Qaranlıqda sevişək, ayrı-ayrı... MƏTN

Qaranlıqda sevişək, ayrı-ayrı... <span style="color:red;">MƏTN
14 avqust 2014
# 12:29

Kulis.Az gənc yazar Səkinə Qəribin şeirlərini təqdim edir.

Elə burda gitaranın simlərindən asacam özümü

Bir içki daha gəldi sənsiz

Yalnız adamlar çox içir, çox çəkir,

Amma mənimki yalnızlıqdan deyil,

Sənsizlikdəndi...

Sən bilirsən, çox çəkirəm mən,

Əllərimə siqaretin iyi hopana,

Nəfəsim daralana

Ciyərlərim parçalanana qədər...

Bilirəm, hardasa buralardasan,

Bu boş bardaqların birində

Dodaqlarım izlərinlə dolu,

Bədənim də...

Burdasan, bilirəm...

Halıma gülüb keçən adamlardan birisən,

Gül, amma keçmə...

Söndür o siqareti,

İşığı düşməsin közün...

Qaranlıqda sevişək, ayrı-ayrı...

Sonu bəlli...

***

bıçaq kimiydin yaramın içində gəzinən...

yay vaxtı yağan arsız yağış...

unuda bilməzsən, o bar stulunu, o hönkürtünü...

susmağın nəhəng bir ayı nəriltisi...

burdasan, hansısa bardağın içində...

ağzımın suyuna qarışıb sənsizlik...

danışdıqca başqa dadlanır...

buna görə çox vaxt susuram mən, bilmirsən

al əlimdəki siqareti, bas ovuclarıma

ağzımı qapaya bilməyim ağlayanda...

yandığımı görəsən hər əl sallamasında,

hər vidalaşmada

ki eşidəsən...

ki biləsən

hər qar yağanda dolsun yarama,

bir az da sənsizlik qatım, tam olsun...

***

Fəhlələrin iş görməkdən soyuyan çaylarının dadı gəlirdi günlərdən...

Ölmüş uşaqların yiyəsiz oyuncaqları,

Qocaların yaşamaq həvəsi,

Yanmayan alışqana olan hiddət,

Əldən yerə çırpılan fincan kimi idi günlər...

Yağışdan islanmış küçə iti kimi sığınmışdım sənə.

Siqareti sənin dodaqlarından çəkdiyim,

Qutularını daha bərk əzib atdığm günlərdən idi..

Şəkildə təsadüfi düşən adam idim o gün,

Yağışlı gün idi, yadıma gəlir...

Elə soyuq idi ki, ürəyimsə əllərimdən soyuq...

Arsız-arsız qoxunu da qoyub getmişdin..

Sonra mən başqalarıyla aldatdım səni sərxoşkən...

Metro qatarının şüşəsindəki izlər qədər naməlum adamla...

İndi olmayan evimizdən bir qoxu, bir şarj, bir diş fırçası, bir cüt də ayaqqabı əksik qalacaq...

Bir siqaret tüstüsü qapını çırpıb gedəcək saymazyana...

***

İnsanlar əsəbləşər, çırparlar əşyaları yerə,

Cırarlar əllərindəki kağızı,

Süyürmələri itələyərlər hirslə,

Siqareti siqaretə calayarlar,

Bağırarlar bərkdən, bilməyərəkdən...

Unudarlar qorxaq ev pişiyini,

Balaca qızı, xəstə nənəni,

Unudarlar cırdıqları kağızı...

***

Gecədir, soyuqdur, bürünmüşəm yorğana,

Yoxluğunu geyinib uzanmışam sakitcə.

Yoxluğunu soyunub sevişmək vardı indi,

Xəyallarda qapqara, bir cüt gözlər var indi.

Əynimdə var yoxluğun, altımda bir sənsizlik.

Sevişdik sənsiz-sənsiz.

Qulağımda ahların, bir də bir cüt qara göz,

Çox çətindir sevişmək, ah çəkmədən bircə söz.

Xəyalın gedir-gəlir, içimdədi yoxluğun.

Xəyalını qovuram, əl çək, get, qurban olum.

Gecədir, soyuqdur, bürünmüşəm yorğana,

Yoxluğunu geyinib zillənmişəm tavana...

Xatirəni qovuram siqaret tüstüsüylə,

Düşünürəm yoldakı yiyəsiz küçükləri.

Onlardan fərqim budur:bir cüt təzə çəkmələr.

Pəncərəmdən görürəm şütüyən maşınları

İzlər qalır, gedirlər...

İnsanlar da bu cürdür,

Şütüyüb keçir bəzən bircə göz qırpımında.

Yiyəsiz küçüklərsə bilməz baş sığalını,

Gəzərlər veyl-veyl.

Nimdaş paltarlı səfil, sərxoş yazan bir şair...

***

Əlində rəngli şarlar, xoşbəxt deyil bu uşaq

Baxır buludlara, baxır şarlara

Axtardığı xoşbəxtlik aid deyil dünyaya...

Getdiyi yollardan qayıtmağı öyrənir,

Ayaqqabı bağını bağlamağı öyrənir

Öyrənir yavaş-yavaş darmadağın olmağı

Saçını daramağı, ağlamağı öyrənir

Mən bilirəm o uşaq kimdir boylanır ordan

Əllərini uzadır, çağırır, gülümsəyir

Sonra baxır, tanımır, susur geri çəkilir,

İki cümlə söyləyir:

Çıx get burdan, gözləmə..

Tək qalmaq istəyirəm...

***

Litvada qar yağır,

Ağır-ağır...

Pəncərənin qabağında tüstülətdiyim siqaret yönlənir bu şəhərə,

Yəqin buna görə sönür...

Soyuqdan donur tüstülər, üşüyür,

Duyur tüstülər uzaqlığı, ayrılığı...

Bir başqa cür tüstülənirlər,

Qəmli-qəmli,

Litvada qar yağır...

Səsim dəyişir hətta,

Bir başqa cür olur...

Ağırlaşır əllərim,

Siqareti qaldırmayacaq qədər...

Qardan ölüm qoxusu gəlir,

Qar dənəcikləri qan dadır,

Litvada qar yağır...

# 3346 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #