Kulis Təranə Vahidin “Miniatürlər”ini təqdim edir.
Cəngavərlik öləndə “Don Kixot” doğuldu, indi də insanlıq ölür, görəsən Servantes kim olacaq?
***
Adamların nəzərinə!!!
Həyata monitordan baxmaq daha təhlükəsizidr.
***
Qarışıq zamanda aydınlar unudulur.
***
Müəllimə daş atanla daşın nə fərqi.
***
Azadlıq balığın suda üzməsidir, day sahildə özünü günə verməsi yox...
***
Azadlıqdan mühazirə oxuyan qoca professor hər dəfə mühazirə qurtaranda bığının altında gülürdü...
***
Keçmişinə güvənməyəndən gələcək gözləmə.
***
Keçmişdə məsləhət almaq üçün adamlar Çinəcən gedirdi, indi məsləhət verəni Çin malına döndərirlər.
***
Ağac ağaclığıyla başını dik tutub göyə millənəndə cəzalanır: onu ildırım vurur.
***
Xoşbəxtliyi başqa yerdə axtarınca, öz komanda axtar, tapacaqsan.
***
İnsan yüz il yaşasa da, xam olur, tam olmur.
***
Hər insan həyatında heç olmasa bir dəfə Sizif olur.
***
Bütün uğurların arxasında itki var.
***
Qəlb də divar kimidir, sökülə bilir.
***
Hər kəsin içində özünü qoruya biləcək Çin səddi var.
***
Heç nəyə heyrətlənməmək: gərək ki, bu hissin adı qocalıqdır.
***
Üzlü olanın hər şeyi olur, üzsüz hələ də növbə gözləyir.