Kulis.az “Yeni imza” layihəsindən gənc şair İntiqam Yaşarın şeirlərini təqdim edir.
Əkiz ağrılar
Bəzən ağrılar da əkiz doğulur,
Məsələn,
Ürək ağrılarıyla kürək ağrıları kimi.
Ayırmırsan heç birini,
Qolların daha geniş açılır,
Qoynun daha isti olur onlara.
Hər əsən küləkdən,
Hər yağan yağışdan qoruyursan.
Onlar boy atıb-böyüdükcə,
Sən ayaq üstə quruyursan.
“Şəkər” kimi adı şirin olur,
dadı acı.
Bir gün də, bir gün də,
Səni “təbrik”ə gəlir dostlar, tanışlar.
Qurtulursan büsbütün,
Çatır dadına ağrıların ən sonuncu əlacı.
İtirmək qorxusu
Daima itirmək qorxusu,
Daima itirmək xofu…
Ən pisi də susmaq ağrısı,
Bu dərdi dilinə gətirmək qorxusu.
Hər gün eyni şəhər,
Eyni insanlar,
Eyni metro,
Eyni səs siqnalları…
Ayaqlarının əzbərlədiyi şəhərdə
ürəyinin hər gün azması, itməsi, itməsi.
Sənin deyilmiş kimi ürəyinin başından keçməyin,
Və bir gün onun hər şeydən, hamıdan, elə səndən də küsməsi.
Əbədilik ayrı bir şəhərə getməsi… getməsi… getməsi…
Hər gün bir az unutmaq
Hər gün bir az unutmaq
hər gün bir az ölməkdi.
İndi gülmək, doğrusu,
xətir üçün gülməkdi.
Bəzən, unutmaq olmur
ən kiçik zərrəni də.
Xatirələrə xatir
unutmuram səni də.
Sən də unutmamısan,
yüz rola gir, qəddar ol.
Alınır da sözdümü?
çox peşəkarsan, var ol.
Axı, mən özüməmmi,
sənə “özün ol” - deyim.
Hansı işığa baxıb,
“getmə” - deyim, “qal” - deyim.
Sənin nə günahın var
nə ittiham edim mən?!
Baş ağrısı olmasın,
sözüydü də dedim mən.
Bir şəhərin boşluğu
Bir şəhərin boşluğu
bir balaca otaqdan başlayar, dost.
Oynama sükutun ağır havasına,
sümüyünə düşmürsə.
Keçmiş görüş yerindən keçəndə asta addımla,
Düşünmə hər şey köhnəldi, unuduldu,
Orda indi sevgililər görüşmürsə.
Ürəklər qayıdan yerə ayaqlar hələ addımlayır,
Qərarsız, çarəsiz, ümidsiz, solğun...
Bax, bu cür can atır, belə addımlayır...
Sən kimsən, mən kiməm, o kimdi,
Yoxuqmu, varıqmı, nə bilim.
Kaş, kimisə qınamaq gücüm tükənəydi.
Ya mən susa biləydim, dərindən bir köks ötürüb,
Ya da suallarımı eşidən biri dinəydi...
Əllərin üşüdükcə
Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına.
Həm özünü inandır,
Həm də məni inandır.
Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.
Susmağa xeyli həqiqət
Susmağa xeyli həqiqət,
Danışmağa xeyli yalan.
Mən, bomboz küçələr...
Əyri dalan...
Şütüyən baxışlar, təslim ayaqlar...
Deyirlər bu yaz da gecikir,
Ötən ildəki kimi
Və bir gün...
Nədənsə bizdən çox uzaqda olur biz istəyənlər,
Nədənsə çox yaxına buraxırıq istəmədiklərimizi.
Addım məsafələriylə işğal olunuruq,
Bir udum havayla tükənirik.
Heç vaxt etiraz etməyə cürətimiz olmur,
Nə bir kəlmə danışırıq,
Nə dinirik.
Və bir gün,
Və bir gün illərlə susmuş ev telefonumuz öldürür özünü.
Bir əcəl zənginə diksinirik.
Vurma cədvəlində “2”-dəyik
Bu ömür günbəgün ələnir qum kimi,
Etinasızca dayanmışam pəncərə önündə,
Əllərim qoynumda məhkum kimi.
Baxışlarımı dikmişəm məndən çox-çox uzaqlarda
o xoşbəxt, bir az da nadinc uşağa.
Orda bir xeyli şən görünürəm,
17 il əvvəl çəkilən fotodakı təzə gödəkcəm də əynimdədi.
Dostum Seymuru gözləyirəm,
Balıq tutmağa gedəcəyik,
Xəlvətcə “bizim çay”a.
Anamız bilsə öldürər bizi,
Hələ vurma cədvəlində “2”-dəyik,
Məktəb də açılır bir aya.
Yağış bu gün kəsməsin
İki nəfərin bir çətirə sığınması
Yağışdan qorunmaqdan çox təklikdən qorunmaqdı.
Bunu şimşəklər belə təbəssümlə qarşılayır.
Çətiri tək daşıyanlar həmişə islanarlar,
Həmişə xəstələnərlər.
Bizi xoşbəxt edən nələr varsa,
Kiçicik səbəblərin xatirinədi.
Külək qalxsa belə çətirimizi apara bilməz,
Əllərimiz möhkəm sıxıb dəstəyi,
Mənim sol əlim, sənin sağ əlin.
Kaş ki, Tanrının bizə rəhmi gəlsin,
Yağış bu gün kəsməsin.
Bir udum vətən
Bu sərçələr yem dalınca,
Tanrının yanından eniblər yanıma.
Son ümid, son güman kimi,
Qonublar eyvanıma.
Hamı bir vaxt sərçə olur.
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.
Düşür özündən xəbərsiz,
Lələk-lələk qanadları.
Yolur yağış qanadları,
Yolur külək qanadları.
Ürəyimə daman kimi,
Nə yaxşı ki, dən səpmişəm.
Məni görüb uçardılar,
Dəni dünəndən səpmişəm.
Hamı bir vaxt sərçə olur.
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.