Döşlərin bir cüt boks əlcəyi – EROTİK ŞEİRLƏR

Döşlərin bir cüt boks əlcəyi – <span style="color:red;">EROTİK ŞEİRLƏR
14 iyun 2017
# 12:58

Kulis.az Rövşən Naziroğlunun erotik şeirlərini təqdim edir.

Ssenari

Bax burda sən döyməlisən qapımı

Mən ucadan:

- Buyurun keçin - deməliyəm

Sən məndən bir çimdik duz istəməlisən

Mən nədənsə sevinə-sevinə deməliyəm ki

Duz yoxdu

Üzbəüz otaqdan televizorun səsi gəlməlidi bu ara

Xəbərləri bəhanə gətirib

Keçməlisən dəhlizdən otağa

Oturmalıykən uzanmalısan divana

Hava haqqında məlumatı dinləyib

Deməlisən ki bu gün hava yaman istidi

Mən də başımla sənin sözünü təsdiqləməliyəm

əl atıb köynəyinin düymələrini açmalısan

məni də çağırmalısan divana

sonra...

sonra qalxıb güzgü qabağında

üst-başını geyməlisən aram-aram

gedərkən təbəssümünü

su kimi atmalısan üstümə

qonşuluqdakı marketə getməlisən duz almağa

dükanda ərinlə qarşılaşmalısan

birgə bazarlıq eləyib

gülə-gülə qalxmalısız pillələri

gecə arxanı ərinə çevirib

özünü yuxuluğa vurub düşünməlisən

evdə duzun olmaması

nə qədər ləzzətli və gözəldir

Nuş canın olsun

Nahaq zəng etdim sənə

Nahaq vədələşdik

Nahaq boynuna sarıldım

Çox nahaq səni evə dəvət etdim

Sən də çox nahaq razılaşdın

Və yolda lap nahaq sənə bir dəstə qızılgül aldım

Nahaq gülə-gülə qalxdıq pillələri

Dəhlizdəki bədənnüma güzgüyə

Çox nahaq düşdü şəklimiz qoşa

Nuş canın olsun

Ancaq nahaq səninlə bir qədəh

Şampan içdik

Nahaq tanqo deyilən andırı oynadıq

sənlə

Qonaq otağının nəyi pisdi ki

Yataq otağına nahaq keçdik

Səni yüz faiz nahaq soyundurdum

Sən də yüz faiz nahaq səsini

Çıxartmadın

Nahaq dodaqlarımdakı istiylə əritdim

səni yatağa

Gecənin üzünü nahaq qızartdıq

Ayrıldıq heç nə olmamış kimi

Və mən bu şeiri

Əcəb elədim yazdım!

Fərq

Onun gözləri maviydi-noolsun

Mənim də çiyinlərim enliydi insafın olsun

Onun gözəl kostyumu vardısa

Mənim də xət-xət qalstukum vardı boynumda

Onun ayaqları yekəydisə

Mənim də

Türkün sözü...

Sevgim yekəydi

***

düşmə arxamca

əllərimdən tutma

yaralı quş kimi çırpınma sinəmdə

baxışlarım azdırmasın səni

dediyim sözlərə uyma

üzümdəki

yandırdığım siqaretin işığıdı

nur-filan deyil

ürəyim qadın qəbiristanlığıdı.

Ağı, qarası, sarışını

Hər gecə

Qoşun çəkib

Zəbt edirlər ürəyimin hər qarışını

yuxumun şirin

yerlərini didib dağıdırlar

gözləriylə, dişləriylə, dırnaqlarıya

ağıllı ol

yaxın gəlmə mənə

eləcə uzaqdan dur bax

istəyirsən elə burda

qurtaraq...

Ağabala Maskovskinin şeiri

torpaqlarımız ermənilərin pəncəsindədi

vətənə döyüşən oğullar lazımdı

gedirəm vətəni qorumağa

bu

bizim bir yerdə ola biləcəyimiz

son gecədi maşacan

odur ki

belini bir qədər aşağı əy

ayaqlarını bir qədər aralı qoy

başınısa dik tut maşacan

tez-tez arxaya baxıb boylanıb

mənim üçün ayrılığı

daha-daha ağırlaşdırma

üzünə baxmadan ayrılmaq istiyirəm səndən

ürəyimdə vətən dərdi el dərdi

Unut pencəyimi

unut gözlərimi

unut ayaqlarımı

unut nə demişdimsə

sözlərimi unut

meşə ildırım vurmuş ağacı

necə unudursa

sən də eləcə unut əllərimi

dirsəyi süzülmüş pencəyimi unut

sevmə məni

sevmə məni

Yol əhvalatı

Sən avtobusdan düşəndə

bir qədər əyildin, gülüm,

Belinin tüklərini göstərdin mənə

və hamıya.

Düşdün.

Mən səndən bir oturacaq arxada,

İçim Xəzər kimi dalğalandı.

Baş verə biləcək qəzanı

Almadan nəzərə,

Bir anlığa sürücü də bizə qoşulub

Gözlərini yumdu ləzzətlə.

İskra

Üst-başınız gözəl xanım

İnqilab içindədi

Baxıram sizə

İnqilabi anlar yaşayan

Şəhərlər kimi

Qaynaşır içim

Tez olun

Bir qərar verin-

Bu üsyanı

Tez-bazar yatırmaq gərək

Pişik

səhər açılar-açılmaz

daldalandığı zirzəminin divarlarına

tapşırıb qaranlığı

tükləri didilmiş qara bir pişik

çıxar günəşə

içində nəğmələrin ən itkini

ən çarəsizi

burnunda süd qoxusu

harasa tələsən adamların

gözlərindəki məzlumluğu yalayıb

eyvandan atılan

qanlı bezlərin yanından keçər

insan olmaq həsrəti səngiyər bir az

tələsər

tələsər süpürgəçi Yetərin

süd qoxuyan ayaqlarına

Ürəyim əllərində

saçların küləyin əllərində

qalxmasın deyə paltarının ətəkləri

əllərini cütləyib tutmusan qabağında

gedirsən

gedirsən ürəyim əllərində…

Sehrli xalat

Ey mələksima məgər sən

İo-kio babanın qız nəvəsisən?

İo-kio rəhmətlik

Xalatı geyəndə möcüzə eylərdi peyda

Sən soyunanda

Ayrılıqdan bir saat sonra

İt yoluna, qurd yoluna geyilmiş

pəncəsi getmiş

dabanı yeyilmiş

köhnə çəkmələrim kimiydin

səninlə mənə rahat olsa da səndən

utanırdım…

Bastilya qalası

Gözlərin badam

Barmaqların şam

Baxışlarında məhşər odu

Yerişin həngamə

Saçların şabalıdı

Arxan istehkam

Döşlərin bir cüt boks əlcəyi

Hər şeyin tamam

Bircə ağlın natamam.

# 1635 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #