Yaş artdıqca zamanın sanki daha sürətlə keçməsi hissi, demək olar ki, hər kəsin yaşadığı bir təcrübədir.
Kulis.az xarici mediaya istinadən sözügedən mövzu ilə bağlı araşdırmanı təqdim edir.
Alimlərin bu fenomenlə bağlı yeni tədqiqatın nəticələri Aristotelə əsaslanan bir zaman anlayışını gündəmə gətirir.
Bu suala cavab axtaran tədqiqatçılar bir qrup insanın Alfred Hiçkokun köhnə televiziya serialından bir epizodu izlədikləri zaman qeydə alınmış beyin siqnallarını təhlil ediblər.
Bu yaxınlarda “Communications Biology” jurnalında dərc olunan araşdırmada, Kembric Yaşlanma və Neyroelmər Mərkəzi (“Cam-CAN”) tərəfindən aparılan uzunmüddətli beyin yaşlanması layihəsinin məlumatlarından istifadə olunub.
Ümumilikdə 577 iştirakçı Alfred Hiçkokun “Presents” serialının “Bang! You’re Dead” adlı səkkiz dəqiqəlik bölümünə baxıb. İzləmə zamanı iştirakçıların beyin fəaliyyətləri funksional MRT vasitəsilə qeydə alınıb.
Tədqiqatçılar bu videonu xüsusi olaraq seçiblər, çünki əvvəlki araşdırmalar göstərmişdi ki, həmin epizod tamaşaçılarda ən sinxron beyin aktivliyi nümunələrini yaradır. Bu hal, beynin hadisələri necə qavradığını və izlədiyini öyrənmək üçün ideal hesab olunurdu.

İştirakçıların yaşları 18 ilə 88 arasında dəyişirdi. Alimlər mövcud MRT qeydlərini analiz etmək üçün “Greedy State Boundary Search” adlı kompüter alqoritmindən istifadə ediblər. Bu alqoritm beynin sabit fəaliyyət nümunələri arasındakı keçidləri “ani” şəkildə müəyyənləşdirir.
Nəticələr göstərib ki, yaşlı iştirakçıların beyinləri yeni fəaliyyət vəziyyətlərinə daha az keçid edir və bu vəziyyətlər daha uzun davam edir.
Bu tapıntı zamanın yaşlı insanlar üçün niyə daha sürətli keçdiyini izah edə biləcək bir mexanizm kimi qiymətləndirilir.
Tədqiqatçılar bildiriblər: “Eyni müddət ərzində daha uzun (və buna görə də daha az) sinir vəziyyətlərinin olması, yaşlı insanların zamanı daha sürətli qavramasına səbəb ola bilər.”
Bu fikir Aristotelə əsaslanan bir zaman anlayışını yada salır: müəyyən bir zaman dilimində nə qədər çox hadisə baş verirsə, həmin müddət insana o qədər uzun görünür.

Deməli, əgər yaşlı insanların beyinləri müəyyən bir vaxt ərzində daha az “hadisə” qeydə alırsa, zamanın onlara görə daha tez keçməsi təəccüblü deyil.
Tədqiqatçılar yaşlı insanların beyinlərindəki bu fərqləri “sinir fərqlənməsinin itməsi” adlanan hadisə ilə əlaqələndirirlər. Yaş artdıqca beynin müxtəlif sahələrinin fəaliyyəti daha az spesifik olur.
Məsələn, gənclərdə üzləri tanımaq üçün ixtisaslaşmış beyin hüceyrələri yalnız üzdən gələn siqnallara reaksiya verirsə, yaşlılarda bu hüceyrələr üz olmayan obyektlərə də reaksiya göstərə bilir. Bu isə bir hadisənin nə vaxt bitdiyini və digərinin nə vaxt başladığını anlamağı çətinləşdirə bilər.
Lakin bu mexanizm zaman qavrayışındakı dəyişikliyi təkbaşına tam izah etmir. Polşalı dilçi Joanna Şadura “LiveScience”a açıqlamasında qeyd edir ki, beynin daxili zaman ölçüsü ilə cəmiyyətin saat, gün və il kimi xətti zaman ölçüləri bir-birindən fərqlidir. Məsələn, bir il 5 yaşlı uşaq üçün həyatının 20 faizini təşkil etdiyi halda, 50 yaşlı biri üçün cəmi 2 faizini təşkil edir.

Hollandiyanın Radboud Universitetindən tədqiqatçı Linda Girliqs isə bildirir ki, yeni təcrübələr yaşamaq, səyahət etmək və sosial əlaqələr qurmaq zamanı daha dolu və uzun hiss etdirə bilər.
Beləliklə, yaş artdıqca zamanın sanki daha tez keçməsi həm beynin sinir fəaliyyəti nümunələrindəki dəyişikliklərlə, həm də insanın həyat təcrübələri ilə izah oluna bilər.