Revaz İnanişvili Kaxetiyanin Saqareco rayonu, Xaşmi kəndində doğulub. Hekayə ustası kimi tanınıb. Bir neçə hekayə kitabı var. Gürcü nəsrinin yetişməsində gürcü kinomotoqrafiyasının, xüsusən də Otar İoselianinin əvəzsiz xidməti olub. R.İnanişvili O.İoselianinin filmlərinin ssenarilərini yazıb. 1996-cı ildə vəfat edib.
Kulis yazıçı Eyvaz Əlləzoğlunun tərcüməsində Revaz İnanişvilinin “Sixurala” (“Sevinc” mənasını verir) hekayəsini təqdim edir.
İçəri daxil olan Mağvala kürəyini qapıya söykəyib başını yana çevirdi.
- Bizim dülgər sizi görmək istəyir, batono Levan.
- Hansı dülgər?
- Dülgərlik emalatxanasında işləyir.
- Nə istəyir?
Mağvala çiyinlərini çəkdi.
- Deyir arvadım ölüb, direktora sözüm var.
Levan acıqlandı. Bilirdi ki, bu cür adamlar, adətən, qanundan kənar şeylər üçün ağız açırlar. Bununla belə başı ilə razılığını bildirdi.
- Gəlsin.
Mağvala çıxdı, ancaq qapını örtmədi.
Dülgər əvvəlcə başını uzatdı, sonra ayağını içəri qoydu, qapının yanında dayandı. Balaca boylu, dolu kişi idi, yəqin 60 yaşını ötmüş olardı. Böyük başı, iri gözləri vardı. Təkəmseyrək ağ saçları qəhvəyi rəngli alnında bir –birinə qarışmışdı. Levana elə gəldi ki, kişi qalın bığının altından gülümsünür.
- Buyurun, buyurun...
Kişi irəliyə doğru bir addım atdı. İri papağını sağ əlindən sol əlinə keçirdi.
- Buyurun, buyurun!
Levan irəli yeriyib əl verdi. Dülgərin dəyənək kimi bərk əli vardı.
- Əyləşin. - Levan ona stul təklif etdi.
- Yox, sağ olun, oturmaqla vaxtınızı alıb sizi narahat etmək istəmirəm.
- Nə narahatlığı var, canım?! Əyləşin, əyləşin.
- Yox, dərdimi elə ayaqüstü də deyə bilərəm.
- Buyurun.
Dülgər papağını irəli keçirib qurşağının yanında iki əli ilə tutdu.
- Arvadım Sixarula ölüb.
- Nə danışırsız?!
- Yazıq xərçəngdən keçindi. Heç cür kömək edə bilmədik. Yenə şükür ki, çox əziyyət çəkmədi.
Dülgər susdu. Onun gözləri fağır-fağır işıldayırdı. Görünür, ağız açmağa üzü gəlmirdi.
- Kömək lazımdır. - Dülgər açıq-aşkar gülümsündü. - Sizi narahat etməyə məcburam.
- Həmkarlar təşkilatının yanına get, mən də tapşıraram, imkan daxilində kömək edərik.
- Pul-mul lazım deyil. Təkcə maşına ehtiyacımız var. Meyidi kəndə aparacağıq.
Levan fikrə getdi.
- Hansı kəndə?
- Burda, yaxınlıqda, Kaspi rayonunda balaca bir kənddi.
Levan yerinə çökdü. Maşın özlərinə də çatmırdı.
- Maşın işi...
- Gərək kömək edəsiniz. Başqa çıxış yolu yoxdur.
Levan telefonun dəstəyini qaldırdı, nömrələri yığdı, ancaq kimsə cavab vermədi.
- Maşın nə vaxta lazımdı?
- Sabaha. Yəqin günortayacan geri, işə qayıdar...
Levan nömrələri yenidən yığdı.
- Siz burada qeydiyyatdasınız? Şəhərdə yaşayırsınız, kənddə nə işiniz var? Mərhumu burada basdırmaq olar.
- Burada sən deyən evimiz-eşiyimiz yoxdur. Bir də ki, ana qəbri kənddə olsa, övladları dədə-baba yurdlarını unutmazlar.
- Əlbəttə... əlbəttə...
Başqa telefon zəng çaldı. Levan dəstəyi qaldırdı, dülgərə:
- Katibənin yanına gedin, – dedi - ərizə yazar, fikirləşib nəsə kömək edərik. Ancaq idarənin hesabına 5-10 manat keçirməyi unutmayın.
- Ayıb deyilmi? Bu barədə nə söhbət ola bilər? Ərizəni də özüm yazaram.
- Hə... hə .. - Levan artıq telefona qulaq asırdı.
Dülgər gümrahlaşmış addımlarla otaqdan yenicə çıxmışdı ki, baş mühasib içəri daxil oldu. Bir dəstə kağızı stolun üstünə qoydu, əyləşib Levana baxmağa başladı.
Telefon söhbəti qurtaranda mühasib:
- Bir bunlara baxın, bilmirəm ağlınız bir şey kəsəcək ya yox. - əlini kağızların üstünə qoydu.
Levan kağızın birini götürdü. Qara rəngli telefon səsləndi. Levan dəstəyi qaldırdı.
- Eşidirəm, batono... şübhəsiz...
Levan ayağa qalxdı.
- Bu dəqiqə, batono. - dəstəyi tələsik yerinə qoydu, qalstukunu düzəltdi.
- Gəl görək... onu qapıya sarı dəvət etdi – heç yana getmə, bu gün bu işə əncam çəkməliyik. Bu gün...
Mühasib pərt halda çıxıb getdi. Levan artırmaya keçdi. Plaşını geydi, papağını əlinə aldı. Artırmadan çıxanda dülgərlə otağın ortasında rastlaşdı. Kişi əlində kağız tutmuşdu. Levan kağızı alıb stolun üstünə qoydu, qələmə əl uzatdı. Kağıza köhnə hərflərlə yazılmışdı: “Həyat yoldaşım Sixarula vəfat etmişdi. Xahiş edirəm, mərhumu Kaspi rayonuna aparmaq üçün maşın verəsiniz.”
- “Sixarula” yazmaq nəyə lazım idi, qatso?
”Sixarula” sözünü silmək istədi. Ancaq nədənsə buna əli gəlmədi. Ərizənin sol bucağına - “Yol - Mosidzeyə. İmkan daxilində kömək edin” yazdı, qol çəkdi. Yenidən ərizəni gözdən keçirdi.
- Sixarula həqiqi adıydı.
- Bəli, həqiqi...
- Yaxşı addır.
- Fağır özü də yaxşı qadın idi. Sağlığında bir dəfə də üzümə ağ olmadı.
- Qəbri nurla dolsun. Mərhumu haradan aparacaqsınız?
- Armyanskidən.
Qapıdan çıxanda dülgər ayağını ləngidib direktoru gözlədi.
- Buyurun, buyurun. - deyə Levan onu irəli buraxdı.
- Dülgər yöndəmsiz əllərini havada oynatdı.
- Mağvala, - Levan katibəyə sarı çevrildi, - Mosidzeyə zəng elə, bu yoldaşa maşın versin. Sənsə Vaşadzenin yanına get, o belə hallarda hamıya kömək əlini uzadır.
- Çox razıyam, batono, özgə kömək lazım deyil.
- Gedin, gedin.
Levan əlini uzatdı. Dülgər əl verdi.
- Minnətdaram.
- Dəyməz.
Levan otaqdan çıxdı. “Sixarula” maraqlı addır... Görəsən o necə qadın imiş, nə cür ailədə anadan olubmuş, adını niyə Sixarula qoyublarmış? Görəsən, o öz adını həyatda doğruldurmuşmu. Bu dünyada Sixaruladan axır nə qaldı? Gecə arvadının böyrünə uzananda dedi: “Bir fəhləmin arvadı ölüb. Bilirsən adı nə imiş? Sixarula”.
Qadın gülümsündü: “Yazıq...”
Levan səhər saat onda şəhərin 1 nömrəli xəstəxanasının yanında dülgərlə yanaşı durmuşdu. Yanında sürücü, dülgərin iki ahıl qohumu, mərhumu rayona aparacaq maşının şoferi dayanmışdı. Dülgərin bənizi qaçmış oğlu və onların qardaşağaları qara qapının yanında xosunlaşırdılar. Hiss olunurdu ki, qohumları Levanın burda olmasından razı qalıblar.
İki oğlan onlara doğru qaçıb maşının bortunu açdılar. Dülgərin oğlanları və qardaşağaları üstünə ağ çəkilmiş tabutu ehtiyatla gətirdilər. Dülgər papağını əlində tutub gözləri yol çəkirmiş kimi uzaqlara baxırdı.
Sixarula tabutun içinə uzanmışdı. Balaca, bəstəboy, ağ saçlı qadındı. Şam rəngli, cəfa çəkmiş ağ əlləri sinəsinin üstünə çarpaz qoyulmuşdu. Saralmış sifətinə, ərimiş dodaqlarına ölüm sükutu çökmüşdü. Alnındakı ağ tellərini külək əsdirirdi.
Levan maşına sarı gedib oğluna kömək etmək istədi. Lakin buna ehtiyac olmadı. Gənclər tabutu yüngülcə qaldırıb kuzova qoydular, qapağı örtdülər.
- Lütfən, kəndə də gəlin, halallıq verin. - dülgər və oğlanları Levandan xahiş etdilər.
Levan :
- Əgər ortadan bir iş çıxmasa, yanınızdayam. - vidalaşıb geri döndü.
O, qışın çılpaqlaşdırdığı, gövdələri qaraya çalan ağacların arası ilə gedirdi. Aşağı əyilmiş göy üzü ağır və qara idi. Bu qaraya çalan dünyada bir çimdik ağarmaqda olan işıq vardı. Bu işıq - Sixarula - öz adının mənasıyla, narazı olmadığı həyatı, taleyin bu cür sonluğunu elə bil nurlandırırdı. Levan hər şeyə - qara ağaclara, qaraya çalan köhnə evlərin damlarına, gəlib keçən adamların üzlərinə baxırdı və hər şey ona ölümdən bəraət almış kimi görünürdü. Sonra səki ilə addımlamağa başladı, içində bir rahatlıq və qorxusuzluq vardı.