Birdən qapı açıldı... – Bircənin Romanı

Birdən qapı açıldı... – <span style="color:red;">Bircənin Romanı
4 may 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Oktyabr bitəndə yağışlar başladı. Hələ beləsini görməmişdim, əlli iki gün ara vermədən göydən su süzdü. Həftəyə azı bir şəhid gəlirdi kəndə. Ağsaqqal-ağbirçək, uşaq-böyük daha yağmurdan gileylənmirdi, göylərin matəmi, mələklərin ömrü qırılmış cavanlara axıtdığı göz yaşı kimi qəbul eləyirdilər selləmə yağışları. Yaslı evlərin sayı çoxaldıqca bizim də dərdimiz dərdlərə qarışıb görünməz olurdu.

Yerlə göyün qovuşduğu o günlərdə yenə limonxana dadıma çatdı. Uşaqların köməyilə istixananın cırılan, yırtılan yerlərini tutub, yağış kəsənə qədər köçümü tökdüm ora. Elə bildim ana qoynuna girmişəm.

Soyuq canına işləmiş yuxulu sobanı qalayıb oyatdım, üstündə çörək bişirdim. Dirəklərdən ip asdım, kirli paltarları orda yuyub sərib qurutdum. Limonxanada özümə bir adamlıq cənnət yaratmışdım, evə yalnız lazım olandan-olana qalxırdım. Günü pəncərə arxasından baxa-baxa batıran Zöhrə xala hərdən çəliyə söykənə-söykənə düşüb yanıma gəlirdi.

- Dədə evi yalan olub, qoy görüm burda nə var ki, sən yuxarı qalxmırsan, - deyib otururdu yanımda.

Yağış kəsmədikcə hamıya bir qurd iştahı, canavar aclığı gəlirdi, evin adamlarını çatdırıb doyurammırdım. İndi də bilmirəm o acgözlük qıtlıqdan yaranmışdı, yoxsa yağınlığın səbəb olduğu bekarlıqdan. Günorta yeməyindən sonra yaydan yığıb qurutduğum qarğıdalıdan seçib doldururdum qazana, şama qədər külfəti qarğıdalıyla yola verirdim. Yeməli şeylər mənim yanımda olurdu deyə hamı başıma yığışırdı. Uzun, yağışlı payız gecələrində Elgiz birdən uşaq kimi boynunu büküb yalvarırdı:

- Bircə, nolar bir şirin şey bişir, yata bilmirəm.

- Kitab oxu, yuxun gəlsin, - deyirdim.

- Kitabı özün oxu, mənə ya xaşıl, ya da halva çal.

Durub dinməzcə düşürdüm öz sarayıma. Bir qazan xaşıl çalıb bir banka sapsarı bəhməzlə qoyurdum ana-bala ikisinin qabağına. Zöhrə xala isti xaşıldan yeyə-yeyə:

- Zəhərimiz olsun, - deyirdi, - balam selin-suyun içində çürüyür, mən qarnımı otarıram.

Elgiz məni ora-bura çox buyuranda anası əsəbiləşirdi, səsini başına atıb oğlunu acılayırdı:

- Buyurma o gəlini! Emin onu sənlə danışmağa da qoymurdu, indi nədi əmr verirsən? Dindirmə, danışdırma onu!

Onda qaynım çox pərt olur, sarsılırdı, bir müddət məni dindirib söylətmirdi.

Hamı yatandan sonra mən limonxanaya düşüb uzun payız gecəsində xəyala dalırdım. Əslində elə parlaq xəyalım da yoxuydu – bundan sonrakı taleyimi, uşağımın aqibətini düşünürdüm. Xəyalımın qanadını yağış döyüb islatmışdı, qara xəbərlər qara qır kimi üst-başımıza yaxılmışdı – o halda, o havada xəyalmı uçurmaq olardı? Həm də bir dul gəlinin balasını sağ-salamat böyüdüb boya-başa çatdırmaqdan savayı nə xəyalı olasıydı? Savaş, qırğın, ölüm-itim... Görən Cavid böyüyənə bitəcəkdimi bunlar?

Camaat ölüsünü də ənvayi-müsibətlə dəfn eləyirdi, qəbri də zülümlə qazırdılar. Doğrudu, Mahmud əminin vəsiyyəti bu işi bir xeyli asanlaşdırmışdı, ondan sonra daşaxor qəbiristanlıqda hamı qəbri buldozerlə qazdırırdı, hamı da bu adəti qoyub getdiyinə görə kişiyə rəhmət oxuyurdu.

O yağınlıqlı günlərdə qəbri qazdırıb üstündə çadır qururdular, yağış bir balaca ara verəndə meyiti tələsik içi palçıqlı, lehməli məzara sallayıb, üstünü nəm torpaqla tezcə örtüb evə qaçırdılar. Elgiz danışırdı ki, bəzən ağappaq şəhid kəfəni elə ölünü qəbrə sallayanların əlindəcə palçığa batırdı.

Qıtlıq, qəhətlik onsuz da hər evə ayaq açmışdı, bu yandan da sel-su kəndin olan-qalan ruzusunu yuyub apardı. Yağış mövsümünün ardınca sərt qış gəldi. Qapımızdakı qoyun-quzunun, ötən qışdan salamat çıxmış arıların əlimizdə-ovcumuzda qalanı da tələf oldu. Kənd camaatı çörək, yanacaq sarıdan olmazın zülmü çəkdi.

***

O yaz qışın əlindən çətinliklə qurtuldu, özünü bizə yetirəndə üzünün donu hələ açılmamışdı.

Qardaşlarım, Lalə, bibim tez-tez gəlib Cavidlə məni yoluxurdular. Səməndər həftədə iki dəfə isti yeməklə, arvadının, qızlarının bişirdiyi şirniyyatla harda olsa yolunu bizdən salırdı. Cavid yenə məndən gen dolanırdı, ipə-sapa yatmırdı. Zöhrə xala, demək olar, pilləkəndən aşağı düşmürdü, gecə-gündüz ağlayıb-sızlasa da xeyli kökəlmişdi. Bir sözlə, üzü üzlər görmüş həyat yenə də dayanmamışdı...

İlaxır çərşənbədə qaynanam halvadan başqa bir şey bişirməyə qoymadı:

- Allah mənim aşıma su qatdı, zəhər qatdı, neylirəm mən aşı-plovu!

O da fələkdən belə qisas alırdı, bayram aşı yerinə halva bişirtməklə Yaradanın növrağını pozub təbiətin toyunu dağıtmaq, bayramını qara gətirmək istəyirdi. Onun da gücü buna çatırdı...

Hərəmiz halvayla bir istəkan çay içib üz-üzə küsülü kimi oturmuşduq. Elgiz çox vaxt evə gec gəlirdi. Cavid təzə şey öyrənmişdi: divana uzanıb deyirdi kürəyimi sığalla, amma danışma. Mən də onu canı-dildən sığallaya-sığallaya uşağa yarınırdım.

Birdən zalın qapısı açıldı, içəri bir köhnə papaq atıldı. Qaynanamla yenə göz-gözə gəldik. Eminin ili çıxmadığına görə kənd uşağı bizə papaq atmazdı. Bəs bu nə iş idi? Cavidi buraxıb papağı yerdən götürdüm, Zöhrə xalanın qənşərinə gəlib soruşdum:

- Nə qoyum bunun içinə?

Arvad əlimdəki papağa ikrahla baxdı:

- Mən bilmirəm, nə qoyursan qoy, - deyib arxasını qapıya çevirdi.

Aqil Bakıdan bizə ağır bayram bazarlığı göndərmişdi, ürək eləyib göndərdiklərindən süfrəyə heç nə düzməmişdim. Küncdəki karton yeşiklərdən hələ də çıxarmadığım bayram şirniyyatıyla papağı doldurub artırmaya qoydum. Cavid gedib durdu papağın yanında, mən qaranlığa çəkildim ki, papaq yiyəsi gəlib sovqatını aparsın. Bu vaxt qaranlıqdan səs gəldi:

- A balam, gedin girin evə, papağımızı aparaq daa.

O qərib, o kimsəsiz, o hüznlü axşamda Səməndərin səsi üzümə adamı ölüm yuxusundan ayıldan şapalaq kimi dəydi. Gizləndiyi yerdən çıxıb içəri girəndə qaynanam hönkürdü:

- Səməndər, bilirdim gələcəksən, - dedi, - bayaqdan gözüm yolda qalmışdı.

Səməndər Zöhrə xalanı qucaqlayıb uşaq kimi ağladı. Sonra bizim sönük bayram süfrəmizə, xaraba qalmış yurdumuza, səsi-küyü soğulmuş otaqlarımıza baxıb-baxıb qaynanama dedi:

- Zöhrə xala, siz dünyagörmüş ağbirçəksiz, Cavidin xətrinə icazə verin gətirdiklərimi süfrəyə düzüm.

Arvad yaşlı gözlərini yaylığının ucuyla silə-silə:

- Nə istəyirsən elə, - dedi, - bala, yazan belə yazdı, mən kiməm ki...

Səməndər ürəkləndi, gətirdiyi zənbilləri açıb ortalığa tökdü: döşəməli aş, boyanmış yumurtalar, şirnili qovurğa, şəkərbura, fəsəli... bir dənə də səməni. Dayısının gəlişiylə Cavidin də qırışığı açıldı. Səməndər Maralın uşaqlarına da bir torba bayram payı gətirmişdi. Hamısını yerbəyer eləyəndən sonra həyətdə Cavidə bir balaca bayram tonqalı da çatdı, uşağı o tonqalın üstündən hoppandırıb evinə qayıtdı.

***

Səməndər çıxan kimi Zöhrə xala boşqabda cücərdilmiş yamyaşıl səməninin belinə qara lent bağladı, boşqabı həyətə baxan pəncərənin qabağına qoyub yatmağa getdi. Az sonra Cavid də yuxuladı. Mənsə həyətə düşüb qovağın dibində xeyli var-gəl elədim. Əvvəl Maralgilə getmək istədim; pəncərələrinin altında bir az dayanıb fikirləşdim, ancaq onun da qardaşları qonaq gəlmişdi deyə utandım getməyə. Maral da məndən çəkindiyinə görə təmtəraqlı bayram süfrəsi açmamışdı.

Kənd uşaqlarının səsi, yandırdıqları lopaların işığı gəyən yaz gecəsini bir az da aydınlatmışdı. Evə qayıtdım, büzüşüb mışıl-mışıl yatan Cavidə bir az tamaşa elədim. “Ovod”u götürdüm, oxuyammadım. Kitabların arasından əlimə bir qara karandaş keçdi. Nənəm danışardı ki, onun gəncliyində qızlar bayram axşamlarında aparıb kol dibinə bir yumurta, yanına da biri qırmızı, biri qara iki karandaş qoyarmışlar. Guya o gecə mələklər göydən enib qızların gələcəyindən, baxtından-taleyindən xəbər verirmiş. Taleyi gözəl olası qızın gizlətdiyi yumurtanın üstünə qırmızı xətt çəkilərmiş, baxtı qara qızların gizlətdiyi yumurtanın üstündə isə bir nişanə olmazmış.

O zaman nənəmin tanıdığı bir qız da baxtını sınamaq istəyib. Onlarla ədavəti olan qonşu qadın bu qızı aralıdan pusurmuş. Qız yumurtanı kol dibinə qoyub gedəndən sonra həmin qonşu kömürlə o yumurtanı qara boyayıb. Səhəri qız baxtına qara yaxıldığını görəndən sonra düşüb yorğan-döşəyə, çox keçməmiş çərləyib ölüb...

Ağlımdan keçdi ki, mən də bir yumurta aparıb həyətimizdən axan arxın qırağına qoyum, niyyət tutum, bəlkə Səndən bir işarə gələ, Dostum. Qırmızı karandaş tapa bilmədim. Mahmud əminin kolxozdan qalma haqq-hesab dəftərlərinin arasından bir saralmış boş vərəq çıxdı. Niyyət eləməkdən vaz keçdim, Sənə məktub yazmaq qərarına gəldim, ay Dost. Nənəm deyərdi axır çərşənbə gecəsi Tanrı qırmızı taxtına çıxar, o gecə bütün xoş arzular, diləklər mənzilinə yetişər. Mən də bu fürsəti əldən vermək istəmədim, Sənə belə bir məktub yazdım, Dostum, eşit:

“Bu məktubu Sənə qara karandaşla yazıram. Nolar, arada özünü göstər mənə, bir az yaxın gəl. Axı məni Sən atmışdın bu yer üzünə, indi Özün hardasan? Qaranlıq dünyada saçlarından asılmış qız kimiyəm, mənim ağ atlı oğlanım nədən gəlməz? Divlərə qulluq elədim, cinlərə nökər oldum. İndi daha canımdan cəzanə gəlmişəm, lap az qalıb Divin məni yeməyinə. Bunamı göndərmişdin məni? Axı mənim də arzum, xəyalım vardı. Qarmağına qızıl balıq düşmüş balıqçı arvadının arzularından deyildi bu. Bir koma, bir təknə, bir də balam yetərdi mənə. Hər gün arxımızın bulanıq suyundan yana-yana içib ürəkdən “oxxay” deyirəm, elə bilirəm kimsə o sudan boy göstərib məni işıqlı dünyaya aparacaq.

Bəlkə də yazdıqlarımı kürəyimdən oxuyub gülürsən mənə, hələ də nağıllara inandığımı görüb uzaqlaşırsan məndən. Nə bilim... Ömrüm boyu Səni axtardım – tapmadım, Səni gözlədim – gəlmədin. Axı mən elə də çox şey istəmirəm. İndi lap sərgərdan qalmışam, yolumu-səmtimi itirmişəm. Mən Səndən yol istəyirəm, yol! Balaca bir cığır. Gecələr işığında kitab oxuduğum şamı söndürmürəm, deyirəm birdən gəlib tapmazsan məni, başqa evə gedərsən.

Yadındamı, Sahib əminin arvadı mənə boy görüncəyi qırmızı qofta vermişdi? Bax, Zöhrə xala daha onu geyinməyə qoymur. Xeyli vaxtdı o qoftanı qovağın budağından asmışam. Yağış, gün bozardıb. Özüm götürmürəm, deyirəm birdən gecə gələrsən, evimizi tapammazsan, qoy o qofta məndən nişana olsun.

Bəlkə günahlarıma görə Sən məni atdın? Bəlkə məndən də köməksiz, məndən də naçar biri var, onun hayına getmisən? Olsun, mən yenə də gözləyəcəm, yenə də axtaracam, o qofta cırılınca gəlməsən qırmızı yaylığımı asacam ordan.

Nənəm deyərdi Sənin iznin olmasa ağacdan bir yarpaq düşməz. Bilirəm ki, hər şeydən xəbərin var. Bax indi bu məktubu qatlayan kimi yenə eşiyə çıxıb qovağa, onun budağından asılı solğun qoftama baxacam. Əgər məni görsən, o ağacın tumurcuqlu budaqlarını azacıq əsdir, mən Səni dərhal anlayacam. O balaca mehdən sallaşıb yaşayacam, o mehi cənnət havası kimi içimə çəkəcəm, ondan sonra Sənə daha şirin məktublar yazacam. Yox, dediyimi eləməsən, yenə də yaxanı buraxan deyiləm. Bircə susma, qurbanın olum, susma, mənə yol göstər, yol ver...”

***

İş yerimdə kitab cənnətinə düşmüşdüm. Hərdən iki kitabı bir gündə başlayırdım oxumağa – günortayacan birini, günortadan sonra o birini. Səhifələri gözlərimə təpirdim, hər kitaba dənizdən işaran mayak kimi baxırdım, elə bilirdim mənim indən beləki taleyimin xəritəsi, alın yazım bu kitablardan hansınınsa arasına qoyulub, bir gün üzümə oxunacaq. Hərfləri bir-bir gözümlə dənləyirdim, düşünürdüm hansısa sətri nəzərimdən qaçırsam ömür kodlarımı biryolluq itirə bilərəm.

Kənddə ölü düşəndə qaynanam məni də Marala qoşub yasa göndərirdi. Məclisə ayaq basan kimi qadınların gözü, barmağı mənə tuşlanırdı, ortalığa pıçapıç düşürdü:

- Eminin dul arvadı budu, - deyirdilər.

Heç bir söz bu “dul” sözü qədər məni yaralamazdı. Bizim ulduzumuz barışmadısa da, Emin öz elində-obasında çox hörmətli tutulmuşdu, ölümü kənddə hamını yandırmışdı. Məclisdə kənd arvadları mənə baxıb vaysındıqca mən özümü onların da qarşısında günahkar sayırdım. Evə qayıdanda Cavidə sarılıb için-için ağlayırdım, bir vaxt atasına ölüm dilədiyim üçün qəlbimdə balamdan üzr istəyirdim.

***

Yaya doğru Zöhrə xalanın əhvalı lap pisləşdi. Pilləkəni ancaq çiməndən-çimənə düşürdü, təbii ehtiyaclarından ötrü də evin açıq seyvanına iri bir vanna qoymuşdum. Hərəkətsizlikdən, dərd çəkməkdən o qədər kökəlmişdi, bayıra çıxandan sonra əyilib özünü yuya da bilmirdi, xəstəliyi şiddətlənəndən sonra bu işi də mən görürdüm. İyrənsəm də səsimi çıxarmırdım, göylərin qəzəbindən qorxurdum.

Hər cümə axşamı qaynanam mənə həyətdən gül yığdırıb Eminin qəbri üstünə göndərirdi. Bu səfərlərdə çox vaxt Bəhruz da mənə yoldaşlıq eləyirdi. Bir dəfə yenə bir qucaq güllə evimizin arxasından keçən kəsə yolla qəbiristanlığa gedirdik. Bəhruz təntimişdi:

- Bibi, hava istidi, bəlkə getməyək, - dedi.

Mən qucağımdakı gülləri gözümlə göstərib:

- Bəs bunları neyləyək, - dedim, - nənən bilər, mənlə dalaşar.

Bəhruz toppuş, şirin üzünü mənə tutub qımışdı:

- Gəl gülləri suya tökək, özümüz də oturaq arxın üstündəki çinarın dibində, bir az gözləyib geri qayıdaq. Nənəm nə biləcək?

Bəhruzun dedikləri ağlıma (ağılmı vardı?) batdı. Gülləri gur axan arxa səpib özümü atdım çinarın kölgəsinə. Orda bir xeyli küllənib evə döndük.

Günorta yeməyini süfrəyə düzüb qaynanamı çağırdım, onun payını qənşərinə qoyub özüm də stula çökdüm. Birdən Zöhrə xala yerindən ilan çalmış kimi qalxıb çörəyi süfrədən götürdü, taytıya-taytıya aparıb qazana atdı, sonra mənə sarı qayıdıb dedi:

- Buna bax ey, mənim oğlum qara yerdə çürüyür, xalxın qızı da evimdə yemlənib xoruz kimi qızarır!

Çevrikib Bəhruzun üzünə baxdım, elə bildim qəbiristanlığa getmədiyimizi nənəsinə çatdırıb. Uşaq üzümə diqqətlə baxıb bir yol gözlərini endirib qaldırdı, yəni məndən arxayın ol, deməmişəm.

Qaynanamı süfrə arxasında Cavidlə baş-başa qoyub həyətə düşdüm, suçlu-suçlu dolanıb yarımçıq işlərimin qulpundan yapışdım. Körpə uşağa baş qoşub dərdli ananı aldatdığıma görə özümü o ki var yamanladım.

İki gün evdə süfrəyə əl uzatmadım, dodaqlarımın arasından sudan başqa heç nə keçmədi. Bəhruz olanları aparıb anasının ovcuna qoymuşdu. Hər dəfə mən Cavidin dalınca onlara gedəndə Maral məni güclə süfrəyə oturdub qarşıma yemək gətirirdi. Acından ölürdümsə də, canımı gəmirən günah duyğusu boğazımı kilidləmişdi.

Çox keçməmiş Zöhrə xala bundan qorxuya düşdü. Üçüncü gün yenə süfrəni hazırlayıb özüm eşiyə çıxmaq istəyəndə əl atıb qolumdan tutdu:

- Səni and verirəm qardaşlarının canına, otur yeməyini ye! Bağışla məni, keç günahımdan, qəlbimə şeytan doldu, səni yaraladım.

Ehmalca stula çökdüm. Yemək bişirdiyim qazandan bir pay çəkib qarşıma qoydu, süfrədəki çörəkdən iri bir tikə kəsib ovcuma dürtdü, ağlaya-ağlaya:

- Ye, sən Allah ye, - dedi, - əlində yetimin var, başına bir iş gəlsə kim baxar ona...

İnan, onun bu mülayim danışığı, bu yalvarışı mənə söyüşündən, qarğışından betər oldu. Gözümün yaşı boşqabıma axa-axa o yeməyi axıracan yeyib süfrədən qalxdım. Gör dərd bu amansız qadını nə günə qoymuşdu ki, indi mənə yalvarırdı...

ardı var

# 1635 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #