Səni öz evimə aparacamBİRCƏNİN ROMANI

<b>Səni öz evimə aparacam</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
29 sentyabr 2017
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.Cəhənnəmdən keçmiş mələk

əvvəli burada

Evə çatan kimi qaynatam Cavidə qurban kəsdi. Mən rahatlaşıb başımın bitini tökməmiş Emin mənə məhkəmə qurdu. Ona qədər deyişmələrimiz daldada, bağlı qapı arxasında olardı, bu dəfə hamının yanında mənə hücum çəkdi, uşağı ağır vəziyyətdə Bakıya apardığımız gündən içinə yığılanları ortalığa püskürdü. Axırda da qatarda baş verənləri özü bildiyi kimi danışıb məni döydü. Mənim özgə uşağına yardım göstərməyimi elə qələmə verdi ki, evin adamları nəsə çox pis bir əməl işlətdiyimi zənn elədilər.

Mən susurdum, düşünürdüm bəlkə cavab qaytarmasam, bu da tez sakitləşər. O, bağıra-bağıra danışdıqca qaynanam, qaynatam, qaynım mənə dərin bir şübhəylə baxırdılar. Bu baxışların atəşləri qarşısında susa bilmədim:

- Mən nə nalayiq iş tutmuşam, səni nüfuzdan salan nə əməl işlətmişəm? Axı çətinə düşəndə mənə də kömək əli uzadan insanlar olub...

- Mən səni xəbərdar eləmişdim ki, xalxın uşağına yaxın getmə. Bəlkə onda bir keçici xəstəlik olaydı, sənin uşağına keçəydi?

- Yenə kiməsə köməyim lazım olsa, əsirgəmərəm, buna görə öldürürsənsə, gəl öldür məni. Sən evdə rahat yeyib-yatanda xəstəxana küncündə mənə o qədər əl uzadan olub ki... Hamısı da tanımadığım, bilmədiyim adamlar.

Mənim belə cavab verməyim Emini tamam hövsələdən çıxardı:

- Həə, xəstəydin deyə atan-anan səni bizim ovcumuza qoydu. Öz çiyinlərindən atıb rahatlığa çıxdılar. Bax, buna görə qoymadım uşağım sənin südünü əmsin. Allahıma qurban olum, onsuz da sən çox yaşamayacaqsan. İnşallah tezliklə gəbərərsən, bizim də canımız səndən qurtarar.

Qulaqlarım bir anda batdı. Daha heç nə eşitmirdim, eləcə Eminin ağzının yumulub-açılmağından bilirdim ki, hələ də danışır. Dolu qənddan əlimdə quruyub qalmışdım, maddım-maddım evdəkilərin üzünə baxırdım. Necə yəni tezliklə öləcəksən, doğrudanmı ömrümün bitməyinə az qalıb? Neçə ay, neçə gün, neçə saat? Məndə hansı sağalmaz keçici xəstəlik vardı ki, uşağım yoluxmasın deyə döşlərimi vaxtsız qurutdular?

Eşitdiklərim məni bir anda bu dünyanın səhnəsindən silmişdi, artıq ölümümdən sonranı fikirləşməyə başlamışdım, ən birinci də, söz yox ki, bunu: körpə balamın aqibəti necə olacaq? Bir göz qırpımında başım göydən, ayağım yerdən üzülmüşdü, artıq yeraltı dünyanın sakininə çevrilmişdim, istəkdən, diləkdən, xəyaldan məhrum meyidə dönmüşdüm.

O bir neçə saniyə ömrümdən neçə il kimi keçdi. Qarşımda ərim, uşağımın atası yox, elə bil mənə ölüm hökmü oxuyan əzrayıl özü durmuşdu. Bilmədim neyləməliyəm – onun fərmanına boyun əyməliyəm, yoxsa üsyana qalxmalıyam. Qəfildən əlimdəki dolu qənddanı Eminin üstünə vızıldatdım, vaxtında qırağa çəkilməsəydi, qənddan başını tutacaqdı. Qənddanın çilikləri də, içindəki qənd qırıqları da döşəməyə qırma kimi dağıldı.

- Kül məni sənin kimi nadana verən böyüklərimin başına! Nə istəyirsən məndən, nəyin hesabını çəkirsən?!

Özümü unutmuşdum, qışqırırdım, bağırırdım, əlimə gələni yerə çırpırdım. Ev adamları məni heyrətlə, həyəcanla, dillənib-söylənmədən, qımıldanmadan izlədikcə daha da qızışırdım, gözümə böyük-kiçik görünmürdü:

- Elə bu dəqiqə apar məni səni aldadan atama-anama qaytar. Mən bir aydı rahat yerdə yatmamışam, xəstəxana künclərində ac-susuz quruşmaqdan canımda hərdəm qalmayıb, başımda bit yuva salıb. Bəlkə bu bir ayda mənə bir tikə yavan çörək alıb vermisən? Mən cəhənnəmə, uşağınla maraqlanmısanmı? İndi qapıdan girər-girməz nəyin davasını çəkirsən mənlə?

- Sən məni saya salmadın, qardaşlarının sözüylə oturub-durdun. Dayan, həddini qandıracam sənə!

Emin susmadığımı görəndə dartıb məni otağa saldı, harama gəldi döşəməyə başladı. Hər şillə-yumruqdan sonra səsim daha da bərk çıxırdı. O mənim belə davranışıma alışmamışdı, öyrəşmişdi ki, harama necə vursa da, mən səsimi çıxarmayım. İndi susmadığımı gördükcə bir az da havalanırdı, məni əvvəlkindən də bərk vururdu.

Burnumdan qan açılanda kiridim. Qaynatam özünü yetirib məni Eminin əlindən aldı, gözü qızmış cəlladı itələyib bayıra çıxardı. Yenə qan gölünə düşdüm – burnumda qan qoxusu, damağımda qan dadı...

***

Beləcə, ərim evdə elə bir ab-hava yaratdı ki, elə bil mən azarlı uşaq qoltuğumda xəstəxanadan gəlməmişdim, uşağımı da, ərimi də atıb bir özgə kişiylə qaçdığım kurortdan qayıtmışdım. Bu qədər urvatsız, qiymətsiz, hörmətsiz olmağım bir yana, üstəlik il yarımdan bəri bunca cəfasını, əziyyətini çəkdiyim, abadlığa çıxardığım bir evdə mənim ölümümün belə həsrətlə, intizarla gözlənməyi iliyimi yandırmışdı. Ağız- burnumun qanını silə-silə düşünürdüm ki, daha bu evdə əlimi ağdan-qaraya vuran deyiləm, hamı işinə-gücünə çəkilən kimi uşağımı da qoltuğuma vurub birbaşa atamgilə üz qoyacam. Ölsəm də orda ölərəm, daha burda mənim bir ölümüm qalmayıb.

Uşağım sağalmışdı deyə bütün əzab-əziyyətimi unudub həvəslə yuvama qayıtmışdım, dağ boyda kişi ayağımın altında qurban kəsmişdi. Axırı da bu. Mənim dərdimə bax! Vallah, buna dərd deməyə də adamın dili gəlmir, buna dərd demək dərdi hörmətdən, urvatdan salmaqdı...

Cavid bütün olanlardan xəbərsiz mışıl-mışıl yatırdı. Ona baxdıqca amanım lap kəsilirdi: bəs mən bu uşağı götürüm hansı qapıya gedim, harda, kimin qoltuğunda böyüdüm bunu?

Sinəmdə qanı daman ürək, əlimdə qanlı əsgi bu rəngsiz-dadsız xəyallara dalmışkən qaynanam hökmlə qapını açıb, düşdüyüm quyuya ip salladı:

- Şükür Allaha, sağ-salamat gəldiniz. Dur ayağa, gör sənin evin-eşiyin nə gündədi! Adamı əri döyər də, söyər də. Qalx, qalx ev-eşiyi yığışdır, bulaşıqları yu.

Başımı qaldırıb altdan-yuxarı ikrahla onun üzünə baxdım:

- Mən sizin nökəriniz, qulunuz deyiləm. Uşağımı da götürüb gedirəm dədəm evinə. Burda mənim nə evim var, nə eşiyim.

- Yox, balam, ustadın güclü olub, bu bir ayda beynini yaxşı doldurub bacıların. Səni öyrədib bura göndəriblər ki, get hamıya cavab qaytar?

Onun bu sözləri ödümü ağzıma gətirdi, az qaldım öyüyəm. Arvadı öz silahıyla vurmaqdan savayı çarəm qalmadı:

- Sən gün axşama kimi qızının beynini niyə doldurursan ki, qaynananı, baldızlarını evinə qoyma, tikənin yağlısını özün ye, rahat yerdə özün yat? Mənimkilər də məni öyrədiblər ki, qayıdanda çirkli paltarları yuma, evləri təmizləmə.

İndi də mən qaynanamı vəlvələyə salmışdım. Cavab qaytarmağım, söz altında qalmamağım onu əməlli-başlı çaşdırmışdı. Allah şahiddi ki, mənimkilər həmişə mənə sayğılı olmağı, evdəki böyüklərin hörmətini saxlamağı tövsiyə eləmişdilər. Ancaq daha canım boğazıma yığılmışdı, özümə, əzizlərimə böhtan atmaqdan başqa müdafiə üsulum qalmamışdı.

Özümə qəti söz verdim: daha bu evdə heç kimin dırnağını tutmayacam, ayağını yumayacam, qolunun altındakı iylənmış tükləri təmizləməyəcəm, bir sözlə, heç kəsin qulluğunda durmayacam. Uşağıma baxacam. Gör mən ömrümü kimlərə bağlamışam! Xəstəlik adıyla üstümə idim yaxıb körpəmi ana südünə tamarzı qoydular. Daha mən bunların nəyinə yarınıb yaltaqlanasıydım, nəyinə?!

Evdən qaçmaq üçün fürsət gəzirdim. Ev də, həyət-baca da xarabaya dönmüşdü. Yenə hamamın küncündə çirkli paltarlardan taya vurulmuşdu, belə görünürdü ki, hamı oturub məni gözləyirmiş. Yemək bişirməyə bir təmiz qazan, tava tapa bilmirdim. İndi mən ağır xəstəlikdən yenicə ayılmış uşağı bir küncə atıb, ev-eşiyi təmizliyə çıxarmalıydım.

Qulaq dincliyim olsaydı, bu işlərin öhdəsindən bir-iki günə gələrdim. Ancaq evdəkilərin münasibəti əlimi-qolumu soyutmuşdu, özümdən də, bu evdən də, bu evin adamlarından da iyrənirdim. İki gün otağımdan bayıra çıxmadım, əlimi heç nəyə vurmadım. Hər kəs özünə yumurtadan-zaddan bişirib öynəsini sovur, qabını-qaşığını da süfrənin üstündə qoyub gedirdi. Qaynanam fikrimin ciddiliyini duyduğundan məni dilə tutmağa çalışırdı:

- Emin səni cırnatmaq üçün elə dedi, Allaha şükür, sənin nəyin var ki! Dur evini yenə əlinə al. Ayıbdı, uşağın yanına gəlib-gedən olar, otaqlarımıza əl gəzdir.

- Mənim bu kənddə nə evim var, nə eşiyim. Gedəcəm burdan. Özünüz yola salmasanız məni, qaçıb gedəcəm. Ayaqyalın, başaçıq, piyada gedəcəm.

- Bir uşaqla səni kim qəbul eləyəcək? Bəyəm biz gəlin olmamışıq, döyülüb-söyülməmişik? Hara getsən, hərlənib-fırlanıb yenə bura qayıdacaqsan.

- Sizdə mənə qarşı bir belə kin-küdurət hardandı? Axı mən sizə nə pislik, nə hörmətsizlik eləmişəm ki, mənə zülüm verirsiz?

- Bala, biz neylədik sənə? Ərin deyir yad kişiylə söhbət eləmə, eləmə də. Daha burda bizim nə günahımız?

Gördüm bu qadınla heç cür anlaşa bilməyəcəm, daha dilləşmədim, susdum.

Qaynanam ona nə demişdisə axşam Emin yenə üstümə yeridi:

- Getməyi, qaçmağı ağlından çıxar! Birdən çaşıb elə bir iş tutarsan ha, inan, həyatını söndürərəm. Səni bu evə də, uşağa da həsrət qoyaram.

Emin danışdıqca mən ikrahla onun ağzına baxıb susurdum. Mənim belə sözlü-sözlü susmağım ondan qisas almağa, ona ağır, gözlənməz bir zərbə vurmağa bərabər idi. Mən belə susanda Emin məndən çəkinirdi, xoflanırdı, zabitəsini, özünə əminliyini itirirdi; deyirdi sən susanda sənin içini görə bilmirəm...

***

Səhəri Səməndər bizə gəldi. Gəldi deyəndə ki, onu qaynanam çağırtmışdı. Mən olanları ucundan-qulağından ona anlatdım. Səməndər dağınıq-tökünük evə, çirkli paltarlara, qucağımdan ancaq yatandan-yatana düşən Cavidə baxıb dərin bir ah çəkdi:

- Can bala, neyləyəcəksən, təkbaşına bu qədər işin öhdəsindən nə təhər gələcəksən?

Mən onun yaxasından sallaşıb ilan dili çıxardım:

- Nolar, yalvarıram sənə, apar məni bu xarabadan, mən daha burda qala bilmirəm.

Ağladım, sıtqadım, özümü ölümə qoydum. Qardaşımı inandırmağa çalışdım ki, əlim-qolum qırılıb, indən belə bu evdə daşı daş üstə qoymağa gücüm, bir çöpü yerdən qaldırmağa heyim qalmayıb. Halımı belə görən Səməndər məni dilə tutub sakitləşdirməkdən özgə bir yol tapmadı:

- Qadan alım, başına dönüm, bir özün fikirləş, mən səni ər evindən özbaşıma necə götürüm aparım? Bir də axı sən bu evin gəlinisən, ev-eşiyini belə qoyub gedəmməzsən. Onda el səni qınayar, bunların da əlinə yekə bir dəstəvuz vermiş olarsan. Dalınca yüz zurna çalınar.

Səməndər özünə xas müəllim dilavərliyilə, şirin, həlim məntiqiylə məni handan-hana inandırdı; məni inandırdı ki, ev-eşiyi bu gündə qoyub getsəm, heç kəs, hətta gizlində-aşkarda təəssübümü çəkənlər də mənə bəraət verməyəcək, verə bilməyəcək. Ayrılanda da məni umudsuz qoyub getmədi:

- Sənə iki gün vaxt verirəm. Bütün işlərini gör qurtar, gəlib səni öz evimə aparacam. Bir az dincələrsən, saçlarına dərman vurub bitin də kökünü kəsərik...

Mənim Simurq quşum, Səməndər quşum qəlbimə çökmüş qara dumanı yenə qızıl qanadlarıyla yelpikləyib dağıtdı. Yenə içimə gün düşdü, qırışığım açıldı. Qollarımı çırmayıb əllərimi belimə vurdum, zibili dizə çıxmış viranə ev-eşiyə meydan oxuyurmuş kimi baxdım. Mənə elə bil div gücü gəlmişdi. Özümə söz verdim ki, daha bu evin adamlarının qabağında əzik-üzük durmayacam, ağrımı-acımı büruzə verməyəcəm.

ardı var

# 1702 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #