Kulis.Az görkəmli yazıçı Əkrəm Əylislinin “Dağlar deyir ki, soyuqdur” povestini təqdim edir.
Əvvəli burda
3
Bir-iki saat əvvəl bulvara quş kimi uça-uça gedən Mamedov indi ordan ağır-ağır evinə qayıdırdı. Sanki çəkisi çoxalmışdı, bədəni, qarın-qursağı yekəlmişdi. Əynindəki yüngül yay pencəyi də indi ona hiss olunacaq dərəcədə ağırlıq eləyirdi. Ürəyində: “Cəfər, - deyirdi, - Cəfər, ay səni, ay səni...” Gördüyü isə təkcə o göl idi: “Mehbalının gölü”. Və indi o göl Mamedovun gecə yuxuda gördüyü göldən çox fərqliydi: adicə hovuz, kiçik su anbarı. Heç o gölün suyu da Mehbalının həmişə yuxuda gördüyü su deyildi. Bulanıq, çirkli su idi. Və hovuzun aşağı lağımının ağzındakı iyli, qara palçığı bol-bol “ayıb yerlərinə” yaxıb, suyun qırağında kişilənə-kişilənə gəzişən yuxarı sinif şagirdləri o suya hər dəfə baş vuranda su bir az da lığlanırdı, lillənirdi. Hamı çılpaq, hamı lüt-ətcəbala. Təkcə məktəbi çoxdan bitirib, kolxoz idarəsinə gecələr qaraul çəkən Tarzan Maşallah özünün topal otundan toxuduğu “fitə” ilə ayıbının üstünü örtmüşdü. “Bəs o vaxt tursik-zad yoxdu görəsən?” – Mamedov öz-özündən soruşdu. Və onun bu sorğusuna Cəfərin səsilə cavab gəldi: “O vaxt tursik nə gəzirdi, a zırrama! Bunu sən harda görmüsən ki, yayın şaqqama istisində kənd uşağı əyninə tursik geyə. Kəndin lap ərlik qızları da yayda tursik nədir bilməzdilər. Hər arvadın bir dənə layka-darbalağı olurdu. Onu da payızda-qışda havalar bərk soyuyanda geyirdilər. Arvadların çoxusu o darbalağı qışın əvvəlində geyib, bir də yaz açılanda əynindən çıxarırdı. Yuyub, yırtığına yamaq salıb, gələn qış bir də geymək üçün saxlayırdı. İndi sən mənə de görüm, o gün Nubar müəllim, o koramal əhvalatına görə, sənə poxlu qaloşuynan təpik vuranda ilin hansı vədəsiydi? Yaz idi, düz tapmısan, elədir ki, var. Özü də yazın lap oğlan çağıydı – yay tətilinə bir-iki həftə qalırdı. Nubar müəllim qıçını qaldırıb, təpiyi qarnıva ilişdirəndə bəyəm onun əynində tursik vardı? Yox idi, özün də gördün ki, yox idi. Sənin əziz canın üçün, Mamedov. Dədəmin goru!”
Öz diliylə demək istəmədiyi bu sözləri Cəfərin diliylə deyib-eşidəndən sonra Mamedovun qanı lap qaraldı. Hətta o dərəcədə qaraldı ki, hələ evə qayıtmağına xeyli qalmış “Sahil” bağının yanından vağzal tərəfə döndü, cibindəki bileti aparıb kassaya qaytarmaq barədə fikirləşdi. Və elə bu fikrin özündəncə birdən-birə tamam bədbinləşib, haldan düşən Mamedov bağdakı skamyalardan birinin üstündə oturmağa əşhəddi-ehtiyac hiss elədi.
“SƏN SINMISAN, MAMEDOV, BƏRK SINMISAN!” - Bu dünyanın hər yerindən yenə Cəfərin səsi gəlirdi. Və o “Sahil” bağında gözədəyər nə vardısa, sanki Cəfərin səsilə bu sözləri təkrar eləyirdi: fantanın – yuxarıdan aşağı axıb, şırhaşır hovuza tökülən suyundan tutmuş, o suyun ətrafında qaçışan uşaqlaracan... Özünün həqiqətən sındığına ürəyinin bir yerində əsla inanmaq istəməsə də, haçan, harda və nəyə görə sındığını Mamedov yaxşı bilirdi. Bəli, o gün – məhz o payız günü... Bakının dəli küləyi yenə də dünyaya qənim kəsilmişdi. Və o külək sanki əsmirdi, ulayırdı: it kimi, qurd kimi, bayquş kimi... Külək zavodun həyətindəki şam, küknar, zeytun ağaclarını çırpırdı, budayırdı. Mamedovun kabinetinin pəncərə şüşələri küləyin zərbəsindən fasiləsiz sızlayırdı, zarıyırdı. Dünyanın başı üstündə külək elə bil qorxu əsdirirdi, həyəcan təbili çalırdı. Şəhərdə - mitinq, hər yerdə - haray-həşir. Zavodların çoxu artıq işləmirdi. Mamedovun zavodundakı fəhlələrin də bir qismi işə gah gəlirdi, gah gəlmirdi. Ancaq zavod hələ ki, işləyirdi. Mamedov ümid eləyirdi ki, hökumət tezliklə nəzarəti ələ alacaq. Dərəbəyliyə, haray-həşirə son qoyulacaq. Hər şey yavaş-yavaş öz əvvəlki qaydasına düşəcək. Ancaq, deyir, sən çaldığını çal, gör fələk nə çalır. Yuxarıların tezliklə hər şeyi yoluna qoyacağına o gün Mamedov bəlkə bir-iki saat da inanacaqdı. Onun bu ümidinə bircə telefon söhbəti həmişəlik son qoydu.
Zəng eləyən özgə adam deyildi, onun hər gün səsini eşitdiyi adam idi: ƏJDƏR ƏZİMOVİÇ – Mərkəzi Komitənin sənaye üzrə katibi. Ancaq katibin ogünkü səsi elə bil öz səsi deyildi, Mamedovun heç vaxt eşitmədiyi yad, kobud, cığal və cındır bir adamın səsiydi. Həmişə mülayim səslə danışan, nəzakətlə kef-əhval tutan Əjdər Əzimoviç o gün Mamedova heç salam da vermədi.
- Sən hələ ordasan, Mamedov?
- Burdayam. Bəs harda olum?
- Fəhlələrin də ordadı?
- Bəli, çoxusu yerindədi.
Əjdər Əzimoviç bar-bar bağırdı:
- Hamısını göndər mitinqə. Sroçno, nemedlenno! Özün də rədd ol, get otur evində. Zavod işləməyəcək, Mamedov, başa düş, əl çək qanmazlığından. Sənin o cındır zavodun indi heç kəsə lazım deyil. Bizə lazımdı ki, bu saat fəhlələrin hamısı mitinqdə olsun.
- Bəs sonra necə olacaq? – Eşitdiyi sözlərdən yarımcan olmuş Mamedov az qala ağlaya-ağlaya soruşdu.
- Sonra canıva azar olacaq! Sənə deyirlər, burax fəhlələri, çıx get.
Telefon söhbəti bitdi. Və o söhbətin üstündən beş dəqiqə keçməmiş Mamedovun o çağacan zavodda ən tərbiyəli və başıaşağı cavan oğlanlardan biri kimi tanıdığı bir fəhlə içəri girib, salamsız-kəlamsız:
- Dur bas bayıra! – dedi. – Sənin hökumətin çezdi. İndi demokratiyadı.
“Sən demə, demokratiya buymuş, Cəfər!” – Mamedov ürəyində dedi və dediyini kiminsə eşidə biləcəyindən ehtiyatlanırmış kimi, boylanıb qorxa-qorxa yan-yörəsinə baxdı. – “Deyirsən, sınmısan, bərk sınmısan. Necə sınmayaydım, ömrümün yarıdan çoxu o zavodda keçmişdi. Hələ texnikumda oxuya-oxuya gecələr o zavodda qaraul çəkmişdim. Mən orda fəhlə də olmuşdum, injiner də. Zavodda direktor işlədiyim 15 ildə mən orda gecə-gündüz can çürütmüşdüm. Səhər naxıra, axşam axura. Səhər saat 9-dan, axşam saa 11-cən. Elə olurdu, heç saat 11-də də işdən çıxa bilmirdim. Evə gecəyarıdan sonra gedib-çıxırdım. Yeganə oğul balam həftədə bir dəfə üzümü görürdü. Birdən – oturduğun yerdə - “Dur bas bayıra. Çıx-get otur evində.” Yaxşı, tutaq ki, mən getdim, oturdum evimdə, bəs o boyda zavodun mal-mülkünə sabah kim cavab verəcəkdi. Bu gün sənin işdən-gücdən ayırıb küçələrə tökdüyün yazıq fəhlə evinin çörəyini sabah hardan tapacaqdı? Sən bu hökuməti nə tez yıxdın, Əjdər Əzimoviç? Sənə kim dedi ki, beş yüzdən çox fəhləyə çörək verən bir zavod daha heç kimə lazım deyil? Ölkənin ən qabaqcıl sənaye obyektlərindən biri olan o zavod niyə sənin üçün birdən-birə “cındır” oldu?..”
Əvvəl ona “dur bas bayıra” deməyə tək-tək gələnlər sonra birləşib, dəstələşib, Mamedovun üstünə yürüdülər.
Günortadan bir az sonra zavodun ərazisində 5-6 saqqallı da peyda oldu. Saqqallılar Mamedovun kabinetinin qabağında bəy-xan ədası ilə gəzinirdilər. Sexlərdə işi dayandırıb, fəhlələrə mitinqə getmək əmri verirdilər. Mitinqə getmək istəməyənləri qorxudub-hədələyirdilər.
Mamedovun kabinetinin ətrafında bəy-xan ədası ilə gəzişənlər sonra yəqin ki, kimdənsə göstəriş alıb, axşamtərəfi qəfildən kabinetə dürtüldülər. Mamedovu əməllicə qorxuya salsalar da, xoşbəxtlikdən ona dəyib-toxunmadılar. “Dur, dayı , – böyükləri dedi – get evində istirahət elə, çay iç. Televizora bax. Axşamlar əla Meksika serialı göstərirlər – otur bax, kef elə. Sabahdan hamı mitinqdə olacaq. Sən burda tək oturub neyniyəcəksən...”
Saqqallılar Mamedovun bəzi vacib sənədləri seyfdən götürməsinə də mane olmadılar. Və həmin saqqalıların nəzakətli müşayiəti ilə Mamedov öz sevimli kabinetini həmişəlik tərk etdi.
Bayırda külək nisbətən səngimişdi. Havadan yağış iyi gəlirdi. Zavodun direktoruna məxsus idarə maşını həmişəki yerindəydi. Ancaq şofer o həndəvərdə gözə dəymirdi. Sürücünü axtarıb tapmağa Mamedov heç bir cəhd göstərmədi. Hətta şoferin maşında olmamağına ürəyinin bir yerində sevindi də. Çünki son bir-iki həftənin içində Mamedovun sürücüsü də tamam dəyişmişdi. Onda əvvəlki xoş rəftardan, xoş sifətdən əsər-əlamət də qalmamışdı. Bir də o boyda zavodun milyonlara bərabər əmlakının kimsəyə lazım olmadığı bir zamanda o maşın və o şofer Mamedovun nəyinə lazım idi?
Zavoddan çıxandan sonra Mamedov yolun xeyli hissəsini evinə piyada getdi. Çünki onun o vəziyyətdə evə getməyi gəlmirdi. Gedib evdə arvadının, övladının gözünə elə bir yazıq görkəmdə görünmək istəmirdi. Ancaq sağ olsun elə arvadı. O axşam arvadı Mamedovu elə qarşıladı ki, elə bil hər şeyi çoxdan bilirmiş: şəhərdəki vəziyyəti, zavoddakı başıpozuqluğu, hətta Əjdər Əzimoviçin saqqallılarla əlbir olmağını və onun, yəni Mamedovun o gün evə həmişəkindən tez gələcəyini də... Evin əsl bayram xörəyini – zəfəranlı, zəncəfilli soğan dolmasını arvadı o axşama bişirmişdi. Bazardan qarpız almışdı. Evdə bişən mürəbbənin hər növündən süfrəyə düzmüşdü. Heç zavodda nə baş verdiyini soruşmağı da lazım bilmədi. Mamedov yeyib-içib süfrədən duranacan cınğırını da çıxarmadı. Sonra köhnə əyyamlardan qalan qəhvəyi kələğayıya bükdüyü xeyli pulu gətirib Mamedovun qabağına qoydu.
- Pulumuz da var, Allaha şükür. Bir il yesək, bəsimizdi. Zavodun, hökumətin də dərdi bizə qalmayıb. Belə hökumətin qalmağından qalmamağı yaxşıdır. Kül olsun o Qarbaçovun başına. Beş-on saqqallının öhdəsindən gələ bilmir.
- Hardandı? – heyrətdən gözləri böyümüş Mamedov qüssəli-qəhərli səslə soruşdu.
- Öz pulundu da, hardan olmalıdı ki. Öz halal maaşındı. Sən alıb, hər ay evə gətirmisən, mən də xərclədiyimi xərcləyib, xərcləmədiyimi yığıb saxlamışam.
4
Ürəyində arvadına rəhmət verə-verə “Sahil” bağından uzaqlaşıb, yoluna davam edən Mamedov, xeyli gedəndən sonra, bir də baxıb gördü ki, evinə getdiyi yerdə şəhərin tamam başqa bir yerinə gəlib çıxıb. Bura Bakının harasıydı görəsən? Bax e, 28 May küçəsi. Küçədə adam əlindən tərpənmək mümkün deyildi, elə maşının sayı da adamın sayı qədər olardı. Hər yan – dükan, hər yerdə - alış-veriş. Dükanlardakı maqnitafon kalonkalarının bağırtısından küçədə ağız deyəni qulaq eşitmirdi. Təzə çıxan xanəndələr pozğun və pozuq səslə əttökən, ürəkbulandıran mahnılar oxuyurdular. Maqnitafon kalonkalarının birindən bir arvad “kişi” deyib, açıq-aşkar yalvarırdı: “Sən gəl məni dincəlt. Dur gəl məni dincəlt. Tez gəl məni dincəlt.” Başqa bir dükandan gələn kişi səsi “Gələrəm yağışlar yağanda” deyərək, sanki “gəl-gəl” deyən o arvada cavab verirdi. Özü də zalım oğlu elə zarıya-zarıya deyirdi ki, guya o yağış yağmasaydı, o arvadın kişi yanğısını söndürmək heç bir başqa vasitə ilə mümkün olmayacaqdı.
Hava qızmışdı. Səhərki o sərinlik, sakitlik də elə bil bu gün olmamışdı, çoxdan olmuşdu.
Qulağına cırcırama səsi gəldi. Adamlarda belə şey olur hərdən. Özü də bərk yorulanda. Adam var, bərk yorulanda qulağına quş səsi gəlir, adam var xəzəl xışıltısı. Adam da var, yorulub heydən düşəndə, Bakıdakı evində oturub haradasa uzaq bir çöl-biyabanda ilan fışıltısı eşidir.
Cırcırama cırıltısı Mamedovu bir andaca şəhərdən alıb, kəndə apardı. Yay idi. Göydən od tökülürdü. Kolxozun ən yaxşı meyvə bağlarının birində əriyin, alçanın, badamın, heyvanın gövdəsinə, budağına suvanmış saysız-hesabsız cırcıramalar havanın necə isti olduğunu sanki bütün dünyaya ucadan car çəkirdi. Kolxozda ərik yığımının ən şıdırğı vədəsiydi. İstidə təri dabanından çıxan qadın, kişi, qız-gəlin əriyi dərib, vedrələrə yığıb, konserv zavodundan gətirilmiş yeşiklərə boşaldırdı. Susuzluq, halsızlıq, baş gicəllənməsi... Əriyi bol-bol qarnına doldurub, tırıxlamaya düşən uşaqların bir ayağı bağın həndəvərindəki otluqlarda, kolluqlardaydı. Hətta bəzi yaşlı kişilər də tez-tez qarnını tutub, özünü arx yanına, su başına verirdi. Su içməkdən qarnı tuluğa dönmüş, təri dabanından süzülən o qızların gözəlliyi nədəydi, görəsən?
Həmişə ləzzətlə xatırladığı o böyük ərik bağında indi Mamedov xoşagəlimli heç nə tapa bilmədi. Yenə ürəyində: “Cəfər, - dedi, - düzü sən deyənmiş, Cəfər. Sən elə o vaxt da məndən ayıqmışsan, ağıllıymışsan...”
Fikrində - Cəfər, qulağında – cırcırama səsi, şəhərin bu tünlük yerində nə qayırdığını özü də biməyən Mamedov dəmiryol vağzalına getmək niyyətində olduğunu, nəhayət, anlaya bildi.
Bəli, Mamedov vağzala gedirdi. Ancaq vağzala getmək üçün “Sahil” bağından vurub, Səməd Vurğunun heykəlinin yanınacan yol döyməyin, görəsən, nə mənası vardı?..
Gəldiyi yolla geri döndü. Özü də bərk tərləmişdi, susuzluqdan dili-dodağı alışıb yanırdı.
Evə getdiyi yerdə yolunu vağzal tərəfə salmaqda onun, söz yox ki, məqsədi vardı. Ancaq o məqsədin nə məqsəd olduğunu Mamedov elə bil özündən də gizlətmək istəyirdi. İndi o, hər şeydən çox, dünən kəndə zəng eləməyinə peşman idi. Güman ki, bir də buna görə Mamedov o vağzala getməkdə ürəyində tutduğu niyyəti bütün vasitələrlə fikrindən uzaqlaşdırmağa çalışırdı. Bu fikirdən qorxurdu, utanırdı. Çünki belə hərdəmxəyallıq Mamedovun təbiətinə zidd idi, əxlaqına yad idi. Lap Cəfər hər şeydə haqlı olsa belə, onun kənd barədə dedikləri Mamedovu kəndə getmək niyyətindən döndərməməliydi. Amma döndərmişdi. Buna heç cür inanmaq istəməsə də, fakt buydu ki, daha Mamedovun kəndə getməyi gəlmirdi.
Az qala vağzalın yanına çatdığı yerdə birdən geri dönüb, evinə tərəf üz qoydu. Kassaya qaytarmaq istədiyi bilet pencəyinin döş cibindəydi. Bileti cibindən çıxarıb, baxıb təzədən cibinə qoydu. Ancaq evə getməyə tələsmədi. Yolunun üstündəki döngələrin birində bir qəşəng bağça görüb, dayanıb tamaşa elədi. Kafe idimi, restorandımı – hər nəydisə yemək-içmək yeriydi. Bağçadakı şüşəbənd tikilinin qabağında bir oğlan manqalda kabab çəkirdi. Ondan azca aralıda bəstəboy kök bir qadın fikirli-fikirli dayanmışdı. Bir-birindən xeyli aralı qoyulmuş 5-10 yemək stolundan yalnız birinin arxasında 3 nəfər kişi oturub, tələsmədən pivə içirdi. Və elə o pivənin dumduru sünbül sarısı susuzluqdan ciyəri yanan Mamedovu maqnit kimi dartıb özünə çəkdi.
Mamedov boş stollardan birinin arxasında oturar-oturmaz həmin o kabab çəkən cavan oğlan gəlib başının üstünü kəsdirdi.
- Nə verim, dayı?
Mamedov:
- Piyvə, - dedi, - mənə piyvə gətir, susuzluqdan ürəyim od tutub yanır.
Bir neçə saatın içində həqiqətən xeyli dəyişib, olduğundan da xeyli qoca görünən Mamedova oğlanın yazığı gəldi.
- Bəlkə su gətirim, - dedi. – Sərin “Sirab” da var, “Badamlı” da.
- Yox, piyvə gətir. – Mamedov qətiyyətlə dedi və Cəfəri bulvarda pivə içdiyi yerdə gözünün qabağına gətirdi.
Ömründə o pivədən ləzzətli bir şey içdiyi Mamedovun yadına gəlmirdi. Pivəni içə-içə dirilirdi, rahatlaşırdı. Səhərki xoş ovqatı yenidən yerinə qayıdırdı. O bir bakal pivədən əməllicə dəmləşmiş Mamedov möhkəm acdığını hiss elədi və özünə kabab sifariş etmək üçün manqalın yanında duran oğlanı uzaqdan-uzağa səslədi:
- Canik, Canik, bir dəqiqə bura gəl, zəhmət olmasa.
Əvvəl oğlan elə bildi ki, müştəri onu yox, başqasını çağırır. Bir müddət ora-bura boylandıqdan sonra, könülsüz, Mamedova yaxınlaşdı.
- Məni çağırırdın, dayı?
- Hə də, bəs kimi çağırıram?
- Mənim adım Canik deyil axı. Mənim adım Samirdi.
- Mən burda çörək yemək istəyirəm. Yeməyə nə var sizdə?
- Hazır kababımız var – təzə quzu ətindən. İstəsən, sənin üçün yaxşı düşbərə də bişirtdirə bilərəm. Bax, o arvad, - kababçəkən tikilinin qabağında bayaqdan fikirli-fikirli dayanmış bəstəboy qadını göstərdi, - əla düşbərə bişirir. Bakıda onun kimi düşbərə bişirən yoxdu.
- Borş da bişirir? – Bu sözləri Mamedova elə bil şeytanın şəxsən özü dedirtdi. Çünki verdiyi sualın tamamilə yersiz və mənasız olduğunu özü də bilirdi.
Bu saat o yalnız kabab yemək istəyirdi. Borşu soruşmaq nəyinə lazım idi.
- Bizdə borş olmur. Kabab deyirsən, gətirim.
- Hə, gətir, kabab gətir... – Mamedov bir az fikirləşdi. – Bir stəkan da araq.
- Yüz əlli? Bir stəkan 150 qramdır. Kabab bir şiş olacaq?
- İki şiş! – Mamedov amiranə səslə ucadan dedi.
- Pamidor, badımcan da olsun?
- Olsun, hər şey olsun.
Kababdan bir tikə yeyəndən sonra Mamedov ofisiantın stəkanda gətirdiyi arağın hamısını birnəfəsə içdi. Araq da pivə kimi ləzzət verdi.
- Canik, Canik, bir yaxşı çay da dəmlə gətir! – Ofisiantın bayaq dediyini yadından çıxarmış Mamedov bu dəfə oğlanı daha ucadan çağırdı.
Ofisiant özünü tez yetirdi. Ciddiydi, acıqlıydı. Hətta sir-sifəti də pörtüb qızarmışdı.
- Sənə demədim ki, mənim adım Canik deyil, Samirdi! Bizdə çay olmur. Çayını get evində iç. Qoca kişisən, sənə araq içmək olmaz. Hesabın 40 manatdı.
Mamedov evdən çıxanda cibinə bir əllilik qoymuşdu. Pulu ofisianta verdi.
- Qalanı sənə qalsın, dedi. Və durub yavaş-yavaş yola düzəldi.
5
Ertəsi gün səhər yuxudan oyanıb, ona 30-40 ildən bəri sədaqətlə xidmət edən sovetdənqalma zəngli saatın 7-ni göstərdiyini görəndə Mamedov xeyli təəccübləndi. Əslinə qalsa, burda təəccüblü bir şey yox idi. Neçə illərdən bəri o, səhərin bu vaxtı yuxudan oyanmışdı: yazda da, qışda da, işə gedəndə də, getməyəndə də. Mamedova təəccüblü gələn buydu ki, dünən axşamtərəfi restorandan evə qayıdan kimi, heç çay-ad da içmədən əyin-başını soyunub, yatağa uzanmışdı və indi belə çıxırdı ki, bu dəfə o, axşamdan səhər saat yeddiyəcən, bir dəfə də ayılmadan, bütün gecəni daş kimi yatmışdı. Mamedova təəccüblü görünən bir də burasıydı ki, bu saat onun nə bir misqal başı ağrıyırdı, nə bir zərrə ürəyi bulanırdı. Üstəlik, ağlı-başı, fikri-düşüncəsi də elə bil həmişə olduğundan da aydın idi. Dünənki qəribə gün bütün təfərruatı ilə Mamedovun yadındaydı: bulvarda Cəfərlə görüşməyi, ”Sahil” bağında oturmağı, vağzalın ətrafında dolanmağı, yeməkxanada kabab yeyib, pivə, araq içməyi, yeməkxanadakı oğlanın adının Samir olmağı, hətta cibindəki yol biletini şəhərin hansı yerində cırıb, hara tullamağı da...
Dünən axşamtərəfi yeməkxanadan çıxıb, evə gələ-gələ Mamedov xəyalında gedib kənddəki evinə də doyunca tamaşa eləmişdi. Kəndin tən ortasında, çiy kərpicdən tikilmiş, torpaq damlı, birmərtəbəli ev. Bir otaq və bir dəhliz. Otağın yuxarı başında – “evin gözü” – köhnə stol. Stolun üstündə yeddilik neft çırağı, qoşa dəftər varağı boyda dördkünc ayna, bir də evin ən dəyərli əşyası, anasının gəlinlik cehizi – qədim mis samovar.
Otaqdakı yeganə dəmir çarpayıda Mamedovun atası yatardı. Ailənin digər üzvləri yerdə, palaz üstə salınmış yorğan-döşəkdə böyür-böyürə uzanıb yatışardılar: yayda istidən boğula-boğula, qışda soyuqdan dona-dona.
Dünən axşamtərəfi yeməkxanadan evinə qayıdanda Mamedov kənddəki evlərini, o evin küçə qapısından tutmuş xırdaca həyətinəcən, həyətdəki yoğun gövdəli qoca tut ağacına, zirinc, sumax kollarına və o kolların dal tərəfindəki – köhnə faner taxtasından alçaq qapısı olan – ayaqyolunacan hər şeyi birbəbir yadına salmışdı.Və özünün çoxdan unutduğu bu miskin mənzərədə evlərinin alaqaranlıq dəhlizi ona xüsusilə cansıxıcı təsir bağışlamışdı. Dəhlizin samanqarışıq palçıqla suvanmış soyuq, boz divarları, üstünə həmin palçıqdan suvaq çəkilmiş torpaq döşəməsi və o quruca torpaq döşəmənin üstündəki azuqə - evin var-yox yeməyi : bir az soğan, bir az kartof, bir-iki bişirimlik lobya və noxud, tut qurusu, alça, albuxara, ərik qurusu. Anasının dama sərib qurutduğu o əriyi, alçanı, albuxaranı mövsümündə Mamedovun özü cib-cib, qoltuq-qoltuq kolxoz bağlarından daşıyıb gətirmişdi. Və bir vaxt oğurluq saymadığı bu əməlin əsil oğurluq olduğunu düşünəndə - içdiyi arağın ovqatında – Mamedov az qala ağlamaq dərəcəsinə gəlmişdi.
Bir sözlə, kəndə getməməkdə Mamedov düz iş görmüşdü. Bunu Bakının iyun günəşinin qonşu binanın pəncərəsində Mamedovun öz pəncərəsindən gördüyü tərtəmiz açıq-çəhrayı işıq da təsdiq eləyirdi.Və yerində rahatca uzanıb,o işığa ləzzətlə baxa-baxa Mamedov xəyalında yenə Cəfərlə əlləşirdi. Axı onun Cəfərdən nəyi əskik idi? Əyninin paltarı,cibinin pulu... Şəhərin mərkəzində Cəfərin mənzilindən geniş və rahat dördotaqlı mənzili. İstəsə, günorta yeməyini o da hər gün restoranda yeyə bilərdi. Hərdənbir yüz qram, yüz əlli qram araq da içə bilərdi.Tutaq ki, getmişdi, bu saat kənddəydi. O kənddə Mamedov necə yaşayacaqdı. Çeşmədən kim ona su gətirəcəkdi. Çörəyini kim alacaqdı, xörəyini kim bişirəcəkdi. Bir vaxt atasının yatdığı dəmir çarpayı tutaq ki, hələ də qalırdı. Mamedov o çarpayıda necə yatacaqdı. Hələ yatmaq da bir yana dursun, sinninin bu vaxtında Mamedov o yataqdan durub, həyətin o başındakı ayaqyoluna necə gedəcəkdi?..
Durub tualetlik işini görəndən sonra Mamedov qayıdıb, təzədən yerinə uzandı.Və elə yerinə uzanan kimi bugecəki yuxusu yadına düşdü. Mamedovun yuxuda gördüyü kənddə axşam təzəcə düşürdü.Günəşin batıb-batmamağı bilinmirdi. Ancaq onun solğun, sarı işığı hələ kənddən tamam çəkilib getməmişdi.Və sarısı yollara, damlara, divarlara suvanmış o işıqda başına qara yaylıq, belinə qəhvəyi şal bağlamış bir qadın kəndin yuxarı başındakı bir evdən kəndin aşağısına tərəf gəlirdi. Bu adam sifətdə, yerişdə, əyin-başda Mamedovun, özündən 5 yaş böyük, bacısıydı, ya da bacısının qızıydı – bundan baş çıxarmaq çətin məsələydi. Hər halda o qadın yoldakı hər qapının qabağında dayanıb, ucadan: “Dayım gəlir, dayım gəlir!” deyirdi və o səsi eşidib, qapılardan küçəyə boylanan adamların tanış sifəti bəlkə bir vaxt olduğundan da daha diri, daha koloritli bir şəkildə Mamedovun gözünün qabağında canlanırdı. “Dayım gəlir,dayım gəlir. Bilirsiz,niyə gəlir? Anamın qəbrinin üstünü götürməyə gəlir”.
Bu “qəbir” söhbəti hardan çıxdı, pərvərdigara! İndicə ağzından od-alov saça-saça kəndin yollarında şütüyən o qara yaylıqlı qadın Mamedovun çoxdan rəhmətə getmiş bacısı Bibixanım deyildimi?! Və bundan heç, bircə yuxu saniyəsi də keçməmiş Mamedova məlum oldu ki, o qara yaylıqlı dilli-dilavər qadın onun bacısı deyilmiş, məhz bacısı qızıymış. Və o qara yaylıqlı qadın artıq küçədə deyildi, Mamedovun kənddəki evinin balaca həyətindəydi. O, yenə bərk həyəcanlıydı, yenə ucadan danışırdı və ucadan danışa-danışa yenə əl-qolunu ölçürdü.
Və o qadın eləcə əl-qolunu ölçə-ölçə evin çərçivəsi çürümüş, şüşələri qırılıb həyətə səpələnmiş pəncərələrini Mamedova göstərirdi.
- Yox, dayı, sən bura qəbir üstü götürməyə gəlməmisən, - deyirdi. - Sənin qəbir üstü götürməyə pulun nə gəzir. Əgər sənin pulun olsaydı, bu evin pəncərələri indiyəcən şüşəsiz qalmazdı.
Yuxuda Mamedov bundan başqa da bir çox qəribə əhvalatların içində olmuşdu. Ancaq o əhvalatları ya unutmuşdu,ya da bilərəkdən yadına salmaq istəmirdi. Fakt buydu ki, Mamedov kəndə getməmişdi və indi buna zərrə qədər də peşman deyildi.
Bir azdan - durub çörəyini yeyib, çayını içəndən sonra - kəndə, bacısı qızına hökmən zəng eləyəcəkdi. Özündən bir bəhanə uydurub, vəziyyətdən çıxacaqdı. Əsas məsələ Cəfər məsələsiydi. O, Cəfərə necə deyəcəkdi ki, mən dünən kəndə gedəsi olmadım. Gedib restoranda bir bakal pivə, bir stəkan araq içəndən sonra fikrimi dəyişib, biletimi cırıb atdım. Bu sözləri Cəfərə demək onun üçün ağlasığmaz dərəcədə çətin idi. Bu hərəkətinə görə Mamedov Cəfərin nəzərində büsbütün hörmətdən düşə bilərdi. Və məhz Cəfərin nəzərində belə bir hərdəmxəyal və hörmətsiz adam olmaq indi Mamedovu hər şeydən çox narahat eləyirdi.
Hələ yerindən qalxmamış ağlına gələn birinci bu oldu ki, Cəfərə bir müddət zəng eləməsin və özü Cəfərin zənglərinə cavab verməsin. Ancaq bu fikir elə əvvəlindən beyninə batmadı. Sonra ağlına gəldi ki,bir tutarlı yalan uydurub, yaxasını Cəfərin əlindən qurtarsın. Məsələn,desin ki,səndən ayrılandan sonra oğlum Amerikadan zəng elədi. Dedi ki,bir-iki günə Bakıya gələcəyəm. Mən kəndə buna görə gedə bilmədim. Ancaq ona əvvəl kifayət qədər inandırıcı görünən bu plan da az sonra Mamedovu əsla qane etmədi. Özünü Cəfərin gözündən salmamağın ən münasib yolunu Mamedov durub, yaxşı-yaxşı yuyunub,çay içib, çörək yeyəndən sonra tapdı və buna o qədər sevindi ki,az qala oynamağı gəldi. “İndi baxarıq,Cəfər,görərik kim kimi necə dolayır”. – Öz təzə planından çox razı qalmış Mamedov coşğun ilhamla dedi. - “Mən sənin başına elə bir iş açacağam ki,sən o vaxt o koramalı tutub məktəbə gətirib,məni Nubar müəllimə döydürməyinə peşman olacaqsan. Mən bu gündən kənddəyəm, Cəfər, yüz dəfə sən məni dolamısan, qoy bir dəfə də mən səni dolayım....”.
Mamedov bu qərara gəldi ki,onun kənddə, ya şəhərdə olduğunu Cəfər heç vaxt bilməyəcək. Bunu mobil telefondan bilmək mümkün deyildi, Mamedovun ev telefonuna isə heç vaxt heç kəs zəng eləmirdi. Bərk ayaqda 10-15 gün heç bulvara da çıxmazdı. Gedib “Sahil” bağında gəzib-dolanardı. Cəfər heç vaxt şəhər içində piyada gəzən deyildi. Evindən bulvara həmişə taksi ilə gəlirdi, Bulvardan evinə də həmişə taksidə gedirdi. Onun kənddə də elə bir adamı yoxdu ki, Mamedovun orda olub-olmadığını Cəfərə xəbər versin. Bir sözlə, Bakıda ola-ola Mamedov kənd barədə cürbəcür əhvalatlar uydurub, Cəfərlə doyunca məzələnəcəkdi. Və 10-15 gün keçəndən sonra gedib “Mirvari” kafesində Cəfəri qəfildən haqlayacaqdı: “Bu da mən, Cəfər! Sənə kənddən salam gətirmişəm...”
O gün Mamedov, hələ günortaya xeyli qalmış kəndə zəng eləyib, bacısı qızı sarıdan rahatlandı. Özünə günorta yeməyi bişirmədi. Gedib dünənki yeməkxanada 100 qram araq içib, bir kasa düşbərə və bir şiş kabab yedi. Üstəlik, o Samir adlı oğlanla dünənki anlaşılmazlığı da asanca aradan götürüb, özündən razı halda evə qayıtdı.
6
Axşam saat 6-ya 5-10 dəqiqə qalmış Cəfər zəng elədi və salamsız-kəlamsız:
- Ə,ordasan? – dedi.
- Burdayam. Deyirsən bəs harda olum.
- Öz evindəsən, yoxsa bacıngildəsən?
- Öz evimdəyəm.
- Bir şey tapıb yemisən?
- Hə, yaxşı düşbərə yemişəm.
Cəfər bir az dayndı:
- Orda düşbərə olmurdu axı.
- İndi olur.
- Düşbərəni bacın qızı bişirmişdi?
- Bəli, o bişirmişdi. Bacıqızım hər şey bişirə bilir. Deyir, nə istəyirsən de, bişirim. Borş, piti, badımcan, kələm, yarpaq, soğan dolmsı… borş! Bu axşama, demişəm,dovğa bişirsin.
- Bunu lap düz eləmisən. Oranın dovğası çox ləzzətli olur. Ancaq orda “dovğa” demirlər axı. Qatıqaşı deyirlər.- Cəfər yenə bir-iki saniyə dinmədi. – Bacıngil inək saxlayır?
- Hə. Bir inəkləri var, bir də bir camışları.
- Pa, atonnan! - Cəfər heyrət dolu səslə dedi. - Deyəsən, bu dünyada heç nə dəyişmir axı. Düz 60 il bundan qabaq da onnar bir inək, bir camış saxlayırdı. Burası yaxşı oldu. Demək, südün, qatığın bol olacaq.
- Hə, olacaq. Pendir, qaymaq - hər şey olacaq. Mən də onnara öz hörmətimi eləyəcəyəm. Hər şeyin pulun ikiqat artıqlamasıyınan verəcəyəm.
- Ora çox pul aparmısan?
- Hə, üç minəcən gətirmişəm.
Cəfərdən yenə bir müddət səs çıxmadı.
- Ə, Mamedov, sizin həyətdə bir yoğun tut ağacı vardı. O ağac durur hələ?
- Hə, yaxşı da tut gətirib. Doluluqdan budaqları yerə dəyir.
- O tutdan hər gün ye, Mamedov. Özü də səhər tezdən acqarına ye. Tutun hər şeyə xeyri var: mədəyə, bağırsağa, qaraciyərə. Hələ, deyirlər, əsbabın durmağı üçün də tutun əvəzi yoxdur. Amma sən ye, Mamedov, qorxma. Girinə arvad-zad keçməsə, Çer Muxtarın qancıq eşşəyinin nəvə-nəticəsindən birin taparsan orda.
- Yaxşı da, heç olmasa telefonda bir az ədəbli danış.
- Baş üstə. – Yenə bir neçə saniyə fasilə. – Ə Mamedov bizim evə gedib baxmamısan ki?
- Yox hələ baxmamışam. Sabah gedib baxacağam.
- Sabaha saxlama, indi get. Bir azdan yenə zəng eləyəcəyəm sənə.
Cəfərin telefonu susdu və Mamedov o evin barəsində Cəfərə nə deyəcəyini hələ götür-qoy eləməmiş, telefona bir də zəng gəldi. Bu dəfə zəng eləyən oğlu Mahir idi.
- Mamedov! – Kefinin yaxşı vaxtlarında oğlu da ona “Mamedov” deyirdi.
- Can Mamedov! Necəsən, bala?
- Yaxşıyam, papa. Bəs nə oldu sənin gəlməyin?
- Bilirsən, oğul… - Mamedova bir anlıq elə gəldi ki, oğluyla da kənddən danışır. – Qoy görüm, bala, bir az fikirləşim.
- Sən axı nə vaxtacan fikirləşəcəksən, papa? Burda oğlun var, gəlinin var, gül kimi nəvələrin var. Bəs gəlinini, nəvələrini görmək istəmirsən? Çıx gəl, papa, axı mən də həmişə narahatam sənə görə.
- Narahat olma, gələcəyəm. Axı evi gərək yerbəyer eləyəm.
- Evin nəyin yerbəyer eləyəcəksən. Sat birinə, pulun qoy banka. Kartın al, çıx gəl bura.
- Yaxşı, sataram. Bir adam tapıb sataram… “Ev satmaq buna nə asan gəlir”- Mamedov ürəyində fikirləşdi.
- Yaxşı, day uzatma məsələni. Burda gözləyirik səni.
Söhbət bitdi.
Bir-iki saat sonar Cəfər zəng elədi:
- Getdin baxdın, Mamedov?
- Hə, elə indicə ordan gəlirəm.
- Nə gördün?
- Elə bir şey görmədim. Eviniz qalır yerində.
- Evə kim baxır indi?
- Qonşunuz çoban Səfər baxır.
- Yox a! O hələ ölməyib?
- Sağdı. Səndən, məndən zirəkdi deyirlər.
- Yenə qoyuna gedir?
- Hə gedir, deyəsən. Özün oralarda görmədim.
- Bizim ceviz ağacı qalır - divarın dibindəki?
- Qalır. Həyətdə çoxlu təzə ağac da əkiblər.
- Nə ağacı əkiblər?
- Çoxusu ərikdi. Bir də üç-dörd armud ağacı gördüm. Əriklər bərk gətirib bu il. Yetişib, saralıb kəhraba kimi.
- İndi orda ərik yetişməz axı.
Mamedov səhvini düzəltməyə çalışdı:
- Mən demədim ki,yetişib. Dedim ki, saralıb muğarlanıb.
Cəfərdən bir müddət səs çıxmadı.
- O Səfər yenə it saxlayır?
- Onu soruşmadım.
- Bəs Nubar müllim necə? Ölüb, yoxsa qalır?
- Onu bilmirəm, Cəfər.
- Necə bilmirsən, onnarın evi sizing divarın dalında deyil?
- Nə bilim, bəlkə ölüb. Hələ ki, səs-səmirin eşitməmişəm.
- Çaqqallar gəlməyib ki, hələ?
Mamedov bir şey başa düşmədi.
- Çaqqallar? Nə çaqqqallar? Məni dolayırsan yenə?
- Ə, zırrama, indi saat neçədi? Çaqqallar bu vaxt gəlir də kəndə. Gəlib ulaşır kəndin ətəyində. Olmaya day çaqqal-zad da qalmayıb orda.
Cəfər düz deyirdi. Həmişə axşam düşəndə çaqqallar dağlardan tökülüşüb, kəndin ətəyində azı bir saat vaqqıldaşırdılar. Özü də həmişə axşamın eyni vaxtında. Səsləri də elə bil uşaq səsiydi. Naşı adam eşitsəydi, elə bilərdi ki, bir sürü dəcəl uşaq kəndin ətəyində səs-səsə verib əcayib səslə çığırışır.
Cəfərin hansı çaqqallardan danışdığını Mamedov yaxşı ki, yadına tez sala bildi.
- Hə, hə, bildim nə deyirsən. Hələ burda qaranlıq düşməyib axı. Çaqqallar qaranlıq düşəndə gəlir.
- Düz deyirsən. İlin bu vaxtları qaranlıq gec düşür orda. Hazırlaş, bir azdan gələcək qardaşların. Nə oldu, bacıqızın qatıqaşını bişirib gətirdi?
- Hə, gətirib. İndi oturub yeyəcəyəm. – Cəfərin gözlənilməz “çaqqal” söhbətindən sonra bir də çaşa biləcəyindən ehtiyat eləyən Mamedov söhbətin mövzusunu dəyişməyə tələsdi. – Bayaq, səndən sonra oğlum zəng eləmişdi. Yenə, deyir, evi sat, çıx gəl yanıma.
- Düz deyir də, a bifərəsət, ağıllı söz deyir sənə. Mənim Amerikada oğlum olsaydı, heç bir gün də burda qalmazdım. Mən ingilis dilini Amerikada yaşayanların çoxundan yaxşı bilirəm.
- Yenə özünü tərifləməyə başladın? Axı mən bilmirəm ingilis dilini.
- İngilis dilini bilmək sənin nəyinə lazımdı? “Hello”, “qudbay” iki söz bilsən bəsindi. Kənddə çox qalacaqsan?
Mamedovun bu suala cavab verməyi bir qədər vaxt apardı.
- İstəyirəm qalım bir az.
- Çox qalma, çıx gəl bir adam tapaq, evin məsələsin həll eləyək. Onsuz da bir-iki gün qalandan sonra orda hər şeydən iyrənəcəksən. Gündə bir yəxnkeş dovğa yeməyə görə orda bir ay qalmağa dəyməz.
“YƏXNKEŞ” - kənddən çıxdığı əlli ildə Mamedov bu sözü birinci dəfəydi ki, eşidirdi. Bu söz yalnız onların kəndində işlənən söz idi. Yalnız onların kəndində boşqaba “yəxnkeş” deyirdilər (“Yəxn”: “Dədə Qorqud” dastanında - ət).
- Dəyməz deyirsən? Bəlkə dəyər. İndicə özün dedin ki, buranın dovğasından olmaz. - Bu saat Mamedovun dovğa üçün həqiqətən ürəyi əsirdi.
- Hər halda,gündə bir boşqab dovğaya görə üç min manatın başına daş salmağa dəyməz.Yaxşı,otur dovğanı ye. Sabah danışarıq yenə.
Mamedovun birdən-birə qanı qaraldı. Heç özü də bilmədi ki, niyə qaraldı. Bəlkə elə ilk gündəncə Cəfəri aldatmaqdan bezmişdi. Bəlkə kənddə “olmağın” cəmi bircə günü Mamedova xirtdəyinəcən bəs eləmişdi. Bəlkə bunun səbəbi kənddə olan o evin Mamedovun yuxuda gördüyü miskin mənzərəsiydi. Damını ot basmış alçaq koma. O komanın çərçivəsi çürümüş şüşəsiz pəncərələri. Bir də - o, qara yaylıqlı qadın: “YOX, DAYI, SƏN BURA QƏBİR ÜSTÜ GÖTÜRMƏYƏ GƏLMƏMİSƏN!”
Əhvalı birdən pozulmuş Mamedov istədi ki, götürüb Cəfərə zəng eləsin. Desin ki, burdayam, Cəfər, heç yana getməmişəm. Hələ o məktəb illərindən beləsinə məni həmişə sən dolamışdın. Dedim ki, bir dəfə də mən səni dolayım. İncimə, sən dədənin goru, bağışla, keç günahımdan. Gəl sabah yenə görüşək bulvarda. Evin məsələsin bir yerdə həll eləyək.
Mamedov o gecə olduqca pis yatdı və xeyli qarmaqarışıq yuxu gördü.
Ardı var