Musa Yaqub
Bir günah sənin, bir günah mənim
Bir gözünü mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?
Sən çeşmə qurudan, mən ağac kəsən,
Bir günah sənindir, bir günah mənim.
Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq,
O mətah sənindir, bu mətah mənim.
Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.
Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bir əl gah sənindir, bir əl gah mənim.
Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.
Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda,
Bir silah sənindir, bir silah mənim.
Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nikahdı,
Bir nikah sənindir, bir nikah mənim.
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim.
Öyrətmə özünə, öyrətmə məni
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.
Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yaxud yandıracaq bu alov səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
Onda biləcəksən
İndi nazın böyük, ürəyin
aram,
Eh, mən də səninçün belə
qalmaram.
Bir də görərsən ki, bir ərk yerin
yox,
Qalmısan neçə yad baxışın
altda.
Qəfil görəcəksən çətirin də
yox,
Əsirsən bir qərib yağışın altda
Günəşdə üstünə kölgə salan
yox,
Tənhasan, amma heç yada
salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda biləcəksən mənim
sevgimi,
Biləcəksən, o da çox gec olacaq.
Könlün darıxanda, lap
darıxanda,
Kimlərsə hardasa qoşa
baxanda,
Bir də görəcəksən sən burda
təksən,
Yanında boş qalıb bir sirdaş
yeri
Sızlayır könlünün həmin boş
yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin
yoxdur.
Onda birdən-birə gözün
dolacaq,
Onda biləcəksən mənim
sevgimi,
Biləcəksən, o da çox gec olacaq.
Məsələn bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb
güzgülənəndə
Bir də görəcəksən şümşad
əllərin,
Çiyninə tökülmüş dalğın
tellərin,
Bir gülər üzün var, amma bilən
yox,
Bu xumar gözlərlə birgə gülən
yox.
Çiynin boş, əlin boş, boş qalan
qucaq
Onda biləcəksən mənim
sevgimi
Biləcəksən, o da çox gec olacaq.
Niyə gəlmisən?
Soldurub bağını, töküb barını,
Daha şuxdan salıb yarpaqlarını,
Soldurub o çıraq yanaqlarını
Qış olub, üstümə niyə gəlmisən?
Sən adlı o xanım-xatını mənə,
Vermədin öz şahlıq taxtını mənə.
Qıymadın gül-çiçək vaxtını mənə,
Qış olub üstümə niyə gəlmisən?..
Məni həsrət qoyan ilk bəhərinə
İndi gəlib məni yada salıbmı?!
Gözünün alovu özgələrinə,
Saçının qırovu mənə qalıbmı?
Qış olub üstümə niyə gəlmisən?
Gözəllik - neylədin o bəxşişini,
Gəlmisən, bəs kimə bəxş etdik onu?
Nə bildin taleyin göndərişini
Qaytara bilmirəm, nə bildin bunu?
Nə bildin mən bir az ürəyi kövrək,
Qadın baxışında mütiyəm, lalam.
Nə bildin o həsrət məni əyəcək,
Nə bildin səninçin keçilmiş yolam.
Qış olub üstümə niyə gəlmisən?..
Ağlayan hirsimi soyutmağamı,
İncik ürəyimi uyutmağamı?..
Təkəbbürlü xanım, a nazlı xanım,
Yox, yox, yalvarışı saxla, sən Allah.
Bu yazıq baxışı saxla, sən Allah.
Di yaxşı, bu dili, bu fəndi saxla,
Dilinin altında o qəndi saxla.
Gücün var - keçəni qaytar, soraqla,
Qış olub üstümə niyə gəlmisən?..
Nə dedin?... Ah, bu nə yanıqlı sözdü!
Bir dayan, gözündə bu nə torandı…
Ah, mənim ürəyim nə ikiüzlü,
Vüqarımı necə yerə vurandı! -
Bacara bilmədim, özümlə, heyf!
Qış olub üstümə niyə gəlmisən?
Bu dünyanın qara daşı göyərməz
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Nə bu ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.
O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.
Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma əzizim,
Bu dünyanın qara daşı göyərməz.
Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.
***
Bağçaya qoymusan dəmir qəfəsi
Baxsam öldürərlər, baxmasam ölləm.
(Qaracaoğlan)
Birinin bar verir guya söyüdü,
Buluddan tayası, yağışdan südü,
Di gəl bu ordenli, şöhrətli "bütü",
Yıxsam öldürərlər, yıxmasam ölləm.
Qulaqlar uyuyur bir xoş yalanda,
Vəd verən də bilir, vədi alan da.
Bu söz oyununda naçar qalanda,
Dinsəm öldürərlər, dinməsəm ölləm.
Ağıl kəsə-kəsə, göz görə-görə,
Ha bu dəyirmanı fırlat boş yerə.
Bu "ötür-ötürə", "qaytar-gətirə"
Gülsəm öldürərlər, gülməsəm ölləm.
Dünən haram alıb əlimdən özü,
Bu gün bayraq edir halalı, düzü,
Dilimin ucunda köz olan sözü
Desəm öldürərlər, deməsəm ölləm.
Qəribə cələdir sənin bu cələn
Həm dən səpən düşür, həm dənə gələn.
Kim qədirbilməzdir, kim qədirbilən? -
Bilsəm öldürərlər, bilməsəm ölləm.
Bir sirr əsiriyəm, bu söz dustağı,
Ağ salıb gözümə yalanın ağı.
Açımmı sandığı, töküm pambığı? -
Açsam öldürərlər, açmasam ölləm.
Ayrılıq
Olanım ötdü getdi,
Qalan günüm, sən yaşa.
Bu dünya ayrılıqdır,
Ayrılıq başdan-başa.
Ayrılıqdır bu payız,
Geri dönməz o bahar.
Yarpaq-yarpaq könlümü
Göynədir ayrılıqlar.
Bir durna qanadında,
Bir gülün həyatında,
Ömrün hər saatında
Min cürə ayrılıq var.
Ya bir doğma, ya bir dost,
Ya bir yar ayrılığı…
Ya da varlıq, araya
Düşüb qar ayrılığı.
Aman, bu ayrılıqlar…
Olanlarım ayrılıq
Olacağam intizar.
O əl çıxdı əlimdən,
Gərək könlüm ayıla
Hara gedim bu yolu
Mən ayrıla-ayrıla?
Qoy dərim o çiçəyi,
Qoy söykənim bu daşa.
Bu dünya ayrılıqdır,
Ayrılıq başdan-başa.
Bütün ayrılıqların
Baş açdım qılığından.
Heç ayrıla bilmədim
Araz ayrılığından.
*******
Dünyanın zəmisi heç imiş demə,
Dəryanın gəmisi köç imiş demə,
Heçimi, köçümü indi bilmişəm,
İndi bilməyim də gec imiş demə.
Əlimi əlinə öyrətmə belə
15 noyabr 2012
09:00
5499 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024