"Qalstuk ağlaşması" – Murad Köhnəqaladan HEKAYƏ

"Qalstuk ağlaşması" – <span style="color:red;">Murad Köhnəqaladan HEKAYƏ
20 sentyabr 2017
# 18:20

Kulis.Az Murad Köhnəqalanın "Qalstuk ağlaşması" hekayəsini təqdim edir.

Yazıq kişi, dünəndən öz partiyadaşları ilə o qədər içmişdi ki, axşam evə leş kimi qayıtmışdı. Adətən, ertədən qalxmaq lazım olanda axşamdan məllimə arvadına sifariş eləyirdi ki, sabah onu tez oyatsın. Evə gec gəldiyinə görə sabah tez qalxmaq məsələsini arvada demək yadından çıxmışdı. Sabah durdu ki, iclasın vaxtına bir şey qalmayıb. Uşaqlar yatan otağa keçəndə gördü, evdə heç kim yoxdu. Yəqin uşaqlar dərsə gedib, bəs arvad hardadı, məni niyə oyatmamış gedib? Məllimənin axı bu gün dərsi günortadan başlayır.

Götürüb yoldaşına zəng elədi: “Ağız, hardasan?!”

Yoldaşı dedi: “Bə bilmirsənmi, bu gün “yeddi”di, yas yerindəyəm, köynəyini, bir də qalstuklarını yuyub ütüləmişəm”.


Kişi yazıq dəli oldu. Ağzını telefona dirəyib: “Ağız, mən qalstukmu bağlaya bilirəm? Tez gəl evə, bir qalstuk bağla, boğazıma keçirdim, sonra hara rədd olursan ol, iclasa gecikirəm!” - deyə bağırdı. Məllimə də o tərəfdən təmkinlə: “A kişi, hara gəlim, uje ağlaşma çadırına giririk” - dedi.
Kişi baxdı ki, ala-bəzək qalstuklar səliqə ilə kreslonun üstünə uzadılıb. Fikirləşdi, allahı çağırıb, birini boğazıma dolayacam, bəlkə özüm bağlaya bildim. İlan qabığına oxşar birini götürüb güzgünün qabağına keçdi. Qalstuku boynundan aşağı sallayıb uclarını tən bərabər elədi və qaytarıb bir ucunu boğazına doladı. Beləcə, bir neçə dəfə bağladı-açdı, açdı-bağladı, ancaq nə illah elədi, oxşada bilmədi. Telefonu götürüb əsəbi halda təzədən məlliməyə zəng vurdu: “Ağız, indi mən nağayrım, rəhbərlik orda məni gözləyir axı?!”

Məllimə yenə sakitcə: “A kişi, çıx gör, qonşuda-zadda kim var qalstukdan başı çıxan. Mən ağlaşmadayam, ee, ayıbdı, mənə zəng vurma”. Kişi təzədən qızışdı: “Ağız, deyirsən, indi də bütün qonşulara elan eləyim ki, boğazıma qalstuk bağlaya bilmirəm? Dur, gəl ordan xarabana, məni yola sal, sonra gedib kimi istəsən ağlayarsan!”

Arvad dedi: “A kişi, (boooy, ay qardaş, sən niyə özünü asdın, ay Müslüm?!) mən camaata sarı burdan necə çıxım, (vaay, ay qardaş, arvadını niyə dul qoydun?) adama nə deyərlər?”

Kişi dedi: “Ağız, sən mənnənsənmi, kimdi özünü asan?”

Arvad dedi: “A kişi, aşağıdan danış, qulağım batdı, xəbərin yoxdumu, ipotekanı ödəyə bilmədiyinə görə Müslüm özünü asıb? (Ayə, noolmuşdu, ay Müslüm, dünyamı dağılmışdı, qohum-əqrabanmı yox idi, heeeey?! Hü-hü-hü-hü-hü!) A kişi, ağlıma bir yaxşı ideya gəldi, götür qalstuku, sal boynuna, mən dediyim kimi elə, özün bağlayacaqsan”.

Kişi qalstukun dolağını açıb təzədən boynundan aşağı salladı və dedi: “Yaxşı, taxdım boynuma!”

Məllimə telefonda izah eləməyə başladı: “İndi sağ əlindəkini sol tərəfdən o birisinin üstünə dola! (Ayə, özünü niyə asırsan, ay Müslüm? Ayə bizə yazığın gəlmədimi?)”

Kişi dedi: “Ağız, sən o Müslümü burax, bir məni yola sal, sonra ona keçərsən!”

Məllimə dedi: “İndi sol əlindəkini boynundakı xaltanın ortasından (Müslüm vaaay, Müslüm vaay! Bizi öldürdün, Müslüm!) çölə çıxart!”

Kişi arvadın dediklərini eləyib əlində fırlatdığı telefona: “Elədim-elədim, indi nağayrım?” - dedi.

Məllimə cavabında: “İndi qalstukun uzun tərəfini geri qaytarıb (ayə, bizi niyə bu günlərə qoydun, külfəti düzlərdə qoyub özünü niyə asırdın, ay Müslüüüüm?) çənənin altından aşağı burax!”

Kişi dedi: “Elədim ağız, dayan görüm, boğuluram!”

Arvad dedi: “A kişi, özünü niyə boğursan, (ayə, sən niyə özünü asırdııııın?) xaltasını bir az boşalt daa!”

Kişi təzədən bağırdı: “A sənə diplom verənin atasının gorunu, bu nədi, mənim boğazıma nə xalta keçirdib sürüyürsən?”


Məllimə dedi: “A kişi, sən nə danışırsan, sənin qalstukun uje hazır olmalıdı. (Ay Müslüm, vay Müslüm, öldürdün biziiii!)”


Kişi dedi: “Allah öyünü yıxsın, hazır nədi, boğazımda düyün düşüb, aça bilmirəm!”

Arvad dedi: “A kişi, nervilənmə, səbirli ol, gör, boğazından aça bilirsənmi? (ay Müslüm, ayə, özünü niyə boğurdun, ayə, o gözəl boğazına kəndir keçirməyə əlin necə gəldiii? Bu düzdə qalan balalarını fikirləşmədinmi heeeç?)”.

Kişi dedi: “A qancıq, Müslüm nədi, özüm burda boğuluram, sən ordan haçan çıxırsan? Bə, mən iclasa gecikirəm axı! Bu meyiti mütləq ortaya soxmalıydın? Sən nə qalstuk yuyub-ütüləyən çıxmışdın? Heç olmasa birin bağlı qoyaydın daa, bu xarabada. Sən öl, öyə gələn kimi sənin o qırmızı qələmini gözünə soxacam, itin qızı, it!”

Arvad dedi: “A kişi, (can, ay Müslüm, caaan!!!) yəqin ütüsünü əzmisən, boğazından onu çıxart, götür, o birisini, qırmızı var ee, mil-mil olan! (Müslüm vay, Müslüm vay!!!) Sal boynuna, abzasdan başlayacam, yavaş-yavaş deyəcəm, (cavan canına niyə qıyırdın, eey-eey-eey?!) bağlayıb gedərsən rahat iclasına!”

Kişi qəzəblə mırıldandı: “Yaxşı de gəlsin, sallamışam boynumdan, indi neynəyim?”

Arvad dedi: “Bir tərəfini uzun elə, bir tərəfini gödək!”

Kişi dedi: “Kəsim bir tərəfindən?”

Arvad dedi: “A tupoy, qalstuku niyə kəsirsən, özü də onu sənə daş düşmüş ad günündə bacanağın alıb (ayə, qalx, ay Müslüm, sənin paltarını ağlayırıq, ay Müslüm, ayə, ay namərd Müslüüüüm!), ayıbdı! Yəni boğazından sallayanda bir tərəfini uzun elə, başa düşdün, bir tərəfini gödək!”

Kişi dedi: “Ağız, bacanağı-zadı söydürmə, de görüm, qurtar!”

Arvad dedi: “İndi uzun tərəfini gödək tərəfin üstündən keçirt!”

Kişi yenidən bağırdı: “Hə, keçirtdim! Onu bayaq da eləmişdim, danaaa!”

Arvad dedi: “İndi, o gödək tərəfini aşağı dart, ay Müslüüüm!”

Kişi dedi: “Ağız, sən Müslümnən danışırsan, yoxsa mənnən?”

Arvad dedi: “Əşi nağayrım, məni də çaşdırmısan, bilmirəm hansınızı ağlayım! Hə, dartdınmı?”

Kişi dedi: “Dartdım, daa, dartdım!”

Arvad dedi: “İndi gödək tayını uzunun üstü ilə buxağının altından keçirt!”

Kişi dedi: “Keçirtdim!”

Arvad dedi: “İndi uzun tayını boğazındakı xaltanın içi ilə çölə süyür!”

Kişi dedi: “Allah öyünü yıxsın, keçirtdim, ancaq bu qalstuka oxşamadı axı!”

Arvad dedi: “A kişi, onda sən dediklərimi (qızılgül olmayaydı, ay Müslüm, saralıb solmayaydı, ay Müslüm!) yenə düzgün eləmədin!”

Kişi dedi: “Ağız, səni asacam, mən uje, iclasa gecikdim, təcili bir taksiyə oturub evə gəl!”

Arvad dedi: “A kişi, hara gəlim, indi ağlaşmadan durub ehsan yeməyə keçəcəyik, (Müslümcaaan, Müslümcaaan!!!) deməzlərmi, niyə ehsan yeməmiş gedirsən, ehsanımızımı bəyənmədin?”

Kişi dedi: “A məllimə, axşam evə gələrsən, yediyin o ehsanı da, üstən içdiyin o dovğanı da burnundan gətirməsəm, mən kopayoğluyam!”

Arvad dedi: “A kişi, bir qalstukdan ötəri adam ehsana küfr eləməz!”

…Uşaqlar məktəbdən gələndə gördülər, kişi əynində trusik-mayka güzgünün qabağında dayanıb. Boğazından asılmış qalstuk da çatısını qırmış dananın boynundakı kəmsiyə oxşayır...

# 995 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #