“O, ehsan bişirəndir”
Ötən gün tənqidçi Vaqif Yusiflinin kulis.az saytında yaımlanan tənqidi məqaləsi məqalədə adı çəkilən bəzi tanınmış yazarların etirazına səbəb olub.
Həmin fikirləri diqqətinizə çatdırırıq.
Rasim Qaraca
- Ümumən ədəbi tənqidin bir janr kimi Azərbaycan ədəbiyyatında böhran yaşadığı bir dövrdə Vaqif Yusiflinin icmal xarakterli 3 böyük məqaləsini böyük fədakarlıq saymaq lazımdır. Son yeddi ildə yazılmış 140 romanı oxuyub analiz etmək asan məsələ deyil. Sovet dövründən qalma nizam-intizamı bu tənqidçimiz qoruyub saxlayıb. Təəssüf ki sovet dövrünün bu yaxşı cəhəti ilə yanaşı Vaqif bəy o dövrün zövqünü və köhnəlmiş meyarlarını da qoruyub saxlamaqdadır. Həmin icmal yazısından oxuduğum bəzi fraqmentlər bunu deməyə əsas verir. Buna görə də, böyük zəhmətlə yazılmış bu məqalələrin funksionallığı, prosesə təsir imkanları sıfıra lap yaxındır.
Sevinc Elsevər
- “Şəhər”dən sonra “Falçı” adlı bir roman da yazmışam. Adam qalıb “Şəhər”də. Çıxa bilmir. Yazıçılar Birliyinin üzvü olan istənilən adamın iradını, şərhini, tənqidini səmimi qəbul etmirəm. Düzdü mən demirəm Nobellik əsər yazmışam. İlk işim idi. O əsər sosial bir bəladan bəhs edirdi. Qayəm də problemi qaldırmaq idi. Məncə buna kifayət qədər nail olmuşam. Mən problemi göstərirəm, cəmiyyətə siqnal ötürürəm o romanda. Həlli yollarını göstərmək yazıçının işimi? Üstəlik lirik şeirlərlə ədəbiyyata gələn deyə bir ifadə işlədir. Mən ilk şeirimlə 10-cu sinifdə oxuyanda çap olunmuşam. “Ədəbiyyat qəzeti”ndə şeirim çıxanda cəmi 17 yaşım vardı. O zaman məndən əvvəl ədəbi mühitimizdə adı dillərə düşən sevinc pərvanələr, nərmin kamallar, günel mövludlar yox idi. Necə yazmalıydım ki, 17 yaşında? Lirik-sentimental dördkünc şeirlər yazmalıydım da. İlk kitabımsa 19 yaşımda dərc olunub. İçində kifayət qədər yaxşı şeirlər də var ki, sonralar onlardan bir çoxunu “Uçuş məsafəsi” kitabına da saldım. Əsl tənqidçi orta əsrlərdə erotik şeirlər yazan adaşı Vaqifi pisləməz, yazarlara mentalitet dərsi keçməz. Diqqətlə oxuyanların hamısı bilir ki, mən gender problemlərindən yazmışam, sadəcə dilim sərt olub, açıq-açığına sözümü deməkdən çəkinməmişəm. Elə cinsi ayrı-seçkilik salan, gender bərabərsizliyinə yol açan adamlardan biri də Vaqif Yisiflidir. Heç incimirəm də. O yaşda mənim babam da o cür düşünür. Mən babamı sevirəm. Vaqif bəydən də incimirəm. Uzun ömür, can sağlığı diləyirəm!
Aqşin Yenisey
- Həmişə ölü yerlərində ətrafımda belə bir sual eşidirdim ki, nə üçün ehsan bozbaşı adi ev bozbaşından qat-qat dadlı olur? Və bu sualın inandırıcı cavabını bir dəfə təsadüfi söhbətlərin birində Kamal Abdulladan eşitdim ki, ehsanın dadlı olmasının səbəbi heyvanın bütün əzalarının bir yerdə bişməsidir. Əzaların özünəməxsus dadları bir-birinə qarışaraq ehsanın ümumi dadını yaradır. Vaqif müəllim yenə də bu yazısında ədəbiyyatımızın önüdöşlüklü, əlikəfkirli ağbaşlısı kimi bütün gənc yazıçıları, yeni romanları bir-birinə qarışdıraraq əsl tənqid ehsanı bişirib və qoyub hər gün ədəbiyyatımızın yasına yığışan qırx qarnıyoğun qoca qələmçinin qabağına ki, yeyin, gənclərimizin ehsanıdır. Hətta hökumətin ehsan israfçılığına qarşı apardığı mübarizəni də vecinə almayıb, tənqidin yağını, suyunu bol-bol əndərib özünün ədəbi-ədəbi xeyir-şər qazanına.
Ümumiyyətlə, Vaqif müəllimə hörmətlə yanaşmıq lazımdı, ən azı, bu yaşda bu qədər bəyənmədiyi kitabı çimçəşə-çimçəşə oxuduğuna görə. Bu yazıya ən doğru münasibəti isə Sevinc Elsevər bildirib ki, Vaqif müəllimdə təriflə müqayisədə, tənqid heç vaxt yaxşı alınmır.