Fərid Hüseyn: “Zəhmətdən başqa özünüifadə formam yoxdur” - MÜSAHİBƏ

Fərid Hüseyn: “Zəhmətdən başqa özünüifadə formam yoxdur” - <span style="color:red;">MÜSAHİBƏ
20 dekabr 2016
# 16:16

Kulis.Az şair Fərid Hüseynlə müsahibəni təqdim edir.

- Fərid, sən Kürdəmirdə – ədəbiyyatın elə də populyar olmadığı bir regionda anadan olmusan. Elə bir rayondan ədəbiyyata gəlmək necədir?

- Məncə, günümüzdə ədəbiyyatın populyar olduğu bircə yer paytaxtımızdır. Şeir yazmağa orta məktəbdə oxuyanda başlamışdım. On-on iki şeir yazdım, sonra şeir yazmaq ehtiyacı hiss etmədim özümdə. İlk dəfə Süleyman Rüstəmin “Yaylıq” şeirinin təsiriylə bir şeir quraşdırmışdım. O şeiri kağıza yazmışdım, sonra it-bat oldu, amma əzbərimdədir.

- Çox gənc idin onda...

- Şübhəsiz (gülüşmə)... Sonra 2006-cı ildə universitetə qəbul olundum. O vaxtdan daxili ehtiyac duyaraq şeirlər yazmağa başladım. Elə bilirdim hislərim, duyğularım özünəməxsusdur, ancaq şeirlər ortaya çıxanda yamsılamaya oxşayırdı. Sanki tərzi başqasından götürüb öz hislərimi qələmə alırdım. Yazmaq tərzini kiməsə bənzədəndə artıq düşüncə də sənin olmur. Sonra ədəbi mühitlə tanış olmağa başladım. Lap qocaman şairlər kimi danışdım (gülür)...

- Nə vaxt oldu ədəbi mühitlə tanışlıq?

- 2007-ci ildə. Deyim ki, ədəbi mühitə qoşulmağın mənfi tərəfləri də yox deyil. Ədəbi mühitin ümumi səsinə qoşulursan. Sənin üçün meyar başqalarının zövqü olur. İndiki ağlımla düşünürəm ki, şair üçün meyar daha çox dərəcədə onun öz zövqüdür. O da ancaq şair öz səsini tanıyandan sonra başlayır. Şair kimi öz səsini tanıyanda artıq təsirlə yazmırsan, heç kimi yamsılamırsan. Yamsılayan şairlər qədimlərdə də olub, indi də var. Nizami Gəncəvi yazırdı ki, yamsılamaqla şair olunsaydı, onda meymun hamıdan böyük şair idi. Çünki meymunun hərəkətlərinin 90 faizi təqliddir.

- Deməli, ədəbi mühitə gəlməyinin üstündən 10 il keçir. Mən müşahidə etmişəm ki, gənclər ədəbiyyata gəlir, üç-dörd şeirlə səs-küy salır, sonra getdikcə zəifləyirlər. Ancaq səndə əksinə oldu: şeirlərinin keyfiyyəti yazdıqca artmağa başladı.

- Xoş sözlərə görə çox sağ ol. Ancaq bu sənin dünya görüşündən doğan fikirlərdir, özüm haqda xoş söz demək yaraşmaz...

- Yox, görünən mənzərəni deyirəm...

- Şeirlərimdə həmişə mövzular dəyişir. Çox şeir oxuyuram və yazılarımın böyük qismi poeziya haqqındadır. Qəribədir, bizim ədəbiyyatda bir sıra şairlər ayrılıq haqqında şeiri 40 yaşında da, 50 yaşında da, 20 yaşında da eyni cür ifadə edir. Demək, o sevgiyə münasibətini mərhələ-mərhələ ötürür, içində dövr dəyişimi yaşamır. Son kitabımda – “Bir də heç vaxt”da minimalist şeir nümunələri, haykular, “Şəhərlər və şeirlər” bölməsi, dini-fəlsəfi şeirlər, sevgi şeirləri var. Artıq bir mövzunu yazıb qapadıram, mümkün qədər təkrar mövzularda yazmamağa üstünlük verirəm. Məni indi iki mövzuda şeirlər düşündürür. Biri açarlardır.

- Maddi mənada?

- Bəli. Açarların həyatımızda özünə xas fəlsəfəsi var. Biz nə qədər kirayə evlər, iş yeri dəyişirik. Allah, həyat hər dəfə hansısa qapını üzümüzə bağlayır, hansınısa açır. Bunun fəlsəfəsini, insan taleyindəki rolunu açarların timsalında poeziyada canlandırmaq istəyirəm.

- Maraqlıdır...

- Sonra bir başqa şeir yazmışam: “Mələklərin haqqımda yazdıqları”: “Sağ çiynimdəki mələyin dilindən”, “Sol çiynimdəki mələyin dilindən”. Bu şeir insanın həm müsbət, həm mənfi xüsusiyyətləri haqqındadır. Əslində, insan öz qəlbində nəyin yaxşı, nəyin pis olduğunu bilir. Mələklər əməl dəftərinə olanları yazır, Allah hər şeyi görür, axirətdə bütün baş verənlər bir də yada salınacaq. Bax bütün sadaladıqlarım insan üçün necə qaçılmaz, yayınmaz bir həyatdan xəbər verir. Bizə zillənmiş, hər yerdə bizi izləyən İlahi göz, nəzər haqqında şeirlər yazmağı düşünürəm. İstedadsızlığı şeir boyunca saqqız kimi uzadan, quruca təsvir şeirləri yazmaq fikrim yoxdur. Yaxud da “ağrı oyunları” oynamaq fikrində deyiləm, yaşadığım sarsıntıları ömürlük üzümə tutub şeir yazmağa davam etmək istəmirəm. İstəyirəm özüm oxuyanda şeirlərimdə heç nə mənə qəlp, senton gəlməsin.

- Sovet dövründən çox vaxt şairlərin ilk kitabı yaxşı alınır, sonra zəifləməyə başlayır. İstisnalar var təbii, ancaq demək olar ki, vəziyyət belədir...

- Çünki şairlərimizin mövzuları az halda dəyişir. Divan ədəbiyyatının divan olması üçün gərək orda klassik şeir şəkillərinin bir çoxu cəm ola. Sovet dövründə isə şairlər mövzu müxtəlifliyi ilə “divan bağlayıblar”. Kitabın çap olunması üçün müxtəlif mövzularda yazmalıydılar. Məsələn, anaya da şeir yazmalıydın, vətənə də, partiyaya da... Belə bir qayda var idi. Yəni onu demək istəyirəm ki, mövzular təbii şəkildə dəyişmirdi. İkincisi, senzura Domokl qılıncı kimi asılmışdı başları üstündən.

Şairlər o normaları qorumağa çalışırdılar. Hansı şairlər ki, o normaları pozurdular, yaxşı şeirlər yazırdılar. Peterburqda Anna Axmatovanın ev muzeyində olanda bələdçi qadın maraqlı bir hadisə danışdı. Deməli, senzura vaxtı Ştuçka ləqəbli erməni varmış. O, Rusiyanın baş senzorlarından biri imiş. Axmatovanın kitabının çapına icazə verməyib. Bir dəfə Axmatova ilə yolda qarşılaşır. Deyir, sizi təbrik edirəm, şeirlərinizi oxudum, çox xoşuma gəldi. Axmatova sevinir ki, şeirlər bəyənilibsə kitabı çap olunacaq. Senzor isə deyir: “Sizin şeirləriniz çox gözəldir, amma kitabınız çap olunmayacaq”. Şeirlərin bəyənilməsi o dövr üçün əslində, sən deyən də xoşagələn məsələ deyilmiş. B.Brextin “Kitablar yandırılır” adlı şeiri var. Hitlerə müraciətlə yazılıb. Şeirin məzmunu belədir: bir şair yandırılacaq kitabların siyahısını görür və qəzəblənir ki, niyə mənim kitabım yoxdur o siyahıda, axı mən də həqiqətləri demişəm. Götürüb səlahiyyət yiyələrinə məktub yazıb xahiş edir ki, kitablarımı yandırın. Ötən əsr senzuranın mövcud olduğu ölkələrdə belə faciələr yaşandı. Sovet dövründə şairlər istər-istəməz senzura ilə hesablaşırdılar.

Üçüncü bir problem isə bu günün özündə də var – şair gündəmin nəbzini tutan populyar şeiri ilə şöhrət qazanır və həmin mövzuların içində itib-batır, bədbəxt olur. Sənə deyəndə ki, bu mövzuda yazdıqların yaxşıdır, sən artıq köklənirsən başqalarının zövqünə. Başqasının zövqü də onun düşüncəsini qəbul etməkdir. Ancaq sənin həyatın, yaşantıların birə-bir başqalarının düşüncəsidirmi? Əsla. Belə olanda sən başqasının düşüncəsini ifadə etməyə başlayırsan və nəhayət öz ürəyinin səsini qapı dalından eşdirsən.

- Sənin də populyar şeirlərin var...

- Var. Amma mən o yolu tutub getmədim. İstəmədim onu... Xaqani Şirvaninin fikridir: “Şöhrət səni şərab kimi əlində tutanda sevinirsən, sonra çirkli su kimi kənara tullanacağın gün yadından çıxır”. Bir ara marağa o tipli şeylər yazdım, gördüm alınır. Əgər arzuya çatmaq üçün şeirlərimizlə əzm ediriksə, mən pas, əlimi soyutmağa üstünlük verirəm. Arzuya bir az xəlvətdə də çatmaq olar. Ancaq bu mənim bütün zövqlərdən imtinam demək deyil.

Bizdə şairlər var, deyir şeirlərimi oxuyurlar oxusunlar, oxumurlar cəhənnəmə oxusunlar. Bu səhv qənaətdir. Birincisi, adam öz millətinə, oxuculara bu cür münasibət göstərməməlidir. Bu itələyici sözdür. Düzdü, öz dövründə qəbul olunmamaq bir sıra ciddi adamların əbədi problemidir, fəqət elə bilirəm, insanların sevgisinə və düşüncələrinə mümkün imkanlarla dözümlü yanaşmaq lazımdı.

- Fərid, sən Yazıçılar Birliyinin üzvüsən, ancaq nəsə passiv üzvüsən. Belə demək olarsa...

- Yazıçılar Birliyinə mənə aid olan iş olanda gedirəm. AYB-nin Gənclər Şurasının üzvüyəm, “Ulduz” jurnalının redaksiya heyətində təmsil olunuram. Yazıçılar Birliyinin keçirdiyi müsabiqədə katib olmuşam. Ondan əlavə, Yazıçılar Birliyinin “Mahmud Kaşğari” adına təşkil elədiyi müsabiqədə münsiflərdən, “Bir bənd” şeir müsabiqəsinin jürilərindən biri idim. Yəni iş, tədbir olanda gedirəm. Yazıçılar Birliyi kimlərinsə iş yeridir. Ora da mənim iş yerim deyilsə, hər gün ora getməyə nə ehtiyac var ki? Münasibətlərim normal və qarşılıqlı hörmət çərçivəsindədir.

- Yeni kitabındakı mövzulardan görünür ki, ciddi konsepsiya var...

- Şeirləri hissələrə, bölmələrə bölmüşdüm. Bəzi bölmələri də kitabın redaktoru şair Səlim Babullaoğlu təklif elədi, sağ olsun, yaxşı yön verdi. Və bundan sonrakı kitablarımı da bu cür konseptual düşünürəm. Bir məsələni də deyim, artıq yazılar yazmağa yox, kitablar yazmağa köklənmişəm. Mərhum şair Fərhad Mete haqqında “Ömür doğum günü hədiyyəmiz” adlı bir kitab yazmışam, yeni ildə işıq üzü görəcək.

- Şair xanımlarından müsahibə alırdın...

- Hə, o müsahibələrin də kitab şəklində çapını düşünürəm. Kitabda 10 şairin xanımı ilə müsahibə olacaq. Elə məktublar, şəkillər, arxiv materialları var ki, ilk dəfə o kitabda yer alacaq. Açığı, mən belə bir kitab Türkiyədə görmüşdüm. Adı “Gəzindim boş otaqlarda” idi. Mən o kitabı oxudum və düşündüm ki, belə bir layihəni özüm düşündüyüm formatda Azərbaycanda da eləmək olar.

- Kimlər var o kitabda?

- Əli Kərimin, Vaqif Səmədoğlunun, Nüsrət Kəsəmənlinin, Vaqif Bayatlı Odərin, Salam Sarvanın və başqalarının xanımları ilə müsahibələr...

- Fərid, digər şairlərə baxanda sən həm də çox zəhmətkeşsən. Həm şeir yazırsan, həm araşdırırsan, həm oxuyursan, həm “Kaspi”də ədəbiyyat əlavəsinin redaktorusan, həm tərcümə ilə məşğulsan, həm də müsahibələr alırsan... Bütün bunları necə çatdıra, bir araya sığışdıra bilirsən?

- Gəl, ədəbi mühitlə bağlı bir müşahidəmi bölüşüm kefimiz durulsun, sonra sualına cavab verim.

- Buyur...

- Deməli, bizim ədəbi mühitdə kiminsə üstün keyfiyyətini ona görə dilə gətirirlər ki, sonra rahatca pisləyə bilsinlər. Məsələn belə: "Filankəs yaxşı oğlandı, amma yaza bilmir". "Filankəs savadlıdı, amma istedadı yoxdu". "Filankəs zəhmətkeşdi, amma ədəbiyyat onluq deyil". "Filankəs tərcümə etdiyi dili bilir, bizim dili bilmir". Lətifəsi səndən uzaq, haqqımda xoş sözləri deyəndə yadıma o düşdü.

- Düzdü (gülüşmə)...

- Elə bil ömrümü tez yaşayıram. Bəzən bu haqda düşünürəm. Ancaq başqa məsələ də var. Canın dözümlüyü var. Hamıdan eyni dözümü, iradəni gözləmək olmaz. Tənbəlləri də, az işləyənləri də başa düşmək lazımdır. Öz normalarını başqalarından tələb etmək eqoistlikdir. Üstüaçıq naqil kimi gəlib-keçəni vurmaq, hamıdan eyni yolla getməyi ummaq olmaz. Allah hərəni fərqli ağılda, zövqdə, gücdə yaradıb. Bəzən yekəpər birinə iynə vurursan, çığırtısı aləmi götürür, amma arıq birinin cınqırı da çıxmır. Elə adam var ki, onu yuxudan oyatmaq üçün gərək beş-altı nəfər ola. Mən hər səhər saat 5-də, 6-da oyanıram. Yazıram, oxuyuram, planlaşdırıram, gücüm çatdığı qədər ardıcıl olmağa çalışıram. Bu yaxşıdırmı, pisdirmi düzünü Allah bilir. Bəlkə heç mənim zəhmətdən başqa özümü ifadə etmək formam yoxdur.

Qan Turalı

Ayxan Ayvaz

# 1162 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #