Orxan Fikrətoğlu: “Onun missiyası peyğəmbərlik idi”

Orxan Fikrətoğlu: “Onun missiyası peyğəmbərlik idi”
21 iyun 2013
# 11:17

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında söhbət edəcəyik. Budəfəki həmsöhbətimiz tanınmış yazıçı və tele-jurnalist Orxan Fikrətoğludur. Qeyd edək ki, O.Fikrətoğlunun ən sevdiyi əsər Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanıdır.

-Nəyə görə ən çox sevdiyiniz əsər Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanıdır?

-Düşünürəm böyük yazıçı öz dövrünün yaratdığı ictimai-siyasi mühitin yetişmiş meyvəsi olmalıdır. Selincer bu mənada, öz dövrünün yetişmiş meyvələrindən biri, bəlkə də birincisidir. Böyük yazıçı ona qədər və ondan sonra olan mədəniyyətin gerçəklərini mətnin içində əritməyi bacarmalıdır.

Selincer “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə bunu bacarıb. O hər şeydən qabaq öz dövrünü yazıçısıdır. Selincer çox dahi yazıçıların fonunda orta səviyyəli yazıçı kimi görünə bilər, amma o mənim yazıçı kimi yetişdiyim epoxanın formalaşmasında böyük rolu olan yazıçıdır. Selincer ədəbiyyata gələndə ədəbiyyatda çox böyük qələm sahibləri vardı. Məsələn, biri elə Alber Kamyu. A.Kamyunun “Vəba” əsəri nə haqqında idi?

- Faşizm əleyhinə yazılmışdı

Bəli, boz faşizmin mahiyyətsizliyi və boz siçovulların xəstəlik daşıyıcısı olması. Bu bəladan xalqı xilas edəcək xəstəliyin içində də sağlam qalan Ryö həkim - xilaskar obrazı vardı. Ryö həm də İsa Məsih obrazının ədəbiyyatda intelligent formada təzahürü idi. Bu Kamyu, keçək Selincerə. Selincer “Çovdarlıqda uçurumdan qoruyan”ı yazanda Avropa və Amerika müharibə darısqallığından çıxmışdı.

Psixoloji və mənəvi nicatı Şərqdə axtarırdı. Selincer bu əsəri Çin daosizmi, hind fəlsəfəsi üzərində qurub. O vaxt hippi hərəkatı vardı, həqiqətin, axtarılanın musiqidə, gözəllikdə tapılması ideyası mövcud idi. Bu əsərin mahiyyəti gözəllikdə, sadəlikdə xilasın və gerçəkliyin mümkünlüyü idi.

Xatırlayırsızsa, əsərin qəhrəmanın yeniyetmədir, o dişinə vurduğu, dərk elədiyi bütün sənətlərin, gerçəkliyin, insanların saxta olduğunu anlayır. Bacı Fibi əsərin baş qəhrəmanı yeniyetmə Holdendən soruşurlar ki, nə olmaq istəyərdin? Holden deyir, vəkil olmaq istəyərdim, amma vəkilin də elə məqamı olur ki, o müdafiə etdiyi insanı yox, öz qələbəsini düşünür, şöhrətpərəstlik onun qəlbini fəth edir. Ona görə o hər şeyin alınıb-satıldığını görür deyə təmənnasız bir iş görmək – uşaqları uçurumdan qorumağı özünə ideal peşə sayır.

Bu nəticə Servantesi, Şekspiri olan dünya ədəbiyyatı üçün gəlinən çox bəsit nəticədir ki, bir yeniyetmə hansısa uçurumda dayanıb yıxılmaq ehtimalı olan uşaqları qorusun. Absurddur. Amma eyni zamanda insanı xilas edə bilən bəşəri dəyərdir.

- Özü də bu xilas real deyil, kökləri gerçək həqiqətlərə söykənmir. Holden, Robert Burnsun şeirindəki “Qız oğlana urcah olsa çovdarıqdan keçən zaman” misrasından təsirlənib uçurumu xəyal edir sadəcə.

-Yenə deyirəm, mənimçün bu əsərdə əziz olan məqam xilasın bu cür sadə yolda tapılmasındadır. Selincer qütbləşmiş, siyasiləşmiş, oyunbaz cəmiyyətə belə bir format, model təklif edir. Bunu bir uşağın timsalında verir, o uşaq ki, bezib və hər şeydən baş götürüb qaçıb. Amma o insan itkisinin qarşısına bu cür sadə yolla çıxmaq istəyir. Ona görə də Holden insanlığı uçurumdan qorumağın yolunu göstərən bir mərddir, kişidir, peyğəmbərdir, nə istəyirsiz deyin ona.

Onun aşmaq istədiyi yüksəklik tamam başqa idi. Tomas Vulf deyir ki, mənimçün ən böyük yazıçı Folknerdir, çünki onun qoyduğu yüksəklik daha uca idi və heç kəs onun yıxıldığı yerdən yıxıla bilmədi. Əsl yazıçı onsuz da məğlubdur, yazıçı gerçək yüksəkliyi yarada bilən və o yüksəklikdən rahatlıqla yıxıla bilən adamdır. Selincer bu əsərində bəşəriyyəti qoruyan peyğəmbər missiyasındadır.

- Holdenin dini düşüncəsi də başqadır, deyir ki, İsa-zad mənim də xoşuma gəlir, ancaq bu Bibliyadakı yalan-palan söhbətlər heç ağlıma batmır. Həvariləri pisləyir ki, İsa öləndən sonra özlərini yaxşı aparsalar da İsanın sağlığında ancaq ona ziyan verirdilər. Katoliklər barədə deyir ki, sənin soyadını bilməsələr belə mütləq katolik olub-olmadığını soruşacaqlar, məzhəbpərəstdirlər. Kəsəsi, bütün oturuşmuş dəyərləri ələ salır.

- O dövr xristianlığın təftişi dövrü idi, yenə də söhbət hərlənib-fırlanıb dövrə gəlib çıxır. Selincerin gəldiyi həqiqət o idi ki, insan dinlərin, bütün enerji daşıyan vasitələrin fövqündə dayanır. Selincer də dini ayrı-seçkiliyin əleyhinə idi. O öz epoxasının “tapançalı general”ı idi, bu adam öz dövründə baş verənləri o qədər düzgün görüb ki, bütün bu cəmiyyətdən təcrid olan hippilərin, müharibədən sonra aktiv cəmiyyətdən kənarda qalmış insanların, bioloji inqilab edən cinsi azlıqların xilasını bir uşağın dili əks etdirir. Çox adama elə gəlir ki, Holden etirazçıdır, amma sonda məlum olur ki, o xilaskardır. Bu cür ideyalar isə elə-belə qurulmur.

- Amma Selincerin ideyası reallaşmadı, bəlkə də o bunu dərk etdiyinə görə romanın ikinci nəşrindən sonra ədəbi aləmdən çəkildi, uzaqlaşdı və anladı ki, əslində, mübarizə mənasızdır.

- Hər bir insan belə xilaskar olsa cəmiyyətdə bəla-filan qalmaz. Çox təəssüf ki, Selincerin ideyaları həyata keçmədi və daha qəddar bir gerçəklik yarandı dünyada. Dünyanı söz xilas etmədi, dünya sözü öldürdü. Selincerin cəmiyyətdən kənara çəkildi, amma o vaxt ki, artıq o bu əsəri yazıb insanları uçurumdan qorumaq missiyasını yerinə yetirmişdi.

Ümumiyyətlə, missiyanı bitirmədən çəkilmək olmaz. Selincer və Kamyu nə qədər də fəlsəfədən, ədəbiyyatın içindən gəlsələr də çox real yazıçılar idilər. Selincer yaşayan dövrdə çoxlu intiharlar var idi, onun əsəri nə qədər ölümlərin qarşısını aldı, insanların üzərinə xilaskarlıq vəzifəsi qoydu. Müharibədən sonrakı ruhi sindromu məhv etdi. Bu mənada, o məğlub olmadı, qalib çıxdı, həmin qalibiyyəti duyuban sakit oturdu, çəkildi.

- Holden özündən əvvəl də dəyər yoxdu sanki, o özündən əvvəlki nəsli – ata-anası, müəllimini və s. qəbul etmir. Ümumiyyətlə, Selincerə görə insanın dini də, dili də, valideyni də onun saf, saxta olmayan ideyasıdır.

- Qəhrəman xəstədir, tam sağlam deyil. O yaddır hamıya. Ona görə də valideyninə də, dininə də, dostlarına da yaddır. Kamyunun da “Yad” əsərinin qəhrəmanı belədir, qəhrəmanın anası ölür, amma o rahat evə gəlir, çimir, yasa getməyə hazırlaşır, ağlamır, tələsmir. O hər şeyə tamam yadlaşıb. Reallıq gün kimi sanki başına vurub, onu hər şeyə yadlaşdırıb, başqa adama çevirib. Bu mənada, hər iki əsər arasında oxşarlıq var.

Selincer və Kamyu insanı içinə qovan yazıçılardı. Onların sayəsində insan içində azdı. Qaldı ki, ideya ilə bağlı dediyin fikrə, razıyam sənlə. Zen-buddizimdə insana mətinlə təsir ayinləri var. Məsələn, insanda qorxu yaradan, cəsarət yaradan mətnlər var. Hitler də onlardan istifadə edirdi, insanları döyüşə hazırlayırdı.

Selincerin xatırlayırsızsa, “Doqquz hekayə” silsiləsinin ən məşhuru olan “Banan balığının asan ovlandığı gün” hekayəsində də qismən bu cür xəstə insan var. O da ailəsiylə təxminən, Holden kimi rəftar edir. Xəstə uşaq Selincerin özü idi. Yazıçı taleyi ilə yazı bir mənbədəndir. Selincerə görə insanlıq ata-anasının onu anlamadığı, lakin dünyaya öz çıxışı olan insandır. Romanın qayəsi odur ki, hər şeyin saxta olduğunu bilib içindəki dəyərə tapınıb yaşaya bilən, heç kəsə oxşamayan insanlar var, onları heç kəs qəbul etmir. Onlar xilaskarlardır. Əslində, Selincer uşaq vasitəsi ilə İsanın taleyini yazmışdı. Zen-buddizmin üç həqiqəti var:

1. Həyat məşəqqətlərlə doludur.

2. Məşəqqətlərin əvvəli arzulardır.

3. Həqiqət payızgülü çiçəyinin ləçəyindədir.

O ləçəkdə olanı insan bir ömür boyu açmalıdır. Niyə ləçəkdədir həqiqət? Ləçək düşür axı. Ləçək düşür ki, gül açsın. Külün gülə, gülün külə çevrilməyi var. Selincer reallıqları həm də bu cür mətləblərin başına fırlayırdı.

Bizim ədəbiyyatda Selincer kimi yazıçı yoxdur, bizim yazıçılar əsərlərini elə bir nəyəsə cavab yazırlar. Elə bil Kamyu yazır, onun əsərini oxuyub təsirlənib ona cavab yazırlar. Mirzə Fətəli Axundovun Parisi parlatmağı necə də yaşanmamış hadisədir, mistikdir, ruhanidir, caduludur, amma real deyil.

Eləcə də bir çoxları. Bizimkilər ağrını göstərmək üçün çox dərinə, çox vaxt mənasız yerə düşürdülər, mətləbləri fırladırdılar. İnsana insanın dayandığı yerdən baxmırdılar. Bu baxımdan Selincer çox ideoloji yazıçıdır. Azərbaycanda da çox sevilən ancaq anlaşılmayan yazıçılar var. Məsələn, Xorxe Luis Borxes, Qabriel Qarsiya Markes və s.

Bu yazıçılar işğal yazıçılarıdır. İspan dilinin Latın Amerikasını işğal etməsindən sonra Latın Amerikasında olan magik realizm dünyaya meydan oxumağa başladı. Büt və tapınaqlara inancdan qaynaqlanan mədəniyyət ispan dilində yazılanda Markes kimi yazıçılar yaranır.

Əslində, Markesin o sehrli qəhrəmanları indi Latın Amerikasında yaşayırlar, düzünə qalsa, sehrli deyillər, realdırlar. Selincer isə dil və hansısa mədəniyyət amilinin yazıçısı deyil. Ona görə də biz Selincerə yaxınlaşmışıq, Selincer bizə yaxınlaşmayıb. Fərid Hüseyn, Orxan Fikrətoğlu Amerika və Avropa reallığına yaxınlaşdığına görə Selincer bizə yaxındır.

Başqa mənada, Selincerin Azərbaycana nə dəxli var? Azərbaycanda o cür nihilist, inkarçı varmı? Və inkarından sonra Selincer kimi xilasa yol göstərən varmı? Ona görə nəsr bizdə alınmır, amma onlarda alınır. Onların təfəkkürü epoxal təfəkkürdü: bir əsr təfəkkürüdü.

Selincer bir institutun işləyəcəyi işi tək görüb. Bugünkü Azərbaycan gəncliyinin modeli kimdir? Belə bir adam varmı, lap xəstə olsun, şil olsun, dəli olsun. Kimdir? Yoxdu. Bugünkü gənclər kim olmaq istəyir, bax bu araşdırılmalıdır, araşdırılmadıqca, ədəbiyyat bu şeylərə cavab tapmadıqca bizdə bu cür əsərlər yaranmayacaq.

# 5252 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #