Onu sevdiyi qız qanuni oğru elədi HEKAYƏ

Onu sevdiyi qız qanuni oğru elədi <span style="color:red;">HEKAYƏ
8 iyun 2015
# 15:34

Kəfkirli saat neçə illərdir ki, yataq otağımda canlı məxluq kimi ayaq üstə dayanıb. Qədimi ehtacdır. İri qızılı kəfkirin, mis zəncirin “laylasına” öyrəncəliyəm. Hər saatın tamamında kilsə zəngi kimi dopdolu danqıltısına da qulağım alışıqdı. Məni yuxuya “yola salan” bir maşın idi. Bəlkə də illərdir gözümü onun kəfkirinə zilləyib hipnoz olub yatırmışam. Kəfkir hər dəfə sağ və sol ölü nöqtəyə çatanda azca ləngiyib dayanırdı. Özümü inandırmışdım ki, kəfkir sağda “xoşbəxtliyin”, solda isə “bədbəxtliyin” üstündə dayanır və adamı qarıxdırır ki, – “Tələs, nə iş planlaşdırırsansa, cəld ol! “Xeyirdə” başlasan işin uğurlu alınacaq!” Özümü, “xoşbəxtliyin” üstündə niyyət tutmağa, xəbər eşitməyə kökləmişdim. Hər saatın zəngində qulağımı təzə xəbərə şəkləyirdim. Həmişə də ürəyimdə tutduqlarım üst-üstə düşürdü...

Salanturun oğlu dünyaya göz açanda gecə saat bir idi. İndiki kimi yadımdadır, – kinoya baxırdım deyə yatmamışdım. Xəbəri duyanda saat zəng çalmışdı – kəfkir solda idi... Göbəyini İmmi arvad kəsib, adını da Xudaqulu qoymuşdu. Bizim arvad da doğuşa köməyə getmişdi. Danışırdı ki, – “İmmi, uşağın göbəyinə danqa birmanatlıq qoyub sarıdı. Əl-ayağını büküb bələyəndə arvad kəndiri elə bərk sıxırdı ki, elə bil uşaq bu saat durub qaçacaqdı. Uşağın anası dedi ki, – “Ay İmmi xala, bir az ipi boşalt, uşağı kəsir axı...”. İmmi dedi ki, – “Heş zad olmaz, qoy əl-əyağı düz olsun”. Yazıq körpə, zarıya-zarıya qalmışdı. Anasının südünə güclə kiridi”...

Zamanın tıqqıltısına o qədər aludə olmuşdum ki, gözümü açanda gördüm ki, Xudaqulu yekəlib, evlənməli oğlan olub. Bir gün eşitdik ki, kəndimizin qələmqaşlı gözəli Kifayətə aşiq olub. Atası, – “İtin-qurdun qızı mənim evimə girməyəcək! Əmin qızı Lətifəni alacaqsan!” – deyəndə, biçarə Xudaqulu baş götürüb kənddən qaçdı. O, şəhər avtobusuna minəndə günorta saat ikiydi. Anası dalınca düşüb nə qədər, – “Qayıt, oğul..!” – qışqırsa da, Xudaqulu, – “Ya Kifayəti alacağam, ya da heç kimi!”– deyib üz tutdu şəhərə sarı...

O gün xəstəydim – işə getməmişdim. Saat üçdə eşitdik ki, Kifayəti qaçırıblar. Elə bildik, zoruna döndüyüm Xudaquludur. Ancaq sonradan səs-soraq çatdı ki, qızı qonşu kənddən Bəhrəm qaçırıb. Heç aradan on gün keçməmişdi – namaz vaxtıydı, saat dörd olardı, – eşitdik ki, Bəhrəmi bıçaqlayıb öldürüblər. Qatili tutdular. Xudaqulunun işiymiş...

Saat beşin “Xəbərlər”ində dedilər ki, Xudaquluya 12 il iş veriblər. Sonra səs-soraq yayıldı ki, Xudaş türmədə böyük hörmət-izzət sahib olub. Biz belə şeyləri anlamazdıq, amma türmədən çıxan keçmiş məhbuslar gəlib Xudaqulunun atasının əlindən öpür, Kifayətə qiymətli hədiyyə-filan bağışlayırdılar. Deyirdilər ki, bizim Xudaş qazamatda şah kimi dolanır, padşahdan da böyük hörmət sahibidir.

Xudaqulunun atası xərçəngə əsir düşmüşdü. Həkimi deyirdi ki, – "Ölümünə bir saat qalıb”. Tərs kimi də həmin gün hökumət saatları qabağa çəkdi". Sübh saat altı idi Salantur can verəndə. “Oğluma deyərsiniz, haqqını halal eləsin, onun bəxtini mən qara yazdım... Görün, Kifayət qızım razıdırsa, gəlinim kimi bizim evə köçsün” – kişi son nəfəsində bunu demişdi. Amma çifayda, geciydi, olan olmuşdu artıq. Kifayətin atası da razı olmadı.

Kifayəti başqasına verdilər. Saat yeddi idi – Kifayətin toyundan təzəcə qayıtmışdıq. Dedilər ki, biz gələn kimi toyda atışma olub, bəy ölüb, gəlin isə ağır yaralanıb. Yenə Xudaqulunun adamlarından imiş – türmədə Xudaşla birlikdə yatıbmış. Bəyi bu sevdadan döndərmək üçün çox çalışıbmış, amma faydasız olduğunu görəndə, başqa əlacı qalmayıb, – “Heç kim lotu Xudaqulunun deyiklisinə başqa gözlə baxa bilməz!” – deyib bəyi mağardaca güllələyib, gəlini isə qəsdən yaralayıb. O günlər “qanuni oğru”, “lotu” sözləri kənddə əsas söhbətimiz olmuşdu. “Qulaq gündə bir şey eşitməsə kar olar” – nə cür sərt qayda-qanunlar varmış türmələrdə...

Kifayət də bədbəxt oldu.

Səhər saat səkkiz idi. İşə gedirdim. Yolun qırağında avtobus gözləyirdim. Bir təcili yardım maşını yanımda saxladı. Sürücü, Xudaqulugilin evini soruşdu. İstinad verdim. Sən demə Xudaqulunun meyidini gətiribmişlər. Deyilənə görə onu həbsxanadan qaçmaq istərkən güllələyiblər. Amma yalan sözüydü, türmədə hansısa “razborka”nın qurbanı olmuşdu.

Allah rəhmət eləsin, yazıq bu işıqlı dünyada xoş bir gün görmədi. İmmi arvad ağı deyib-dad eləyirdi ki, – “Göbəyini kəsdiyim, ilk bələyin sarıdığım, niyə belə cavan getdin, ay bala..!”. Saat doqquzda Xudaşı yuyub kəfənlədik. Meyiti kəfənə büküb əl-ayağını yenə də kip-kip iplə sarımışdıq. Elə bil meyit durub bu saat qaçacaqdı...

Kimsə dedi: “Qoy Kifayət gəlib öz deyiklisiylə son dəfə vidalaşsın”. Saat onda Kifayət gəldi. Arvadlar otaqdan çıxdılar ki, Kifayət Xudaqulunu rahat ağlaya bilsin. Amma, Kifayət otağa girmədi. Dedi ki, –“Xudaquludan qorxuram”. Xudaşın meyiti xarab olurdu deyə onu tez dəfn etdik. Saat on birdə onun gözünə torpaq atdıq, üstünü basdırdıq. Anasının naləsi qəbiristanlığı başına götürmüşdü: "Siz Allah, balamın kəfənini möhkəm sarımayın, onsuz da heç yana qaçan deyil, bəlkə cənnətə gedəsi oldu mənim nakam balam...! Ay Allah, balamı qaytar, mənim canımı al, onu mən bu dünyaya garagünlü gətirmişəm!"-deyib sinəsini yırtırdı.

* * *

Dünən nəvəm dünyaya gəlib. Oğlandı. Sevinə bilmirəm...

Nəvəmi bələmək istəyəndə qoymadım: “Uşağın əl-qolunu sarıyarsınız, gözünüzü deşərəm!”. Nənəsi dedi: “A kişi, ürf-adət var, sarımasan əl-ayağı əyri olar...”.

“Olmaz! Tüpürüm sizin ürf-adətinizə! İnsan doğulan kimi zindana salırsınız! Qoy nəvəmin ayaqları əyri bitsin, amma özü azad olsun, yeri rahat olsun!” – deyib bağırdım.

Nəvəmə ad seçməyi mənə həvalə etmişdilər. Xanımım qapını açıb işığı yandırdı. Dərhal saata baxdım, gecə on iki idi. “Niyə yatmırsan?” – soruşdu. “Xudaqulu yadıma düşmüşdü, onu fikirləşirdim” – dedim. “Yoxsa, nəvənin adını “Xudaqulu” qoymaq istəyirsən?!”. “Yox, əzəldən bəxtsiz idi yazıq Xudaqulu... Söndür işığı. Bu saatı da sabahdan zala keçirin, səsinə yata bilmirəm...” – deyib yanüstə çöndüm.

Qulaqlarımı saatın yellənən kəfkirinə şəkləmişdim. Zamanın nəbzi kimi vuran kəfkirin səsi elə bil məni məsxərəyə qoymuşdu. Səsi beynimə düşmüşdü, məni hirsləndirirdi, yuxumu qaçırırdı. Saat biri vuranda yerimdən dik atıldım. Saatı götürüb pəncərədən eşiyə tulladım. İndi azad idim, rahat idim, zamanın cansıxıcı səsindən canımı qurtarmışdım...

# 1085 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #