
Mavzoleyin mərmərinə işıq düşür, nur ələnir...
Böyük şəhər izdihamla qaynadıqca ümman kimi,
Yerin köksü nəfəs alır, nəfəs verir insan kimi.
Zavodların qışqırığı bir-birinə qarışdıqca,
Qara torpaq baş qaldırıb, göylər ilə yarışdıqca,
İnsan oğlu iftixarla dönüb baxır qüdrətinə.
Min bir ilham ziynət verir şairlərin sənətinə.
Mənim də öz rübabımın tellərindən qopan səda
Gah Bakıda nəğmə deyir, gah da coşur Moskvada.
Əziz dostlar! Qurumamış sinəmdəki axar çaylar,
(El sazını, el sözünü yüz il keçsə el haraylar!)
Gecə keçir... Mürgüləyib rahatlanır böyük şəhər,
Sakit olur yerin, göyün qəlbindəki döyüntülər... ...
Zəncininsə xəyalından gəlib keçir bu səhnələr,
Onun yanmış ürəyindən nələr keçir, bu dəm, nələr!
- Baxın, - deyir, - mən sürürəm öz azadlıq qatarımı,
Öz əlimlə yaradıram öz səadət baharımı.
Amerika, yaxşı dinlə bu qatarın ilk səsini!
Nəfəsimlə yandırmışam onun odlu nəfəsini...
Əfsanələr dünyasını unutduğum gündən bəri,
Tilsimləri yarıb keçir bu qatarın təkərləri.
Amerika, hər qərarı, hökmü verən zaman olur,
Bil ki, qullar dünyasınn intiqamı yaman olur,
Dağlar, daşlar salam verir bu qatarın sürətinə,
Tanrıların gücü çatmaz inqilabın qüdrətinə!
Mən keçdikcə bu odların, alovların qucağından:
- Uğur olsun! - eşidirəm dünyanın hər bucağından...
Öz arzuma yetişməmiş yarı yolda ölsəm əgər,
Ağ birçəkli nənəmi də basıb keçsə bu təkərlər,
Dayandıran deyiləm mən bu qatarı bir an belə...
Vulkan olub od püskürsə dəniz belə, ümman belə,
Tufanların qoynunda da mayağımız sönməyəcək,
Öz yayından çıxan oxlar bir də geri dönməyəcək!
Amerika, hər qərarı, hökmü verən zaman olur,
Bil ki, qullar dünyasının intiqamı yaman olur!
Artıq zənci tribunadan vüqar ilə düşüb enir,
Onun dolğun gözlərində min bir ümid şölələnir.
O, ölümə zəfər çalan bir xəstə tək ayılmışdır,
Onun səsi bu kürsüdən dünyalara yayılmışdır,
* * *
Mən görürəm! Qoca Şərqin övladları oyanmışdır,
Dəlik-deşik bayraqların rəngi qana boyanmışdır.
Cəlladlara baş əyməyir Misrin qədim ehramları,
Cırır matəm köynəyini göyün qərib axşamları.
Himalayın zirvəsini yaz günəşi dolandıqca,
Qarlı dağlar səsə düşüb, axar çaylar bulandıqca,
Top tüstüsü halqalanır sıx ormanlar arasından,
Bulaq kimi qart qaynayır igidlərin yarasından.
Buddaların kitabını parçalayıb varaq-varaq,
Dəmırlərdən, poladlardan köynək geyir qara torpaq.
Kommunizmin bayraqları cərgə-cərgə gəlib keçir,
Zülmətlərin daş qəlbini nizə kimi dəlib keçir...
Homindanın ordysu da qatır kimi dırnaq tökür,
Çan Kay-şinin gözlərimə ölüm gəlir, zülmət çökür...
Salam, yoldaş Çju-de! Uğur ülsun zəfərinə,
Sən süngünlə yol açırsan bir qurtuluş səhərinə...
Salam sənə, əziz yoldaş! Bilməsəm də mən dilini,
Bilirəm ki, sən cəbhədə dəfn elədin sevgilini...
Əsgər kimi and da içdin, şəhid olmuş o qıza sən,
Damla-damla göz yaşları axıtmadın gözlərindən.
Bircə ovuc torpaq atdın o məzara öz əlinlə,
Günəş kimi şölə çəkib, alovlandı əməlinlə.
Qoca Roma! Günəş doğur göylərinə gecə yarı,
Gözün aydin, sağalmışdır Tolyattinin yaraları,
O yenə də meydan açır, qızıl bayraq əlindədir.
Axın-axın, qoşun-qoşun salamına gəlir hamı..
Qoca Roma! Mən görürəm qoynundakı izdihamı!
Mən baxıram dalğa-dalğa keçən qızıl bayraqlara,
Gedir zəfər orduları zülmətləri yara-yara!
Qəhrəmanlar qılıncını suya çəkir qızıl qanda,
Ağzındakı duaları şaşırmışdır Vatikan da...
Qoca Roma! Günəş doğur göylərinə gecə yarı,
Gözün aydın, sağalmışdır Tolyattinin yaraları!
Bu yandan da Paris yenə sığışmayır yerə-göyə,
İşçi qardaş ağ günlərin qapısını döyə-döyə,
Çəkicini yerə qoyub, qurşadıqca yarağını,
Öz başında tutur yenə kommunizmin bayrağını.
Satqınlara ölüm! - deyir mərd oğullar, igid qızlar,
Marat kimi bayraq alıb hücum çəkir fransızlar.
Gah olur ki, böyük şəhər dalğalanır ümman kimi.
Gah da nəbzi döyünməyir bir can verən insan kimi!
Qatar durur... Yollar susur... Yer tərpənir ağır-ağır,
Dilim-dilim alovlanan baxışlardan qəzəb yağır.
Təyyarələr uçuşmayır, vapurların odu sönür.
Hər saatın, dəqiqənin ağırlığı ilə donür... Odur! Odur!
Al bayraqlar cərgə-cərgə gəlib keçir,
Zülmətlərin daş qəlbini nizə kimi dəlib keçir.
Avropanın oğulları qılıncını qoymur qına,
Yenə dollar dünyasının lərzə düşür varlığına...
1948