“Vampirlə sevişmə” – Romandan ikinci hissə

“Vampirlə sevişmə” – <span style="color:red;">Romandan ikinci hissə
7 iyul 2017
# 12:45

Kulis.Az Ləman Azərin “Vampirlə sevişmə” romanından ikinci hissəni təqdim edir.

Birinci hissəni burdan oxuya bilərsiz.

Şeytan saatı

Buraların gündüzləri yaman isti

Gecələri yaman soyuq

Sənsiz içim oyuq-oyuq...

Mənim adım Eşq

Dilimdə var bir dua

Kaş Tanrım səni mənə bağışlaya.

Bir filmdə eşitmişdim, Şeytana inanmasan, ondan qoruna bilmərsən... Və ayın hər zaman görünməyən qaranlıq bir üzü var...

Mən öz adımı axtarırdım. Yox, onu haradasa salıb itirməmişdim, sadəcə unutmuşdum. Heç necə, eləcə, o qədər sadə şəkildə unutmuşdum ki. İfadə şəkli bir söz olan vəziyyətin içində sıxışdırılmışdım: Unutmaq. Vəssalam. Yox, bu nə şizofreniya, nə paranoya, nə major depressiya, nə də bu kimi bir başqası deyildi. Bu açıqdan-açığa özünü dəliliyə vurmaq idi. İlahi, mən özümü tanımırdım, daha doğrusu tanıyırdım, amma yadıma heç cürə sala bilmirdim ki, əslində mən kiməm. Sadə şəkildə desək, əlbəttə harada doğulduğumu, mənə həyat verənlərin kim olduğunu, getdiyim məktəbi və hətta oturduğum partanı belə çox yaxşı xatırlayırdım, amma içimdə özümə qarşı özümün də qaynağını bilmədiyim yadlıq, özgəlik duyğusu var idi. Milyonlarla insanın, bir-birilə bəhsə girərək ilıq yaz axşamlarında ötən rəngli quşların, uğultusu aləmi başına götürən, balinasayağı səslər çıxaran nəhəng avtobusların, görməsəm də ürəyimin dərinliyində hansısa bir meşədə qırmızı quyruğunu havada oynada-oynada gəzən, badamı gözlü sehrli tülkülərin var olduğu, uşaq qığıltısının heç zaman əsgilməyəcəyi, günün istənilən vaxtı hansısa divara qısılaraq gizlicə öpüşən sarmaş-dolaş sevgililərin dünya durduqca var olacağı bu dünyada yalqızlıq, təmtək olmaq nə deməkdir bilirsinizmi? Sizi deyə bilmərəm, amma bütün dəliliyimin, çıxartdığım oyunların bircə cavabı var idi. Təklik. Bu təkliyi doldurmağa nə dostlar, nə qohumlar, nə ailə, nə də sevgili bəs edirdi.

Yadınızdadır sizə bir gecə qəfil toqquşmadan sonra heç cürə unuda bilmədiyim, hətta üzünü belə doğru-dürüst görə bilmədiyim yad adam haqqında danışmışdım. O vaxtdan bu yana bir neçə ay keçməsinə baxmayaraq onu hələ də görə bilməmişdim. Bəzən gecələr küləyin təzyiqiylə pərdələr havada dalğalanırdı. Bax onda səksəkəli halda yuxunun neçənci qatında olmağımdan asılı olmayaraq ayılırdım. Əvvəl dodaqlarıma toxunurdüm bəlkə islaqdır, bəlkə elə indicə o pəncərədən girərək öpüb deyə. Bundan bir şey çıxmayınca qollarımla bədənimi elə sıx qucaqlayırdım ki, ayaqlarımı da qarnıma doğru yığaraq kirpi poztsiyasını almağa, onun qoxusuyla əhatələnmiş bir qılaf yaratmağa çalışırdım. Axı niyə o? Bir də ki, onun haqqında heç nə bilməmə rəğmən, hər gün yuxudan oyanan kimi evdəkilərdən gizlin tutduğum gündəliyə onunçün ağlıma nə gəlsə yazırdım. Sıxıntılarımı, arzularımı, hətta ən abırsız söyüşlərimi belə ona yazırdım və düzünə qalsa onun nə vaxtsa bunları oxuyacağına inanmaq mənimçün çətin idi, çətin yox, hətta mümkünsüz idi. Ona görə də kifayət qədər azad və deyəsən bir az da tərbiyəsiz idim. Bütün məktubların başında isə “Cənab Qaranlığa” deyə ünvanlayırdım, sanki hər sətrim ona çatacaqmış kimi. Bəlkə də bu məktubları yazmasaydım, onu gec-tez unudacaqdım da. Amma bu bir növ oyuna oxşayırdı və məchul, qarışıq olduğu qədər də həzz verirdi. Hələ ki onun xəyalımdakı əksi ilə oynayırdım. Görəsən, Tanrı onun özü ilə oynamaq imkanı verəcəkdimi mənə?!

Mən həyata və özünə qapalı biri idim. Ətrafımdakı heç bir qadına oxşamayan cizgilərim, yolum, arzularım var idi. Bütün dişilər günah və bəhanələrdə bir-birinə oxşayar, mənsə günahsızlığımla bəşəri qanunları pozmaqdaydım. Elə bu səbəbdən də hamını sıxırdım həyat tərzim, baxışlarım, yalquzaqlığımla. Və ən əsası qadınlar seçdikləri adamı yaxşı, çox yaxşı, ya da ən yaxşı olduğu üçün dəyərləndirərlər. Mənimçünsə fərq etmirdi. Bircə o məni təkrarçılıqdan xilas edərdi. Ehtiyacım olan tək şey bir başqa ölkə, bir başqa şəhər, bir başqa cür gülən, ağlayan insanların əhatəsi, bir başqa maşın dayanacağı, avtobus, külək, musiqi..... idi. Ehtiyacım olan tək şey məni tamamlayacaq adam idi. Və bunu, onun varlığını beynimə qədər nüfuz etmiş çiçək qoxusu qədər içərimdə hiss edirdim. Varlığının mənə toxunuşunu düşününcə isə için titrəyirdi. O, yaxınımda idi. Çox yaxınımda. Onun alovlu gözləri, uzun, soyuq barmaqları, nüfuzedici baxışları, içimi titrədib, dizlərimi əsdirən səs tonu olmalıydı.... O var idi. Buna inanırdım. Gözlərimi möhkəm-möhkəm yumub, kirpiklərimi sıxıb, qollarımı kainata doğru açırdım və onu çağırırdım. O, haradasa yaxınımda idi və mən milyonlarla tonun arasında bircə onun qırmızı işığını seçməli, mənə aid olduğunu görməliydim. Çünki mən onu elə lap əvvəldən, yuxularımdan sevirdim. Biz dəfələrlə əl-ələ tutmuş, mənim balaca əllərim onun soyuq barmaqları arasında gəzinmiş, barmaq uclarımız öpüşmüş və mən ayılınca o yoxa çıxmışdı. Hə budur deyəsən axır ki gözlədiyim an gəlib çatmışdı.

Və hər şey o gecə ilə başladı...

Bütün gecələr kimi qaranlıq, sıradan olan gecə ilə. Zülmət dünyamıza və deyəsən elə mənim həyatıma da gəlmişdi, ya da ayağını qapının astanasından uzadıb içəri keçmək üçün icazə istəyirdi, amma heç də xoş gəlməmişdi. Mən şəhər yerində itlərin baş-başa verib bir ağızdan belə yanğılı ulaşdığını heç eşitməmişdim. Oxuyurdular. Bu bir növ matəm nəğməsinə oxşayırdı, bilmirəm bəlkə də tənhalığın mahnısı belə olurdu. Hiss edirdim elə möhkəm, elə içdən. Əzab çəkirdilər, ona görə yox ki onlar ac-susuz idilər, ona görə ki onlar da mənim kimi qərib idilər və aid olmadıqlarının arasında yaşamağa məhkum edilmişdilər. Və eşitdiyim səslər yalnız bir yığın kimsəsiz itin səs-səsə verib hürüşməsi, gecənin səssizliyinin eşitmək istəyənlər üçün oxuduğu sükut nəğməsi deyildi. Ağlımı qaçırır kimi idim. Mənbəyi məlum olmayan qəribə səslər eşidirdim. Bu səslər, uzaqdan hansısa mifik musiqinin arxa fonunda gizlənmiş pıçıltılar kimi beynimə dolan səslər məni heç cürə rahat buraxmırdı. Kimsə çığırırdı, haradasa uzaqlarda olan bir kimsə. O kəs ki mən onu heç tanımırdım, həyatım boyunca bircə dəfə belə olsun görməmişdim, amma çığırtısının necə boğazını göynətdiyini, damarlarının şişib-şişib necə partladığını, ağlayarkən yağış suyuna qarışmış göz yaşını gözləriylə süzüb dodaqlarıyla necə içdiyini onun bətnindəymiş kimi hiss edirdim. Bəlkə də mənim bətnimdə olan o idi. İçməyə başlamışdım. Bunu çoxdan istəyirdim, amma özümdə o cəsarəti tapa bilmirdim ki, pis qoxulu maye dolu şüşəni başıma çəkib, unudum, ağrılarımı unudum, beynimdə dolaşan, yuxularımda belə mənə rahatlıq verməyən sözləri, hadisələri, yaxud qarnımla mədəm arasında, təxminən hardasa buralarda yerləşən, dibsiz, ölçüsüz, qaranlıq, uzaq bir yerdən bağıran, susmayan, günbəgün çoxalan səsləri eşitməyimi əngəlləyim, gözlərimi, qulaqlarımı dünyaya bağlayım. Bir də düşünün ki hər ağlayışımda, bədənimin də, ruhumun da daha tab gətirə bilmədiyi qəzəb partlayışımda başımı necə divarlara çırpırdım, saçlarımı çəngə-çəngə necə yolurdum, qollarımı necə dişlək-dişlək edirdim.

Heç yaxşı deyildim. Mozaxistlikdən çıxmışdım. Əzablarıma, zülmə olan sevgim gözlərimi o qədər kor eləmişdi ki. Həkimlər. Düzü onlara çox nifrət edirəm. Hippokrat andı falan nə qədər ciddi bir şeydir onlar üçün bunu bilmirəm, amma bildiyim bir tək şey dəqiq idi ki, bir neçə səfeh ağxalatlı üçün yaxşı pul qaynağı olmuşdum. İlahi, o qədər gülməliydilər ki. Nə isə. Və bu səfehlər gecələr mənim güzgülərə baxmağıma qadağa qoymuşdular. Yazıq anam özümə xəsarət yetirərəm deyə hər axşam yatmazdan əvvəl evdəki bütün güzgülərin üzünü bağlayırdı. Zalımlar, bir bilsəz bu mənim üçün nə demək idi?! Bir növ xroniki hal almışdı hər gecə eyni saatda oyanıb güzgü önünə keçişim və lal, kar, kor gecədən başqa heç kimin eşitməyəcəyindən əmin olub için-için, bütün çılpaqlığıyla ağlayışım. Güzgülər mənim küt, keyimiş, uşaqlığımdan bu yana ilan kimi qıvrılıb qanımda yatmış, indi isə ən zəif vaxtımda qanımı zəhərləyən əzizlənməyəsi, sevimsiz, acılı xatirələrimi, heç kimə lazım olmayan inqilabları, fırtınası ilə beynimin altını-üstünə çevirən fikirlərimi, həyatda heç vaxt yığa bilmədiyim və sahiblənmək üçün bir o qədər də cəhd eləmədiyim pullar qədər ürəyimdə topalanmış arzularımı bölüşə bildiyim və bu anımda məni anlayan yeganə həmsöhbətim idi. Hə əvvəl uzun-uzadı söhbət edirdim, birdən lap elə gülürdüm də. Güzgü önündə nitqimi sındıra-sındıra, qıra-qıra hardan gəldi, necə gəldi danışmağı, gülməyi, ağlamağı sevirdim.

Adam bir az, lap az ağrıyanda bunun keçib gedəcəyini düşünür, az qala ölməzliyinə də inanır. Elə ki bir azdan azacıq çox ağrayırsan, bunu, yəni sənin əzablar içində necə qovrulduğunu, nəmli gözlərini başqalarının da görməyini, sənə acımağını, lap elə ağrılarını kəsmək üçün kömək eləməyini də istəyirsən. Amma vay o günə ki bir az çoxdan da çox ağrıyasan. Hə, mən çox, lap çox, lap çoxdan da çox ağrıyırdım. Dərdim böyük idi. Sevirəm deyərsə, hər gün bir neçə mesaj yazıb varlığını mənə hiss etdirərsə, arada bir də bir-iki xoş söz pıçıldayarsa mənimdir, həmişə yanımdadır sandığım adamı itirmişdim. Və mən letargiya yuxusuna getmək istəyirdim, heç vaxt ayılmamaq, ayılmamaq, ayılmamaq, düşünə bilməmək istəyirdim. Çünki onsuz dünya içində havası tükənmiş şara oxşayırdı, nəfəs ala bilmirdim. O, məndən xəbərsiz özü üçün linç məhkəməsi qurmuşdu, mənim gözləmədiyim ölüm qərarını vermişdi.

Təxminən 7 ilə yaxın idi ki, onu tanıyırdım. Çox ağır xəstə idi. Birinci tip şəkər. Nifrət edirəm şəkərə, bütün konfetlərə, meyvələrə, tortlara, onun yeyə bilmədiyi hər şeyə nifrət edirəm. Məni tək qoymuşdu. Çox, özü də lap çox sevirdim onu. İlk görüşümüz, tanışlığımız, ikimizə yazılan bütün xatirələr ən lazımsız anına qədər yadımdaydı. Amma olmadı, ən qorxduğum, ən nifrət etdiyim hal başıma gəldi. Filmlərdəki bədbəxt sonluqlu məhəbbət mənə də qismət oldu. Hansı ki sevənlərdən biri pis xəstəliyə tutular, digəri isə heç ayrılmaz dizinin dibindən, son nəfəsinəcən yanında qalar, hətta onun nəfəsinin dayandığını duyub soyumuş dodaqlarına son bir öpüş də qondurar. Elə gözəl palanlarımız var idi ki. Məsələn, həmişə ondan qabaqda getməli olsam çantamı yanıma tutardım, o isə qarnını əlləriylə qucaqlayıb nəyi var uğunardı. Ya da həmişə gələcəkdəki altı uşağımızdan, onların adlarından, yaşayacağımız gölqırağı böyük evdən danışardıq. Biz müharibədən qalib çıxmışdıq, onun ali təhsili olmamasına, uçuq-sökük bir yataqxanada yaşamasına, adicə ofisiant olmasına baxmayaraq, mən ailəmi onu nə qədər çox sevdiyimə, yalnız onunla xoşbəxt ola biləcəyimə, hətta o olmazsa bir ömür tək qala biləcəyimə inandıra bilmişdim və beləcə onlar bizim evliliyimizə razılıq vermişdilər. Onu sevməyimin ən böyük səbəbi isə başqalarının diliylə desək, mənim kimi bir ilana dözüb, tab gətirməyi idi. Əslində heç də pis biri deyildim, sadəcə hamıda olduğu kimi məni də başqalarından fərqləndirən bir sıra kaprizlərim var idi. O, isə bütün bu dəli-doluluğuma, kişiyana hərəkətlərimə, uşaq kimi atılıb-düşməklərimə, bəzən çox duzsuz alınan zarafatlarıma elə içdən, özü də sevərək dözürdü ki, adama elə gəlirdi ki, o dünyaya məhz mənim nazımı çəkmək, hamıya inad məni sevmək üçün gəlib.

Amma bir gün... Hə, bir gün mobil telefonuna zəng vurarkən ona zəng çatmadı. Səhəri gün yenə çatmadı, sonra yenə, yenə və yenə cavabsız qaldı zənglərim. Heç cürə başa düşə bilmirdim ki, nə baş verir. Axı, o, heç vaxt belə eləməzdi. O dünyadakı heç bir başqa sevgiliyə bənzəmirdi. Bəlkə başına nəsə gəlib? Olmuya qəzaya düşüb, ya da nə bilim... Dəlilər kimi əlim çatan hər vasitədən istifadə edirdim onun haqqında heç olmasa ən kiçik xəbəri ala bilmək üçün. Bütün cəhdlərim boşuna idi. Hirsimdən, narahatlığımdan, sızıldayan ürəyimin ağrısından qovrulurdum, döşəməyə çöküb saatlarla göz yaşımı hey axıdırdım. Və bir gün gecənin ən ağlagəlməz vaxtında ona məxsus nömrədən mobilimə bir ismarış daxil oldu: “Salam. Bağışla, sənə heç cür xəbər edə bilmədim, özümdə deyildim. Neçə gündür xəstəxanada idim. Sən demə, şəkər imişəm, özü də ən pisindən, birinci tip. Mənimki də belə gətirdi. Daha sən də sevmərsən məni yəqin. Haqqım da yoxdur səndən belə bir şey istəməyə. Səni çox sevirəm, amma nolar qoy rahatca ölüm. Xoşbəxt ol.”

Təklik məni yaman sıxırdı. Kabuslar yuxularımı al qana boyamışdı. Yatarkən qorxudan dişlərimi xırçıldatmağa başlamışdım. Tez-tez o yada düşürdü, qan-tər içində, köksümə balta saplanmış kimi ağrılı qışqıraraq ayılırdım bütün gecələrdə. Sonra isə bildiyiniz kimi güzgü qarşısındakı söhbətlər. Təzə qonşunun kim olduğunu hələ də görə bilməmişdim. Qoxusu burnumun ucuna yapışmış o qəribə adamı isə bir də nə vaxt görəcəyimi heç təsəvvürümə də gətirə bilmirdim. Biri var vaxtı keçirmək, biri də var vaxtı xərcləmək. Mən onu xərcləyirdim, özü də lap geninə-boluna. Halbuki son bir dəfə səmaya baxıb dərindən nəfəs ala bilmək üçün əzrailə ona beşcə dəqiqə verməsi üçün o qədər yalvaranlar var idi ki...

Güzgülər. Onlara etibar etməyin. Onlar insan cildinə girmiş şeytan kimi aldadıcıdırlar. Yadımdadır nənəm, anamın anası həmişə danışardı ki, gecələr güzgüyə baxmaq olmaz. Özü də deyirdi ki, güzgülərin yaddaşı var, onların da qocası, cavanı olur, bu nə vaxt hazırlanmaqlarından və bilgilərinin çoxluğundan asılıdır. Həmişə deyirdi ki, güzgü qapısız qapı kimidir. Onlar şeytanlara, cinlərə, ifritlərə xidmət edir. Yalnız bir tərəfi olduğuna səni inandırar, içində isə həmişə bir şeytan oturar, sənin onun gözlərinə diqqətlə baxacağını gözləyər. Elə ki gözlərinə gözlərin ilişdi, bütün diqqətinlə onu görə bildin, bax onda yuvarlanıb düşərsən onun gözlərinə, güzgü ağzını açar və səni onun gözlərindəki dünyaya atar. Amma bunlar nənəmin danışdığı nağıllardan başqa bir şey deyildi mənim üçün.

Hər şeyin başlandığı o axşam yenə çox pis yuxu görürdüm. Dörd yanım güzgü idi. Özü də cürbəcür boyda. Və hamısında mən var idim. Birdən boğulmağa başladım. Hə boğulurdum. Yox, dayan. Deyəsən boğurdular. Bütün güzgülərdə biri var idi. Arxamda dayanmışdı. Üzü qaranlıqda idi. Onu görə bilmirdim. Qaralmışdım, havam çatmırdı, var gücü ilə boğurdu məni, amma yanımda heç kimsə yox idi. Nə qədər sağa-sola əl atıb o qaba, güclü əlləri dayandırmaq istəsəm də əlim hər dəfəsində boşluğa düşürdü. Bu dəhşət idi. Qəfil yerə dəydim, boğazımı sıxmağı dayandırmışdı. Havasızlıqdan ölürdüm, içim çölümə çıxmışdı az qala. Bədənimi gücü çatdıqca nəfəs almağa zorlayırdım, ürəyimin döyüntüsü yoxa çıxmışdı. Döşəməyə çökərək öskürürdüm. Birdən əlimlə ovxalayıb rahatlamağa çalışdığım boğazımdan qan şırnağı axmağa başladı. Bayaqkının tam əksi bu dəfə güzgüdə heç nə yox idi və o qarşımda idi. Həmin adam. Böyük gözləri, ağ hamar dərisi və unutmadığım qoxusu olan adam. Hərəkətsiz halda eləcə başımın üstündə dayanmışdı, çaşqınlıq içində olan mənə ifadəsiz gözləriylə baxırdı. Amma o gözlərdə sevgidən çox ölüm var idi. Çox qorxurdum, qan dayanmışdı. Hətta yoxa çıxmışdı. Güzgülər də yox olmuşdu. Biz qaranlıq küçədəydik. Mən qaçırdım, amma hər dəfə eyni yola çıxırdım, eyni ağacın, eyni evin yanından keçirdim və hər dəfə də o, qabağıma çıxırdı. Ağzı qanlar içində. O gözəl uzun, zərif barmaqların yerinə qıpqırmızı qana boyanmış caynaqlar var idi. Gözləri də qanqırmızı idi və ət ürpədən şəkildə parıldayırdı. Bu dəhşət idi. Hətta yuxuda belə həyatda olduğu kimi qorxudan dilim tutulmuşdu, yaxşı ki ayaqlarım tuturdu və mən hara getdiyimi bilmədən elə hey qaçırdım. Həyəcan, qorxu, qaranlıq və o....

Tər içində yuxudan ayıldım. Bürkülü hava idi. Yanımda hər gecə anamın qoyduğu bir bardaq sudan qurtumladım. Əllərimi həyəcanlı halda saçlarım arasında gəzdirdim. Təzədən yuxuya heç cürə gedə bilməzdim. Otağımdakı böyük divar güzgüsündən “şaqqqq” deyə səs gəldi, sanki ortadan ikiyə ayrıldı. Elə bil evdə hamı və bütün əşyalar qeyb olmuşdu. Bir yatdığım çarpayı, bir də o, güzgü var idi. Mandra kimi eyni sözləri təkrar etməyə başladım içimdən: - qorxma, qorxma bu sadəcə yuxudur, indi sən yuxunun içindəsən, həyatda belə şeylər olmur. Cəsarətli ol, qorxma, - deyə. Asta və ürkək şəkildə yatağımdan qalxıb otağın üzü yatağıma tərəf baxan divarından asılmış böyük güzgüyə yaxınlaşdım qaranlıqda. İşığı yandırmaq ağlıma belə gəlmədi. Hər şey yolunda kimi görünürdü. Anamın güzgünün üzünü bağladığı örpək də yerində idi. Ehtiyatla, ortadan ikiyə ayrılmış güzgü görməyəcəyim ümidiylə onu qaldırdım. Güzgünün çatlaması, hər şeydən əvvəl bu bir uğursuzluqdu. Lənətə gəlsin, o çox peşəkarca ikiyə ayrılmışdı. Hətta əl işinə oxşayacaq qədər peşəkarcasına. Və birdən məni qıc eləyəcək qədər möcüzəvi bir şey oldu. Güzgü heç nə olmamış kimi birləşdi. Tərslikdən dilim də söz tutmurdu, ağzımı açıb kömək çağırmaq üçün qışqıra da bilmirdim. Ayaqlarım dayandığım yerəcə mismarlanmışdı. Ürəyim, o milyonlarla kiçik parçaya ayrılaraq ətrafa səpələnən bomba kimi partlamağa hazırlaşırdı. Qorxurdum. Çox qorxurdum. Birdən bir cüt göz göründü güzgünün ortasında. Axı zil qaranlıqda özümü görməyəcək qədər zəif görürdü gözlərim və bu gözlər eynilə yuxudakı gözlər idi sanki, al qırmızı, qan çanağı kimi. Onlar bir an belə olsun qırpılmadan mənə baxırdı. Bu fokus, sehr kimi idi, heç vaxt çəkilməyəcək qədər ehtiraslı bir şəkildə mənə zillənmişdilər. Mənə də nəsə olmuşdu. Gözlərimi onlardan çəkə bilmirdim, beynim, ah, aman Allah, o partlayacaq kimi idi, fısıltılar, pıçıltılar, qəribə səslər. Bacaracaqdım, hə bacaracaqdım, ağzımı açıb “kömək ediiiinnnn” deyə gur səslə qışqıracaqdım. Dodaqlarımı qaldırmışdım artıq. Bunu bacaracaqdım. Hə, hə məndə alınacaqdı. Amma alınmadı güzgü yenə “şaqqqq” deyə ikiyə ayrıldı və böyük bir ağız məni udarcasına şeytanın gözlərinə atdı. Daha qorxmaqdan keçmişdi. Vahimə, zülmət, qan hər yanımda idi. Hələ də bir yuxunun içində olduğuma inanırdım və ürəyimdəcə “qorxma, yuxudur, qorxma” deyirdim.

Ohhh, şükür. Yuxudan ayıldım. Yenə tər, yenə həyacan, amma şükürlər olsun ki hamısı yuxu imiş. Hardaydım? Bura hara idi? Hansısa qırmızı bir qapının qarşısında yuxuya getmişdim yəni? Bu axı bizim mənzillə üzbəüz mənzilin qapısıdır. Başa düşə bilmirəm bəs onda bizim qapımız, ya da orta mənzilin qapısı hanı? Bəs bu blokun qalxıb-düşən pilləkənləri hanı? Bəlkə xəbərim yoxdur, özümdən xəbərsiz məni kinoya-falan çəkirlər, deyə içərimdən düşünərkən, qapı astaca aralandı. Beynim deyirdi ki, bu onsuz da yuxudur, hə gəl görək ardında nə var. Ürəyimsə, üsyan edib, özünü qorxaq kimi aparırdı. Təhtəlşüurumda məndə psixoloji problemlərin olduğunu bilirdim, daha doğrusu bu problemləri özümün yaratdığımı və bütün bunların bir yuxudan başqa bir şey olmayacağını bilirdim. Ona görə də həmişəki macərapərəstliyim, ehtiraslı həvəskarlığım üzündən o qapının ardındakını görmək üçün bir addım da atacaqdım. Qapını geriyə itələdim əlimlə, deyəsən evdə heç kim yox idi, amma işıqları yanılı qoymuşdular. Bəs qapını kim açdı? Bilmirəm. Bu ev eyni ilə uşaqlıqda gördüyüm kimi idi. Səriyyəgil yaşayan vaxtlarda necə idisə elə. Heç dəyişməmişdi. Yenə şüuraltımda başa düşürəm ki, bu yuxu effektindən başqa bir şey deyil, çünki həqiqətdə o evin indi divarlarındakı uçuqlar, divar kağızları adamın üstünə gəlir. Qəfil işıqlar sönür. Yenə zülmət, qorxu. Offf, yetər, yetər. Daha ayılmaq, çıxmaq istəyirəm bu yuxudan.

Yenə ayıldım yuxudan. Və deyəsən yenə qırmızı qapılı evin qarşısında yatıb qalmışdım. Amma beynim daha çox suala cavab verə biləcək qədər bilmirdi. Yenə qapı eyni həmlə ilə aralandı və yenə işıqlar yanılı qoyulmuşdu. İçəridən qəribə səslər gəlirdi. Həm qorxurdum, həm də bədənimə “getmə” deyib, hökm edəcək qədər gücüm yox idi. Səslər onlara yaxınlaşdıqca daha da sürətli və gur olurdu. Bu sevişən cütlüyün inilti səsləri idi.

Ayaqlarım bir-birinə dolaşır,- aman Tanrım, axı niyə bütün axmaq vəziyyətlər üçün məhz məni seçirsən?! Mən axı üzbəüz mənzilə köçmüş qonşumun pornoqrafiya səhnəsində nə gəzirəm?

Onlar məni görmürdü, yataqsa davamlı olaraq yırğalanırdı və sanki indi bütün bina çökəcək. Onda eyib etməz, ən azından yeni köçmüş qonşumuzun kim olduğunu görərəm. Başa düşmürəm necə oldu, necə oldu başa düşmürəm, sevişmə iniltisi bir anlıq çığırtıyla əvəz olundu. Yataq, hətta bütün döşəmə qan idi. Mən ağlayırdım, yenə çox qorxmuşdum. Lənətə gəlsin, bitsin bu yuxu. Yataqdakı oğlan qızı qurd quzunu parçalayan kimi parçalayırdı. Qızsa... Heç nə anlamıram, o, deyəsən məni görürdü, elə yazıq, müdafiəsiz şəkildə qurban baxışlarıyla, kömək istəyərcəsinə o vəhşinin çiyinləri altından gözlərimin içinə baxırdı ki. Mənsə bu baxışların qabağında qorxuram deməkdən utana-utana əzilib lap balacalaşmışdım. Dayan bir, əgər qız məni görürsə demək indi oğlan da görəcək. Offf, bu yuxu idimi doğurdan? Bəs onda niyə bu qədər içdən bunların bir həqiqət olduğunu hiss edirdim? Qaçmaq lazımdır, özü də lap təcili. Ayaqlarım kilidlənib. Nə oldu yenə? Niyə alınmır? Ah, lənət, lənət olsun Şeytana, qurd kimi qurbanını parçalayan oğlan yeməyini yarımçıq buraxaraq başını mənə tərəf döndərdi. Deyəsən hardansa pis iy gəlir axı? Bu mənim şalvarım olmasın? Odur. Bu axı odur. Qoxusunu unutmadığım, feromonların məni qoxusuna əsir elədiyi o adam. Hər gecə yatmazdan əvvəl xəyalını qurduğum, bir də nə vaxt görəcəyimi gözlədiyim o. Bu həm odur, həm də o deyil. İndi o daha güclü görünür, həm də qorxunc. Çənəsinin altından, uzun gözəl barmaqlarını əvəzləmiş caynaqlarından qan damcılayır. Biz baxışırıq. Təxminən beş dəqiqə qədər çəkir bu. Mən onun haqqında düşünürəm, yəqin o da məni necə ikiyə ayıracağını, hansı paramı nə vaxt yeyəcəyini düşünür. Və... mənə toxunmur. Heç yerindən qımıldanmır da. Elə bu vaxt, çətin anlarımda olduğu kimi sürətli dərketmə düyməsini basıram və hə, bu canavar yüz faiz mənim ona nə qədər məftun olduğumu bilə-bilə mənimlə əylənir, - deyə ağlımdan keçirirəm. O isə mənim yersiz varlığımı faş etsə də, alovlu gözləriylə qorxudan səndələyən, əsməcəli bədənimə, naqolay hərəkətlər nümayiş etdirən mənə eləcə baxmağı seçir. Və göz bəbəklərimizin toqquşduğu anda yuxu da bitmiş olur.

Nəhayət ayılıram... Gözlərimi açanda anamı görürəm. O, yenə deyinir, - indi də yuxuda gəzirsən küçük!!! Dəlixanadıye elə bil, ev deyil, bezmişəm əlinizdən.

Başım partlayır ağrıdan. Bədənim çox yorğundur. Hardayam mən? Evimizdə, özü də qapının ağzında. Sonra çox güclü qolların məni qaldıraraq yatağıma buraxdığını hiss edirəm, amma yorğunluqdan göz qapaqlarım o qədər ağırlaşmış haldadır ki, nə onları qaldıra, nə də məni qollarına alanın kim olduğunu görə bilmirəm. Dayan, dayan bir, mən bu qoxunu tanıyıram, bu onun qoxusudur.

Ertəsi gün anam iki gündür yuxuda olduğumu deyir. Söhbətə mən gözlərimi açar-açmaz elə yatağımın baş ucundaca başlayır. -Zalımın balası o qədər yatırsan ki, heç dünya dağılsa xəbərin olmayacaq. Təzə qonşumuzu tanımırsan? Emini deyirəme. Çox qəşəng oğlandır, maşallah. Özü də subaydır deyəsən. -Məgər bu söhbətlərin yeridir yuxudan oyanar-oyanmaz. Amma anadır, axı. Gərək cavab verəsən. Çiyinlərimi çəkərək, ma, yaxşı da, mənə nəye o subaydır, yoxsa evli. Qoy yatım,- deyə donquldanıram.

- Əlbəttə, sənə nə o subaydır. Sən axı haranın cındırı var onu sevirsən. Sadəcə dünən qapımızı döyüb, bir-iki söz soruşdu. Baxdım ki, yaxşı uşaqdı. Dur görüm ayağa. Bura bax, bəs güzgünü kim sındırıb? Özü də düz ortadan bölünüb.

- Ahhhhh (əsnəyirəm). Hansı güzgünü deyirsən?

- Korsan? Sənin otağındakını deyirəm də.

Düzü səhərin bu tezdənindən eşitdiyim ən pis şey heç də güzgünün sınışı olmadı. Anam otağımdakı böyük divar güzgüsünün sındığını deyəndən sonra başımı hələ də yastıqdan qaldırmamış halda fikrə getdim. Yox, inanmıram. Bu ola bilməz. Mümkün deyil. Axı mən yuxudaydım.

Sükutumdan, key-key tavana baxışımdan hövsələsi daralan anamın sualına son bir dəfə sualla cavab verməyə cəhd elədim. Çünki ola bilərdi ki, mən yanılam. Axı son zamanlar ağlım çox havada olurdu, özümdə olmurdum. Yanımda baş kəssəydilər belə reaksiya verə bilməyəcək qədər süst vəziyyətlərim olurdu.

- Doğurdan deyirsən, ana? Güzgü sınıb?

Anam yorğanımı sinirli tövrlə qaldırıb, dur, dur ayağa özün bax, – dedi.

Bu nə idi axı? Baş açmıram. Qurban olum, ilahi, de ki, yenə bir yuxunun içindəyəm. Hamısı keçəcək, hamısı.

Yorğanımı ehmalca kənara itələyib, bir yük maşını dolusu ağır daş daşımış kimi yorğun, heysiz bədənimi dikəldirəm. Daha əvvəl də dediyim kimi, həmin güzgü üzü mənim yatağıma tərəf baxan divardan asılmışdı. Onu görmək üçün başımı yataqdan bir az qaldırmağım da bəs edirdi. Hə, o sınmışdı. Yuxudakı halına bənzəyişinə, yəni böyük ustalıqla tən ortadan ikiyə ayrılışına da söz ola bilməzdi. Nə yalan deyim, onu görcək donub qaldım, anama da deyəsi bir sözüm yox idi. Nə deyəcəkdim ki guya? Hansısa sərsəm yuxudan necə dəm vuraydım axı ona? Bir az havaya ehtiyacım var idi. Axır vaxtlar tez-tez boğulmalarım olurdu. Həkimlər bunu əsəblə də əlaqələndirirdilər. Görünür onların sözünə bundan sonra yaxşı baxası olacağam.

- Noldu, bala? De görüm nə hoqqadır? Kim sındırıb güzgünü?

Anam sualı sual dalınca yağdırmağındaydı.

Haqqı da var idi. Bu axı onun cehizliyiydi. Amma mənim ona verəcək bir dənə də olsun məntiqli və həqiqi bir cavabım yox idi. Və birdən yenə qulağımda uğultular qopdu, başım hərləndi. Yıxılacam. Yıxılacam. Yıxıldım. Gözlərimi açanda pəncərə qarşısındaydım, ilk gördüyümsə həyətdə boydan-boya qurulmuş matəm çadırları oldu. Anam da yanımda idi. Yazıq qadın çox təlaşlanmışdı.

Özümə gələr-gəlməz anamın doğma, ən müdafiəsiz vaxtımda eşitsəm toxtayıb, güc tapıb heç nədən qorxmayacağım səsiylə, - necə oldun yaxşısanmı indi?- cümləsini eşitdim. Bu nə gündür, ay Allah. Yenə məhəlləmizdə yas çadırı qurulub. Başım da ağrıyır. Yaman qara-qura bir başlanğıc oldu bu gün.

Anamın - necə oldun yaxşısanmı indi?- sulalını qulaqardına vurub, müsəlmanın onu ölüm anında belə haqlayan qəribə marağıyla sifətimi əyərək -ma, məhəlləmizdə kim ölüb?- deyə soruşdum.

Güzgünün, elə mənim də aqibətim ona pis təsir eləmişdi. Ona görə də nəsə yaman fikirli görünürdü, - bilmirəm, bir qız.

Sonradan anamın dediklərinə görə, qəsəbəmizin bütün dedi-qodularından anında xəbərdar olan bibim dünən yenə səhərin gözü açılmamış bəd xəbərlə bizə gəlibmiş. Və onun dediklərinə görə, məhəlləmizdəki kanalizasiyada başı gövdəsindən ayrılmış, bədəni süzgəci xatırladan bir qız cəsədi tapılıbmış. Bir də hə, üzbəüz mənzilə köçən qonşumuz qaranlıqda toqquşduğum və o andan bəri beynimin bir küncündə şirin xatirəyə çevrilmiş o adam imiş. Özü də adı Eminmiş. Ən pisi isə, hələ də bir günə bu qədər hadisənin necə sığışdığını dərk edə bilmirdim, yəqin beynim kiçilmişdi. Bax, bunu biləndən sonra ölməyin lap yeri var idi. Məgərsə dünya nə qədər balacaymış. Yaşadıqlarımın, yəni güzgü əhvalatının, qəddarcasına qətlə yetirilmiş qızın ölümünün məhz həmin gecəyə təsadüf etməsinin, yuxularımla o sirli, məni qoxusuyla dəli edib ardınca sürükləyəcək qədər valehedici olan o adamın bağlılığının və bir də ağlıma gəlsə də, beynimdən qovmağa çalışdığım, bir saniyə belə olsun təsəvvürümə belə gətirə bilmədiyim, onun bir qatil olacağı fikrinin yalnız və yalnız bir yuxu olmasını elə çox istəyirdim ki. Əksi məni düşünə bildiyinizdən də çox qorxudurdu....

Bir də bütün bu yaşadıqlarımdan sonra anladım ki, sən demə hər şey hələ indi başlayır. Mən nənəmin qorxulu nağıllarıyla böyümüşdüm. Yəqin elə buna görə də həyatım heç vaxt başqalarınınkı kimi normal olmayacaqdı. Bir də mən onu da anladım ki, yenə heç kim mənə inanmayacaq, necə ki, uşaq vaxtı evin içində dolaşan, məni yuxudaykən boğub, boğazımda ayılandan sonra güzgüdəki əksimdə hər səhər görəcəyim bir iz buraxan qara adamları görüb anama danışanda ilk dəfə mənim problemli uşaq olduğumu düşünərək günlərlə eyni bir otağa zəbt etmişdi.

# 1837 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #