Çexovun qəddarlığı - Samirə Əşrəf yazır...

Çexovun qəddarlığı - <span style="color:red;">Samirə Əşrəf yazır...
26 oktyabr 2017
# 17:30

Kulis.az Samirə Əşrəfin “6 nömrəli palata” cəmiyyətin kiçildilmiş modeli...” yazısını təqdim edir.

Əvvəli burda

Həyat insana qüssə verən bir tələdir...

Yefimıç bilirdi ki, o, cəmiyyətdə baş verən eybəcərliklərə, ikiüzlülüklərə, qanunsuzluqlara qarşı təkdir. Xəstəxanadakı xəstələrə etdiyi kömək isə yarıtmaz və faydasızdır. Bu səbəbdən də o, özünü hər gün yüzlərlə insanı aldadaraq, onları müalicə edə bilməyən böyük yalançıdır. İnsanlar isə öz iradələrinin xaricində qəflətən bu dünyaya düşmüş zavallılardır. Əgər insan gübrəyə çevrilib torpağa qarışaraq yer kürəsi ilə birgə milyon il günəş ətrafında fırlanacaqdısa onda zəka və düşüncə insana nə üçün verilmişdi? Bəlkə əzab çəkmək üçün? Elə isə insanları müalicə etmək, onların ölümünə mane olmaq nəyə lazımdır? Heç olmasa şüurlu həyatın sonu şüurlu və fiziki əzabla sona çatsın.

Bu kimi fikirlər Yefimıçə rahatlıq vermir, onu laqeydliyə sürükləyirdi. Yefimıç yaşadığı şəhərdə heç kimlə ünsiyyət qura bilmir. Buna görə də gününün böyük hissəsini mütaliəyə ayırırdı. Onunla söhbət etməyə gələn poçt müdiri Mixail Averyanıçin hay-küylü söhbətlərinə candərdi qulaq asır, günün sonunda isə yorğanı başına çəkib yatırdı.

Bir gün isə poçt müdirini yola salarkən Yefimıç küçədən yenicə qayıdan Moysekanı görür. Moyseka ondan bir qəpik istəyəndə Yefimıçın nəzərləri onun şaxtadan donub qızarmış ayaqlarına dikilir. O, Nikitanın yanına gedərək çox ehtiyat və nəzakətlə Nikitadan Moyseka üçün bir cüt çəkmə tikdirməsini xahiş edir.

Palatanın xəstəsi İvan Dmitriçlə də burada rastıaşır. İvan Yefimıçın səsini eşidən kimi onu tanıyır. Onu kinayə və ironiya ilə qarşılayır. Yefimıç İvanın onun ünvanına dediyi təhqir dolu sözlərdən incimir. Əksinə neçə vaxtdan bəri daxilində gəzdirdiyi günahkarlıq duyğusunun əsil səbəblərinin kiminsə tərəfindən aydın, səlis mühakimələrlə faş olunmasına az qala sevinir. İvanın savadlı danışığı, cəmiyyət və elm haqqında dəqiq analiz qabiliyyəti Raginə xoş təsir bağışlayır. İvan öz dəliliyinin səbəb olan hər şeyin cavabını həkimdən tələb edir. Sanki bütün baş verənlərdə o da günahkardır:

– Məni niyə burada saxlayırsınız?

– Xəstə olduğunuz üçün.

– Hə, xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib dolaşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzində bir günahkar kimi burada qalmalıyıq? Nə üçün siz, feldşer, nəzarətçi və sizin kimi xəstəxana rəzilləri, əxlaqca bizdən qat-qat aşağı olduğunuz halda, özünüz burda yatmayıb, bizi yatırdırsınız? Bəs məntiq hanı?

– Əxlaqın və məntiqin buraya dəxli yoxdur. Hər şey təsadüfdən asılıdır. Kimi tutub buraya salıblarsa, o burada qalır, kimi salmayıblarsa, özü üçün gəzir, vəssalam. Mənim doktor, sənin isə ruhi xəstə olmağında nə bir əxlaq var, nə də bir məntiq, bu yalnız boş bir təsadüfdür.

– İvan Dmitriç boğuq bir səslə:

– Mənim bu cəfəngiyatdan başım çıxmır… – deyib öz çarpayısına əyləşdi.

Çexov sevdiyi filosov Mark Avrelini fikirlərini Yefimıçın dilindən təqdim edir. Əzabın, məşəqqətin həyat durduqca var olacağını İvanın nəzərinə çatdırır. Lakin, İvan xəstə olsa da, şüuru iti, hafizəsi parlaqdır. O, həyatın hər üzünü görüb. Yefimıç isə İvanın təbirincə desək sakit, rahat uşaqlıq və gənclik illəri keçirib. Onun həyatdan, orada baş verən iyrəncliklərdən xəbəri yoxdur. Varsa da, o, nə İvan nə də digər səfil, bədbəxt insanlar kimi iztirab çəkməyib. Bu səbəbdən də insan iztirab çəkməlidirsə, çəksin onsuz da günün birində öləcək kimi fikirləri İvan gülüş və ironiya ilə qarşılayır.

Yefimıçlə İvanın görüşləri çoxaldıqca, söhbətlərinin müddəti uzandıqca ətrafdakı insanlar narahat olmağa başlayır. Bu yaxınlaşma təbii olaraq əvvəlcə feldşeri və Yefimıç üçün kömək məqsədilə şəhərə göndərilmiş həkim Xobotovu narahat edir.

Narahatlıq yavaş-yavaş xəstəxananın hüdudlarını aşır. Artıq şəhər əhalisi, Yefimıçın yaxın ətrafını hətta şəhər bələdiyyəsini də əndişələndirir. Sanki onun abırlı səssizliyi, hədsiz nəzakətli olması qəfildən insanların zəhləsini tökür. Onlar hansı yolla olur-olsun Yefimıçı cəzalandırmaq, onu ziyansız insan olduğu üçün yerinə oturtmaq istəyirlər.

Yefimıçın bir dəli ilə saatlarla oturub söhbətləşməsi insanlar tərəfindən qeyri-normal və əlaqəsiz vəziyyət kimi qiymətləndirilir. Elə bu səbəbdən də onun üçün bələdiyyə binasında qurulmuş konsiluma gedən Yefimıç oradan çıxarkən onun haqqında nə düşündüklərini, onu nə üçün sorğu sual etdiklərini anlayan zaman çox sarsılır və özünü təhqir olunmuş hesab edir.

Cəmiyyətin yazılmamış qanunları təəssüf ki, hər zaman var olub. Damğalanan, kütlə tərəfindən təcrid olunan insanın xilası, cəmiyyətə geri dönməsi mümkünsüz hala çevrilir. İvan artıq insanlar tərəfindən dəli kimi qəbul olunub. Ona olan münasibət ağıllının dəliyə olan müasibəti olduğundan xəstəxana həkimi Yefimıçın onunla yaxınlaşması insanlarda qıcıq və ikrah yaradır. Hər kəs öz-özlüyündə bu cür ağıllı, ziyalı insanın qəfildən belə xəstə, ağıldankəm birisinə meyl etməsini, onunla qaş qaralanadək birlikdə əyləşib qızğın söhbətlər aparmasını anlamır.

Yefimıç ətrafında yaratdığı narahatlığı hiss etsə də, öz ürəyinin səsini dinləyir. Uzun illərdən sonra əsil həqiqəti İvanın timsalında tapdığından özünü bəxtiyar hiss edir. Ancaq cəmiyyət bu qısa bəxtiyarlıq dövrünü ona çox görür. Hər kəs ona qarşı qəzəbli və bağışlamaz mövqe tutur.

Yefimıç həkimlik vəzifəsindən azad olunur. Onu xəstəxanadakı mənzilindən çıxarırlar. Kirayədə yaşamağa məcbur olan Yefimıç bütün bunlarla barışır. Dostu poçt müdiri Mixail Averyanıç onu əmin edir ki, bir müddət gəzintiyə çıxsa, xəstəliyi yüngülləşər, kefi açılar. Lakin, onların birgə səfəri Yefimıçın əsəblərini daha da pozur. Geri qayıtdıqdan sonra da onun zəhləsini tökən Xobotovu və poçt müdirini evdən qovur. Bu isə onun dəlixanaya salınması üçün əsaslı səbəb olur.

Xobotov Yefimıçı xəstəxanaya əyninə dəli paltarı geyindirib gətirilməsini ona təhqir və biabırçılıq kimi təsir edəcəklərindən ehtiyatlanaraq Yefimıçı konsilum adı ilə aldadıb xəstəxanaya aparır.

Altı nömrəli palata da Xobotovun konsilum üçün gətirəcəyi xəstəni gözləyən Yefimıç Nikitanın ona xəstə paltarları gətirdiyi zaman tələyə düdüyünü, onunla necə alçaqcasına davrandıqlarını anlayır.

Cəmiyyət Yefimıçı etdiyi “səhvə” görə bağışlamır. Yefimıçın İvana görə can atdığı palataya insanlar onu təpikləyərək yomalayıb salırlar.

Lakin, o, öz fəlsəfəsinə dönük çıxmamaq üçün son ana qədər müqavimət göstərir. Sanki belə olmalıymış kimi sakitcə xəstəxana paltarlarını geyinib, yatağına əyləşir.

Hava qaraldıqca, otaqdakı ətalət, hərəkətin məhdudluğu, qaranlıq onun ürəyini sıxır. Yefimıç palatadan heç bir çıxış yolu olmadığını anlayan zaman pəncərəyə yaxınlaşıb barmaqlıqlar arxasından çölə baxır. Bu zaman o, xəstəxananın yaxınlığında hasara alınmış, qaranlıqda ağaran evi həbsxananı görür. Bu vaxtı Yefimıç bütün həqiqəti anlayır. Onun xəyalları və fəlsəfi sistemi reallıqla toqquşaraq darmadağın olur.

Bir az sonra isə bayıra çıxıb hava almaq istəməsi üçün Nikita tərəfindən döyülən Yefimıç üz-gözündən şoralanan qanının tamını dodaqlarında hiss edəndə palatadakı xəstələrin hər gün hansı məşəqqətlər çəkdiyini dərindən anlayır. O, başa düşür ki, İvanın dediyi kimi əsil həyat və onun diktə etdikləri başqadır evdə soba qarşısında əyləşib saatlarla kitab oxumaq, pivə içib fəlsəfi fikirlər yürütmək isə tamam başqa.

Çexov “6 nömrəli palata” əsərində ən qəddarca davrandığı obraz elə Yefimıç olur. Müəllif sanki onun elmli, savadlı olması ilə heç bir xeyirxah əməl sahibi olmamasını, özünü uzun illər küt laqeyidliyə vurmasını ona bağışlamır.

Lakin, yazıçı elə Yefimıçın timsalında həyatın nə qədər sərt, insanların necə qəddar və saxtakar olduğunu təsvir edir. Yefimıç bütün həqiqəti, palatadakı xəstələrin faciəsini orada keçirdiyi bircə gün ərzində duyub anlayır. Bütün bunlara isə onun kövrək qəlbi, yumşaq xarakteri tab gətirmir. Cəmi bir gündən sonra Yefimıç 6 nömrəli palatada dünyasını dəyişir.

Oktyabr 2017

# 2607 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #