Kulis.Az gənc şair Bəhruz Xəlilin yeni şeirlərini təqdim edir.
***
Xatirələr bəs etmir
bir az nəfəs gərəkdir,
yaşamaqçın, alasan...
Gecələr ayrılıqlar
ölüm dadır bilirsən...
Bəlkə bu gün qalasan?
Bəlkə sabah dəyişdim,
bir az artıq vuruldum
gözlərinə, qaşına?
Bəlkə elə bu gecə
öldüm, sabah olmadı...
Ay insafsız, səbr elə,
haranın daşın salım,
gecə vaxtı başıma?
Otağa duman çöküb
göz gözü görmür indi.
Yanaqlarım ağarıb,
əllərim də sərindi...
***
Bir az ruhdan düşəsən,
qırıla ümidlərin...
Biri də yaxınlaşa,
deyə şair, necəsən?
deyəsən ki, bilmirəm...
Sükut elan edəsən
susasan,
bir saatlıq donasan,
donasan öz yerində.
Ürək də cəhənnəmə
qanasın öz yerində...
Hər şeyin daşın atmışam:
- darıxmaq, sevmək, unutmaq.
Nə gözəlmiş, ilahi,
içimdəki hissləri,
nəfəsinlə uyutmaq...
Nə gözəlmiş, bir, soyuq,
daş parçası ovutmaq.
***
İllər sonra qayıdacaq, bilirəm
Deyəcək ki, vaxt tapmadım, unudum!
qayıdacaq, deyəcək ki, bağışla...
Bağışlayıb, gülümsəyib, deyəcəm;
Mən olsaydım, mən de belə edərdim...
İllər sonra qayıdacaq, gedənlər,
Görəcəklər qoyduqları yerdəyik.
Amma, amma bilməyəcək heç biri,
vaxt ötməkçin, nə oyundan çıxmadıq,
at keçməyən yoldan keçib, yorulduq...
Nə fərqi var, səndən sonra neynədim,
Nə fərqi var, məndən gedib, neynədin?
Əsas odur, sən qayıtdın yerinə,
əsas odur, mən qaldığım yerdəyəm
***
Dostumun yoxluğuna (Bakısızlığına)
Lənətə gəlsin, bütün səs-küyünlə
adamlarınla dolmuş bomboş küçələrin.
Bir də cansıxıcı gecələrin.
Sən, zadəgan biçimində səfilsən
Sən, mənim gözlərimdə quruca şəkilsən, Bakı.
Bağışla, Bakı!
Səni sevə bilmədim.
Onsuz da havasızlıqdan əziyyət çəkən
Dərmanlardan asılı birinə,
xoşbəxtlik gətirə bilməyəcək gündəsən.
Sən toz-torpağınla kədərimi itirə bilməyəcək gündəsən.
Sən köksündə nəfəs alan ağacları kəsib,
səkilərdə ot bitirə bilməyəcək gündəsən.
Bağışla, Bakı...
Bağışla, səni sevə bilmədim!
Sən süni gözəlliklərə heyran olanların şəhərisən.
Bir də, məcbur səni sevib
Səndə qalanların şəhərisən....
Əlvida, Bakı!..
***
Üzü qara olsun, qara qəpiyin
bütün qara günlər ordan başlayır.
Əlində bir torba ümid gətirən,
kişinin dəyəri qəpik qədərdi.
Bir loxma tikəyə axıtdığın tər,
yollara döydüyün təpik qədərdi.
Ürək qırmamaqçın qaça-qovdasan,
yorğun ürəyini kimsə almayır.
Gecə yatanda da dərddən qaçırsan,
əcəldən qaçmağa heyin qalmayır.
Sən ey ağ duvaqlı, qarabəxt qadın,
bir boşqab ümid qoy soyuducuya,
sabah iş dalınca getsəm götürüm
***
Divarlara dost olmuşam,
sənə gözüm düşəndən.
Yolların uzunluğunu
əllərimlə ölçürəm
ayağımla döyürəm.
Sənə şeir yazıram,
divarlara deyirəm...
Hamı darıxır deyə
darıxmıram səninçün.
Saçlarım qarma-qarış
üz-gözüm qırış-qırış
güzgüyə də baxmıram,
heç,
baxmıram səninçün...
Bu yaşımda nə deyər,
məni sizin küçədə
görən yaşlı adamlar?
Soyuq divarlı evin
bir küncündə yaşayım
bütün sənsizliyimi.
***
Bir ovuc sevgiyə ehtiyacım var,
o da ömür ötür,
heç gəlmədi ki.
Qarışdım təkliyə, soyuq yatağa,
dedim düzələcək,
düzəlmədi ki!
Hər il beş-altı tük ağarır ömrüm.
Ağara-ağara qurtarır ömrüm.
Arzular, üzməyi bacarmır, nədir,
içimdə çırpınır, boğulub ölür,
çiynində götürüb aparır ömrüm.
Bu həsrət deyilən, hicran deyilən,
nə zalım ilanmış, başı batası.
Bu gün hava haqda belə deyirlər,
“Bütün yalqızların, yorğan havası”.
Dedim düzələcək, düzəlmədi ki!
***
Bir gecə sən yoxuydun,
dörd tərəfim boş idi...
Yorğanım qış ayazı,
yastığımsa daş idi...
Qaranlıq idi hər yan;
saçlarının oxşarı...
Qaranlığın içindən,
gözüm səni axtarır...
Nə yağşı ki, qayıtdın,
saçları şeir dadan,
əlləri ağ kağızdan.
Həsrətin ağır olur,
öləcəkdim bir azdan...
Nə yaxşı ki, qayıtdın!
***
Biz də palçıqla oynayan uşaqlar olmuşuq.
Bir zaman,
”gələcək” deyib gözlədiyimiz günün içindən,
keçmişə qayıtmaq istəyirik...
Sən demə, “gələcək” deyilən şeyin içində
heç nə yox imiş.
Sən demə, xoşbəxtlik yuxu imiş,
uşaqlıq illəri boyda yuxu.
Həyat-tut ağacının dibindəki rütubətli torpaqdan,
ömür-beş barmaqdan,
xoşbəxtlik-körpə uşaqdan ibarətdir...
Sevgi yarpağı saralmış,
payız ağacı qədər gözəl,
hisslər körpə uşaqlar kimi dəcəl,
bütün ayrılıqların anasıdır əcəl.
Tanrı hər kəsi, hər kəsə qısqanır