Toy günü atası evinə qayıdan gəlin – İmir Məmmədlidən Yeni Hekayə

Toy günü atası evinə qayıdan gəlin – <span style="color:red;">İmir Məmmədlidən Yeni Hekayə
26 aprel 2018
# 16:29

Kulis.az yazıçı İmir Məmmədlinin “Kəndin yeni erası” novellasını təqdim edir.

Yalın başından kənd göründü.

Dağın ətəyinə səvərən bu kəndi görəndə, Cəfərqulunun qanı qaynadı, ürəyi doğma yurda həsrət və məhəbbətlə döyündü.

Amma kənd görünən kimi o əhvalat, yeddi ilin boyat əhvalatı yaddaşının yeddi qatından çıxmağa, onun xəyalında ağır-ağır gərnəşməyə başladı. Ah, o bədayaq toy axşamı!... – Bununla da Cəfərqulunun həsrətli ürək çırpıntıları öləziyib qanqaralığına döndü.

Yeddi il bundan öncə Cəfərqulu kəndin bütün sakinləri kimi (söz vaxtına çəkər) təxminən elə bu zaman toy məclisində, oğlan evindəki toy məclisində oturmuşdu. Amma öz aramızdı, allah kəssin elə oturmağı...

Bir gün öncə axşam qız evindəki mağarda qoyun ətindən, yağlı quyruqdan həddindən artıq yediyindən idi, yoxsa başqa bir səbəbdən idi, bilmirdi, qarnı yaman bururdu. Bir sözlə, həmin mağardan sonra içi cinlər oynaşan mağaraya çevrilmişdi.

Məclisdə oturan Cəfərqulu canını dişiylə tutub qarnı partlayacağı anı dağ kişilərinə yaraşan sükutlu təmkinlə gözləyirdi. İş burasındadır ki, qalxıb bir yana da çıxa bilmirdi, səmtsiz yerdə oturmuşdu: arxa tərəfi evin divarı, sağ-solu toy əhli, ağsaqqal kişilər, önü isə üstü yenə də qoyun ətindən hazırlanmış xörəklərlə, səliqə ilə qatlanmış fətirlə dolu süfrə, süfrə arxasında, yəni onunla üzbəüz kəndli qız-gəlini və ağbirçəklər əyləşmişdilər.

Odur ki, xain qarnının bəlasına düşən Cəfərqulu özünü çıxılmaz vəziyyətdə, daha doğrusu, qalın mühasirədə hiss edirdi. İçindəki tüpünü səssiz buraxmağa da bel bağlaya bilmirdi, hiss edirdi ki, qarnını şar kimi dolduran hava bir him-cimə bənddir, bir balaca özünü boş tutub yol verdinsə, ta qabağını ala bilməzsən, zırıltı ilə boşalacaqdır.

Buna görə özünü bərk sıxıb, aciz-aciz həndəvərinə boylanaraq yuvasından partlayıb çıxacaq gözlərini ətrafdakıların üzlərində gəzdirə-gəzdirə bir çıxış yolu axtarırdı. İndi o yan, bu yanda oturan dinc kənd sakinləri, yaxşı tanıyıb bildiyi bu adamlar onun gözünə düşmən donunda görünürdülər. Elə bil bu zalım uşaqları Cəfərqulunu doğrudan da mühasirəyə alıb, heç kəsə aidiyyatı olmayan, şəxsi olduğu qədər məxfi, məxfi olduğu qədər şəxsi işini rahat görməyə qoymurdular. Onun dözümünü sınaqdan keçirib, el-oba içincə abrını töküb rüsvay eləmək istəyirdilər.

Əfsanəvi el igidləri kimi darda qalan Cəfərqulunun hərəsi bir qan çanağına dönən gözləri qəflətən gəlin olan otağa keçən təzə bəyə sataşdı. Onu qapının ağzında duran qız yengəsi içəri ötürdü: yəni gir, gərdəyin arxasına keç, el adəti ilə yoxla, gör sənə nə təhər qız gətirmişik, üzümüz ağdır, ya yox... Bəy də girdi yoxlamağa.

Toy süfrəsi həyətdə açıldığından Cəfərqulu bunun hamısını uzaqdan gördü və içəridə nəyin baş verəcəyini çox asanlıqla təsəvvürünə gətirdi.

İki il bundan öncə özü də beləcə yengənin yedəyinə getmiş və bundan çox da məmnun qalsa belə, hər şey qaydasında olmadığından kəndə hay-küy salmadan kor-peşiman gəlini bir gün sonra atası evinə qaytarmışdı.

Necə deyərlər, başına gələn başmaqçı olar. Bildi, hər şey qaydasında olsa, bəy çıxıb məclisdəkiləri muştulamaq, aldığı qızın üzağlığı barədə kəndə car çəkmək məqsədi ilə el adəti üzrə eyvandan, toy əhlinin başının üstündən tüfəng atacaq, konfet tökəcəkdir.

Cəfərqulunun ürəyində ümid işığı yandı. Bir azdan şalvarını düymələyər-düymələməz gəlin otağından əlitüfəngli çıxacaq bəy onun xəyalının uzaq guşəsində mayak kimi işıldadı.

Qarnındakı tufanın dəliqanlılığına hələ də tab gətirən Cəfərqulu beləcə ümidini təzəbəyin tüfənginə, daha dəqiq, o tüfəngin səsinə bağladı.

Belə qərara gəldi ki, təzəbəy çıxanda, gözü bəyin əlindəki tüfəngin tətiyində olsun. Bəy tətiyi çəkəndə, tüfəngin gurultusu və məclis əhlinin sevincli uğultusu bir-birinə qarışan anda qarnındakı çovğuna geniş yol versin, gücənsin, onu birnəfəsə eşiyə təpsin.

Əgər belə olarsa, yəni tüfəng səsi, sevinən mərəkənin uğultusu və çıxan çovğunun gurultusu üst-üstə düşsə, üçüncü səsi, yəni qarnındakı tufanın nəriltisini heç kəs öncəki iki səsdən ayıra bilməz, əksinə bu səs o səsə səs verər, ümumi şənlik səsinə qarışar.

Artıq çıxış yolunu tapan Cəfərqulu son gücünü toplayıb bərələn gözlərini bəy girən otağa tuşladı.

İndi təkcə içəridə hər şeyin qaydasında olmasını arzulayır, yerə-göyə yalvarırdı ki... Onun ürəyindən gələn sözlərlə desək, ah, bircə qız bakirə çıxsın!... Belə olmasa, neynəyəcək? Onda bu yeganə ümid işığı da sönəcəkdir...

Sözsüz ki, hər şey qaydasında olmasa, bəy tüfəngi atmayacaq və Cəfərqulu üçün əlverişli olan o şərait yaranmayacaq. Bax, onda kim bilir, bu gərginlik aradan necə götürüləcək, nə ilə nəticələnəcəkdir?

Cəfərqulu beləcə həm toyda, həm də götür-qoyda gözünü ümid qapısına, yəni bu an bəy gəlini yoxladığı otağın qapısına zilləyib ürəyində yaradana yalvarırdı ki, ah, bircə hər şey qaydasında olsun, ah bircə...

- Ya gözəgörünməz kişi, sən məni el içində rüsvay olmağa qoyma!... Qoy, içəridə hər şey qaydasında olsun! Sən məni biabır eləmə, ümidim səndədir! Sənin ətəyindən tutmuşam, ya əlimi kəs, ya ətəyini, ya da səxavətini məndən əsirgəmə, elə et ki, gəlinin hər şeyi qaydasında olsun!... Əgər bu mümkün deyilsə, onda bəndəni bu mühasirədən qurtar, ona bir yol aç!...

Sanki göylər də zavallı Cəfərqulunun səsini eşitdi, elə bu an qapı açıldı, sevincdən üzü azca pörtmüş, hələ də tövşəyərək nəfəsini dərindən alan bəy böyük zəfərdən qayıdan ərlər kimi Cəfərqulu üçün ümid qapısına çevrilən qapıdan əlitüfəngli çıxdı.

Təzəbəy qalib döyüşçüyə xas olan məğrur baxışlarını toy əhlinin üstündən sürüşdürüb tüfəngi göyə qaldırdı.

Bütün bu baş verənlərlə və el-obanı tüfənglə müjdələmə adəti ilə hamıdan çox maraqlı olan Cəfərqulu əllərini oturduğu uzun kətilin üstünə dayayıb “start” vəziyyətində durmuş kimi, əmrə müntəzir şəkil aldı. Eyni zamanda, bu ara bircə an da olsun, gözünü tətiyə dirənən barmaqdan çəkmədi. Ürəyinin dərinliyində isə gəlindən yerdən göyə qədər razı idi: halal olsun kişinin qızına, hamının üzünü ağ elədi...

Bəy bir gözünü qıyıb tüfəngi daha da yuxarı qaldırdı, barmağını tətiyə bir az da sıxdı. Sözsüz ki, hamı üçün sezilməz olan bu hərəkətlərin heç biri Cəfərqulunun gözündən yayınmadı.

Bəy tüfəngin tətiyini çəkdi...

Bütün gümanların əksinə olaraq tətik boğuq səslə “çırt” elədi.

Amma Cəfərqulunun içində özünə yol tapan tufanın gurultusu məclisi silkələdi. Cəfərqulunun bayaqdan bel bağladığı tüfəngin “çırt”-ı bu gurultunun içində itib-batdı, eşidilməz oldu.

Bir an içində bəy də, gəlin də, açılmayan tüfəng də yaddan çıxdı. Hamı dönüb heyrətdən böyüyən gözlərini şar kimi boşalan Cəfərqulunun üzünə zillədi. Məclis əhli təəccübündən nəfəsini içinə çəkib bir müddət gülə də bilmədi. Sonra bir qəhqəhə, bir hırıltı qopdu, gəl ki görəsən.

Cəfərqulu elə bildi, tüfəng nədi, bu boyda məclis pulemyotları onun üstünə tuşlayıb qəhqəhə çəkən ağızlarından atəş açaraq onun ləyaqətini gülləbaran edir.

O dinib-danışmadan yerindən durdu. Qarşıdakı stolun üstündən atıldı və başını aşağı salıb gülüşə qərq olmuş məclisi tərk etdi.

Uzun müddət gülüş səsləri onun kürəyini döyəclədi...

Şiddətli dağ əxlaqı üstdə köklənmiş Cəfərqulu beləcə gedə-gedə hiss etdi ki, daha bu kənddə qalammaz, iki kişi içinə çıxıb el-oba arasında görünə bilməz...

...Və beləcə düz yeddi il, yeddi ay, yeddi gün, yeddi gecə yol getdi. Nağıllarda deyilmişkən, az getdi, üz getdi, dərə-təpə dümdüz getdi... O gülüşlər kölgə kimi dalınca süründü və sürünə-sürünə də onun arxasını, izini qamçıladı, gündüzlər o gurultulu çovğun səsi rahat buraxmadı, gecələr tətiyin boğuq çırtıltısı yuxusuna girdi, onu səksəkəli oyatdı, bu çırtıltıdan sonra baş verənlərin təkrarlanması ilə xoflandırdı, yerindən sərsəm durub yenə getdi, getdi...

Harada olmadı, haranı görmədi, amma heç yerdə bənd tutub yurd sala bilmədi. Dağ ətəyindəki kənd onu çatı ilə özünə elə bağlamışdı ki, yeddi il uzansa belə, üzülmədi, əksinə, dartıb geri çəkdi.

Bəli, yeddi illik ayrılıqdan sonra Cəfərqulu qəribliyə tab gətirə bilmədi, arxasınca çözələn həsrət kəndirini qarış-qarış, addım-addım yığışdırmaq qərarına gəldi.

Yuxusuz gecələrdən və uzun götür-qoylardan sonra özünü inandırdı ki, yeddi il bundan öncə toyda baş verən o, biabır olsa da, əhəmiyyətsiz hadisə indi heç kəsin yadında olmaz. Camaat öz işində-gücündə, xalqın başı gündəlik qayğılara qarışıb... Toydakı o mənasız səs kimin nəyinə gərəkdir? İndi onu çoxdan unutmuş olarlar. Bəlkə də orada Cəfərqulunun həsrətini çəkənlər də var...

O bəd hadisə heç kəsin yadında deyilsə, onda Cəfərqulu öz doğma kəndinə qayıdıb, bu həsrətə son qoya bilər.

Beləcə Cəfərqulu qərarını qətiləşdirib kəndə sarı üz qoydu.

İndi yalın başından kənd görünəndə, ürəyi çırpına-çırpına yenə özünü inandırdı ki, o toy axşamını çoxdan unutmuş olarlar. Bu boyda camaatın işi tükənməyib ha, elə bir şeyi xatırlaya-xatırlaya dursun. Hələ Cəfərqulunun özünü tanısalar, yaxşıdır.

Belə fikirlərlə də kəndin ayağındakı bulaq başına çatdı.

Bulağın yanında üç kiçikyaşlı uşaq oynayır, palçıqdan evciklər, körpücüklər düzəldirdilər.

Cəfərqulu uşaqlara diqqətlə baxdı, amma heç birini tanıya bilmədi, kənddə yadında qalanlara da oxşadammadı.

- Adın nədi, a bala? – uşaqların nisbətən böyüyündən soruşdu.

Palçıq yoğura-yoğura Cəfərqulunun üzünə baxan sarışın oğlan laqeydcəsinə dilləndi:

- Natiq.

- Kimin oğlusan?

- Qəmbərin.

Cəfərqulu Qəmbəri xatırladı. Hə, az-maz oxşayır, deyə fikirləşdi.

- Neçə yaşındasan?

- Bilmirəm, - deyə uşaq çiyinlərini çəkdi və onun üzünə mırıq dişləri ilə irişdi.

- Bəs kim bilir?

- Anam deyir ki, toyda Cəfərqulunun başına iş gəldiyi il doğulmuşam...- uşaq bunu deyib əlindəki palçığı yoğurmağı davam etdirdi.

Cəfərqulunun içində nəsə üzüldü, rəngi saraldı, nəfəsi daraldı. Əlbəttə uşaqlar bunu hiss etmədilər. Sonra o köks ötürüb kəndə və kəndin körpələrinə acı təbəssümlə baxdı. Ətrafa nifrətlə boylanıb, gəldiyi yolla geriyə üz qoydu.

Yalın başında ayaq saxladı. Dönüb Cəfərqulunun gəldiyindən, sonra bulaq başından dübarə geri qayıtmağından qəti xəbəri olmayan, dağ ətəyinə səvərən kəndə bir daha çimçişərək baxdı və yalın o başında gözdən itdi.

# 2021 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
# # #