Kulis.az şairə Sevinc Elsevərin şeirlərini təqim edir
Gedən sevgililərə ithaf
Isti bir yay gecəsində
Sərin bir meşədə
Kabab yeyib dağılışanların
Köz altında unutduğu
katrof kimi yanıram cayır-cayır
Tək-tənha...
Eheeyyy, gedən sevgilər
heç birinizi unutmadım!
Xatırladığım olur köks ötürərək
Bəzinizi uzaq bir yolçuluqda
Rastlaşdığım yol yoldaşım kimi
bəzinizi istəmədən
bəzinizi istəyərək
xatırladığım olur
isti bir yay gecəsində
sərin bir meşədə
sönməkdə olan ocaq
mehin bir himinə bənddi
yanğın törədə
ağaclara heyf!
ey gedən sevgilər
zərrə darıxdığım yox
amma
qəlbimdən hərəniz bir ox çıxarıb getdiniz
Cırtdana divi məğlub edən
ələyə döndərdiniz köksümü
eşqlə ha doldururam
içində durmur
axıb gedir...
eşq məni ağrıda bilmir əvvəlki kimi...
isti bir yay gecəsində
sərin bir meşədə
köz altında unudulan kartof kimi
kinliyəm indi
acı və dadsız...
***
sevərdik uşaqkən
yaralarımızın qaysağını qoparmağı
günəşdə yanan dərimizin
qabığını soymağı
qəribə həzz verərdi bu bizə
bir yaranı dəfələrcə
yenidən qanadardıq
qoymazdıq sağala
indi kədərlərimizi
dönə-dönə yada salmaqdan həzz alırıq
qopardaraq ürəyimizdəki qaysaqları…
***
Dinlərin dostluğu
açıq yay səndəlinin ipləri
ağappaq xaç şəkli salmış
müsəlman qadının
günəşdən qaralan ayaqlarına
dəstəmaz alanda
sataşır gözü
gülümsəyir
dinlərin bədənində qovuşmağına
öz-özünə alınan dostluğuna.
***
yüzillik tavada makaron qovurur nənə
yüzillik tavanın bağrından ət iyi qalxıb
yayılır evə...
qoxunu alan balaca
mətbəxə yüyürüb ət istəyir nənəsindən
balacanın ət iştahasını küsdürmək üçün
tavanın qapağıyla qovur onu nənə
əlacı olsa ürəyini çıxarıb tavaya atar
bişirər
nəvəsinə verərdi oysa...
***
çoxlu bacı-qardaşımızın
həyatını əlindən almışıq
dədəmizin belindən gəlib
anamızın bətninə gedən yolda
yaradılışdan qatillik
ona görə
acımasızlıq var
hər birimizin qanında...
***
metroda bayaqdan bəri
başının üstündə dayandığım cavan oğlan
yerini bir yaşlı qadına verdi
görmədi içimdəki yorğunluğu
aldatdı onu üzümdəki
gənclik maskası
illərin yorğunluğuyla
yırğalana-yırğalana
bu basabasda
bu insan dənizində
ağır bir gəmi kimi üzüb
çıxdım sahilə...