Ayana
Stiven Kinqin hekayəsi
Kulis.Az Stiven Kinqin “Ayana” hekayəsini təqdim edir.
Bu əhvalatı nə vaxtsa danışacağımı heç ağlıma da gətirməzdim. Arvadım demişdi ki, danışmayım; buna heç kim inanmaz və mən özümü yalnız biabır edərəm. Yəni onu biabır edəcəyimi nəzərdə tuturdu əlbəttə.
“Bəs Ralfla Trudi necə olsun?”, – soruşdum. “Onlar ordaydılar. Bunu onlar da gördülər.”
“Trudi ona ağzını bərk saxlamasını tapşıracaq” – dedi Rut, – “sənin qardaşına çox deməyə gərək yoxdur.”
Yəqin ki, o doğru deyirdi. Ralf o vaxt Nyu-Hempşir 43-cü Məktəb Administrasiya Bölümünün müfəttişiydi; və kiçik ştatın Təhsil Departamenti bürokratının istədiyi axırıncı şey kabel TV ilə verilən xəbərlərdə, Finiksdə uçan boşqab və ya ona qədər saymağı bacaran koyotu göstərmək üçün saatın sonunda saxlanılan vaxtda göstərilməkdir. Həm də, möcüzə göstərənin özü olmayanda, möcüzə əhvalatı elə də yaxşı olmur, Ayana isə yoxdur artıq.
İndi daha mənim arvadım dünyadan köçüb – birinci nəvəmizin baxımına kömək üçün Koloradoya uçanda təyyarədə ürəyi partlamışdı. Qəfil, yerindəcə ölüm haqlamışdı. (Yəni, bunu təyyarənin heyəti belə deyirdi, indiki vaxtda onlara heç baqajı da etibar etmək olmaz.) Qardaşım Ralf da ölüb, – veteranların qolf turnirində iştirak edəndə insult vurmuşdu – Trudi isə artıq ağlını itirib. Atam da çoxdan gedib, indiyə kimi yaşasaydı, yaşı yüzü keçərdi. Axıra qalan mənəm, ona görə də bu əhvalatı mən danışacağam. Rut haqlıydı, bu heç inandırıcı deyil, və bunun heç mənası da yoxdur. Möcüzələrin heç vaxt mənası olmur, hər yerdə möcüzə görən xoşbəxt ruhi xəstələri nəzərə almasaq. Amma bu əhvalat maraqlıdır. Və həqiqətən olub. Bunu hamımız gördük.
Mənim atam pankreatik xərçəngdən ölüm ayağındaydı. Adamların bu cür vəziyyətləri necə təsvir etdiklərinə qulaq asıb onları yaxşı tanıya bilərsiniz (və mənim xərçəngi “bu cür vəziyyət” kimi adlandırmağım, yəqin hekayətçiniz haqda sizə nəsə deyir – o ömrü boyu məktəbdə uşaqlara ingilis dili dərsi deyib, onların da ən ciddi xəstəlikləri ya sızanaq olur, ya da idmanda qol-qıçlarını zədələməkləri).
Ralf dedi: “O öz səyahətini başa vurmaq üzrədir.” “Xərçəng onu çulğayıb”, – dedi qardaşım arvadı Trudi.
Əvvəl elə bildim deyir: “Xərçəng onu yetişdirib”, yəni qulağımda qıcıqlandırıcı-poetik səsləndi. Bunu deyən o olduğuna görə bilirdim ki, doğru ola bilməz, amma istəyirdim doğru olsun.
Rut dedi: “O, nokautdadır.”
Mən, – “Elə orda qala da bilər”, – demədim, amma fikrimdən keçdi. Çünki o, əzab çəkirdi. Bu hadisə iyirmi beş il əvvəl olub, 1982-də. Xərçəngin son mərhələsində əzab çəkmək o vaxt qəbul olunmuş bir şey idi. Üstündən on və ya iyirmi il keçəndən sonra hardasa oxudum ki, xərçəng xəstələrinin çoxunun səssiz getməsinin səbəbi qışqırmağa yetəcək güclərinin olmamasıdır. Yaddaşım yenə məni atamın xəstə yatdığı həmin otağa elə güclü dartdı ki, tualetə getdim, unitazın qabağında dizi üstə durdum, əmin idim ki, indi öyüyəcəyəm.
Mənim atam doğrudan da dörd ildən sonra öldü, 1986-da. Onun yaşayışı dövlət himayəsindəydi və sonunda ölümünün səbəbi də pankreatik xərçəng olmadı. Steykin – ət qızartmasının tikəsi boğazında qalmışdı, ondan öldü.
Don “Dok” Centri və arvadı Bernadett – mənim atam və anam – pensiyaya çıxıb, Pitsburqun yaxınlığında, Ford Sitinin kənarındakı evdə özləri üçün yaşayırdılar. Arvadı öləndən sonra Dok Floridaya köçmək haqqında düşünürdü, amma sonra, bunun çox baha başa gələcəyini dedi və Pensilvaniyada qaldı. Ona xərçəng diaqnozu qoyulanda, qısa vaxt xəstəxanada yatdı və orda hamıya öz “Dok” ləqəbinin illər uzunu baytar həkimi işləməsindən gəldiyini təkrar-təkrar danışırdı. Bunu bütün maraqlananlara danşandan sonra onu evə ölməyə göndərdilər və biz – onun ailəsi – Ralf, Trudi, Rut və mən Ford Sitiyə ona baxmağa gəldik.
Atamın arxa tərəfdəki yataq otağı yaxşı yadımdadır. Divarda İsa peyğəmbərin balaca uşaqları yanına topladığı təsvir olunan şəkil asılmışdı. Döşəməyə anamın toxuduğu kiçik kilim sərilmişdi: bu ürəkbulandıran yaşıl kölgələr, onun əl işlərinin ən yaxşı deyildi. Yatağın yanında dərman məhlullarını damcılatmaq sisteminin üstündə “Pitsburq Piratları”nın (professional beysbol klubu. Pitsburq, Pensilvaniya ştatında yerləşir və əsas liqada yarışır) emblem-stikeri olan ştativi qoyulmuşdu. Hər gün qorxu içində o otağa yaxınlaşırdım və hər gün orda keçirdiyim saatlar mənə daha uzun gəlirdi. Doku, bizim böyüdüyümüz Derbidə (Konnektikut ştatı) evimizin girəcəyindəki yırğalanan kresloda oturduğunu, bir əlində pivə bankası, o biri əlində siqaret, bisepslərinin rəvan əyrilərinin qabarıqlığını göstərmək üçün ağappaq tennis maykasının qolu iki dəfə qatlanmış və sol dirsəkdən yuxarı qızılgül tatusu görünən vəziyyətdə xatırlayırdım. O, əynindəki hələ solmamış tünd mavi rəngli cinsdən heç çıxmayan – bunu iş paltarı adlandırırdılar – və bunda heç bir qəribəlik görməyən nəsildən idi. Saçını Elvis kimi darayırdı və görkəmi də qorxunc idi – sahilə çıxanda iki dənə içməklə günün axırını yaxşı qurtarmayan matrosun görkəmi kimi. Boyu uca idi, yeriyəndə də pişik kimi yeriyirdi.
Derbidə yay vaxtı, küçə rəqslərində onunla anamın, Ayk Terner və “Kings of Rhythm”in "Rocket 88"inə cigerbəq rəqs etməklə bütün şounu dayandırmaqlarını və hamının onlara tamaşa etməyini xatırlayıram. Onda deyəsən Ralfın on altı, mənim isə on bir yaşım vardı. Ağzımızı açıb valideynlərimizin rəqsinə baxırdıq və mən onda birinci dəfə, gecə onların paltarlarını tamam soyunub, bizi unudaraq nə etdiklərini anladım.
Səksən yaşında xəstəxanadan evə göndəriləndə, mənim qorxunc-cazibəli atam, pijama (üstündə Piratların loqosu vardı) geymiş skeletə oxşayırdı. Gözləri qalın və pırtlaşıq qaşlarının altında batıb, itmişdi. İki ventilyatorun işləməsinə baxmayaraq o dayanmadan tərləyirdi və onun yaş dərisindən yayılan iy mənə tərk edilmiş evin divar kağızlarından gələn iyi xatırladırdı. Qara nəfəsindən çürümə iyi gəlirdi.
Nə Ralf, nə mən varlı adamlar deyildik, amma hərəmiz bir az pul qoyduq və üstünə Dokun öz saxlancını da əlavə etdik, bu, ona baxmaq üçün yarımgünlük həmşirə-baxıcı və həftənin beş günü gəlib otağı yığışdıran adam tutmağa kifayət elədi. Onlar atama yaxşı baxırdılar, həmişə təmiz və paltarları dəyişmiş olurdu, amma qardaşım arvadının Dokun yetişdiyini (mən hələ də onun belə dediyini tərcih edirəm) dediyi gün artıq, demək olar ki, “iylərin döyüşü” qurtarmışdı. Üzü zərbələr görmüş köhnə profinin zibili, raund hesabında naşı cavanı – “Conson uşaq tozu”nu məğlub edirdi; düşünürdüm ki, indicə referi döyüşü saxlayacaq. Dok artıq tualetə (özü həmişə ayaqyolu deyirdi) gedə bilmirdi, ona görə də ona pampers və xüsusi alt tumanı geyindirirdilər. O, hələ kifayət qədər anlamaq iqtidarında olduğu üçün bundan utanırdı. Bəzən gözünün qırağından yaş damcısı diyirlənirdi və evdə yatdığı müddətdə bir zamanlar dünyaya “Ey! gözəl görünürsən!” nidası gələn ağzından yarımçıq formalaşmış boğuntulu çarəsizlik və həyata ikrah ifadələri qopurdu.
Ağrı özünə yaxşı yer eləmişdi – əvvəlcə qarın nahiyəsində, sonra isə hər yerində: göz qapağından tutmuş barmaqlarının ucunadək yayıldığından şikayət edirdi. Ağrıkəsicilər artıq təsir etmirdi. Artıq doza verilsə onu öldürə bilərdi, ona görə həmşirə bundan imtina etdi. Onu öldürsə də belə, mən bu dozanı vermək istəyirdim. Və verərdim, əgər Rut məni dəstəkləsəydi, amma arvadım bunu etmək istəmədi.
“O biləcək”, – dedi Rut, baxıcını nəzərdə tuturdu, – “və sən problemə düşəcəksən.”
“O mənim atamdır!”
“Bu, o qadını saxlamayacaq.”
Rut həmişə stəkanı yarıboş görən adam olub. Bu tərbiyə işi deyildi, o bu cür doğulmuşdu. “O xəbər verəcək. Və səni həbsə soxa bilərlər.”
Hə, mən onu öldürmədim. Heç birimiz onu öldürmədik. Elədiyimiz, vaxtı uzatmaq idi. Nə qədər anladığını bilmədən, ona kitab oxuyurduq. Paltarını dəyişirdik və divardakı tibbi xidmət kartını doldururduq. Günlər həddən artıq isti keçirdi və biz o iki ventilyatorun yerini vaxtaşırı dəyişirdik, ümid edirdik ki, hava axını yaranar. Yaşıl meydanı al-qırmızı göstərən kiçik, rəngli televizorda Piratların oyununa baxırdıq və ona deyirdik ki, Piratlar bu il əla görünürlər. Biz onun heç vaxt olmayan kimi itiləşmiş profilinin üstündən bir-birimizlə söhbət edirdik. Onun əzablarını görür və ölməyini gözləyirdik. Bir gün o yuxulayıb bərkdən xoruldadığı vaxt mən “XX əsrin ən yaxşı Amerika Şairləri” kitabına baxırdım və birdən yataq otağının qapısında hündürboylu, iribədənli qara bir qadın və yanında gözünə qara eynək taxmış qara qızın dayandığını gördüm.
O qız... Elə yadımda qalıb ki, elə bil bu gün görmüşəm. Bəlkə yeddi yaşı olardı, amma yaşına görə çox balaca görünürdü. Doğrudan, bapbalaca idi. Əynində şişkin dizlərinəcən uzanan çəhrayı don vardı. Eyni şişkin topuqlarının birinə üzərində Uorner Brazersin multfilm qəhrəmanları olan halqa-sarğı keçirmişdi; orda hər iki əlində tapança tutan, qırmızı və uzun bığlı Yosemit Semin şəkli vardı. Qara eynəyi məhəllə hərracında təsəlliverici priz kimi alınana oxşayırdı. Çox böyük idi və sürüşərək uşağın dik burnunun ucuna düşmüşdü. Ona görə hərəkətsiz, qapaqları ağır, üzərində ağ-mavi pərdə olan gözləri açıqda qalmışdı. Hörükləri vardı. Bir qoluna plastikdən uşaqlar üçün olan pul qabı keçirmişdi və yanında sallanırdı. Ayaqlarına çirkli şapşap keçirmişdi. Əslində dərisi qara da deyildi, sabun bozuna oxşayan rəngdə idi. Ayaq üstə durmuşdu, amma baxanda elə mənim atam qədər xəstəhal görünüşü vardı.
Qadın o qədər də aydın yadımda qalmayıb, çünki uşaq diqqətimi özünə çox çəkmişdi. Qadına yaş vermək çətin idi, qırx yaşı da ola bilərdi, altmış yaşı da. Afro stilində qısa, qıvrım saçları, sakit görkəmi vardı. Bundan o yana yadımda heç nə qalmayıb – paltarının rəngi, paltar geyinmişdi, ya yox, o da yadımda qalmayıb. Məncə, geyinmişdi, bəlkə də, geniş şalvar geyinmişdi.
“Siz kimsiniz?”, – deyə soruşdum. Sualım bir az axmaq alındı, elə bil kitab oxumaqdan deyil, mürgüdən ayılmışdım – əslində bunlar çox yaxın vəziyyətlərdir.
Trudi onların arxasında göründü və eyni sözü soruşdu. O, ayıq-sayıq görünürdü. Onun da arxasından Rutun qıcıqlanmış səsi gəldi: ” Yəqin qapı açıq imiş, bunun sürgüsünü nə vaxtsa, kimsə keçirirmi?! Onlar da açıq qapıdan içəri giriblər.”
Ralf Trudinin yanında durmuşdu, çiyninin üzərindən arxaya baxıb: “Qapı örtülüdür”, – dedi. “Yəqin onlar içəri girib, sonra qapını örtüblər.” Sanki bununla onlara nədəsə bəraət verirdi.
“Siz bura girə bilməzsiniz”, – Trudi qadına dedi. “Biz məşğuluq. Burda xəstə var. Mən bilmirəm siz nə istəyirsiniz, amma burdan getməlisiniz.”
“Bilirsinizmi, siz evə bu cür girə bilməzsiniz”, – Ralf əlavə etdi. Onlar üçü də xəstə yatan otağın qapısında toplaşmışdılar.
Rut əli ilə qadının çiynini döydü: “Əgər polis çağırmağımızı istəmirsinizsə, gedin burdan. Polis çağıraq?”
Qadın fikir vermədi. Balaca qızı qabağa basıb dedi: “Düz irəli. Dörd addım. Damcısalan var, ilişməyəsən. Başla saymağa görüm.”
Balaca qız saymağa başladı: “Bir... iki... üş... dört.” “Üş” deyəndə Ştativin metal ayağının üstündən keçdi, heç aşağı baxmadan. Onun, üstü yağlı-ləkəli, çox böyük məhəllə hərracı eynəyinin şüşəsindən heç yerə baxmadığı aydın idi. Gözündəki o süd rəngli pərdə ilə heç nə görə bilməzdi. Mənim lap yaxınlığımdan keçdi və donunun ətəyi mənim əlimin üstünə sürtülüb ötdü, fikir kimi. Ondan çirk və tər, həm də Dokdan gələn xəstəlik iyi gəlirdi. Qollarında iri, tünd rəngli nöqtələr vardı, qotur deyildi, amma hər-halda yara idi.
“Onu tut!”, – qardaşım dedi, mən tutmadım. Bu çox sürətlə baş verdi. Balaca qız atamın çökmüş, tük basmış yanağına əyildi və öpdü. Kiçik yox, böyük öpüşlə. Marçıltılı.
O, bunu edəndə qolundakı kiçik, plastik pul qabı yırğalanıb yan tərəfdən yüngülcə atamın başına toxundu və o gözlərini açdı. Sonradan həm Trudi, həm də Rut deyirdilər ki, kişini oyadan o pul qabının toxunmağı oldu. Ralf o qədər də əmin deyildi, mən isə ümumiyyətlə buna inanmırdım. Toxunanda heç az da olsa səs çıxmadı. O pulqabının içində kağız salfetdən başqa, yəqin ki, heç nə yox idi.
“Sən kimsən, bala?”, – atam ölüm xırıltısına oxşayan səslə soruşdu. Uşaq, – “Ayana”, – dedi.
“Mən də Dokam”. O, indi qaranlıq mağaraya bənzəyən gözlərilə qıza baxırdı, amma baxışındakı anlaq, mənim Ford Sitidə olduğum bu iki həftədə gördüyümdən yüksək idi. O, elə bir nöqtəyə çatmışdı ki, heç doqquzuncu servisi vurandan sonra houmran (beysbolda oyun situasiyası, ən böyük xalı qazandıran hərəkət) da onun gözlərinin ifadəsini dəyişə bilməzdi.
Trudi özünü qadının arxasından dürtüb, mənim yanımdan keçmək istəyirdi ki, uşağı ordan götürsün. Uşaq isə ölməkdə olan Dokun rəğbətini qazanmışdı, qəflətən. Trudinin biləyindən tutub saxladım: “Gözlə.”
“Necə yəni gözlə? Onlar evin içinə qanunsuz giriblər!”
“Mən xəstəyəm, mən getməliyəm”, – balaca qız dedi. Sonra yenə atamı öpdü və geriyə çəkildi. Bu dəfə ştativin ayağına ilişdi, az qala özü də yıxılacaqdı, ştativi də yıxacaqdı. Trudi ştativi tutdu, mən də uşağı. O çox cansız idi, elə bil üzərinə dəri çəkilmiş bir yığın sümük idi. Eynəyi dizlərimin üstünə düşdü və bir anlıq onun süd rəngli gözləri sanki mənim gözlərimə baxdı.
“Sənin bütün işlərin yaxşı olacaq”, – dedi Ayana və balaca ovcu ilə dodaqlarıma toxundu. Elə bil dodaqlarıma qor basdılar, amma geri çəkilmədim. “Sənin işlərin yaxşı olacaq.”
“Ayana, gəl”, – dedi qadın, – “biz bu adamları tərk etməliyik. İki addım. Say eşidim!”
“Bir, iki”, – Ayana eynəyini gözünə taxaraq dedi və sonra eynəyi burnunun üstünə, yuxarı basdı. Qadın onun əlindən tutdu.
“Bu gün hamınızın xoşbəxt günü olsun”, – dedi qadın və mənə baxdı. “Siz bağışlayın, bu uşağın arzuları bitib, qurtardı”.
Onlar geriyə qayıdaraq qonaq otağından keçdilər, qadın uşağın əlindən tutmuşdu. Ralf çobaniti kimi onların dalınca düşdü. Məncə, heç nə oğurlamadıqlarına əmin olmaq üçün. Rutla Trudi gözləri hələ də açıq olan Dokun üzərinə əyilmişdilər.
“O uşaq kim idi?”, – atam soruşdu.
“Mən bilmirəm, ata”, – Trudi dedi. “Sən narahat olma belə şeydən.”
“Mən o qızın qayıtmağını istəyirəm”, – dedi atam. “Bir öpüş də istəyirəm.”
Rut mənə tərəf döndü, dodaqlarını ağzının içinə qatlamışdı. Bu, onun uzun illər ərzində təkmilləşdirdiyi sevimsiz ifadə idi.
“O, sistemi bu qədər dartdı... iynə çıxdı... kişinin qanı axır... sən də burda oturmusan özünçün.”
“Mən indi yerinə qoyaram”, – dedim, sanki başqa adam danışırdı. Elə bil içimdə kənara durmuş, sakit və karıxmış adam vardı. Mən hələ də onun ovcunun yandırıcı istisini dodaqlarımda hiss edirdim.
“Oo, sən narahat olma! Artıq qoydum.”
Ralf qayıtdı. “Getdilər”, – dedi. “Küçədə üzüaşağı avtobus dayanacağına tərəf getdilər.” Sonra mənim arvadım tərəfə döndü:
”Sən doğrudan mənim polis çağırmağımı istəyirsən, Rut?”
“Yox. Bütün günü onların formalarını doldurub, suallarına cavab verməli olacağıq.” Rut susdu. “Hələ məhkəmədə şahid ifadəsi vermək də lazım gələ bilər.”
“Nəyə şahid ifadəsi vermək?”
“Bilmirəm nəyə, hardan bilim nəyə? Kimsə plastırı gətirəcəkmi, bu allahın iynəsini yerindən çıxmağa qoymayaq? Mətbəx şkafında olmalıdır, deyəsən.”
“Bir dəfə də öpsün məni”, – atam dedi.
“Mən gətirərəm”, – dedim, amma əvvəlcə bayır qapıya tərəf getdim – Ralf onu örtüb bağlamışdı – və küçəyə baxdım. Plastikdən düzəlmiş kiçik yaşıl örtüklü avtobus dayanacağı bir tin aşağıda idi, amma nə ordakı işıq dirəyinin yanında, nə də dayanacaq örtüyünün altında heç kəs yox idi. Səkilər də boş idi. Ayana və qadın – anası, ya da dayəsi – getmişdilər. Mənə qalan elə o uşağın dodaqlarıma toxunmağı oldu, hələ də istiliyini hiss edirəm, amma artıq soyumağa başlayıb.
İndi möcüzə hissəsi gəlir. Onu qısaltmayacağam – bu əhvalatı danışmaq istəyirəm, onu doğru danışmağa çalışacağam – amma üstündə dayanıb durmaq fikrim də yoxdur. Möcüzəvi əhvalatlar həmişə hamını qane edir, amma nadir hallarda maraqlı olur, çünki hamısı eyni şeydir.
Biz Ford Sitinin əsas yolunun kənarındakı motellərdən birində, nazik divarlı “Ramada İnn”də qalırdıq. Ralf buranı “Rammit İnn” (ingiliscə söz oyunudur, çox kobud tabu fraza olan “ram it in” ifadəsini bildirir) adlandırmaqla arvadım Rutun zəhləsini tökmüşdü. “Əgər sən belə davam etsən, sonunda unudub özgənin yanında da deyəcəksən”, – dedi arvadım, – “sonra da utanıb-qızarmalı olacaqsan.”
Divarlar o qədər nazik idi ki, biz Ralfla Trudinin burda nə qədər dözüb qala biləcəklərinə aid mübahisəni eşidirdik. “O, mənim atamdır” – dedi Ralf, Trudi də cavab verdi: “Ödəniş qəbzləri gələndə bunu “Konnektikut İşıq və Enerji”yə başa salmağa çalışarsan. Ya da xəstəlik günlərin qurtaranda ştat müvəkkilinə.”
Saat yeddini bir az keçmişdi, isti avqust axşamı idi. Tezliklə Ralf bizi tərk edib atamın yanına gedəcəkdi, çünki həmşirə onun yanında saat səkkizə qədər qalırdı. Mən televizorda Piratları tapdım və qonşu otaqdakı məyusedici və sonu bilinən mübahisəni eşitməmək üçün onun səsini lap yuxarı qaldırdım. Rut paltarlarımızı yığırdı və mənə deyirdi ki, əgər bir də ucuz, endirim kampaniyalı mağazalardan alt paltarı alsam, məndən boşanacaq. Ya da məni atıb başqasının yanına gedəcək. Telefon zəng çaldı. Kloi Həmşirə idi, baxıcı. (O özünü belə adlandırırdı, məsələn: “Kloi Həmşirənin xatirinə bu şorbadan bir az da iç.”)
O, xoş sözlər deməyə vaxt itirmədi, – “Məncə siz indi bura gəlməlisiniz”, – dedi. “Yalnız Ralf gecə növbəsinə yox, hamınız”.
“Kişi gedir?”, – soruşdum. Rut paltar yığışdırmağı saxlayıb, yaxına gəldi. Əlini mənim çiynimə qoydu. Biz bunu gözləyirdik – əslində buna ümid edirdik
– amma indi burda idi və bizi ağrıtması absurd idi. Mən uşaq olanda, o balaca, kor, çağırılmamış qonaqdan da balaca olanda Dok mənə Bolo-Bouncer oyuncağından istifadə etmək qaydasını –raketkaya rezinlə bağlanmış topu çiləməyi öyrətmişdi. Məni üzüm tənəyinin altında siqaret çəkən yerdə görmüşdü və – acıqlı yox, mehribancasına – demişdi ki, bu axmaq vərdişdir, və bunun məni özünə tabe etməyinə imkan verməsəm yaxşı iş görərəm. İndi real olan budur ki, sabahkı qəzetlər gələndə o artıq həyatda olmaya bilər? Absurd.
“Mən elə düşünmürəm”, – Kloi Həmşirə dedi. “O yaxşılaşana oxşayır”. Bir az susdu. “Ömrümdə belə şey görməmişəm.”
O yaxşılaşmışdı. Biz on beş dəqiqədən sonra ora çatanda, qonaq otağındakı divanda oturmuşdu və evdəki böyük televizorda – texnoloji möcüzə olmasa da rəngləri yerində idi – Piratlara baxırdı. Saman çöpü ilə protein kokteyli içirdi. Rəngi üstünə gəlmişdi. Yanaqları da elə bil dolmuşdu, ola bilsin üzünü təzəcə qırxmışdı deyə belə görünürdü. Özünə gəlmişdi. Onda mən belə fikirləşdim: zaman keçdikcə təəssürat yalnız güclənir. Və hətta mənim evləndiyim şəkkak Tomasina (İncildə, öz təcrübəsində yaşamadığı hər şeyə şübhə ilə baxan Apostol Tomasa verilmiş şəkkak Tomas ləqəbinə işarədir) da daxil olmaqla, hamımızın razılaşdığımız bir məsələ vardı: həkimlər onu evə ölməyə göndərəndən onun çevrəsində asılmış sarı iy yox olub uçmuşdu.
O, bizi adımızla salamlayırdı və deyirdi ki, Villi Stargel houm-ran vurdu, özü də Bokusun ötürməsindən. Ralfla mən bir-birimizə baxdıq, yəni bizim həqiqətən eyni sözləri eşitdiyimizi özümüzə təsdiq etmək üçün. Trudi divanda Dokun yanında oturmuşdu, amma elə bil orda batmışdı. Rut gedib mətbəxdən özünə pivə gətirdi. Əsl möcüzə idi.
“Birini də mənə gətirsən etiraz etmərəm, Ruti-doti”, – atam dedi və sonra yəqin ki, mənim hərəkətsizliyimi və heyrətdən donmuş sifətimin mənfi ifadəsini düzgün yozmayıb: “Mən yaxşılaşmışam. Qarnım da elə ağrımır”, – dedi.
“Sizə pivə olmaz, məncə”, – Kloi Həmşirə dedi. O, otağın ortasına stul qoyub oturmuşdu və həmişəkindən fərqli olaraq, işinin axırına iyirmi dəqiqə qalmış yığışmaq ritualının heç nişanəsi də görünmürdü. Onun adamı qıcıqlandıran “bunu-elə-mama-deyir” hökmranlığı da, deyəsən, zəifləmişdi.
“Bu, nə vaxt başladı?”, – soruşdum, özüm də əmin deyildim ki, “bu” deyəndə nəyi nəzərdə tuturam, çünki yaxşılaşma hərtərəfli idi. Əgər konkret nəyisə nəzərdə tuturdumsa, bu, iyin kəsilməsi idi.
“Biz bu günorta gedəndən yaxşılaşmağa başlayıb”, – dedi Trudi. “Mən buna sadəcə inanmadım.”
“Bolşeveki”, – Rut dedi. Bu onun özünə rəva bildiyi, söyüşə bərabər söz idi. Trudi fikir vermədi.
“Bu, o balaca qızın işidir”, – dedi. “Bolşeveki!”, – Rut qışqırdı.
“Nə balaca qız?”, – atam soruşdu. Oyunda servisarası qısa fasilə vardı. Yekə dişləri, dəli gözləri olan daz oğlan televizordan bizə Cukers mağazalarında xalçaların çox ucuz, təxminən havayı olduğunu deyirdi. Və...
Aman Allah! Malı sifariş etdiyində seçib saxlamağa da pul istəmirdilər. Kimsə Rutun sözünə reaksiya verməmişdən əvvəl atam Kloi Həmşirədən yarım banka pivə istədi. O, atama imtina etdi. Amma Kloi Həmşirənin bu balaca evdəki hakimiyyəti bitmək üzrə idi və növbəti dörd il ərzində – o çeynənməmiş ət tikəsi boğazında qalıb onu həmişəlik dayandırana qədər – atam çox pivə içdi. Və hər dəfəsində də ürəyincə ləzzət aldığına ümid edirəm. Pivə özü bir möcüzədir.
O gecə “Rammit İnn”də yatağımızda uzanıb, yuxumuz qaçıb, kondinsionerin tırıltısına qulaq asanda, Rut mənim o kor qız barədə ağzımı bərk saxlamalı olduğumu dedi. Özü də qızın adını Ayana yox, özünə xas olmayan idbar sarkazm tonunda “möcüzəli zənci uşağı” deyirdi.
“Həm də”, – dedi, – “bu, çox çəkməz. İşıq lampası tam qaralmazdan əvvəl parlaqlaşır bəzən. İnsan da belədir, əminəm buna.” Ola bilər, ancaq Dok Centrinin möcüzəsi alındı. Həftənin sonunda o artıq mənim və ya Ralfın qolundan tutmaqla evin həyətində gəzirdi. Bundan sonra hamımız çıxıb evimizə getdik. Qayıtdığımızın birinci gecəsi Kloi Həmşirə mənə zəng vurdu.
“Biz qayıtmayacağıq, onun necə vəziyyətdə olmağının fərqi yoxdur”, – yarıisterik şəkildə Rut dedi. “Bunu o həmşirəyə de.”
Amma Kloi Həmşirə yalnız, Doku Ford Siti Baytar Klinikasından çıxanda təsadüfən gördüyünü və ora xəstə atın müalicəsinə görə cavan baytara məsləhət verməyə getdiyini demək istəyirdi. Deyirdi əsanı da götürmür. Kloi Həmşirə deyirdi “onun yaşında” belə gümrah görünən adam görməyib.
“Gözləri parıltılı, quyruğu da dik”, – dedi. “Mən hələ də inana bilmirəm.” Bir ay sonra o məhəllənin ətrafında gəzişirdi (əsasız) və həmin qış hər gün yaxındakı hovuzda üzürdü. Altmış beş yaşındakı kişiyə oxşayırdı. Hamı belə deyirdi.
Mən atamı müalicə etmiş tibb işçilərinin hamısı ilə onun sağalmağa başlaması haqda danışdım. Danışdım ona görə ki, onun sağalması orta əsrlər Avropasındakı kiçik şəhərciklərdə qoyulan möcüzəli tamaşaları yadıma saldı. Öz-özümə dedim ki, əgər atamın adını dəyişdirsəm (və ya yalnız Mr.C kimi göstərsəm) jurnala və ya başqa yerə vermək üçün maraqlı məqalə alınar. Bu, həqiqətən də belə ola bilərdi, yəqin. Amma o məqaləni yazmadım.
Qırmızı bayrağı birinci qaldıran Stan Sloan olmuşdu, Dokun ailə həkimi. Doku Pitsburq Universitetinin Onkologiya İnstitutuna o göndərmişdi və atamın onkoloq həkimləri Dr.Retiffin və Dr. Zamaçovskinin sonradan ard-arda qoyduqları səhv diaqnozdan şikayət etmişdi. Onlar da öz növbələrində rentgenoloqun şəkilləri yaxşı vermədiyindən şikayət edirdilər. Retiff dedi ki, baş rentgenoloq səriştəsizdir, mədəaltı vəzini qara ciyərdən ayıra bilmir. Onun adını çəkməməyi xahiş etmişdi, amma yəqin ki daha bu 25 ildə sirr saxlamaq müddəti artıq keçib.
Zamaçovski dedi ki, bu sadəcə orqanın patoloji inkişafı idi. Əmin edirdi ki, – “Mən heç vaxt ilk diaqnozla razı olmamışam.” Retifflə telefonla, Zamaçovski ilə isə üzbəüz danışdım. Ağ xalat geyinmişdi, altından sinəsinə “BUNDANSA KAŞ QOLF OYNAYAYDIM” yazılmış qırmızı futbolka görünürdü. “Mən həmişə bunun fon Hippel-Lindau (nadir hallarda rast gəlinən autosom-dominant genetik xəstəlik) olduğunu düşünmüşəm.”
“Bu onu öldürməyəcəkdimi?”, – soruşdum.
Zamaçovski, doktorların nadan santexniklər, evdar qadınlar və ingilis dili müəllimləri üçün saxladıqları sirli təbəssümlə mənə baxdı. Sonra dedi ki, görüşə gecikir.
Baş rentgenoloqla danışanda əllərini yanlarına uzadaraq “Biz şəkilə cavabdehik, onun izahına yox”, – dedi. “On ildən sonra biz belə halları səhvsiz izah edən cihazlar işlədəcəyik, indi bu mümkün deyil. Amma siz atanızın sağ qalmasına niyə sevinmirsiniz ki? Sevinin.”
Bu barədə məndən asılı olan hər şeyi etdim. Və bu kiçik araşdırmamın (əlbəttə ki, bunu tədqiqat adlandırırdım) nəticəsi olaraq maraqlı bir şey öyrəndim: möcüzənin tibbi tərifi “səhv diaqnoz” imiş.
Səksən üçüncü il mənim yaradıcılıq ilim idi. Elmi kitablar buraxan nəşriyyatla “Çətin Öyrədilənlər: Yaradıcı Yazı Strategiyası” adlı kitab üçün müqaviləm vardı, amma o möcüzə məqaləsi kimi bu da yazılmadı. İyulda, biz Rutla kempinq səyahətimizi planlaşdırdığımız vaxt, mənim sidiyim qəfildən qırmızı gəlməyə başladı. Çox keçmədi sol sağrımın dərinliyində ağrı başladı və güclənərək qasığıma keçdi. Mən təmiz qan işəməyə başlayanda – birinci ağrılardan dörd gün keçmişdi və mən hələ dünyada məşhur olan BƏLKƏ ÖZ-ÖZÜNƏ KEÇDİ oyununu oynayırdım – ağrı ciddi mərhələdən dözülməz mərhələyə adlamışdı.
Rut dedi: ”Əminəm, bu xərçəng deyil” və bundan belə nəticə çıxarmaq olardı ki, o, bunun xərçəng olduğuna əmindir. Onun gözlərinin ifadəsi adamı lap təşvişə salırdı. O, ölüm ayağında da bunu boynuna almazdı – praktikliyi ilə fəxr edirdi – amma bu, onun ağlına ona görə gəlmişdi ki, atamı tərk edən xərçəngin məndən qidalanmağa başladığına möhkəm inanırdı.
Bu, xərçəng deyildi, böyrəyimdəki daş idi. Mənim möcüzəmin adı ekstrakorporal dalğa-zərbəli litotripsiya şoku idi və diuretik həblərlə birlikdə həmin daşları əritdi. Həkimimə dedim ki, ömrümdə heç vaxt belə ağrı çəkməmişəm.
“Düşünürəm ki, bir daha belə ağrı çəkməyəcəksən, hətta ürəyin də ağrısa”, – dedi. “Böyrək daşı ağrısından əziyyət çəkən qadınlar bunu ancaq doğuş ağrısı ilə müqayisə edirlər. Çətin doğuşun ağrısı ilə.”
Hələ də ağrıyırdım, amma yoxlama üçün həkimi gözləyərkən götürüb jurnalı oxuya bildim və bunu yaxşılaşma hesab etdim. Yanımda kimsə oturdu və “Başlamaq lazımdır. Vaxt yetişib.”, – dedi.
Başımı qaldırıb baxdım. Bu, mənim atamın xəstə yatdığı otağa gələn qadın deyildi, bu, kişi idi, əynində çox mükəmməl, boz rəngli işgüzar kostyum vardı. Fəqət, onun niyə burda olduğunu mən bilirdim. Bu barədə heç vaxt heç bir şübhəm olmamışdı. Həm də minlikləə hiss edirdim ki, durub onunla getməsəm, dünyanın bütün litotripsiyaları mənə kömək etməyəcək.
Bayıra çıxdıq. Qəbuldakı qız yerində deyildi, yəni oranı niyə belə qəfil tərk etməyimin səbəbini izah etmək lazım gəlmədi. Soruşsaydılar nə deyəcəyimi də heç bilmirdim. Qasığımın göynəməyi birdən dayandımı? Bu absurd idi, həm də yalan idi.
İşgüzar kostyum geyinmiş kişiyə otuz beş yaş vermək olardı: yəqin istefada olan dəniz piyadasıydı – qısa vurulmuş cod saç düzümünü o vaxtdan saxlayırdı. Danışmırdı. Həkimimin işlədiyi tibb mərkəzinin həyətindən keçdik və bir məhəllə aşağı Səhhət Ormanlığı Xəstəxanasına getdik. Üzüaşağı gedirdik və mən bir az əyilib yeriyirdim, ağrı yox idi, amma göynərti vardı.
Pediatriya şöbəsinə qalxdıq və divarlarının üzərinə Disney şəkilləri çəkilmiş və onların dilindən “Dünya kiçikdir” yazılmış koridorla irəli gedirdik. Dəniz piyadası başını dik tutaraq, buralara məhrəm adam kimi qıvraq yeriyirdi. Mən elə gedə bilmirdim və bunu bilirdim. Heç vaxt özümü evimdən və anladığım həyatdan bu qədər uzaqda hiss etməmişdim. Əgər burda birdən uçub, üstünə “TEZLİKLƏ SAĞAL” yazılmış uşaq şarı kimi tavana yapışsaydım, heç təəccüblənməzdim.
Mərkəzi Həmşirə postunda dəniz piyadası qolumu sıxıb məni dayandırdı, iki həmşirə – biri kişi, biri qadın – işlərinin dalınca çıxıb gedənə qədər gözlədik, sonra davam edib başqa zaldan keçdik, orda başında saçı olmayan bir qız təkərli kresloda oturmuşdu və ac gözlərilə bizə baxırdı. Əlini bizə tərəf uzatdı.
Dəniz piyadası “Yox”, – dedi və məni sadəcə irəli apardı. Amma tərpənməzdən əvvəl o parıldayıb ölməkdə olan gözlərə bir də baxdım.
Biz bir otağa girdik, burda təxminən üç yaşında bir oğlan çarpayısının üstündən asılmış kilsə zəngi şəklində şəffaf tentin içərisində plastik kubiklərlə oynayırdı. Oğlan böyük maraqla gözünü bizə zilləmişdi. O, təkərli kreslodakı qızdan çox sağlam görünürdü – kürən və qıvrım saçı topa durmuşdu – amma dərisinin rəngi qurğuşuna çalırdı və dəniz piyadası məni kürəyimdən irəli basıb özü də qayıdıb parad duruşunda dayananda uşağın həqiqətən çox xəstə olduğunu hiss etdim. Mən divardakı “BURA STERİL MÜHİTDİR” yazısına fikir vermədən tentin zəncirbəndini açanda uşağın qalan vaxtının həftələr deyil, günlər olduğunu fikirləşdim.
Ona yaxınlaşanda atamdan gələn iyin ondan da gəldiyinin fərqindəydim. İy nisbətən yüngül idi, amma eyni iy idi. Uşaq heç nə demədən qollarını qaldırdı. Mən onun dodaqlarının küncündən öpəndə o da qayıdıb məni elə hərarətli istəklə öpdü ki, uşağa uzun müddət heç kəsin yaxınlaşmadığını anladım. Ən azından onu ağrıtmayan kəsin.
Heç kim gəlib burda nə etdiyimizi soruşmadı və ya o gün atamın yatdığı otaqda Rutun etdiyi kimi bizi polislə qorxutmadı. Mən tenti yenə bağladım. Qapıdan çıxanda dönüb arxaya baxdım və onu əlində kubik tutaraq şəffaf plastik tentin içində oturduğunu gördüm. Kubiki əlindən buraxdı və mənə əl etdi – barmaqlarını iki dəfə açıb-yumaraq əlini qabağa-dala yellədirdi. Mən də eyni cür cavab verdim. Artıq yaxşı görünürdü.
Həmşirə postunda dəniz piyadası bir dəfə də qolumu sıxdı, bu dəfə kişi dayanmışdı orda, bizi gördü və üzünə xoşagəlməz təbəssüm ifadəsi verib (mənim İngilis dili Departamentimin müdiri bu mimikanı incəsənət səviyyəsinə qaldırmışdı) baxırdı. Burda nə etdiyimizi soruşdu.
“Bağışla, dost, mərtəbəni yanılmışıq”, – dedi dəniz piyadası.
Bir neçə dəqiqə sonra, xəstəxananın qarşısındakı giriş pilləkənlərində dedi: “Özünüz yolu tapa bilərsiniz, elə deyilmi?”
“Əlbəttə”, – dedim, “amma gərək həkimimlə başqa görüş haqda danışam.”
“Hə, danışsanız yaxşı olar.” “Sizi yenə görəcəyəmmi?”
“Hə”, – dedi və xəstəxananın avtomobil dayanacağına tərəf addımladı. Arxaya baxmadı.
Bir də 1987-ci ildə gəldi, Rut bazarlığa getmişdi, mən də otu biçirdim və başımın arxasındakı küt ağrının miqren olmayacağına ümid edirdim, amma bilirdim ki, miqren olacaq. Səhhət Ormanlığındakı balaca oğlandan sonra yaranmışdı bu məndə. Amma gözlərimin üstünə yaş dəsmal qoyub uzananda fikirləşirdim ki, yəqin o oğlanlıq bir iş yoxdur. Mən balaca qız haqqında düşünürdüm.
Bu dəfə biz Seynt Cudedə bir qadını görməyə getdik. Mən onu öpəndə o əlimi sol döşünün üstünə qoydu. Bu onun yeganə döşü idi, o birini həkimlər götürmüşdülər.
O, ağlaya-ağlaya: “Mən sizi sevirəm, cənab”, – dedi. Mən bilmədim nə cavab verim. Dəniz piyadası qapının ağzında durmuşdu, ayaqları aralı, əlləri arxasında. Parad duruşu.
Onun növbəti gəlişinə qədər illər keçdi: 1997-ci ilin dekabrı. Bu, sonuncu dəfə idi. O vaxt artritim başlamışdı, indi də var. Dəniz piyadasının biz saçları ağarmışdı və üzündəki dərin qırışlar onu, dodaqlarının künclərindən aşağı yarıqları olan, qarnından danışan sehrbaz-adam manekeninə oxşadırdı. O, məni şəhərin şimalındakı I-95 şosesinə apardı, qəzanın baş verdiyi yerə. Panelli yük maşını ilə Ford Escort toqquşmuşdu və Escort bir qalaq dəmir tullantısına çevrilmişdi. Tibb işçiləri sürücünü, orta yaşlı kişini xərəyə uzadıb kəmərləri bağlayırdılar. Polislər yük maşınının uniforma geymiş sürücüsü ilə danışırdılar. O, şok içində idi, amma yaralanmamışdı.
Tibb işçiləri ambulansın qapılarını çırpıb örtdülər və dəniz piyadası mənə dedi: “Başla. Tərpət özünü.”
Ambulansın arxasına tərəf getdim. Dəniz piyadası toplaşanların qabağına çıxıb əli ilə yana göstərərək dedi:
“Ey!Ey! Bu həmin tibbi qolbaqlardandır?”
Tibb işçiləri baxmaq üçün çevrildilər. Onlardan biri və bir də yük maşınının sürücüsü ilə danışan polis nəfəri dəniz piyadasının göstərdiyi yerə getdilər. Mən ambulansın arxa qapısını açıb Fordun sürücüsünün başı tərəfə iməklədim. Toy hədiyyəsi olaraq atamın mənə bağışladığı və o gündən daim özümlə gəzdirdiyim cib saatını da əlimlə axtarıb tapdım. Onun zərif qızıl zəncirini kəmərimin həlqəsinə keçirmişdim. Kübar olmağa vaxt yox idi: qopardım onu əlimlə.
Xərəkdəki adam qaranlıqdan mənə baxdı, sınmış boynunun arxasında dərisi qabarıb parıldayan şiş yaranmışdı. “Bu lənətə gəlmiş ayaq barmaqlarımı tərpədə bilmirəm”, – dedi.
Onun dodaqlarının küncündən (mənim xüsusi yerim idi, deyəsən) öpdüm və geri qayıdıb çıxmaq istəyirdim ki, tibb işçilərindən biri qolumdan yapışdı və soruşdu:
“Burda nə qələt edirsən?”
Mən xərəyin yanında, yerdə qalmış saatı göstərib dedim: “Otların içindəydi bu. Fikirləşdim ki, ona lazım olar”.
Fordun sürücüsü özünə gəlib bu saatın onun olmadığını və qapağın altında yazılmış inisialların başqasına aid olduğunu deyənə qədər biz çıxıb-gedə bilərdik.
“Siz onun tibbi qolbağını tapdınız?” Tibb işçisi mənə ikrahla baxırdı. “Bu, adi xrom parçası idi”, – dedi, – “ordan çıx.” Sonra kifayət qədər könülsüz: “Sağ ol. Özündə də saxlaya bilərdin”, – dedi və saatı uzatdı.
Bu doğru idi. Mən bu saatı çox sevirdim. Amma... belə alındı. Bu, mənim hər şeyim idi.
Evə qayıdanda, yolda dəniz piyadası dedi: “Əlinin arxasında qan var.” Biz onun maşınında – təsvir etmək çətin olan Şevrole sedanda idik. Arxa oturacaqda it xaltası vardı, güzgüdən isə gümüş zəncirli Müqəddəs Kristofer medalı asılmışdı.
“Evə çatanda əlini yuyub təmizləyərsən.” Dedim eləyərəm.
“Sən məni daha görməyəcəksən”, – dedi.
Mən qara qadının Ayana ilə bağlı dediyi söz haqqında düşünürdüm. Bu haqda uzun illərdən bəri düşünməmişdim.
“Mənim arzularım qurtardı?”, – soruşdum.
O duruxdu, sonra çiyinlərini çəkdi. “Bu sənin işindir,” – dedi. “Mən sənin arzuların haqqında heç nə bilmirəm.”
Sonuncu görüşdə məni maşından düşürənə və mənim həyatımdan yox olana qədər üç sual verdim ona. Onun cavab verəcəyini gözləmirdim, amma cavab verdi.
“Mənim öpdüyüm adamlar başqa zavallıların yanına gedir? Onları öpürlər və dərd onları tərk edir?”
“Bəziləri, hə”, – dedi, – “bu belə işləyir. Başqaları edə bilmir.” – çiyinlərini çəkdi. “Ya da etmək istəmirlər.” Yenə çiyinlərini çəkdi. “İkisi də eyni şeydir.”
“Ayana adlı balaca qızı tanıyırsanmı? Yəqin ki, indi böyük qız olar.” “O ölüb.”
Ürəyim düşdü, amma çox da uzağa düşmədi. Mənə elə gəldi ki, bunu bilirdim. Yenə təkərli kreslodakı qız yadıma düşdü.
“O, mənim atamı öpdü,” – dedim. “Mənə isə yalnız toxundu. Bəs niyə mən?”
“Ona görə ki, sən.”, – dedi və bizim döngəyə döndü. “Gəlib çatdıq.” Ağlıma bir fikir gəldi. Deyəsən, yaxşı fikir idi, allah bilir niyə belə düşünürdüm. “Milad bayramına bizə gəl.”, – dedim. “Bayram yeməyinə bizə gəl, Ruta deyəcəm ki, Nyu-Meksikoda yaşayan xalaoğlumsan.” Çünki, mən ona heç vaxt dəniz piyadası haqda danışmamışdım. Bilirdim ki, atam haqqında bildikləri Ruta bəs edir. Həddən artıqdır, əslində.
Dəniz piyadası gülümsədi. Ola bilsin əvvəl də gülümsədiyini görmüşdüm, amma yadımda qalan yalnız budur. “Yəqin ki, gələ bilməyəcəm, dost. Amma sənə təşəkkür edirəm. Mən Miladı bayram etmirəm. Ateistəm.”
Hə, hər şey belə olmuşdu, məncə. Təkcə Trudini öpməyimi demədim. Onun ağlını itirdiyini demişdim, yadınızdadırmı? Alsheymer. Ralf onun rahat yaşaması üçün xeyli var-dövlət qoymuşdu, elə uşaqlar da onun evdə özünü pis hiss etdiyini görəndə onu yaxşı yerə aparmışdılar. Rutun Denver aeroportuna yaxınlaşanda ürək tutmasına qədər biz Trudinin yanına birlikdə getmişdik. Bundan bir az sonra özüm getmişdim onu görməyə, çünki tək, qəmgin idim və keçmiş günlərə bir bağlantım olmasını istəyirdim. Amma Trudinin nə vəziyyətdə olduğunu, mənə yox pəncərəyə baxdığını, alt dodağını çeynəməsini və bu vaxt dodaqlarının kənarından ağız suyunun köpükləndiyini görüb halım pisləşdi. Elə bil doğulub böyüdüyün evə qayıdıb gəldiyində evin yerində boş torpaq görürsən.
Getməzdən əvvəl onun dodaqlarının küncünü öpdüm, amma təbii ki, heç nə baş vermədi. Sehrbaz olmayan yerdə möcüzə alınmır, mənim mistik günlərim isə indi arxadadır. Bircə yuxulaya bilməyib oyaq qaldığım gecələrdən başqa. Onda mən aşağı mərtəbəyə enib, demək olar ki, istədiyim filmə baxıram. Hətta, pornofilmə. Bilirsiniz, mənim çanaq antenam var, bir də “Global Movie” adlanan kanalım. MLB paketini sifariş etsəm lap Piratlara da baxa bilərəm. Amma indi mənim yaşayışım sabit bir gəlirə bağlıdır və rahat yaşasam da, belə hərdən-bir olan xərclərin üzərində nəzarətimi saxlamağım vacibdir. Piratlar haqqında internetdə də oxuya bilərəm. O kinoların hamısı mənim üçün kifayət qədər möcüzədir.
İngiliscədən tərcümə: K.Səlimov
2014