Kulis.az Türkiyədə romanı çap olunan onuncu sinif şagirdi Elmira Rüstəmli ilə müsahibəni təqdim edir.
- Özünüzü təqdim edərdiniz.
- Adım Elmira Rüstəmlidir. 2001-ci ildə anadan olmuşam. R.Ənnağıyev adına 141 nömrəli orta məktəbin 10 D sinfində oxuyuram.
- Neçə yaşından yazırsınız?
- 2015-ci ildən yazıram. On dörd yaşımdan. Amma əvvəllər də özüm üçün cızma-qara edirdim.
- Hansı janrda yazırsınız?
- Mən roman yazıram.
- Azərbaycan dilində?
- Yox, türk dilində.
- Yazılarınızı türk saytlarına göndərmək fikri necə yarandı?
- Wattpad adlı, sadəcə roman, hekayə və şeirlərin yazıldığı bir proqram var. Orada qeydiyyatdan keçdikdən iki ay sonra kitab yazmağa cəhd etdim. Oxucuların çox hissəsi türk olduğu üçün kitabı türk dilində yazmağa qərar verdim.
- Əsərinizi çap etmək ideyası onlardan gəldimi?
- 2016-cı ilin fevralında “Herdem Kitap" adlı türk kitab evindən təklif gəldi.
- Romanın adı nədir?
- “Siyah papatya”, yəni “Qara çobanyastığı”.
- Əsər nədən bəhs edir?
- Əsər ailə dramı ilə başlayıb eşq hekayəsi ilə davam edir. Ailə münaqişəsinin səbəbkarı atası olduğu üçün gələcək həyatında insanlarla münasibətində problemlər yaşayan Melisin həyatına Kağan daxil olur, onun dünyaya baxışına təsir edir. Əsərdə hadisələr Türkiyədə baş verirdi. Bunları saytda hissə-hissə çap edirdim. Romanı bitirməmişdən mənə təklif gəldi ki, daha saytda davamını yazmayım, onlar kitab çıxaracaqlar. Mən də razılaşdım. Əsərin qalan hissəsi kitab şəklində çıxdı. Skayp üzərindən danışıb razılaşdıq, müqaviləni göndərdilər imzaladım.
- Kitab nə qədər tirajla çıxıb?
- 2200 tirajla çıxıb.
- Nə vaxt çıxdı?
- Bu il yanvarın 31-də mənə yazdılar ki, kitab üzərində iş bitdi. Fevralın birindən Türkiyədə mağazalara paylanılıb.
- Satışdan sizə qonorar ödənilirmi və satış necə gedir?
- Müqaviləyə əsasən gəlirdən on faiz ödəniləcək. Qiyməti 24 lirədir.
- Bundan əvvəl yazı təcrübəniz olubmu?
- Aha, özüm üçün yazırdım.
- İndi təzə nəsə yazırsız?
- Bəli. Yeni roman üzərində işləyirəm. O da eşq mövzusundadır. Həmin saytda mənim yazılarıma baxış sayı 3 milyondan çoxdur.
- Yazdıqlarınız başınıza gələnlərdir, ya xəyal məhsulu?
- Xəyal məhsuludur. Mənim xəyal dünyam çox genişdir. Bunun səbəbini evin tək uşağı olmağımda görürəm. Çünki evdə çox zaman yalnız qalırdım və bu da xəyal dünyamın inkişafına böyük təsir edirdi.
- Oxucuların rəyi necə olurdu?
- Düzdür, pis rəylər də alırdım, amma yaxşı rəylərim daha çox idi. Mənim oxucularımın əksəriyyəti türkdür. Azərbaycanlı olduğumu öyrənəndə daha da maraqlı gəlirdi onlara. Necə belə sərbəst və düzgün yazdığımı soruşurdular. Azərbaycanlı olduğumu bilməyənlər də bəzi yazı xətalarım üçün pis rəy yazırdılar. Amma azəri olduğumu dedikdən sonra başa düşürdülər və üzr istəyirdilər.
- Türk dilini yaxşı bilirsiz?
- Türkcə kitab yazacaq səviyyədə bilirəm. Sadəcə bəzən cüzi səhvlərim olurdu. Çünki türklərlə bizim yazımız arasında çox fərq var. Onu da kitabın redaktəsi vaxtı aradan qaldırdılar. Mənim Türk dili təhsilim yoxdur, özüm öyrənmişəm.
- Türkiyəyə oxucularla görüşə dəvət edirlər?
- Edirlər. Amma imkanımız olmadığı üçün gedə bilmirik.
- Bəs Azərbaycanda çap etmək fikriniz yoxdu?
- Çox istərdim ki, burda da çap olunsun. Amma bizdə mühit Türkiyədəki kimi deyil, nəşriyyatlar özləri çap etmirlər. Mənim maddi durumum da buna yol vermir.
- Bizim yazıçılardan kimləri oxuyursuz?
- Abituriyentəm və 3-cü qrupa hazırlaşdığım üçün bir çox tanınmış Azərbaycan yazarlarını oxumaqla yanaşı xarici ədəbiyyatla da maraqlanıram.
- Gələcək planlarınız nədir?
- Vəkil olmaq istərdim. Fəqət bununla bərabər oxucularımın həyatında mühüm dəyişikliklər edə biləcəyim əsərlərin sahibi olmaq da məni xoşbəxt edər.