Kulis.Az Vladimir Nabokovun “Burada rusca danışılmalıdır” hekayəsini təqdim edir.
Martın Martınıçın tütün mağazası küçənin qurtaracağında yerləşən binalardan birindədir. Tütünçülərin küçə tinlərində, künc-bucaqlarda iş qurmağa meyilli olmaqlarına heç də təəccüblə baxılmamalıdır, belə ki, Martının alveri yağ kimi gedir. Vitrini xeyli balaca olsa da yaxşı təşkil olunub. Balaca güzgülər vitrində sərgilənənlərə canlılıq qatır. Vitrinin alt qismində masmavi rəngdə kələ-kötürlü məxməri parçanın üstündə otel adlarında da istifadə olunan o parlaq, gözoxşayan, beynəlxalq dillərdəki adların eynisini daşıyan rəngarəng siqaret qutuları yerləşdirilib; üst tərəfdə isə yan-yana düzülmüş siqarlar yüngül evciklərində gülümsəyirlər.
Bir zamanlar Martın yaxşı gün-güzəranı olan bir mülkədar idi. Oğlu Petya ilə mən, “Mayn Rid”ə dadanmış və skarlatina (boğazda ağrı və bədəndə qırmızı səpgilər şəklində təzahür edən yoluxucu xəstəlik – tərc.) xəstəliyinə eyni anda yoluxmuşduq. Martın, xatirələrimdə o möhtəşəm traktoruyla qalıb, üstündən on beş il keçsə də hələ də mallarını satdığı o işlək mağazaya baş çəkməkdən əlahiddə zövq alıram.
Fəqət keçən ildən başlayaraq xatirələrdən başqa bir-birimizlə bəzi şeylər də bölüşürük. Martının bir sirri varmış və mən də o sirri öyrənib, sirr ortağı oldum. “Hər şey yaxşıdır?” deyə pıçıltıyla soruşanda, o da çiyninin üstündən arxaya boylanaraq eyni qısıq səslə “Hə, Allaha şükür, sakitlikdir” deyə cavab verər. Sirrimiz olduqca qeyri-adidir. Xatırladığım qədər, bir dəfə Parisə getmək üzrəydim və ondan bir gün əvvəl axşamacan Martının mağazasında oturdum. İnsan ruhunu böyük bir mağazaya, gözlərini isə qoşa bir vitrinə bənzətmək olar. Əgər Martının gözlərinə baxası olsaq, isti (mehriban – tərc.) və qəhvəyi tonlar dəbdədir. Bu gözlərdən çıxan nəticə: ruhunun içindəki mallar qeyri-adi keyfiyyətə malikdir. Əlavə olaraq, ruslara xas boz, tərtəmiz bığlar. Yaxud o çiyinlər, o duruş, o əda... Bir vaxtlar onun qılıncıyla bir dəsmalı iki yerə böldüyünü danışardılar ki, bu da Şir Ürəkli Riçardın qəhrəmanlıqlarından biridir. İndi isə mühacir dostları qibtəylə “Bu adam imtina etmədi, əsla təslim olmadı” deyə bilərlər.
Arvadı sol burun dəliyinin üstündə ət xalı olan kök, yumrusifət yaşlı bir qadındır. İnqilabın iztirablarından sonra zavallı qadın həssas bir tik qazanmışdı: qəfildən, aramsız olaraq bir gözü tez-tez yuxarı dartınırdı. Petya da atası kimi iribədənli idi. Onun sakit çöhrəsi və gözlənilməz yumoru xoşuma gəlirdi. İri, ətli bir üzü (atası “Bu üzə bir baxın, ətrafını gəzməyə üç gün bəs etməz” deyərdi) və hər zaman dağınıq qızılı qəhvəyi saçları vardı. Petya şəhərin adamları az olan bir bölgəsində yerləşən az gəlirli balaca bir kinoteatrın sahibiydi. Və bütün ailə eyni evdə yaşayırdı.
Səfərimin əvvəlki gününü piştaxtanın böyründə oturub Martının müştəriləri yola salmağına baxa-baxa başa vurdum - əvvəlcə iki barmağını piştaxtanın üstünə söykəyib xəfifcə qabağa əyildi, sonra rəflərə doğru addım atdı, əl uzadıb bir siqaret qutusu götürdü, onu baş barmağının dırnağıyla aça-aça xəbər aldı: “Einen rauchen?”. Həmin günü xatırlamağımın özəl bir səbəbi var: Petya, üst-başı bərbad, əsəbdən qudurmuş bir halda qəfildən içəri girdi. Martının qohumu (bacısının qızı) Moskvada yaşayan anasının yanına qayıtmağı qərara almışdı, Petya da məhz buna görə Xarici İşlər Nazirliyində xidmət göstərən bir neçə nümayəndə ilə görüşməyə getmişdi. Məmurlardan biri ona məlumat verərkən, o birisi – açıq-aşkar hökumət siyasətini nümayiş etdirən biri – güclə eşidiləcək pıçıltıyla: “Bütün Ağqvardiyaçı əclaflar gərəksiz artıqlardır” demişdi.
“Onu parça-parça edərdim” dedi Petya, yumruğunu ovuca endirərək, “Amma əfsus ki, Moskvadakı xalam yadıma düşdü”
“Onsuz da vicdanını sızıldadacaq bir-iki qələt də etmisən” deyə donquldandı Martın sevəcənliklə. Son dərəcə gülməli bir hadisəyə eyham vurmaqdaydı. Qısa müddət əvvəl, Petya ad günündə varlığı ilə Berlinin ən sadə küçələrindən birində ad çıxarmış sovet kitab evinə getmişdi. Burada kitablardan başqa əl işi olan bir neçə xırda-xuruş şeylər də satılır. Petya gəlinciklərlə bəzədilmiş və üzərinə tipik bir bolşevik çəkicinə yaraşan şüarlar yazılmış bir çəkic bəyəndi. Mağazadakı satıcı başqa alınası bir şey varmı deyə xəbər aldı. “Hə, var” dedi Petya, başıyla cənab Ulyanovun gipsdən düzəldilmiş kiçik büstünə işarə edərək. Büstlə çəkicə birlikdə on beş mark ödədi, bircə kəlmə də demədən, elə oradaca piştaxtanın üstündə çəkici elə bir zərbəylə büstün təpəsinə vurdu ki, cənab Ulyanov parça-parça oldu.
Bu əhvalat çox xoşuma gəldi, eyniylə unudulmaz uşaqlıq çağlarından qalma, insanın qəlbini isidən o sarsaq aforizmləri xoşladığım kimi. Martının sözlərindən sonra gülərək Petyaya baxdım. Petya isə dodaq büzərək çiyinlərini atıb, qaşlarını çatdı. Martın dolabı eşələyərək ona mağazadakı ən bahalı siqaretlərdən birini verdi. Ancaq, bu, Petyanın kefini açmadı.
Altı ay sonra Berlinə gəldim. Bir bazar səhəri ürəyimdən Martını görmək keçdi. Həftə içi mağazadan evinə rahatlıqla keçə bilirdi, çünki bina – üç otaq və bir mətbəx - mağazanın düz arxasındaydı. Lakin əlbəttə ki, bazar səhəri mağaza bağlı idi və vitrinin qəfəsli örtüyü üzünə endirilmişdi. Qəfəsli örtüyün arasından qırmızı və qızıl sarısı qutulara, əsmər siqarlara, bir küncə vurulan sadə bir xəbərdarlığa – “Burada rusca danışılmalıdır” – tezcənə göz gəzdirdim və vitrinin çox cəlbedici olduğu qənaətinə gələrək həyətdən Martının mənzilinə keçdim. Qəribədir, Martın gözümə əvvəlkinə nisbətən daha şən, qayğısız və təbəssümlü göründü. Petya isə az qala tanınmaz haldaydı: Yağlı və dağınıq olan qıvrım-qıvrım saçları arxaya daranmışdı, xəfif, utancaq bir təbəssüm dodağından düşmürdü, xoş bir sükunət içindəydi və sanki əlində qiymətli bir qutu daşıyırcasına qəribə, şən və xoşagələn bir hiss hərəkətlərinə yumşaqlıq qatmaqdaydı. Təkcə ana həmişəki kimi solğundu və qazandığı o tik xəfif yaz şimşəkləri kimi üzündə görünüb itirdi. Səliqəli qonaq otağında əyləşmişdik və digər otaqların da – Petyanın və valideynlərinin yataq otaqlarının da eyni dərəcədə isti və təmiz olduğundan əmin idim və bu məni məmnun edirdi. Limonlu çay içdim, Martının şirin söhbətlərini dinlədim və mənzillərində nəsə qəribə bir şeyin ortalığa çıxacağı kimi mistik və şən bir qorxunu, titrəməni üstümdən ata bilmədim. Elə bir həyəcan ki, məsələn, bəzi evlərdə qəfildən gənc bir ananın meydana çıxması kimi bir düşüncənin həyəcanı. Martın qayğılı bir düşüncəylə oğluna baxdı, Petya da qalxıb otaqdan çıxdı və təzədən otağa qayıdanda atasına hər şey yaxşıdır mənasını daşıyan baxışla cavab verdi.
Qocanın danışığında mənə yad görünən sirli, müəmmalı nəsə vardı. Parisdən və fransızlardan söhbət açmışdıq ki, Martın qəfildən soruşdu: “De görüm, Parisin ən böyük həbsxanası hansıdır?” Bu haqda məlumatsız olduğumu dedim, lakin özlərini mavi rəngə boyamış qızların ərsəyə gətirdiyi və eyni zamanda aktrisalıq etdiyi bir Fransız teatrından söhbət açdım.
“Siz bunda maraqlı nə tapmısınız” deyərək sözümü kəsdi Martın. “Məsələn, deyirlər, həbsxanada qadınlar divarları qaşıyıb əldə etdikləri quru boya tozlarıyla üzlərini, boyunlarını, ora-buralarını pudralayırlar”. Sözlərinin isbatı olaraq otağından almaniyalı kriminalistika mütəxəssisi tərəfindən yazılmış qalın cildli bir kitab gətirdi və həbsxanadakı həyat haqda yazılmış bir fəsli açdı. Mövzunu dəyişdirməyə cəhd etdim, amma hansı mövzuya toxunsam, Martın ustalıqla söhbəti yönləndirir, qəfildən ayılırıq ki, ölüm hökmü ilə müqayisədə ömürlük həbs cəzasının daha insani olduğu, yaxud cinayətkarların həbsdən qaçmaq üçün düşündükləri möhtəşəm qaçış planları barədə müzakirələr edirik.
Çaş-baş qalmışdım. Hər cürə mexaniki şeylərə meylli olan Petya öz saatının yayını cib bıcağıya qurcalayır və için-için gülürdü. Anası isə naxış salır, arada tostları (qızarmış çörəkləri – tərc.) və mürəbbəni önümə itələyirdi. Martın gur saqqalını tumarlayaraq sarıya çalan qəhvəyi rəngli gözləriylə mənə bir nəzər saldı və sanki birdən içində nəsə baş qaldırdı. Masaya bir şillə çəkib oğluna tərəf çevrildi və “Daha gözləyə bilməyəcəm, Petya, ona hər şeyi danışmasam, bağrım çatlayacaq” dedi. Petya səssizcə başını aşağı saldı. Martının arvadı mətbəxə getmək üçün ayaqlanmışdı. Xoşniyyətliliklə başını yelləyərək “Sən boşboğazın birisən” dedi. Martın əlini çiynimə qoydu və məni elə silkələdi ki, bağçada bir alma ağacı olsaydım, bütün almalarım səs-küylə yerə tökülərdi; daha sonra üzümə baxaraq “Sənə xəbərdarlıq edirəm” dedi. “Sənə elə bir sirr, elə bir sirr verəcəm ki... nə bilim e. Amma bax ha, çox gizlidir. Heç kəsə heç nə deməməlisən. Yaxşımı?”
Ardınca mənə tərəf əyilib tütün və yaşlı bədəninin qoxusunu üstümə bulaşdıraraq, həqiqətən, valehedici bir əhvalat danışdı. (Bu hekayədə real həyatdakı Martının kim olduğunu aşkara çıxaracaq hər cür xüsusiyyətlər və onu tanıtdıracaq nişanəlar qəsdən dəyişdirilmişdir. Bunu ona görə qeyd edirəm ki, hər yerə burnunu soxan bəzi adamlar zəhmət çəkib “künc-bucaqlardakı tütünçülər”in dalınca düşməsinlər – müəllif)
“Sən yola düşəndən az sonra bu baş verdi” deyə danışmağa başladı Martın. “Mağazaya bir müştəri gəldi. Açıq-aşkar bilinirdi ki, divarda asılan xəbərdarlığı görməyib, çünki mənə almanca müraciət etdi. Bunu xüsusilə vurğulamalıyam: Əgər bu xəbərdarlığı görsəydi, bu sadə mühacir mağazasına ayaq basmazdı. Nitqindən rus olduğunu o dəqiqə başa düşdüm. Həmçinin, üzü xalis rus üzü idi. Sözsüz ki, mən də rusca danışmağa başladım və hansı qiymətə, nə cür siqaret istədiyini soruşdum. Narazılıq dolu bir çaşqınlıqla mənə zilləndi və “Haradan bildiniz, rus olduğumu?” deyə soruşdu.
Yadıma düşən qədəriylə deyim ki, son dərəcə mədəni şəkildə cavab verdim və siqaret adlarını sadalamağa başladım. Elə bu andaca Petya içəri girdi. Müştəri görəndə təmkinini qoruyaraq “Aman, nə xoş bir təsadüf” dedi. Bizim Petya bunu deyib ona yaxınlaşsın və yanağının ortasına bir yumruq ilişdirməsinmi! Adam yerindəcə dondu. Petyanın sonradan mənə dediyinə görə bu hadisə qurbanın yerə sərilməsiylə nəticələnən adi bir nokaut deyil, məxsusi nokautdur: Petya təsirini tədricən göstərəcək bir yumruq ilişdirmişdi və adam mağazadan güc-bəla yeriyərək çıxdı, sanki ayaq üstə yuxulamışdı. Az sonra isə bir qala kimi ağır-ağır aşmağa başladı. Bundan sonra Petya adamın arxasına keçib qollarından yapışdı. Baş verənlər son dərəcə çaşdırıcı idi. Petya “Ata, kömək et” dedi. Ondan nə oyun çıxardığını soruşdum. Petya isə təkcə “Ata, kömək et” deyə bağırırdı. Mən öz Petyamı tanıyıram – heç dodağını, burnunu büzmə, Petya – ayaqlarını torpağa nə üçün basdığını, düşüb-daşınaraq hərəkət etdiyini və durduq yerə heç kəsi bir yumruqla yerə sərmədiyini çox yaxşı bilirəm. Huşunu itirmiş adamı mağazadan keçidə, oradan da Petyanın otağına daşıdıq. Elə o məqamda qapının zəngi çalındı – mağazaya bir müştəri gəlmişdi. Allaha şükür, bir az əvvəl gəlmədi. Təzədən mağazaya keçdim, malımı satdım demişdim ki, bir də baxdım arvadım bazarlıqdan qayıdır. Mağazanı tezcə ona tapşırıb bir kəlmə də demədən sürətli addımlarla Petyanın otağına getdim. Adam gözləri yumulmuş halda yerdə uzanmışdı. Petya masanın yuxarı tərəfində oturmuşdu, qayğılı gözlərlə dəridən hazırlanan iri bir siqar qutusu, yarım düjün açıq-saçıq açıqcalar, bir portmanat, bir pasport, köhnə olsa da yararlı sayılacaq bir tapança kimi xırda-xuruş şeyləri tədqiq etməklə məşğul idi. O dəqiqə vəziyyətə aydınlıq gətirdi. Sənin də fikirləşdiyin kimi bu xırda-xuruş şeylər adamın ciblərindən çıxmışdı, o adam isə - Petyanın əhvalatını xatırladın? – “Ağqvardiyaçılar gərəksiz nəcislərdir” ifadəsini işlədən həmin nümayəndə idi. Hə, həmin adam idi! Və bir neçə sənəddən çıxış edəsi olsaq, yüz faiz siyasi idarənin adamıdır. “Eh, nə etmək olar” dedim Petyaya, “Hərifin birinin üzünə yumruq ilişdirdin. Buna layiq idi ya yox, qalsın başqa səfərə; amma xahiş edirəm, indi nə etmək istədiyini mənə de. Deyəsən, Moskvadakı xalan, ümumiyyətlə, yadında çıxdı”. “Doğrudan e” dedi Petya. “Bir çarə tapmalıyıq”.
“Tapdıq da! Əvvəlcə möhkəm bir ip tapıb məmurun əl-qolunu bağladıq, ağzına da məhrəba tıxayıb iplə sarıdıq. Bu məqamda adamın huşu özünə qayıtdı və gözlərinin birini açdı. Yaxından baxanda üzü həm itələyici təsir bağışlayırdı, həm də heyrətli – alnında qotur bir ləkə görünürdü, bığlı, soğanabənzər burnu vardı. Petyayla mən onu yerdə uzanalı vəziyyətdə qoyub düz yanında əyləşdik və məhkəmə qurduq. Uzun-uzadı mübahisələr etdik. Petyaya etdiyi təhqirdən çox – bu ancaq xırda bir detal idi – adamın peşəsi və Rusiyada etdiyi cinayətlər üzərində dayandıq. Müttəhimə son sözlərini demək haqqı verildi. Məhrəbanı ağzından çıxaranda inildədi, öyüdü və “Baxarsınız, əlbət, bunun haqq-hesabını sizdən soruşarlar”dan başqa nəsə demədi. Məhrəba təzədən ağzına taxıldı və məhkəmə davam etdi. Əvvəlcə tələblər qarşılıqdı idi. Petya ölüm hökmü tələb etdi: mən isə bu hökmün ömürlük həbs cəzasıyla əvəzlənməsini məsləhət gördüm. Petya mövzunu eninə-boyuna düşündü və qərara aldı. Mən, adamın yüz faiz günahkar olduğu, lakin bunu isbat edə bilməyəcəyimizi əlavə etdim; lakin peşəsi özlüyündə cinayət sayılırdı, bizim vəzifəmiz isə onu zərərsizləşdirməkdən ibarət idi. İndi ardına qulaq as”.
“Dəhlizin sonunda bir vanna otağımız var. İçində təbii ki, bir vanna da var və bu otaq olduqca qaranlıqdır. Suyu tez-tez kəsilir. Hərdən bir-iki tarakan da gözə dəyir. Qaranlıq olmasının səbəbi pəncərənin balaca olmağıdır və pəncərə tavana bitişikdir, həmçinin düz qarşısında, ən azı bir metr uzunluğunda möhkəm bir kərpic divar yüksəlir. Məhkumu məhz bu otaqda saxlamaq qərarına gəldik. Əlbəttə ki, əvvəlcə hücrənin hazırlanmağı lazım idi. Biz otaqla əlləşərkən məhkumu gözümüzdən kənar qoymayaq deyə əvvəlcə onu dəhlizə sürüməklə işə başladıq. Axşam düşdüyü üçün mağazanı kilidləyib mətbəxin yolunu tutan arvadım bizi gördü. Çaş-baş qaldı, əvvəlcə əsəbiləşdi, amma məntiqimizi tutdu. Anlayışlı qadın... Petya əvvəlcə mətbəxdəki möhkəm bir masanı kəsib-tökməklə işə girişdi. Masanın ayaqlarını çıxardı, lövhəsini vanna otağının pəncərəsinə mismarladı. Sonra kranları çıxardı, silindr şəkilli su qızdırıcını yerindən çıxardı və vannanın içinə döşək yerləşdirdi. Əlbəttə ki, ertəsi gün yenə də bəzi işlər gördük: Kilidi dəyişdirdik, qapının dəstəyini dəyişdirdik, pəncərədəki masa lövhəsini dəmirlə möhkəmləndirdik – üstəlik bütün bu işləri çox səs-küy salmadan etdik. Bilirsən ki, qonşumuz yoxdur, amma yenə də ehtiyatlı olmaq faydalıdır. Nəticə olaraq bura artıq bir həbsxana kamerası idi və siyasi idarə nümayəndəsini ora saldıq. Onu iplərdən azad etdik, məhrəbanı ağzından çıxardıq, əgər qışqırarsa, onu təzədən və uzun müddətlik bağlayacağımızla hədələdik; nəhayət vannanın içindəki döşəkləri kimin üçün qoyduğumuzu yaxşıca başa düşdüyünə əmin olduqdan sonra qapını kilidləyib bütün gecə növbəylə qapının qarşısında dayandıq”.
“O andan etibarən həyatımızda təzə bir səhifə açıldı. Mən artıq təkcə Martın Martınıç deyil, eyni zamanda həbsxana müdiri Martınıç idim. Əvvəllər, məhkum başına gələnlərin ucbatından elə təsirlənmişdi ki, özünü çox ağıllı aparırdı. Lakin çox keçmədi ki, əvvəlki vəziyyətinə qayıtdı və ona yemək gətirəndə söyüşlər yağdırmağa başladı. Dodağından tökülən söyüşləri təkrarlayan deyiləm; onun rəhmətə getmiş əziz anamı çox qəribə hallara saldığını deməklə kifayətlənəcəm. Qanuni nəticənin ona açıq-aşkar elan olunmasına qərar verildi. Qərara görə ömürlük həbs cəzasına məhkum edildiyini, mən öləndən sonra onun Petyaya miras qalacağını, Petyanın isə onu eyni şəkildə gələcək nəsillərə ötürəcəyini, beləliklə bunu bir növ ailə ənənəsinə çevirəcəyimizi ona ərz etdim. Bir ailə cəvahiratı kimi. Sözgəlişi, Berlinə köçməli olsaq – buna çox az ehtimal vardı – yaxşıca bağlanıb xüsusi bir sandığa qoyulacağını və bizimlə birlikdə çox rahat daşınacağını qeyd etdim. Ancaq və ancaq bircə halda amnistiya verilə bilərdi. Bolşevizmin sabun köpükləri partladığı an azadlığa çıxacaqdı. Sonda isə ona veriləcək yeməklərin yaxşı olacağına – bir vaxtlar ÇK tərəfindən həbs olunduğumda mənim yediklərimdən qat-qat yaxşısını – və özəl bir imtiyaz olaraq kitab oxumağa icazə veriləcəyinə dair söz verdim. Əslində indiyəcən yeməklər haqqında hansısa bir şikayəti olmamışdı. Düzdür, əvvəlcə Petya onu qurudulmuş çömçə balığıyla bəsləməyimizi məsləhət gördü, amma nə qədər axtarsa da bu sovet balığını Berlində tapa bilmədi. Onu burjuaziya yeməkləri ilə bəsləmək məcburiyyətində qaldıq. Beləliklə, hər səhər səkkiz tamamda Petya ilə otağa girib vannanın yanında bir kasa ətli isti şorba və bir dilim qara çörək qoyuruq. Həmçinin, təbii ehtiyaclarını ödəmək üçün ona xüsusi qazança almışıq, işini gördükdən sonra onun nəcisini də təmizləyirik. Saat üç tamamda ona bir fincan çay, yeddidə isə bir pors şorba verilir. Bu bəslənmə sistemi Avropanın ən yaxşı həbsxanalarındakı sistemi nümunə götürüb”.
“Kitab məsələsində bir az problem yaşandı. İlk olaraq bir ailədaxili iclas keçirdik və ona üç kitabın verilməsini qərara aldıq: “Knyaz Serebryanıy”, Krılovun “Nağıllar”ı və “80 gün Yer ətrafında səyahət”... Adam bunları “Ağqvardiya təxribatları” adlandırıb oxumayacağını bildirdi; buna baxmayaraq kitabları yanında qoyub getdik və hər birini məmnuniyyətlə oxuyacağından əmindik”.
“Əhval-ruhiyyəsi dəyişkəndir. Bir ara sakitləşdi. Yüz faiz nələrsə planlaşdırırdı. Bəlkə də polisin onun izinə düşəcəyinə ümid edirdi. Qəzetlərə nəzər saldıq, amma yoxa çıxmış ÇK casusundan bəhs edilmirdi. Hər halda digər məmurlar onun düşmən tərəfin maraqlarını qoruduğunu zənn edib hadisəni ört-basdır etməyi məsləhət biliblər. Adamın qaçmaq planları, ən azından qırağa xəbər ötürmək cəhdləri bu dönəmdə oldu. Hücrəsində ayaqlarını sürüyə-sürüyə yeriyirdi, yəqin pəncərəyə dırmaşmağa, taxtaları sökməyə, yumruqlamağa cəhd edirdi. Lakin bir-iki təhditdən sonra yumruq səsləri kəsilirdi. Bir dəfəsində də Petya içəri tək daxil olanda adam onun üstünə şığıyıb. Petya isə ona zərər vermədən sakitcə qucaqlayıb vannanın içinə uzandırıb. Bu hadisədən sonra adamda yenə dəyişilmə başladı, yenə özünü ağıllı aparmağa, üstəlik hərdən bir bizimlə zarafatlar etməyə başladı və nəhayətində bizə rüşvət təklif etdi. Bizə bir nəfər vasitəsiylə tapacağına vəd verdiyi möhtəşəm bir rəqəm oxudu. Bu da yaramadığından əvvəlcə ağlamağa başladı, daha sonra əvvəlkilərdən də betər söyüşlər yağdırmağa başladı. Bu dəqiqə qaşqabaqlı bir itaətkarlıq mərhələsindədir və məncə, heç də yaxşı əlamət deyil”.
“Hər gün onu dəhlizdə gəzmək üçün çıxarırıq və həftədə bir-iki dəfə açıq bir pəncərənin önündə hava almağını təmin edirik; əlbəttə, qışqırmamağı üçün hər cür tədbir görürük. Şənbə günləri yuyunur. Biz isə mətbəxdə yuyunmaq məcburiyyətindəyik. Pazar günləri ona qısa konfranslar verirəm və əlbəttə ki, gözümün qabağında siqaret çəkməyinə icazə verirəm. Bu konfranslar nə haqqındadır? Hər şey. Məsələn, Puşkin, ya da Antik dövr Yunan sivilizasiyası. Toxunulmayan bircə mövzu var: siyasət. Adam siyasətdən tamamilə uzaq saxlanılır. Belə bir şey dünyada, sanki, heç vaxt olmayıb. Xəbərin var? Bu sovet casusunu əsarət altında saxladığımdan və vətənə belə bir xidmət göstərdiyimdən bəri başqa biri olmağa başlamışam. Qayğısız və xoşbəxtəm. İşlərim də yağ kimi gedir, beləliklə bu adamı evimdə saxlamaq da problem olmur. İşıq pulu da nəzərə alsaq, ayda təxminən iyirmi mark pulum çıxır. Otaq çox qaranlıqdır, buna görə də səhər saat səkkiz tamamdan axşam səkkizə kimi cılız bir elektrik lampası yandırırıq”.
“Onun haradan gəldiyini bilmək istəyirsən?”. Deməli, belə... İyirmi dörd yaşındadır, kənddə yaşayıb, di gəl, kənd məktəbindən məzun olmağı belə şübhəlidir, “səmimi kommunist” deyilən növdəndir, bircə siyasi təhsili var, belə ki, bu, bizim lüğətimizdə kütbeyinlərdən səfeh düzəltmək adlanır – bütün məlumatım bu qədərdir. İstəyirsənsə, onu sənə göstərə bilərəm. Ancaq, unutma, ağzını möhkəm saxlamalısan”.
Martın dəhlizə çıxdı, Petya və mən ardınca getdik. Əynində rahat bir ev jaketi olan yaşlı bir adam həqiqətən də, həbsxana gözətçisinə bənzəyirdi. Addımlayarkən açarı çıxartdı və peşəkarcasına kilidə saldı. Kilid iki dəfə tıqqıldadı və Martın qapını axıradək açdı. Vanna otağı qaranlıq və rütubətli deyil, əksinə son dərəcə komfortlu alman evlərindəki kimi görkəmli, geniş bir otaq idi. Abajurun altında elektrik lampası parlaq, amma gözü yormayan bir işıq saçırdı. Sol tərəfdəki divarda bir güzgü parıldayırdı. Vannanın düz yanındakı komodun üstündə kitablar, tərtəmiz bir boşqabda qabığı soyulmuş portağal və qapağı açılmayan bir butulka pivə vardı. Ağ vannanın içində, tərtəmiz döşəkağı keçirilmiş bir döşəyin üstündə, uzun saqqallı, cin baxışlı, kök bir adam, başının altında böyük bir yastıq, əynində bir penjama (ağasının köhnələn paltarlarından), ayağında isti, yumşaq çəkələklə uzanıb yatmaqdaydı.
“Hə, nə deyirsən?” deyə soruşdu Martın.
Səhnə mənə xeyli gülməli görünürdü və nə cavab verəcəyimi bilmirdim. “Pəncərə burada idi” dedi Martın, barmağıyla nişan verərək. Pəncərə, həqiqətən də, böyük ustalıqla qapadılmışdı.
Məhkum əsnədi və üzünü divara çevirdi. Otağı tərk etdik. Martın gülümsəyərək cəftəni sığallamağa başladı. “Əgər bəxti gətirərsə, buradan qaçar” dedi və ani fikrə dalıb əlavə etdi: “Düzü, burada hələ neçə il qalacağı özümə də maraqlıdır...”
1923
Tərcümə: Məhəmməd Tanhu