Prezident iqamətgahında futbola baxan azərbaycanlı fəhlə

Prezident iqamətgahında futbola baxan azərbaycanlı fəhlə
6 iyul 2018
# 11:40

Kulis.az Mirmehdi Ağaoğlunun “Mənim futbol sevgisizliyim” yazısını təqdim edir.

Həyatdan vaxtsız getmiş,

yaxşı futbol oynadığına görə

hamının Qullit deyə çağırdığı

dostum Ülvi üçün

Əvvəlcədən onu bildirim ki, bu yazıdakı fikirlər futboldan min ağac uzaq adamın qeydləridir. Ona görə də qeyri-dəqiq və ya səhv səsləndirilən faktları olduğu kimi qəbul etməyinizi xahiş edirəm. Ola bilsin, hansısa çempionatın ilini və ya komandanın nəticəsini səhv yazım. Düşündüm ki, bunları Google-da eşələnib dəqiqləşdirməyə gərək yoxdur. Necə varsa elə də dursun, mənim yaddaşımda olduğu kimi.

***

Yaddaş demişkən, yaddaşımı qulaq kimi qurdalayıb, bu “qazıntı”dan zövq ala-ala futbolla ilk tanışlığımı xatırlamağa çalışıram.... Onda hələ kənddə yaşayırdıq. Atamla əmilərimin televizorun qabağına toplanıb futbola baxdıqlarını görəndə beş yaşım ya olar, ya olmazdı. O gün atamgil futbola, mən də onlara tamaşa etmişdim. Növbəti dəfə televizorda futbol veriləndə nə atam evdə idi, nə də əmilərim. Ekran qarşısına keçib stulu əmim kimi tərsinə qoydum və at tərkinə minən kimi hər iki tərəfindən ayaqlarımı aşırıb qollarımı söykənəcəyinə dayadım. Həmin oyundan heç nə yadımda qalmayıb. Bircə onu bilirəm ki, bütün gücümlə doxsan dəqiqə böyükləri yamsılamağa çalışmışdım. Hətta arada hirslənir, rəqib komandaya acıqlanırdım. Heç orasını da düzgün bilmirdim ki, hansı situasiyalarda özündən çıxmaq lazımdır; top qapıya girməyəndə, yoxsa topu rəqibə qapdıranda. Sadəcə uşaq ağlımla anlayırdım ki, futbola sakit baxmaq olmaz, arabir həyəcanlanmaq, özündən çıxmaq lazımdır, çünki bir gün əvvəl atamgil də o cür eləmişdilər.

...Doxsanların əvvəllərindəki çempionatlar yadımdadır. Onda artıq Bakıda yaşayırdıq. Bilmirəm, dünya, yoxsa Avropa çempionatı idi, ancaq bizim evdəkilər Almaniyaya “bolet” edirdilər. Almanların formaları da yadımdadır. Ağ köynəyin sinəsindən qara, qırmızı, sarı zolaqlar keçirdi.

Stadionda ilk dəfə futbola baxmağım da o vaxtlara təsadüf edir. Qonşuluğumuzda bir Qurban dayı vardı. Tipik Bakı qədeşi idi. Bir dəfə atama dedi ki, axşam futbol var, Türkiyə ilə Azərbaycan oynayır, Mirmehdini də götür, gedək baxaq. Onda Türkiyə bizim üçün hələ uzaq və əsrarəngiz ölkə idi. Neçə il görmədiyin əziz qohumun qəfil çıxıb gələndə özünü necə hiss edərsənsə biz də özümüzü o cür hiss edirdik, hələ heç nə adiləşməmişdi.

Qurban dayının sayəsində ilk dəfə 8-9 yaşlarımda stadiona ayaq basdım. Mən onda bildim ki, futbol qardaş zad tanımır, bizimkilərə qan udduran türk futbolçulara stadiondan elə söyüşlər yağdırılırdı, mənim yerimə atam utanırdı. Elə o oyunla da Türkiyə haqqında düşüncələrimiz öz sehrini itirdi.

Bu yaxınlarda bir dəfə də futbola dəvət olunmuşdum. Bu dəfə Seymur Baycan. Deyəsən Qarabağ Dortmundla oynayırdı. Seymur məni də dartdı apardı. Əfqan Muxtarlı da yanımızda idi. Şəklimiz də var o oyundan, Abbas Atilay çəkmişdi. Seymur futboldan çox azarkeşlərin çılğınlığından ləzzət alırdı, xımır-xımır gülüşü isə bunu təsdiq edirdi.

Lap əvvəl bir dəfə də xalam oğlu ilə Tofiq Bəhramov adına stadiona, Azərbaycan-İtaliya oyununa baxmağa getmişdik. Kasıb uşaqlardıq, bilet almağa pul nə gəzirdi, çoxları kimi polislərdən sıyrılıb arxa tərəfdən içəri keçmək istəyirdik. Stadion hündür dəmir çəpərlə sarılmışdı. Xalam oğluna nə var, arıq, çevik oğlan idi. Polis gələnə qədər hoppanıb keçdi o üzə. Dərd mənim dərdim idi; indiki kimi gombuldum, ayı potası təki ilişib qaldım çəpərin başında, nə o yana aşa bildim, nə bu yana. Yaxşı ki, bizi qovan polislərdən birinin mənə yazığı gəldi, siz də məni bağışlayın, əli ilə dalımdan itələyib saldı o üzə. Stadionun içində də bizə az zülm olmadı, orda da polislərlə qovalama idi, bileti olmayanları oturacaqlara buraxmır, kimi tutdularsa bayıra atırdılar. Güc-bəla ilə ikinci qırx beş dəqiqədə özümə yer tapa bildim. Özü də harda, harda, düz Buffonun arxa tərəfindəki cərgədə. Məşhur qapıçını yaxından görməyimin sevinci uzun müddət məni tərk etmədi.

***

Orasını da deyim ki, məndə futbola qarşı sistemli marağı səkkiz-doqquzuncu sinifdə oxuyanda məktəbdə bir müəllimə yaradıb. Səhər-səhər sıra düzülüşündə dayanıb zəngin vurulmağını gözləyirdik. Bu vaxt sıraların arası ilə gəzən müəllimə (adını unutmuşam) axşam Qalatasaray adlı türk klubunun Çempionlar liqasında (bəlkə də səhv edirəm, Avropa kuboku idi) oynayacağını dedi. Şagirdlərdən bir neçəsi də ona qoşuldu, alovlu müzakirə başladı. Məlum oldu ki, məndən başqa bütün oğlanlar, hətta qızların bir neçəsi də axşamkı oyunu səbirsizliklə gözləyir. Söhbətə fransız qalmağım özümə də pis təsir etdi, həm də müəllimənin türkçülüyü öyə-öyə, şövqlə danışmağı içimdəki millətçilik ruhunu oyandırdı, az qaldım sıranın ortasındaca üzümü göyə tutub bir ağız ulayım. Həmin axşam Qalatarasarayın oyununa baxdım. Səhər sıra düzülüşündə türklərin qalibiyyətindən danışmaq üçün mənim də boğçamda bir şeylər vardı. Aeroportda üstü açıq avtobusa minib, əllərindəki kuboku bütün xalqa göstərə-göstərə İstanbulu dolaşan qalatasaraylı oyunçuların sevinci hələ də gözlərimin qabağındadır.

Ondan sonra futbola bir qədər həvəsim yaransa bu, futbol sevgisindən çox milli maraqlardan irəli gəlirdi. Əgər futbol oynayan tərəflərdən biri Türkiyə və ya türk klubu idisə baxırdım, yox, o zaman getdi işinin dalıyca.

***

2000-ci ildə borca görə evimizi satıb içinə yığışdığımız tövləfason daxmamızdan sevinc sədaları yalnız Türkiyənin Avropa çempionatında vurduğu qollar zamanı yüksəlirdi. Həyatımız o qədər qaramat idi ki (evimizi dəyər-dəyməzinə satmışıq, hələ bir xeyli borcumuz qalıb, üstəlik ailənin yeganə qazancgətirəni – atam da işsiz), o günlərdə əlimizdə başqa sevinəcək bir şey yox idi. Həmin vaxt ANS telekanalının rəhbəri Vahid Mustafayev Çeçenistana gedib Şamil Basayevdən müsahibə almışdı. Həqiqətən ciddi söhbət idi, çeçen yaraqlılarının lideri ANS-ə müsahibə verirdi, elə bil Azərbaycan küçə slenqi ilə desək “söhbətə kurs olduğunu” bildirirdi. Söhbətin axırında Vahid Mustafayev çeçen mücahiddən futbola baxıb-baxmadığını soruşdu. Nədənsə Basayevin cavabı ilişib qaldı yaddaşımın bir küncündə və heç vaxt unudulmadı: “Türkiyə yığmasına baxıram. Hakim onlara qarşı haqsızlıq elədi, türklərin boynunda xaçları olsaydı, Avropa çempionu olmuşdular”. Şamil Basayevin bu fikri peşəkar qənaət olmasa da məni inandıra bilmişdi.

***

2002-ci ildə Cənubi Koreya və Yaponiyada dünya çempionatı keçiriləndə artıq müəyyən qədər təcrübəm vardı. Bununla belə açığını deyim ki, Tarkanın türk yığması üçün oxuduğu mahnı məni istənilən futbol maçından çox həyəcanlandırırdı. 2002-ci il çempionatı həyatım boyu başdan-ayağa izlədiyim yeganə çempionat olub. Həmin vaxtı Türkiyə yığmasının bütün oyunlarına baxmışdım, bircəsindən başqa. Türkiyə yığmasının pillə-pillə irəliləməsi gözlərimin qabağındadır. Braziliya ilə iki dəfə görüşü, qrupdan çıxması üçün taleyinin Braziliya-Kosta-Rika maçından asılı olması, Seneqalla görüşdə İlhan Mansızın vurduğu altın qol, Yaponiya ilə oyunda Türkiyə qol vurarkən yapon azarkeşlərin rəqibləri alqışlaması və bundan türklərin şoka düşməsi, çempionat boyu heç cür fərqlənə bilməyən Hakan Şükürün Cənubi Koreya ilə oyunda 13-cü saniyədəcə qol vuraraq rekorda imza atması, Ümid Davalanın saç düzümü, Hasan Şaşın keçəli, Emre Belezoğlunun davası... hər şey, hər şey yadımdadır. Hətta İngiltərə-Braziliya maçında Ronaldinonun mərkəzdən Simenin qapısına atdığı qol və bir az sonra o möhtəşəm qolun əvəzini çıxırmış kimi hakimin Ronaldinoya verdiyi “qırmızı kart” da yadımdadır. Mənə elə gəlmişdi ki, hakim ingilislərə satılıb. Özü də həmin oyun günorta vaxtı gedirdi deyə məcburən dekanlıqda baxmışdıq.

Türkiyə Seneqala qalib gələndə Bakı qazan olub qaynadı. Bütün şəhər Xreptovıdan başlayaraq sel kimi üzü aşağı - Sahil bağında yerləşən Türkiyə səfirliyinə axmağa başladı. O vaxt mən də tələbə yoldaşımın kafesində maçı izləyirdim. Xarizmatik İlhan Mansız qızıl topu vuranda sevincimdən zirzəmi-kafeyə sığmadım. Ura, Türkiyə dörddə birə keçmişdi. Bayıra çıxdım ki, maşın siqnalları şəhəri başına götürüb. Fərəhimin həddi-hüdudu yox idi, elə bil göylərdə uçurdum. Təkcə mən yox, hamı elə idi, kəpənək kimi Bakı küçələrində uçuşurduq. Bu vaxt adamların arasında keçmiş sevgilimi gördüm. Sevgili deyirəm, ancaq heç iki dəfədən artıq görüşməmişdik. O da Axundov adına kitabxana tərəflərdə. Gizlətməli bir şey yoxdur; nəyisə ört-basdır eləməyin nə mənası, o vaxtlar tələbələr Axundov kitabxanasına dərs oxumaqdan çox bir-biri ilə tanış olmaq üçün gedirdilər, biz də orda tanış olmuşduq. Nəsə, mətləbdən uzaqlaşmayım: adını unutduğum o qıza yetişib salamlaşdım, onu gördüyümə görə çox sevindiyimi (yalan deyirdim, sevincimin əsas səbəbkarı Türkiyənin qalibiyyəti idi), neçə vaxtdı onu axtardığımı (yalan demirdim, həqiqətən bir-iki dəfə axtarmışdım) dedim, ev nömrələrini istədim. 2002-dən danışıram, o vaxtlar tələbədə mobil telefon nə gəzirdi? Qız Nuh dedi, peyğəmbər demədi, hətta İlham Mansızın qızıl topuna da and verdim, dedim ki, belə sevincli gündə məni məyus etməsin. Ancaq sağ olsun, sözlərimə inanmadı və bir azdan qələbəliyin içində yox oldu, mənsə bir də gözümü açdım ki, Türkiyə səfirliyinin qabağına yığılmış izdihamın içindəyəm.

Qayıdaq 2002-ci il Dünya Çempionatına. Həmin çempionatda Türkiyənin bütün oyunlarını izlədim, bircə üçüncülük uğrunda Cənubi Koreya ilə oyunundan başqa. Həmin vaxt Dağüstü parkdakı prezident iqamətgahının tikintisində işləyən atam arabir məni də fəhlə kimi yanında aparırdı. İqamətgah ciddi şəkildə mühafizə olunurdu. Demək olar ki, hər addımımız nəzarət altında idi. İqamətgaha səhər şəxsiyyət vəsiqələrimizi təqdim edib daxil olur, bir də axşam çıxırdıq. Həmin gün Türkiyə Cənubi Koreya ilə oynayacaqdı. Tərslikdən televizor da yox idi. Çarəsiz qalmışdıq, futbola necə baxacağıq, hardan biləcəyik ki, Türkiyə dünya üçüncüsü oldu, ya yox?! İndi belə məsələləri izah etmək çətindir. Hamının əlində mobil telefon, internet. O vaxtı belə şeylər yox idi, mobil telefon vardısa da, mobil internet yox idi. Əlac bircə ona qalırdı ki, iqamətgaha gələn olsa nəticəni onlardan öyrənək. Bu vaxt bir yük maşını həyətə daxil oldu. Yükü daş idi, qum idi, hər nə idisə onu boşaltdı, sonra radioya xod verdi. Mənim kimi Türkiyə - Cənubi Koreya maçının nəticəsini maraqla gözləyən usta və fəhlələr maşının başına yığışıb, futbol maçını dinləməyə başladıq. Türkiyə yığmasının Dünya Çempionatında üçüncü yerə çıxdığını öyrənəndə az qalmışdıq halay çəkib oynayaq. Həmin gün əvvəl istədim ki, evə gələndən sonra futbolun təkrarına baxım. Ancaq sonra fikrimi dəyişdim, dedim, qoy Türkiyə - Cənubi Koreya maçı mənim xatirələrimdə elə radiodan gələn səs kimi, səda kimi qalsın.

2002-ci il Dünya Çempionatından sonra hələ bir müddət futbola həvəsim qaldı. Üstəlik məndən çıxmayan iş, özümü əsl futbol fanatları kimi aparır, Nihat Kavheçiyə görə Real Sosedat klubuna azarkeşlik edirdim. Ancaq futbola olan marağım bir müddət sonra batareykası yatan fanar kimi öləziyib yox oldu.

Cavanlığın asudəliyini ailə-məişət qayğıları tutan kimi futbola olan azacıq həvəsi də boşladım getdi. İndi futbola çox nadir hallarda baxaram. Ya gərək olduqca əlahiddə bir maç olsun, ya da ki, Türkiyə oynasın. O da sağ olsun, nə Avropa Çempionatına çıxa bildi, nə də hazırkı dünya çempionata.

***

Əgər məndən soruşsalar ki, həyatda ən çox hansı futbolçunu sevirsən, düşünmədən deyərəm: Xose Luis Çilavert. Baxmayaraq ki, onun oynadığı cəmi iki-üç oyunu görmüşəm. Deyim ki, meydanda özünü ağa kimi aparmağı da, kepka ilə oyuna çıxmağı da, qapıçı ola-ola hücuma meylli olmağı da, arabir topu götürüb rəqib qapının üstünə gedib qol vurmağı da məni heyran qoyub. Ancaq Çilavert mənim üçün daha çox oyunu ilə deyil, dediyi bir fikirlə böyükdür. Paraqvaydan olan bu futbolçu öz ölkəsində dünya çempionatının keçirilməsi üçün tikilən stadionlara etiraz olaraq bildirmişdi ki, yoxsul xalqa stadion yox, çörək lazımdır. Onun yerində başqa idmançı olsaydı deyərdi ki, nə yaxşı, mənim də burdan xeyrim olacaq, ancaq Çilavert nə özünü, nə də idmanı düşünmüşdü, o xalqının dərdinə acımışdı.

Bəs hansı komandanı daha çox sevirsən desələr, bu dəfə də Yaponiya yığmasının adını çəkərəm. 2002-ci ildə Türkiyə-Yaponiya qarşılaşmasında dünyanın ən alovlu azarkeşlərindən olan türklər yapon azarkeşlərindən sadəcə master-klass öyrəndilər. Necə? Türklərin vurduğu qoldan sonra yapon azarkeşlər də türklərə qoşulub alqışlamağa başladılar. Bu zaman türk azarkeşlər sanki şok yaşadılar. İlahi, bir xalq nə qədər böyük olmalıdır ki, rəqibin qolunu da alqışlaya bilsin. Düşünəndə ki, adi bir oyuna görə bir-birinə girən, bəzən qan tökən azarkeşlər də var (elə türklərin özləri), bu mənəvi böyüklüklərinə görə yaponların qarşısında baş əymək istəyirsən.

Deyəsən, Kamyunun sözüdür: Həyata və əxlaqa dair nə varsa futboldan öyrəndim. Ancaq bir zamanlar qapıçı olmuş Kamyuya həyat barədə hər şeyi öyrədən futbol üst-üstə 50 oyuna baxmış, ya baxmamış mənim kimi futboldan uzaq bir adama da az şey öyrətməyib. Necə oyunların şahidi olmuşam ki, maç boyu uduzan komanda birdən-birə dirçələrək gedişatı dəyişib və qalib olub. Hər şeydən ümid kəsildiyi anda son saniyədəcə qol vurub taleyini dəyişən komandaları da az görməmişik. İnanmırsan, deyirsən möcüzə baş verdi, ömründə belə şey ola bilməz! Ancaq reallıq budur ki, belə şeylər də olur futbolda.

Məndən ötrü yaşıl sahələrdə gedən intriqanın, dönən pulların, mərclərin elə bir əhəmiyyəti yoxdur. Mənim üçün futbol nikbinliyin, inamın, ümidin rəmzidir. “Allahdan ümid kəsilməz” fikrini futbol qədər dəqiq əks etdirən ikinci bir sahə tanımıram. Futbol ümid haqqında çəkilmiş doxsan dəqiqəlik filmdir.

Bəlkə banal səslənə bilər, ancaq həyat da bir oyundur. Son ana qədər oynayacaqsan. Kim ki, usanmır, əzm göstərir, dəyanət göstərir, son ana qədər oynayır, o da qalibdir. İstər yaşıl meydanda, istərsə də həyatda.

# 1912 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #