Anam saçlarıma bir gecə hördü – YENİ ŞEİRLƏR

Anam saçlarıma bir gecə hördü – <span style="color:red;">YENİ ŞEİRLƏR
20 aprel 2018
# 16:45

Kulis.az Aydan Ayın yeni şeirlərini təqdim edir.

Hələ mən atama çay dəmləməli idim.

Hələ saçlarım üçün sinəsini sipər etməli idi atam.

Hələ zərrə-zərrə, ağrı-ağrı darıxmamalıydı ruhum.

Hələ məni səsləyib deməli idi: “nəfəsinə qurban olum, axşam qoxulum...”

Amma... Olmadı...

Mən çay dəmləmədim,

Saçlarım rüzgarda sovruldu,

Qürublarda unuduldu qoxum...

Hələ nağıl-nağıl uşaqlığıma söylənəcəkdim.

Nağıllanıb bir ulduza çəkiləcəkdim.

Sən ata... Sən hələ mənim gözlərimin yağmurundan öpəcəkdin...

Gəlsən, kədər dəmdədir.

Qollarımda ölüm...

Əriyən şam - göy üzündə nakam ömür...

Mən torpağam - yağ üstümə.

Mən buludam - keşik çəkirəm bir qərib məzarın son nəfəsinə...

Məni xatırla, xatırla, sonra unut ölərcəsinə...

Ah ata, sən necə də fəsilsizsən.

Mən necə də xatirəsiz...

Əgər məni sevsəydin, sənə övladdan ziyadə

Ana olardım... Ana...

Sevmədin amma...

Sənin əllərin qocalmasın, anamın baxışları...

Səhərin dan üzündə çökdü ömrümüzə “taleyin axşamçağı...”

Mən indi köhnə evimizə daman yağışlara dua edirəm,

Anam başqa bir evin pəncərəsinə günəş doğur,

Atam... O ağac kimi yarpaq-yarpaq üşüməkdən ölür...

...Gedim sabaha günəş dəmləyim...

Əynimə dəniz geyinim,

Bəlkə gələr...

“Qızım, vida kimisən...” deyər...

***

Saçlarıma yağışlar yağdı qərib küçədə...

Gözlərimin gecəsi hələ sevirdi səni...

Məni oğurlamadın o divanə gecədən...

Sən də məni tək qoyub getmişdin Tanrı kimi...

Saçlarımın tufanı qopur şeirlərində...

Qurduğum xülyaları göylərə demədim mən...

Möcüzə gözləyirsən... Ümidlisən hələ də...

Mənsə dəli həsrətin bətnində can verirəm...

Sən o saçlara xatir qayıtma buralara...

Yollarının sonunda yolsuzluğam mən indi...

Qəhərlənib eşqini anlatma buludlara...

Buludların ağıdı saçlarımın qənimi...

Bilmirəm... O qatarlar kimi gözlədir indi?..

Ah... o vida edənlər... necə oxşayır sənə...

Səninçün ağrı çəkən saçlarımı kəsdirdim...

Yetim qalan əllərin ağrı çəkirmi söylə...

Bir də şeirə gəlməz, dəli etməz saçlarım...

Bir nəfəs hənirtisi yaslanır qoxusunda...

Sən məndən getdiyintək uzaq getməz saçlarım...

Bircə aynalar görər saçımı yuxusunda...

O divanə göylərim çələng hörər saçıma...

Bu saçların əzabı eşqdəndi deyər anam...

Anamın oxşadığı o ay hilal saçıma,

Gedişi ilə qarğayıb, qıyar sevdiyim adam...

***

Buludu gözlərdə buludu ölüm...

Bir qırıq budağın üşüyən canı...

Ay qərib, ayaq saxla, başına dönüm,

Bu yol aparacaq dumana sarı...

Buludu ölümdü gözlərdə ötən,

Dənizdən didərgin gəmi kimisən...

Qoşulub karvana gedəcək gedən...

Bir ömür yollarda diz çökərmisən?...

Səni and verirəm getdiyin yola,

Bir ümman ahını göylərə vermə...

Gəl mənim gözümün yaşına bulan,

“Çəkdiyin ahlardan öpürəm...” getmə...

Buludu ölümlü, buludu gözlü,

Bir əlçim qum üfür, dol gözlərimə...

Anam saçlarıma bir gecə hördü,

Atam köç elədi yol gözlərimə...

Yolçu, saçlarımın gecə üzündə,

Yıxıl yat... Gündüzə Allah kərimdi...

Qərib yolçuların yolu gözümdə...

Daha gözlərimin son nəfəsidi...

Hey! Mənə ölümü qıyan yolçular...

Gözümdəki yolun çırağı yanmır...

Atamın gedişi kimi günahkar,

Anamın ahı kimi məsumam Tanrı...

***

küləklər... anam küləklər...

külümdə yanan küləklər...

gözlərimdə çiçəklənən,

saçımda solan küləklər...

nədi nə haray salmısız?

yad qapıda qocalmısız...

nə olsun ki qayıtmısız?

virandı o dam, küləklər...

atam öldü... torpaq, üşü!

gülün soldu... yarpaq, üşü!

ahım oldu Allah... Üşü!

fərmanım edam, küləklər...

eyy uçurum! bu nə qədər?..

çölü yalın, içi kədər...

qərib yolçum! bir nəfəs dər...

əridi son “şam küləklər...”

bax, evimin ömrü qərib...

hamı ondan üz döndərib...

Tanrı göyə günəş sərib...

sübh nədən axşam, küləklər?...

ağac adam, toxun mənə...

budağınam... oxun mənə...

burax gəlsin qoxun mənə...

çəkil yolundan, küləklər!

ömür səhra... ölümsə... qum...

göyə üfür, gözünü yum...

ocaq-ocaq külünü soyun...

yuxuydu... oyan, küləklər....

***

Bir qəfil ayrılığa

Yağar, ağlayar şəkil...

Daxmasında mürgülü

Ölüm saxlayar şəkil...

Şəkillər yuxu yatmır,

Oyaq olur həmişə...

Ömrümdən ölüm damır,

şəklimə... Ölməmişəm...

Göz yaşım şəkillərin

Alnının qırışıdı...

Adamlar şəkil-şəkil

Qocalan baş daşıdı...

Ağla... Ağla ölüm-ölüm...

Titrə yel-yel ahıl canım...

Sonra... Ah-ah soraqlayım,

Eheeey... Şəkil adam, hanı?!

Qəhqəhəsi nə acıdı,

dil-dil ötən sükutunun?..

nədən belə eşq-eşq ötdün

ruhundakı uçurumu?..

eyyy əlimdəki əsa...

eyyy yolumdakı çıraq...

şəkil-şəkil uçan ağac...

şəkil-şəkil ölən varaq...

unudun... məni unudun...

bir axşam şəkillərim

torpağın dan üzünə

əbədilik hopacaq...

qürub qoxulu şəkillər

bizimçün darıxacaq...

# 1484 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #