Füzulinin bacısı - Əlif Şəfəq

Füzulinin bacısı - Əlif Şəfəq
10 fevral 2017
# 13:53

(“Siyah Süd” kitabından)

Virciniya Vulf “Öz otağın” adlı kitabında Şekspirin bacısı kimi təqdim etdiyi uydurma bir qadın yaradır. Ona ad da qoyur: Cudit.

Tutaq ki, bu Cudit qardaşı Şekspir kimi yazı-pozuya meyillidir və ən az onun qədər istedadlıdır. Bəs görən onun kimi yazıçılıqla məşğul olmağa, həyatını yazıya həsr etməyə nail ola bilərmi? Virciniya Vulf səbəblərini uzun-uzadıya açıqlayaraq bu suala “yox” cavabı verir.

Yox, çünki yaşadığımız cəmiyyətin qadınlara qoyduğu şərtlər və qaydalarla kişilərə verilən imkanlar bərabər deyil. Cudit nə qədər istedadlı, yaradıcı olsa da, fərqi yoxdur, o, heç vaxt Şekspir ola bilməz. Onsuz da qadınlardan umulan “munis həyat yoldaşı – səliqəli ev xanımı – vəfalı ana“ trio qəlibinin içində özünə hərəkət sahəsi tapmayacaq. Əvvəla yazmağa vaxt ayıra bilməyəcək. Gün boyu yemək bişirmək, təmizlik, alış-veriş, ütü, uşağa dayəlik, ərinin arzuları, qaynanasının istəkləri, ailəvi və sosial öhdəliklər… bir də baxacaq ki, zaman ovuclarının içindən axıb gedib. Özüylə baş-başa qaldığı nadir anlarda isə yorğunluqdan yuxulayıb qalacaq. Necə yazsın? Nə vaxt yazsın?

Elə əvvəldən bir kişi olaraq Şekspirə yaradılan imkanlar bacısı Cuditdən əsirgənəcək. Qız uşaqlarının oğlan uşaqları kimi, ya da onlar qədər oxumağa təşviq edilmədiyi, tezcə evləndirildiyi və ən böyük fuksiyalarının “ərlərinə arvadlıq etmək”, sonra isə “uşaqlarına analıq etmək” olduğunun öyrədilidiyi bu dünyada qadın yazarlar oyuna onsuz da beş-sıfır məğlub başlayırlar.

***

Virciniya Vulfun qoyduğu sualı gəlin şərqə uyğunlaşdıraq.

Füzuli şərqin gəlmiş-keçmiş ən böyük ədəbi səslərindəndi. Füzulinin kiçik bir bacısı olsun, (yəqin vardı) adı da tutaq ki, Firuzə olsun…

Bu Firuzə balacalığında öyrənməyə hədsiz meyli olan, cin kimi bir uşaqmış. Anadangəlmə ixtiraçı təbiətli, məqsədyönlü bir qız uşağı. Fantaziyası da o qədər genişdir ki, gün boyu evdəki xidmətçilərə, anasına, nənəsinə və evlərinə gəlib-gedən qonaqlara hekayələr danışır.

“Qız, sən bunları necə uydurursan, yoxsa gecələr gedib Qaf dağının arxasındakı nağıl pəriləriylə aşıq atırsan? “ –deyərək böyüklər onunla zarafatlaşır.

Firuzə maraqlanır ki, görəsən bu Qafı dağı dedikləri yer necə yerdi? Ya da hardadı bu Nağıl Diyarı? Bəlkə də Quranda deyilən Cənnətül-Əla kimi bir yerdir. Çayları kövsər, ağacların budağındakı meyvələri daş-qaş. Axı Qurani-Kərim deyir ki, “Cənnətə girənlər qızıl bilərziklərlə süslənəcək, incə və qalın ipəkdən yaşıl libaslarla bəzədiləcəklər.” Firuzə ən çox bunun üçün cənnətlik olmaq istəyir. Özünü cənnətin yaşıllıqları arasında bilərziklərini şaqqıldada-şaqqıldada sallana-sallana gəzərkən təsəvvür edir. Bilmir ki, bu cür boş xəyallar qura-qura axırda gerçəklik hissini tamam itirəcək. Bilmir ki, təxəyyülün sərhədsiz iqlimlərində gəzməyi sevənlər həqiqi aləmə çətin qayıdırlar, dönə bilmirlər.

Xəyal – şaftalıyanaq gənc bir qızdır. Su pərisi qədər cazibəli, su pərisi kimi aldadıcı. Qucaqlamaq istəsən əllərindən sürüşüb gedər. Tuta bilməzsən. Həqiqət isə beli bükülmüş, dişləri tökülmüş, donqarı çıxmış bir ifritədir. Üzünə baxmaq çətindir.

Xəyal, Firuzənin oyun dostu, can yoldaşıdır. Onlar gülə-gülə, oynaya-oynaya vaxt keçirəndə, ixtiyar Həqiqət onları səssizcə uzaqdan izləyir. Həsəddən gözlərini qısır.

Öz-özünə deyinir Həqiqət: “Yaxında, çox yaxında bu ərköyün Xəyal burdan qovulacaq. Mən oturacağam onun taxtında… Hələlik isə Firuzəcik Xəyalla oynamağında olsun. Az qalıb. Onsuz da həddi-buluğa çatan kimi çox sevdiyi dostuyla vidalaşmalı olacaq.

Hardan eşitsin bunları Firuzə? Eşitsə də, burda gizlənmiş mənanı anlaya bilməz.

Günlər beləcə keçir. Firuzə bir gün yuxudan oyananda alt paltarında qırmızı bir ləkə görür. Qorxudan ürəyi ağzına gəlir. Elə bilir ki, harasısa kəsilib deyə qanayır bədəni. Elə bilir ki, dərinlərdə görünməz bir yarası var. Ağlaya-ağlaya anasının yanına qaçır. Amma ağzını açıb iki cümlə qurmamış yağlı bir şapalaq yeyir.

Heç kimə bu haqda heç nə demə. Al bu bezi, təmizlə özünü.” – deyir anası. “Bundan sonra hərəkətlərinə fikir verməlisən. Artıq uşaq deyilsən. Artıq sən də qadın sayılırsan.

Nə vaxt, necə keçdi uşaqlıqdan qadınlığa ? Neylədi ki, o biri mərhələyə adladı?

Özünü günahkar sayır. Günahkar və çirkli. Etdiyi nəyəsə görə yox, “olduğu” şeyə görə. Varlığı qüsurlu, mövcudluğu nöqsanlı. Tez-tez xəbərdarlıq edirlər ki, qanaması dayanana qədər Quran-Kərimi əlinə götürməsin. Kitabı çirkləndirməsin deyə.

İnciyir Firuzə. Üzündən təbəssüm itir. O nəşəli, diribaş uşağın yerinə bədəni özünə ağır gələn bir gənc qız gəlir. Başıaşağı, gözləri uzaqlarda fərari. Firuzə öz evində yad olur, ata ocağında qürbətdə. Artıq Xəyalla oynamır . Hara gedir-getsin, Həqiqət kölgə kimi onu təqib edir.

Bundan belə evdəki qadınlar tərəfindən göz həbsində saxlanır. Ailə böyükləri arxasınca pıçıldaşmağa, ona ər axtarmağa başlayırlar. Amma nə qədər ciddi nəzarətdə saxlayırlar, saxlasınlar, uşaqlığında olduğu kimi ikinci mərtəbədəki pəncərələrə qaçıb, burnunu dəmir barmaqlıqlara yapışdırmağına mane ola bilmirlər. Ah, Firuzə çölə çıxa bilsəydi. Saatlarca, günlərcə yeriyə bilsəydi küçələrdə. Kəşf edə bilsəydi dünyanı. Doğulub böyüdüyü Kərbəladan uzaqlara getmək istəyir. Qardaşı Füzuli kimi, o da məktəbə gedə bilsəydi, hədis, kəlam, fiqh, təfsir, astronomiya, kimya oxusaydı, o da türk, ərəb, fars dillərini mükəmməl bilsəydi, o da əlindəkı kitabı sətir-sətir oxuyanda böyüklərindən “Afərin!” eşitsəydi…

“Afərin Firuzə, oxu, böyük qadın ol!“ desələr, sonra isə “İnşallah, qardaşın kimi şair olarsan” deyə əlavə etsələr.

Çünki Firuzənin heç kimə açmadığı bir sirri var. Neçə vaxtdır gizlicə şeirlər yazır. Əvvəllər içindən keçənləri elə-belə qaralayardı, qarşılıqsız, birbaşa. Sonra anladı ki, bu ehtirasdı, xəstəlik kimi bədəninə sirayət edib. Yazmaq illət-i güzidədir. Güzidə bir illət. Çoxdan mənliyinin qalasını zəbt edib. İlhamı əksərən səhərə yaxın gəlir. Şəfəqlə bərabər oyanıb yazır. Taqqıltı eşindənlər elə bilirlər ki, namaza durub. Bilməzlər ki, Firuzə şeir yoluyla ibadət edir, şeirlə yalvarır Rəbbinə.

İran şairlərindən Hafizi, Türk şairlərindən Nəsimini örnək götürür. Eynilə qardaşı kimi. Amma Firuzə yazdıqlarını gün işığına çıxarda bilməz. Utanar. Yazıb bitirdiyi qəzəlləri baxçadakı hində gizlədər. Axı səhərlər yumurtaları yığmaq onun vəzifəsidir. Hin onun özünə aid otağıdır. Sirdaşıdır. Nəfəs aldığı yerdir.

Uşaqlıqdan bəri Firuzəyə baxan zənci bir dayə var. Div kimi azman, qaradərili bir qadın. Saçları qıvrım-qıvrım, təbəssümü qəmzəli. Həmişə güllü lokum, tər və zəfəran qoxuyar. Bir səhər Firuzə dayəsinin ətəyindən yapışar.

“Canım dayəm, mən də təhsil almaq istəyirəm. Şair olmaq istəyirəm.”

“Dəli qız” – deyər dayəsi, yekə məmələrini yellədə-yellədə gülərək. “Qadının alimliyə meyil etməsi harda görülüb? Şairlik marağın varsa səbr elə, şeirlərini layla yerinə gələcəkdə uşaqlarına oxuyarsan. Bu aləmdə hərənin öz yeri var. Hərə öz işini görməlidir.”

Firuzə vəzifəsinin nə olduğunu hələlik bilmir. Bildiyi odur ki, qardaşı kimi bilgili, görüb-götürmüş və onun qədər yaxşı bir şair olmaq istəyir. Lakin məktəbə ancaq dörd il davam edə bildi. Sonra “qız uşağına bu qədər təhsil kifayətdi“ – deyib onu məktəbdən çıxardılar, təhsilini evdə davam etdirsin deyə. Naxış, tikiş, ev işi, bir də gözəl mahnı oxumağı və ud çalmağı öyrənsə, artıqlamasıyla bəsdi. Artığına ehtiyac yoxdu. Onsuz da öz bəbələrini qollarında yelləyərək layla oxumağına az qalıb.

Firuzə bu planlardan xəbərsizcəsinə yazmağa davam edir. Yazdıqları hindəki çuxura yerləşməməyə başlayır. Nəhayət bir gün dözməyib bir şeirini qardaşına göstərir.

“Hmm, kimindi bu? Hardan tapdın bunları?” – deyə soruşur Füzuli, üzündə anlaşılmaz bir işıqla.

“Mənimdi” deyə bilmir Firuzə. Cəsarəti çatmır, həm də əvvəlcə əmin olmaq istəyir ki, görən yazdıqları həqiqətən yaxşıdırmı? Doğurdan istedadı varmı?

Firuzə deyir: “Bir qonşumuz gəlmişdi. Bunları onun oğlu yazırmış. Dedi ki, qardaşına ver, Allah rizası üçün bir baxsın, övladımızın istedadı varsa, desin.” Bunları deyərkən qızarır.

“Onda o qonşuya denən ki, oğlu kimdirsə mütləq gəlib məni görsün. Bu uşaqda cövhər var, işləmək lazımdı“ – deyə cavab verir Füzuli saqqalını qaşıyaraq.

Sevinir Firuzə. Düşünür ki, münasib bir vaxtda qardaşına gerçəyi etiraf etsin.

Amma həyat bu fürsəti ona vermir. Bu söhbətin üstündən heç bir ay keçməmiş ona elçi gəlir. Ondan soruşmadan, iki ailəsi arasında söz kəsilir. Göz açıb-yumunca qərarlaşdırılan vaxt gəlib çatır. Firuzə zurna-qavalla gəlin köçür. Xına gecəsində dəflərin, nağaraların müşayət ilə çalıb-oxuyurlar. Qadınlar gah nəşəylə rəqs edir, gah da göz yaşı tökürlər. Bəlkə də öz toylarını xatırlayırlar. Gənc yaşda gəlin olanlara ürəkləri “cızzz” edir…

Hələ dünən uşaq idi/qanadı gecəliyinə/ bir gündə/gənc qız oldu Firuzə/ yaşlandı/yasaqlandı/

Yenə o cür qəfildən/qorxular içində və cəbrən/yeriyərək özündən əvvəl bu yolda yerimiş qadınların ayaq iziylə/vidalaşdı gənc qızlığıyla/halallaşmadan/bir gecədə/qadın oldu.

Əri əslən İstanbullu olduğu üçün, qərar verilir ki, İstanbulda yaşasınlar. Kərbəla hara, İstanbul hara? Özündən daha qüvvətli, daha coşğun bir axınla sürüklənir evlərindən, ailəsindən, uşaqlığından uzağa. Dayəsini də onunla göndərirlər. Bir də cariyə verirlər yoldaşlıq etsin deyə. Alışdığı torpaqlardan və indiyə qədər heç ayrılmadığı evdən uzaqlaşıb gedərkən, hində gizlətdiyi şeirləri götürmək gəlmir içindən. Onları arxasında qoyur.

Şeirləri hində, yemliyin altındakı çuxurda sirr olur, əsrar olur, toz olur, heç olur. Çox keçməmiş Firuzə ayılır ki, qələbəlik bir şəhərdə qaradinməz və ürkək, tənha və yaddır, üstəlik altı aylıq da hamilədir. Bir vaxtlar yazdığı şeirlər, içindəki istəklər, ayılanda bircə anını belə xatırlamayacağı şirin bir röyanın hissələri kimi səhər rüzgarında dağılıb gedir.

***

Osmanlı tarixi boyunca Firuzə kimi neçə qadın olub görən? Şair, ya da yazıçı olmaq ehtimalı varkən ola bilməyən, ömür boyu yaza biləcəkkən heç nə yaza bilməyən… Əsərlərini sirr kimi özündə saxlayan. İstedadını hinlərdə, çəkməcələrdə, sandıqlarda gizlədən və orada çürüdən, hədər eləyən… İllər, on illər sonra nəvələrinə nağıl danışarkən, “bilirsənmi bir vaxtlar məndə şeir, roman yazardım, hekayə yazardım“ deyə sirrini açan… Bu da bir nağılmış kimi…

Yəqin çox olub.

Çoxdu ki, Namiq Kamalın 1827-ci ildə “İbrət”də yazdığı və Osmanlı ailə quruluşunu analiz etdiyi məqaləsində dediyi kimi, özləri uşaqkən uşaq sahibi olur qızlar. Əllərindəki oyuncaq kuklaların yerini həqiqi uşaqlar tutur.

Füzulinin əlinə qələm-kağız-kitab yaraşdıran cəmiyyət, Firuzəyə uşağı yaraşdırır.

Qadınlar ancaq “təbii vəzifələri”ni axsatmadıqları təqdirdə başqa işlərlə məşğul ola bilərlər. Osmanlının son dövr şeyxül-islamlarından olan Musa Kazımın “Hürriyət-Mutasavvat” Azadlıq – Bərabərlik) adlı yazısında nəsihət etdiyi kimi, qadınların müəyyən nöqtədən sonra təhsilə ehtiyacı yoxdur. Məktəbə getməkləri gərəkli deyil. Çünki lazımından artıq təhsil alsalar, təbii vəzifələrini axsadacaqlar.

Qadınlar çox oxumamalı, çox yazmamalıdır… Hər ehtimala qarşı…

Füzulinin bacısı Firuzə xəyali bir personajdır. Amma Fatma Aliyə yox.

Həmin əzici düşüncə ucbatından Fatma Aliyə adlı məşhur yazıçı belə dalbadal maneələrlə qarşılaşdı. Onun kimi son dərəcə istedadlı bir yazıçının evləndikdən sonra ənənəvi qadınlıq qəliblərinə həbs edildiyini, hətta roman oxumağına belə icazə verilmədiyini görmək, ətrafındakıları, xüsusilə Əhməd Mithatı sarsıdır.

Belə ki, Əhməd Mithat Fatma Aliyənin yaşadıqlarından təsirlənərək, kişi libasında gəzən və Əcəmi Əli (təcrübəsiz Əli) deyə bilinən, amma əsl adı Ülviyyə olan bir qadın personaj yaratdı. Ancaq kişi libası geyinəndə hərəkət etmək imkanı tapan qadın fikri, əslində, nə ilk, nə də son olacaqdı.

O gündən bu günə dəyişməyən bir qayda var: Kişi yazıçılar əvvəlcə “yazıçı” kimi qəbul olunurlar, sonra “kişi” kimi.

Qadın yazıçılar isə əvvəlcə “qadın”, sonra “ yazıçı”. /sim-sim.az/

Tərcümə: Qismət

# 1819 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #