Kulis.az Kazım Səlimovun ingiliscədən tərcüməsində Stiven Kinqin “Üzük” essesini təqdim edir.
1970-ci ilin yayında bir gecəyarısı yatağımda çevrilib yanımdakı qızdan soruşdum ki, mənə ərə gəlmək istəyirmi?
- Səhər danışarıq, – dedi. – İndi yuxulamaq istəyirəm.
Səhər dedi ki, evlənmək yaxşı ideya deyil, əslində çox pis ideyadır, amma o, bunu istəyir. Bunun çox pis ideya olması barədə haqlı idi. Gənc xanım Tabita Spryus hələ universitetdə oxuyurdu. Mən bitirmişdim, amma müəllimlik işi tapa bilmirdim. Minimum əməkhaqqından azca yuxarı məvacibə camaşırxanada işləyirdim. Təhsil kreditinə görə ikimizin də banka borcumuz vardı, pul yığmamışdıq, kredit verən də yox idi. Mənim iki dəst alt paltarım, iki cinsim, bir cüt ayaqqabım və içki problemim vardı. Bütün bunları fikrimizdə tutub tarixi təyin etdik: 2 yanvar, 1971-ci il.
Payızda Tabinin yaşadığı Old Taunda avtobusa minib Banqora, qocaman zərgərlik mağazası ‒ “Deyz Cuvelleri”yə gəldik. Xahiş etdik ki, bizə mağazada olan ən ucuz nişan üzüyü cütünü göstərsinlər. Satıcı mükəmməl professional təbəssümlə və heç bir zərrə də iltifat güzəştinə ehtiyac duymadan 15 dollara satdığı bir cüt nazik qızıl halqanı çıxarıb göstərdi. Mən, o zamanlar bayker zənciri ilə cinsimin qayışına bağladığım pul qabını cibimdən çıxardıb pulu verdim. Avtobusla geri qayıdanda:
- Mərc gələrəm ki, onlar barmağımızı göyərdəcək, – dedim.
Dili həmişə tikanlı olan Tabi qayıtdı ki:
- Ümid edirəm bunu bilmək üçün göyərdənə qədər barmağımızda gəzdirərik.
On həftəyə yaxın vaxt keçəndən sonra üzükləri bir-birimizin barmağına keçirdik. Mən kostyum geyinib, – qaynım olacaq adamdan borc almışdım, mənə çox böyük idi, – Cerri Qabrielin (ABŞ-ın Grateful Dead qrupunun vokalisti, eyni zamanda qalstuk və şarf dizayneri – tər.) də qürur duyacağı qalstuk vurmuşdum. Təzəgəlin, siftəsini bir neçə ay əvvəl rəfiqəsinin toyuna geyindiyi mavi şalvar-kostyumda idi. Füsunkar görünürdü və bərk qorxmuşdu. Toy ziyafətinə (sendviç və qazlı su) mənim maşınımda, – transmissiyası ölməkdə olan, qoca “Buick”də getdik. Baş barmağımla sol əlimin adsız barmağını tez-tez yoxlayırdım.
Bir neçə (üç, bəlkə beş) il sonra Tabi qabları yuyanda üzük barmağından çıxıb, mətbəx çanağının deşiyinə getdi. Mən çanağın borusunu açıb içini xeyli axtardım. Amma tapdığım 10 sentlik sikkə və saç sancağı oldu. Üzük axıb getmişdi. O vaxt mən artıq daha yaxşısını ala bilərdim, amma Tabi, orijinaldan ötrü çox acı göz yaşları tökdü. Onun dəyəri səkkiz dollardan da az idi, – özü isə qiymətsiz idi.
Karyera mənasında həyat mənə iltifat göstərdi. Bestsellerlər yazdım və milyonlarla dollar pul qazandım. Amma həyat yoldaşımın, dodaqları və barmaqları titrəyə-titrəyə, gözləri işıqlanaraq həmin o ucuz halqanı mənim barmağıma taxdığı gündən onu sol əlimin barmağından çıxarmamışam. Başa düşürəm, – anlayıram ki, indi dediyim kantri stilində mahnı kimi səslənir. Həqiqət çox vaxt belə olur. Bu üzük o vaxt bizim harada olduğumuzu yadıma salır – üç otağı olan kiçik mənzil, nataraz və pis işləyən qaz plitəsi, tırıldayan soyuducu, cırıldayan döşəmə taxtaları, qışda soyuq otaqlar, gecə küçədə gedən maşınların səsi və mətbəx çanağının üstündəki yazı: ŞƏKƏRİM, BİZ TAMAMİLƏ ÜZÜLMÜŞÜK.
Üzük həm də bizi, o vaxt nəyimiz olduğunu (demək olar ki, heç nəyimiz) və necə olduğumuzu (əla uşaqlar idik) unutmamağa, gələcəyə gedən yolda doğru-düzgün seçim etməyə yönəldir. Bu, həm də bir şeyin qiymətinin heç də onun dəyəri olmadığını daim xatırladır.
İndi qırx iki il keçib, barmağım hələ göyərməyib.