“Səməd Vurğun sağ olsaydı, Qarabağı itirməzdik”

“Səməd Vurğun sağ olsaydı, Qarabağı itirməzdik”
18 oktyabr 2013
# 10:37

Kulis.az-ın bu dəfəki qonağı istedadlı ədəbiyyat adamı, şair Ehtiram İlhamdır.

Ehtiram İlham imzasını gənc nəsil yetərincə tanımır. Onun kimi ədəbiyyat adamı, ədəbiyyat təəssübkeşi kifayət qədər populyar deyil. 1988-ci ildə başlayan Meydan Hərəkatı 80-ci illərdə ədəbiyyata gələn bir çox gənclər kimi, onun da həyatından təsirsiz ötüşməyib.

Məmməd İsmayılın “Gənclik” ədəbi birliyindən başlayan yol onu meydanlara, mitinqlərə, siyasi mübarizəyə çəkib gətirib.

Qəribədir ki, Ehtiram İlham populyar olmamağından, tanınmamağından narazı deyil:

“Yaxşı ki, məni tanımırlar. Adamlar var, hər gün efirlərdədir, insanların “gözünü deşir”. Amma reklamı azalan kimi unudulur, heç kəsin yadına düşmür. Adamlar da var, öz könül odalarına çəkilib, sakit, reklamsız həyatlarını yaşayırlar. Kiminsə tanınmağı məqsəd olmamalıdır. İnsan ancaq şöhrətli olmaq üçün yaşamamalıdır. Mən Tovuz rayonunda doğulmuşam. Beşiyimin başında atamın dostu Aşıq Mikayıl Azaflı saz çalıb, Aşıq Əkbər Cəfərov atamın yaxın dostu olub. Bizim evdə atamla-anamın bir xatirə dəftəri vardı, indi mənim evimdədir. O dəftərdə valideynlərimin bir-birlərinə yazdığı sevgi şeirləri var. Amma dəftərdəki şeirlərin böyük əksəriyyəti Səməd Vurğunun şeirləridir. Məmməd İsmayıl deyir:


Ana laylasıyla içirilən səs,

Dünya qayğısıyla unudularmı?

Gözümü açıb saz eşitmişəm, şeir eşitmişəm. Həm də çox yaxşı şeirlər eşitmişəm. Səməd Vurğunun şeirlərini dinləmişəm. Eyni zamanda Həsən Mülklü adlı bir el şairi vardı və onun şeirləri çox məşhur idi. Həsən Mülklünün oğlu Məftunla bağlı 20-ci əsrin ən böyük məhəbbət dastanı var, “Məftun və Leyla”. Osman Sarıvəlli mənim yadımdadır. Telman Tovuzlu, İdris Alakollu kimi el şairləri ilə tanış olmuşam.”

Ehtiram İlham dostları ilə zarafatlaşanda deyir ki, mənim ilk şeirim “Pravda” qəzetində çap olunub. Dövrünün tanınmış el şairləri ilə yaxın münasibəti olan, “Hüseyn Bozalqanlı” adına dərnəyə gedib-gələn Ehtiramın bu sözünü qəribçiliyə salmayın. Çünki onun ilk şeiri Tovuzun “Həqiqət” qəzetində çap olunub : “O dərnəkdə İsa Cavadoğlu, Vəli Əhməd, Süleyman Saraylı, Məmiş Arzulu, Vaqif Nəsibli kimi ədəbiyyat adamlarını tanıdım. Səlim Sinədəftər adlı ürfan bir kişi vardı. Çox maraqlı adam idi. O dərnəyin toplantıları çox maraqlı və gərgin keçirdi. Dövrün böyük-böyük şairləri müzakirə olunurdu bu dərnəkdə. İlk şeirim də Səməd Vurğuna həsr olunmuş, “Səmədim mənim” şeirim idi. Yadımda qalan ilk şeirim on yaşım olanda yazılıb. İnsan nə vaxt sevirsə, nə vaxt içi dolursa onda yazır.”

Tovuzda el şairlərinin içindən, onların qızğın müzakirələrinin içindən çıxan Ehtiram Bakıya, təhsil almağa hazırlıqlı gəlir. Şeir, ədəbiyyat onun üçün olduqca doğma sahə idi. Amma o dövrün təlatümləri onun taleyindən yan ötmür: “Bizim nəsil, rejimin dağılan vaxtlarına düşdü. Bizdən 3-4 yaş böyük olanlar rejimin yaxşı vaxtında yaşamışdılar. 120 manatla ailəni normal dolandırmaq, Qafqaz kurortlarından birində dincəlmək mümkün idi. Bizdən əvvəlki və bizdən sonrakı nəsil bizim qədər əziyyət görmədi. Müharibə bizim gəncliyimizə düşdü. Həm xalq hərəkatı, həm də müharibə bizim nəsildən, həmyaşıdlardan çox şey aldı.

Mən belə düşünürəm ki, xalq hərəkatı, torpaqların azadlığı uğrunda mübarizə adlı məfhumlar konkret adamların alnına yazılmış işlərdir. Millətin millət olma prosesində mütləq seçilmiş insanlar iştirak edir. Gözümü açanda özümü proseslərin içində gördüm. Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Vaqif Səmədoğlu, Xəlil Rza, İsmayıl Şıxlı və adını hamımızın bildiyi ziyalılar bizə yön verirdi. Ən böyük qələm adamları xalq hərəkatında idi. Mənim mənsub olduğum nəsil gözünü dünyaya ən millətçi şeirlərlə açmışdı. 1987-ci ildə Ukraynada hərbi xidmətdə idim. Məmməd İsmayıl “Gənclik” jurnalında Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını çap etmişdi və qardaşım həmin jurnalı sovqatın içində mənə göndərmişdi. Mən qaravulda o poemanı əzbərləmişdim. Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini əzbərləmişdik.”

Ehtiram İlhamın bitib-tükənməz Səməd Vurğun sevgisini hiss edirəm. Bəlkə də bu sevgi onun ədəbi taleyi ilə bağlıdır. Yuxarıda xatırlatdığımız kimi, çap olunan ilk şeiri Səməd Vurğuna həsr edilib. Elə xalq hərəkatından danışa-danışa Səməd Vurğun yaradıcılığına keçir. Amma hərəkatla bağlı söhbətimiz də yadından çıxmır. “Səməd Vurğun şeiri ilə böyüyən nəsil dünyanın ən böyük müharibəsində qələbə çaldı. Səməd Vurğun elə şairdir ki, onun şeirini Ukrayna partizanları öz dillərinə tərcümə edib, Ukraynanın işğal olunduğu vaxt təyyarə ilə ölkənin hər yerinə yayıblar. Onu tək Azərbaycan oxumayıb.

Bizim Qarabağ müharibəsində məğlubiyyətimizin səbəbi bəlkə də Səməd Vurğun kimi böyük şairimizin mübarizəmizdə olmamağı oldu. Səməd Vurğun sağ olsaydı, bəlkə Qarabağı itirməzdik.

...O dövrün ədəbi mühiti başqa idi. Mənim taleyim daha çox hərəkatla bağlı idi. Bizim yadımıza ədəbi dərnəklər də düşmürdü. Bizim nəslin ən parlaq simalarından biri Qulu Ağsəsdir və mən onun xətrini çox istəyirəm. Zamin Hacı o vaxtlar gözəl şeirlər yazırdı. Xosrov Natil vardı, indi ədəbi mühitdən ayrıdır. O adamların hər biri hərəkatda az qala fəhləlik edirdi. Yazmaq bizim iç məsələmiz idi. Bizim uğrunda çalışdığımız işlər baş tutdu. Ordumuz yarandı, rus ordusu ölkədən çıxdı. Test üsulu tətbiq olundu, ölkədə ciddi işlər başladı. Ordumuz irəliləyirdi. Biz Şuşaya getməyə hazırlaşırdıq. Amma...”

Azərbaycanın müstəqil olsa da, Ehtiram İlham və on minlərlə gəncin əsas arzuları həyata keçsə də, bir çox arzuları yarımçıq qalır. Qarabağın işğalı, ölkədəki təlatümlər onların taleyindən yan keçmir: “Özünü yaradıcı insan hesab edən hər kəsin öz ədəbi taleyi olur. Ədəbi taleyi hər bir insan öz şəxsi taleyi kimi, özü qazanır. Xüsusilə poeziya, könül məsələsidir, ürək məsələsidir. Mən başa düşə bilmirəm ki, insan hər gün necə şeir yaza bilər. Gündəlik yazılar, nəsr yaradıcılığı bura aid deyil. Mən hər zaman içimdən gələni yazmışam. Dostlarımız çox ciddi ədəbiyyatla məşğuldur, fəaliyyətlərini davam etdirir. Mənim üçün ədəbiyyat məni yuxudan oyadıb yazdıran bir məsələdir. Küçədə gedərkən siqaret qutusuna yazdıqlarımdır mənim ədəbiyyatım. Mən bu məqamları özüm də bilmirəm. Bir tələbə yoldaşım vardı, həftənin günlərini bölmüşdü. Bir gün məhəbbət şeirləri yazırdı, bir gün poema yazırdı. Məncə şeirə bu cür yanaşmaq səhvdir. Nəsr ağır işdir, hər gün yazılmalıdır. Şairlik insanın həyat tərzidir. ”

“Gənclik” ədəbi dərnəyi onun həyatında xüsusi yer tutur və “Gənclik” jurnalında çap olunmasını sevinclə xatırlayır:

“O dərnəyin sonlarına gedib çıxmışıq və “Gənclik” jurnalında çap olunmuşuq. Azərbaycan mətbuatında bir neçə mətbu orqan var ki, tarixdir. Nəcəf Nəcəfovun “Azadlıq” qəzeti, Məmməd İsmayılın “Gənclik” jurnalı, bir də Vaqif Bayatlının “Xəzər” jurnalı böyük tirajla çıxırdı. Biz o jurnalları əlaltından artıq pul verib tapa bilirdik. Biz onları su kimi içirdik. Nöqtəsinə qədər əzbərləyirdik. Mən şeiri o dərnəkdə öyrəndim. Əsl ruh şeiri, iç şeirini orda öyrəndim. İki şeir kitabım var və onlardan imtina etmişəm. Birinci şeir kitabıma Məmməd İsmayıl, ikinci kitabıma Akif Səməd ön söz yazıb. İndi 45 yaşım var və yeni kitab haqqında düşünürəm. O kitabdakı şeirlərin əksəriyyəti “Meydan” havasıyla yazılıb və indi çox şeirlərimi bəyənmirəm. Ədəbiyyatda mənim məhək daşım Səməd Vurğun olub. Amma Məmməd İsmayıl və Ramiz Rövşəni də çox sevirəm. Şeirin öldüyü dövrdə bir neçə sevdiyim şeiri yazdım, sevdiyim şairlərin nazıyla oynadım. Münasibətim olan, tanıdığım Akif Səməd, Məmməd İlqar, Murad Köhnəqala, Ramiz Qusarçaylı bir birindən maraqlı ədəbiyyat adamlarıdır. Heyf Şaiq Vəlini gec tanıdım.

İçimi yandıran bəzi şeyləri yazmışam. Tale elə gətirdi ki, içimdəkilərin hamısını yaza bilmədim. Düşünürəm ki, böyük söz ancaq içdən gələn sözdür. Şair ilhamına xəyanət eləməməlidir. Ümumiyyətlə şair az yaşamalıdır.

...Rastlaşdığım bütün yazıları oxuyuram. Amma görüşünə can atdığım xeyli şairlər var. İndi klassik hesab olunan Musa Yaqubu, Məmməd İsmayılı, Ramiz Rövşəni, Vaqif Bayatlını çox sevirəm. İndiki yaşımda Şaiq Vəlini çox sevirəm. O balaca bir kitabla bir çox böyük işlər görüb. Murad Köhnəqalanın “Alma əhvalatı” kitabının dəlisiyəm. Məmməd İlqarın təcnislərini sevirəm. Məmməd Dəmirçioğlunun şeirlərini çox bəyənirəm. Salam Sarvan, Etimad Başkeçid, Qulu Ağsəs çox böyük istedad sahibləridir. İbrahim İlyaslı mənim tutiyamdır.

Gənclərdən ən çox sevdiyim, bəyəndiyim Elnur Astanbəylidir.”

# 2689 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #