Quran haqqı özümü odlayacam – Bircənin Romanı

Quran haqqı özümü odlayacam – <span style="color:red;">Bircənin Romanı
17 may 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir

əvvəli burada

Uzun get-gəldən, müalicədən sonra Rüfətin bir oğlu da olmuşdu. Bu uşaq da yarımçıq doğulmuşdu, amma çox şükür, əlimizdə-ovcumuzda qalmışdı.

Kiçik qardaşım hələ də Cavidi kurslar, məşğələlər arasında qovurdu. Bir dəfə oğlum dayısını aldadıb müəllim yanına getmək əvəzinə qaçıb girmişdi oyun salonuna. Rüfət bunu biləndə onun üzünə gəlmədi. Ertəsi gün səhər tezdən Cavidi yuxudan oyadanda dedim:

- Qadan alım, bu gün bazardı, qoy yatsın.

Rüfət başala barmağını dodağına aparıb uşağı yatağından zorlama qaldırdı:

- Dur yeməyini ye, bu gün quzuları sən otaracaqsan.

Bir şey anlamayan Cavid bərəlmiş gözlərini dayısına zilləyib döyükdü, sonra Rüfətin əlindən çıxıb yenidən yatağa səvərdi:

- Dayı, yorulmuşam, nolar qoy yatım.

Rüfət sıyırıb yorğanı onun üstündən atdı, Cavidə üzünün görmədiyi tərəfini göstərdi:

- Qalx görüm, sən neyləyib yorulmusan? Bütün günü kompüterlə oynamısan da, dərs oxumusan guya?

Cavid səsini içinə salıb qırışa-qırışa geyinməyə başladı. Anam irəli durdu:

- Uşağı burax, ə, qoy yatıb dincəlsin.

Rüfət anamı qucağına alıb divana oturtdu:

- Heç kəs mənim işimə qarışmasın!

Atam xalatımdan çəkə-çəkə:

- Gəl biz gedək çay içək, Rüfət kişi bərk hirslənib, qıracaq bizi, - deyəndə məni gülmək tutdu.

Cavid əl-üzünü yuyub şirinçayını içəndən sonra dayısı şüşəyə su tökdü, gəlinə bir dürmək bükdürüb hər ikisini torbaya qoydu, damın qapısını açıb quzuları Cavidin qabağına qatdı, arxa doqqazdan əlini xeyli aralıda quzu otaran uşaqlara tuşudub:

- Di get bax o tay-tuşlarının yanında quzu otar, - dedi. - Mən çalışıram sən oxuyasan, sən də oxumaq istəmirsən. Get gör tayların hansı zülümü çəkirlər.

Anam yenə qardaşıma qıcandı:

- Ay ipləmə, burax uşağı, o quzu otarandı? Hər tərəfdən güllə yağır, hər yan minadı.

Atam anamı dartıb həyətə saldı:

- Sən bir kiri görək nolur, - dedi. - Rüfət qazancını onun yolunda tökmürmü? Yəqin bir bildiyi var.

Qardaşım küllükdəki paslı vedrəni götürüb quzulara tərəf atdı, heyvanları təzərək tutanda Cavidin ardınca bağırdı:

- Get, mən gəl deməyincə evə gəlmə!

Cavid naçar-naçar üzümə baxıb gözləriylə məndən kömək istəyəndə ağlamaq tutdu məni. Rüfət yenə çəmkirib onu quzuların dalınca dəhmərlədi. Cavid bir az aralaşandan sonra onun əlindəki torbaya baxa-baxa gülüb məni qucaqladı:

- Ay dəli, sən niyə ağlayırsan? Qoy danışdığı yalanın cəzasını çəksin. Mənə desəydi bəyəm onu oynamağa qoymayacaqdım? Üzümə qırmızı yalan deyir ki, müəllimə yasa getmişdi.

Atam əlləri cibində bizə yanaşdı:

- Ay nə olaydım Cavidin yerinə, deyəydim sənin dayı bığına işəyim, bir tikə çörək verirsən deyə üstümə nə xoruzlanırsan.

Üçümüz də gülüşdük. Rüfət dikdirə çıxıb Cavidi çəpər üstündən bir az da izlədi, sonra çıxıb getdi çayxanaya. Canım qaldı uşağın yanında. Atamgil yeyib yığışandan sonra səhər süfrəsini yığdım. Əllərim işdə-gücdə, ayaqlarım arxa doqqazımızın ağzında qaldı – tez-tez Cavidin uzaqdan güclə seçilən qaraltısına baxıb gəlirdim. Anam bir yerdə bənd almadığımı görüb dedi:

- Mən çıxıb oturacam dikdirin başında, sən get arxayın işini gör.

Atam güldü:

- Sən Allah onu tez elə, erməni qaraltını üzsün, qulağımız dincəlsin.

Aradan bir az da keçəndə məni ağlamaq tutdu. Anam arabir postunu qoyub yanımıza gəlir, sonra

yenə dikdirin başına qayıdırdı. Atam üzümü danladı:

- Sən də qaraçısan ey vallah, qoy uşaq bərkə-boşa düşsün, qoy görsün yaşıdları nə iş görürlər, nə təhər dolanırlar.

Mən ürəyimdəki səksəkəni dilimə gətirmək üçün söz tapmağa çalışırdım:

- Bilirsən nədən qorxuram?..

Anam bu vaxt qapanın üstündə oturub qoz sındırırdı:

- Bunları qırıram Cavid gələndə yesin.

Atam üzümə intizarla baxıb nə deyəcəyimi gözləyirdi.

- ...Yadındadı qonşu kənddə Şiraslan dayının uşağının başına nə oyun açmışdılar? Bax ondan qorxuram.

Atam oturduğu yerdə yırğalanıb boğazını arıtladı:

- Ay qız, sənin başına at təpib, Rüfətin qorxusundan kim Cavidə əyri gözlə baxa bilər? Bir də yadında yaxşı saxla: illərdi bizim kəndin uşağı-böyüyü bu çöllərdədi, hələ kəndimizin uşaqlarının elə bir pis iş tutduğunu eşidən olmayıb.

Anam gözləmədi kişi sözünü deyib qurtarsın, mənim dediklərimi eşitcək yerindən sıçrayıb ətəyindəki qozu qapıya səpələdi, əlinə bir kəsinti alıb düz Cavidin yanınacan yüyürdü. Atam əlində paya qımçırlayan anamın dalınca baxa-baxa dedi:

- Buy Allah sənin oğlunu saxlasın, nə əyyamdı bunun ceyran yerişini görmürdüm.

Anam gedəndən sonra dincəlib işimin üstünə qayıtdım. Günorta arvad Cavidin əlini-üzünü yuduzdurub süfrə başında oturtdu, uşağı yemləyə-yemləyə daraşdı Rüfətin canına:

- Sən bir də bunu oralara göndərsən, atam oxuyan Quran haqqı özümü odlayacam.

Ancaq Rüfətin tövbələtməsi yaxşı nəticə verdi, Cavid o gündən sonra dayılarına bir də yalan danışmadı.

***

Bir gecə dişimin ağrısından səhərəcən ləbbeyk dedim. Sabah ertədən atamla rayon mərkəzinə həkimə getdik. Kişi məni Səməndərə təhvil verib özü bazara girdi. Qardaşım dişimi çəkdirib məni mindirdi kənd avtobusuna. Alnına bizim kəndin adı yazılsa da bizdən irəlidəki üç kəndin adamı da rayona bu avtobusla gedib-gəlirdi.

Üç para kəndin tanıdığım sakinləriylə görüşüb söykənməyə, sallaşmağa yer axtardım. Avtobus ağzınacan doluydu. Arxadan irəli boylananda sürücünün gerisindəki oturacaqda bir gəlinin küncə qısılıb büzüşdüyünü gördüm, yanında heç kim oturmamışdı. Ayaq üstə duran qadınların üzünü bir-bir gözdən keçirdim – heç biri boş yerdə oturmaq istəyənə oxşamırdı, ona görə də adamları yara-yara irəli adlayıb özümü yıxdım gəlinin böyrünə. Yanımı yerə qoymamış arxadan bir qıyya qopdu:

- Aaazz, oturma orda!

Səsi eşidəndə cinli kimi yerimdən sıçrayıb geri çevrildim – arvadlı-kişili bir dəstə adamın içindən xalamın, Rüfət demiş, kobrabaş gəlini mənə gözünü bərəldirdi. Bir yanımdakı gəlinə, bir avtobus dolu adama baxıb dedim:

- Niyə, burda oturanda nolur?

Təklənmiş qadın altdan-yuxarı yazıq-yazıq üzümə gülümsəyirdi. Avtobus yerindən tərpənəndə ləngəri məni yenidən oturacağın üstünə yıxdı. Yerimi rahatlayanda xalamın gəlini oturduğu yerdən durub gəlib qulağıma xısıldadı:

- Ay Bircə, böyründəki Nadirin qızı Sücayətdi ey, heç kim onun yanında oturmur.

Kobrabaşın nə dediyini indi anladım, avtobusdakı adamlardan, kəndimizin yaşlı kişilərindən həya eləsəm də daha iş işdən keçmişdi, mən də onun qulağına pıçıldayıb:

- Narahat olma, keç otur yerində, - dedim.

Hə, demək hamının boykot elədiyi bu qadın həmin o Sücayətmiş. Demək el-camaat bütün ömrü puça çıxmış o qızı hələ də bağışlamamışdı...

Qız bizim qonşu kənddən idi, kolxozda sağıcı işləyirdi. Orda bir oğlanla sevişmişdi. Oğlan evlənəcəyinə inandırıb bunu yoldan çıxarmışdı, boylu olduğunu biləndə isə dabanına tüpürüb qaçmışdı Rusiyanın ucqarlarına. Qız bir elin içində naçar qalmışdı, heç kim dindirib-söylədib ona yaxınlıq verməmişdi. Atası, qardaşları qızı döyüb qolunu-qıçını sındırıb, aparıb atmışdılar oğlanın atasının qapısına. Oğlanın özü kimi namərd atası da qapını bərk-bərk bağlayıb qızı evə buraxmamışdı.

Bundan sonra yiyəsiz, kimsəsiz, evsiz-eşiksiz qalıb çöllərə düşən Sücayətə yerli hökumət yiyə durmuşdu, kənd sovetinin sədri ona bir daxma tikdirmişdi. Sücayət o daxmada bir qız doğub diligödək, başıqapazlı canıyla balasını böyütməyə başlamışdı. Hər yetən bu zavallıya bir dimdik vururdu.

Qızın sağıcı işlədiyi fermanın müdiri atamın xalası nəvəsiydi. Bu işə görə onu ciddi cəzalandırıb üstəlik partiya biletini də əlindən almışdılar. Hüseyn əminin atama yana-yana dediyi sözlər hələ də yadımdadı:

- Ay Rəhim, - deyirdi, - o fermada pəşov eləməkdən ötrü nə qədər daldalansam da yenə məni sağıcılardan biri görür. Bəs bu günü qara gəlmiş harda arxayın yer tapıb özünü də, məni də tüncar elədi...

Gəlin özünü dartıb avtobusun divarına sıxmışdı. Mən tərəfə baxmırdı.

Sinəm qan gölünə dönmüşdü. Bu dərdli qadının qız vaxtını, gur saçlı, boylu-buxunlu çağlarını çox görmüşdüm. Məndən vur-tut iki yaş böyük olsa da başına bükdüyü köhnə şərfin altından çıxan yapıq saçları, quyudan baxan ölü gözləri, qurbağa camağı yaxılmış kimi görünən kərtdəş əlləri onu yüz ilin qarısına oxşadırdı. İllərin dərdi-ağrısı onun baxışını da dəyişmişdi.

Gəlini gözlərimlə bir xeyli müayinə eləyəndən sonra ağzımı qulağına söykəyib:

- Necəsən, Sücayət, - dedim, - qızın nə təhərdi?

Diksindi, qoca it gözünə oxşayan gözlərini başımın üstündən hərləyib bir avtobus adama baxdı, qorxa-qorxa:

- Yaxşıyıq, çox sağ ol, - dedi.

Gəlin avtobusdan düşənəcən onu danışdırdım, qızının oxuyub-oxumadığını soruşdum, aliment alıb-almadığıyla, uşağının atasından xəbər olub-olmadığıyla maraqlandım. Enli ətəyini əlinə yığıb mənə toxunmadan avtobusun qabaq qapısına sarı yönələndə fürsət tapıb qulağıma pıçıldadı:

- Neçə ildi bu avtobusda heç kim mənim yanımda oturmurdu, nə yaxşı sən onlar kimi eləmədin.

***

Evə sinəmdən, kürəyimdən oxlanmış kimi qayıtdım. Başımı nəylə qatırdımsa Sücayətin quyu dibindən baxan sönük, miskin gözləri gözümün qabağından getmirdi.

Üstündən üç gün keçmiş günortaya yaxın xalam bizə gəldi. Həmişəki kimi mənlə soyuq görüşdü, anamla qoşalaşıb içəri keçdilər. Anamın üzü yüzdə-mində bir gülərdi, o da bacısı, qardaşı qapımızı döyəndə. Yenə də elə oldu. Bir-birindən ilham alan bacıları baş-başa qoyub çay dalınca getdim.

Sini əlimdə geri qayıdanda anamın qırımından ürkdüm. Xalam onun yanını mahmızlayıb nəsə him elədi. Anam dinmədi. Axşam üstü xalam bizdən çıxar-çıxmaz bir manqal köz olub doldu qoynuma:

- Tfu sənin üzünə! Sən bu qədər harınlamısan, qudurmusan ki, elin gözünün qabağında gedib oturursan Nadirin səfsələk qızının yanında?

Beləcə, xalamın mübarək gəlişinin müjdəsi ovcuma qoyuldu. Anam çırmanıb meydana girdi, nə girdi! Yorulmadı, usanmadı, ərinmədi – nə töhmət, qaxınc, nə söyüş, latayır bilirdisə təpəmdən yağdırdı. O danışdıqca Sücayətin yesir surəti gəlib dururdu gözümün qabağında; mən doğmaca anamın kürəyimə şəllədiyini daşıya bilmirdim, o yazıq bu neçə ildə bir ağır elin qınağını nə təhər götürmüşdü?!

Anamın səsinə Məhər bizə adladı. Əmoğlu Sücayətgil yaşadığı kənddə məktəb direktoru işləyirdi, Sücayətin qızına dərs deyirdi. Arvadın hikkədən yarıldığını görən Məhər:

- Ay bibi, mən səni belə bilməzdim, - dedi, - Bircə onun yanında oturanda nolar? Allah o gədənin qabağından heç duru su axıtmasın, o qız elə yaxşı qızıydı, yesir, başıqapazlı elədi yazığı.

Sücayət pis qadın olsaydı bu neçə ildə adına min qara yaxılardı. Göz qabağındadı, başını aşağı salıb balasını böyüdür. Qızı da çox tərbiyəli, oxuyan uşaqdı.

Məhər elə şeylər danışdı, gördüklərim onun yanında yalan oldu. Demə kənddə heç kim gəlinə qatıq mayası, çırağına nöyüt, borca çörək belə vermirmiş. Ana-bala lap çətinə düşəndə əmoğlu müdiri olduğu məktəbin odunundan oğurlayıb onlara ötürürmüş, işıqları sönəndə xətlərini calayırmış. Sücayəti məktəbə süpürgəçi kimi işə götürəndə qızın atası, qardaşı Məhərin üstünə yeriyibmiş.

Əmoğlu bunları danışdıqca gözlərim silələndi, nə müddət əvvəl gördüyüm o əcaib yuxudan sanki indi ayılıb onun boynuna sarıldım:

- Sən nə yaxşı adamsan, - deyib Məhərin gözlərindən öpdüm.

Anam bu söhbəti uzun müddət əlində çərəkə kimi oynatdı, hər qardaşımın yanında ayrıca danışıb məni çənədən-çənəyə ötürdü. O hadisədən sonra nə vaxt avtobusla rayona gedirdimsə atam üzümə baxıb qımışırdı, dilini anama sarı uzadıb deyirdi:

- Çalış Nadirin qızının yanında otur.

ardı var

# 7411 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #