İradə İsaq: “Ona aşiqəm!” – MÜSAHİBƏ

İradə İsaq: “Ona aşiqəm!” – <span style="color:red;">MÜSAHİBƏ
11 noyabr 2015
# 11:49

Kulisin kitabla bağlı suallarını tanınmış aparıcı İradə İsaq cavablandırır

- İradə xanım, nə oxumusuz, nə oxuyursuz?

- Ağlım kəsəndən bədii ədəbiyyat oxumuşam. Orta məktəbə Vunderkid kimi 5 yaşımda xüsusi qabiliyyət imtahanı verərək qəbul olmuşam. Yəni mən kitab oxumağı 4 yaşımdan bacarmışam. Oxuya bilmədiyim vaxtlar hətta ağlıma gəlmir deyə bilərəm. Viktor Hüqonun nəhəng 3 cildlik "Səfillər"ini 11 yaşımda oxumuşam. Uşaq xəttimlə kitabın içində qeydlər də etmişəm. Deyəsən, belə yazmışdım: “Bu kitabı oxuyuram və mən İradənin 11 yaşı var”. İndi öz oğlumun 11 yaşı var. Onu kitaba yaxın belə gətirə bilmirəm. Təəssüf, zəmanə və uşaqlar çox dəyişib.

Bu gün isə 1 həftə olar Somerset Moemin "Teatr" və Tolstoyun "Hərb və sülh" əsərini rusca oxumuşam. Mən adətən rus yazıçılarını öz dilində oxumağa üstünlük verirəm. Tərcüməçilər həmişə uğurlu olmurlar. Və insanları kitab oxumağa həvəsləndirmək üçün özüm nümunə olmağa çalışıram. Öz fb səhifəmdə oxuduğum kitablar, baxdığım filmlər haqda yazıram, bəzən müzakirələr açıram. Hətta baxdığım gözəl filmləri də insanlara tövsiyə edirəm.

- Sizcə, aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Aparıcı geniş dünyagörüşünə malik olmalıdır. Bununsa yolu yalnız mütaliədən, öz üzərində çalışmaqdan, özünü formalaşdırmaqdan keçir.

- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aparıcılar sözü, vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil...

- İstənilən sənətdə qeyri-peşəkarlığın yalnız bir adı var: məlumatın az olması. Bu da həmişə insanın başını aşağı edər. Mənim özümün xeyli qüsurum olub. Nitqimi, xarici görkəmimi özüm düzəltməyə çalışmışam. Heç bir müəllimsiz... Və deyəsən nail olmuşam. İnsanlar ya öz üzərində çalışmalı, ya da doğru məktəb keçməlidir. Nəzərə alsaq ki, televiziya sahəsində praktik məşğələli kursların səviyyəsi çox aşağıdır, kimsəni qınamaq olmaz. Hər kəsin iradəsi olmaz özünü yetişdirsin. Bunu hər kəsdən gözləmək də doğru deyil.

- Türkiyədəki tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Bizdə də mütaliəli aparıcılar var. Məsələn gənclərdən Ceyhun Əli, Turan İbrahimov, Səyyarə Səyyaf, Fatma Bağırova, Rövşanə Bektaşı, Kamran Həsənli, Murad Arif, Ranar Musayev, Ulvira Qarayeva, Ramal Hüseynov və bəlkə əlavə bir-iki nəfər... Türkiyədəkilərin mütaliəsindən əlavə sərbəst dünyagörüşü, mühakiməsi də formalaşıb. Onlar fərqli cəmiyyətin insanlarıdır. Bizdə vəziyyət tamamilə başqadır. Əslində, gələcək bu gündən başlar. Əgər bu günümüz ürəkaçan deyilsə və biz bunu düzəltmək üçün heç nə etmiriksə, bizim yanlış gələcəyi qınamağa, ittiham etməyə nə haqqımız var?

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Mən bu fikrə bir az fərqli baxıram. Kitab mədəniyyətini, elmi və sairəni formalaşdırmağın tək yolu var. Dövlət müstəvisində kitaba, elmə diqqət artırılmalıdır. Niyə indi hər kəs övladını idmana qoyur, çoxları hətta qızının müğənni olmasını istəyir. Çünki, o sahələrdə yüksək qazanc var. Orda motivasiya var, orda səni ağ gün gözləyir. İnsanları qınamaq lazım deyil. Bəs elmə niyə həvəs yoxdur? Çünki orda qazanc yoxdur. Sovet vaxtı alimlər, yazıçı-şairlər, jurnalistlər gözəl yaşayırdı, böyük hörmət sahibi idilər, şəhərin ən yaxşı yerlərində yaşayırdılar, böyük qonorarlar alırdılar. Düşünürəm ki, yalnız kitabı reklam etməklə bu iş düzəlməyəcək. Hətta bütün gün televizorlarda bar-bağırsalar da xeyri yoxdur. Yazarın qazancını artırmaq lazımdır, düzgün bazar, marketinq işləri aparılmalıdır. İnandırıram sizi, bu işdə qazanc olsa yenə də ədəbi-elmi mühit düzələcək. Nə qədər ki, ölkənin aliminin qarnı acdır, elmin arxasınca kimsə getməyəcək.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, hekayə, nağıl, ən azı status-esemes...

- Əvvəllər Ədalət qəzetində kiçik hekayələr yazırdım. Dediyinə görə, İradə Tuncay bəyənirdi. Yəqin ki, yalnız üzümə qarşı demirdi. Çünki hər həftə məndən yazılar istəyirdi. Yazmayanda məni həvəsləndirməyə çalışırdı. Amma bir gün Orxan Pamukun "Mənim adım qırmızı" əsərini oxudum. O zaman anladım ki, yazıçı belə nəhəng və orijinal olmalıdır. Utandım o da yazıçıdır, mən də yazıçı ola bilərdim. Əgər mükəmməl ola bilməyəcəmsə niyə bu işə girişim ki? Və yazıları saxladım.

- Şeir əzbərləyirsiniz heç?

- Şeir oxumağı çox sevirəm. Atam yüzlərlə şeiri əzbər bilir və gözəl şeir söyləmək qabiliyyəti var. Təəssüf, yaddaşım zəifdir deyə şerləri yadımda saxlaya bilmirəm. Amma çox sevirəm. Ən çox sevdiyim şair, ruhuma yaxın olan isə Nəsimidir. Mən Nəsiminin aşiqiyəm! Hüseyn Cavidi sevirəm. Əli Kərimi sevirəm. Bir də kim nə deyir desin Səməd Vurğunun dilinin, üslubunun vurğunuyam. Xəlil Rzanı sevirəm. Gənclərdən isə təbii ki, Aqşin Yenisey, yazaralardan Seymur Baycan, Şərif Ağayar...

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Dediyim kimi, şairlərdən Nəsimini sevirəm, yazıçılardan İsa Hüseynovu. İsa Hüseynovun bütün əsərlərini dəfələrlə oxumuşam. Bağ Həm Od, Od Ər, Od Ağ Üz, Ağ planeti fllan dilimin əzbəri idi. “Məhşər”i, “İdeal”ı, “Cəhənnəm”i və digər əsərlərini təkrar-təkrar oxumuşam. Yeni yazarlardan Həmid Herisçini bəyənirəm. “Solaxay”ı oxumuşam.

- Dünya ədəbiyyatından səvdiyiniz əsərlər hansılardır?

- Mənim sevdiyim təbii, Viktor Hüqodur, Andrə Moruadır, Tolstoydur, Somerset Moemdir, Remarkdır, Orhan Pamukdur, Stefan Sveyqdir, Markesdir. Bu müəlliflərin hər əsərini sevirəm. Yəni, böyük siyahım var əslində. Sadəcə hamısını yazmaq mümkün deyil

- Svetlana Alekseyeviçi tanıyırsınız?

- Svetlana Alekseyeviç – bu il ədəbiyyat üzrə Nobəl alan qadın... Heç bir əsərini oxumamışam amma. Ola bilsin, bestseller deyil. Amma kompüterimə o Nobel alandan sonra "Mənsə, yenə də anamı istəyirəm" hekayəsini yükləmişəm, oxuyacam. Görək necə yazır ki Nobel veriblər? Onun haqda səhv etmirəmsə Əkrəm Əylislinin yaxşı bir müsahibəsini oxumuşdum. Bu qadının yeni yazarlar cərəyanına aid olduğunu demişdi.

- Sizcə, niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadaya minlərlə manat sayır? Bu, ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Tamaşaçının belə olacağı gözlənilən idi. Çünki artıq bütöv 20 il onlara ancaq bu müğənnilər təbliğ edildi, beyinlər yuyuldu. Daha nə gözləyirdiniz? Kitab oxuyan yox, olanlara seyrçi əhali isə o qədər yüngüllüyə öyrəşib ki, beynini ağır informasiya ilə sadəcə yükləmək istəmir. Bu çox ciddi problemdir. Həll yolu isə yalnız əhalinin təhsil, bilik səviyyəsini artırmaqdır. Bizim bu gün təhsildə axsamağımız gələcək nəslin də savadsız yetişməsinə şərait yaradır. Bu sərsəm gediş durmazsa gələcəklə bağlı ürəkaçan söz söyləmək çətindir. Hətta bu günə düşməyimizə təəccüblənənlərə mən təəccüblənirəm. Başqa nə gözləyirdiniz ki?

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Quranı da erkən, uşaq yaşlarımda oxumuşam. Atam çox oxumuş adamdır. Bir gün əlində İncil alıb evə gətirdi. Bəlkə 13 yaşım olardı. Artıq Quranı bir dəfə oxumuşdum. Yadımda deyil hansısa qohumumuz bizdə idi. Atamı danladı ki, bu nədir? Xristianların kitabını alıb gətirmisən? Mənə də oxuma dedi. Nə oxuma? Oxudum və İsaya aşiq oldum. Əsəbiləşmişdim ki, niyə 4 həvari eyni sözləri təkrarlayır. Bir az da nağılvari yazılması xoşuma gəlməmişdi. Bu yaxında atam Tövrat da alıb. Və mənim yaxın dostum da yəhudidir, o da Tövratı oxumusan dəyə soruşanda məndə daha çox maraq oyandı. Onu bu yaxınlarda oxumağı planlaşdırıram.

- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə demək istəyirsiniz?

- Yaxınlarıma və dostlarıma heç nə dəmək istəmirəm, çünki mənim ətrafımda yalnız kitab oxuyan insanlar var. Əks halda heç bizim dostluğumuz tutmaz. Amma oxucularınıza demək istəyirəm ki, Qərbin çökən, məhv olmaq üzrə olan ölkələrini kitab, bilik, elm qurtardı. Kitabdan uzaqlaşmaq insanlıqdan, inkişafdan uzaqlaşmaqdır. Məncə, Qurana sarıldığınız qədər Axundova da sarılın, Mirzə Cəlili də sevin. Amma təəssüf ki, ədəbiyyat kitablarında müasir dövr Anarla, İsa Hüsəynovla bitir. Məncə bu gün də ciddi ədəbi nümunələrimiz var. Sadəcə yazıçılarımızın əsas bir qüsuru var: mərkəzə ancaq özünü, öz haqlılığını qoyurlar. Bir çoxu yalnız öz hisslərini qələmə alır. Hərə öz kəndindən yazır. Yazsınlar. Amma kəndin müstəvisini genişləndirib bir az da bəşəri olmağa çalışsınlar. Markes də kəndindən, uşaqlığından, babasından yazırdı. Amma o uzaq Kolumbiyadan sənin ürəyinə müraciət edə, səni düşündürə bilir, sadəcə təhkiyəçiliyə yol vermir, səni düşünməyə məcbur edir, əsərlərində öz qənaətini haqlı çıxarmır. Sadəcə həqiqət insanı hara aparır, onu göstərir. Yazıçılarımız bəşəri mövzulara toxunub Amerikadakı birinə belə müraciət edə bilməsə onların əsərləri elə kənd ədəbiyyatı olaraq qalacaq, özlərisə hər şeydən narazı, deyingən olacaqlar. Müasir uşaq ədəbiyyatımız isə lap zəifdir. Ən vacib olanımız budur. O da can verir.

# 1346 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #