Kulis şairə Xuraman Hüseynzadənin yeni şeirlərini təqdim edir.
Ağ sap
İlk dəfə
qara köynəyinin düyməsinin
ağ sapla tikilməyindən bildim
evinin
qadın əllərindən ötrü darıxdığını...
sonra mənə hədiyyə etdiyin kitabların tozu
və
saralmış vərəqlərdəki tənhalıq qoxusu
anlatdı həyatını...
ürəyim sənindi
bilirəm
saçlarım
gözlərim
ruhum...
amma daha çox əllərim sənin olsun istəyirəm...
saçını tumarlayar
üstünü örtər yatarkən
xörək hazırlayar
süfrə bəzəyər sənə
əllərim
bir də
qara köynəyinə
qara,
ağ köynəyinə ağ sapla tikər düymələri...
Rabiyə
Sudanın əl içi boyda qəsəbəsində
doğulmusan Rabiyə
dərdin dünya boyda...
yaşın 14 olar bəlkə də
hər gecə yuxuna
çörək, süd, yumurta girir
bir də isti çörəyin qoxusu...
hər gecə yatağa ac girən birisi
başqa nə görə bilər yuxusunda
qara gözlərindən süzülən yaşlarla
üzünün kiri getmir
min-min dərdin var Rabiyə
qoşulub sel olan göz yaşlarına
minindən biri getmir.
atan acından öldü
anan dərddən havalandı
qardaşını iş istəyir deyə güllələdilər
eviniz yandı
sən sağ qaldın dünyanın üzünə tüpürməkçün...
qonşumuz Xeyransadan
soruşdum səni
həmən qızı görsən tanıyarsanmı - dedim
nişanələrini saydım
əlləri, dizləri yaralı
səsi qəhərə məğlub
dodaqlarına gülüşü
yasaqlamış dərd-qəm...
Mən o şəhərə getmirəm – dedi -
Dubaya gedirəm.
Nə sən, nə vətən...
nə sən keçirsən ağlımdan
nə də vətən bu aralar...
qonşuda körpə ağlayır
nə dil qanır, nə də ağız -
Allah bilir, nə dərdi var
iki dilənçi gördüm bayaq
biri susaraq dilənirdi
o biri yalvararaq
20 qəpiklə pozdum sükutu:
“Allah səni xoşbəxt eləsin!”
bulvarda
bircə hava alanda
əlimin cibimə ehtiyacı olmur
dəniz dalğalanır
aylıq maaşımızı hesablayıram
kredit borclarımızı
ödəyəndən sonra
bəs edəcəkmi bir ay dolanmağa
hava hikkəsindən qaralır...
yolpulu qalxır deyirlər
bir dilim çörək az yeyək
bir çimdik duz az işlədək
günümüz yollarda keçir
yamandıqca sırtılan yollar
yenə cibimizi sağır
yenə qanımızı içir
addımlarım
daş kimi düşür
asfaltın üstünə
evə dönürəm ağır-ağır
nə sən keçirsən ağlımdan
nə də vətən...
Ehtiras
pəncərəm günah iş görür
külək gəlir otağıma
tumarlayır jalüzləri
heç belə görməmişdim mən
ehtiraslı gecələri
üzüyola gündüzləri
sevgi yatır pəncərəmdə -
gecə düşəndə yumulur
güllərin ləçək gözləri
açır günəş düyməsini -
göyün yaxasında qalır
buludların əl izləri...
Təkliyin qonağı
qaçıb bu boz şəhərdən
atıb soyuq küçəni...
yazırsan yenə təklik
qonaq çağırıb səni
görən olmayıb yenə -
hansı yolla getmisən
hansı ürəkdən keçib
hansı gözdən itmisən
orda yola verirsən
zamanı - ayı, ili
yenə də tənha qalıb
gözlərinin sahili
yediyin öz içindi
içdiyin də göz yaşın
yazırsan ki göyərir
öz içində baş daşın
bir də içki, siqaret -
təkliyin süfrəsi bol...
təklik udacaq səni
deyəmmirəm: yaxşı yol!
oralar elə uzaq -
yazanda yaz bunu da
kaş nə vaxtsa təkliyin
özü sənu unuda...
Əllərin
hər dəfə
əllərin toxunduqca yanaqlarıma
sildikcə göz yaşımı
utandım onlara əzab verməkdən
təbəssümün düşməni kədər imiş -
gündüzdən qorxan yarasa kimi gizlənər o
gülümsəsən
günəş doğsa qəlbində...
gülə bilsən
silahın qəhqəhələr olsa
əliyalın düşmən kimi geri çəkilər
kədər
gülüşüm gözlərimə qayıtdı
qaranquş öz yuvasına qayıdan kimi
əllərin unutsun göz yaşımı
sərçələr qaranquş yuvasını unudan kimi...
Pencək havası
ağır aysan, - deyirlər,
may ayı!
Düşər, düşməzin olar...
günəş elə gözəl gülümsəyər səndə
elə gözəl çiçəklər açar...
təbiət səsləyər adamı
qərar tutmarıq evdə
amma
ağır aysan, - deyirlər,
düşər, düşməzin olar...
adamlar sevinmək istəmir
ağlamağı sevir adamlar
bir də kədəri
göz yaşını
qışın şaxtasını
yayın qızmarını
rənglərin qarasını...
sevgilim səndə doğulub
özüm oktyabrda
o, üzü yaya gedərək böyüyüb
mən qışa...
ortaq sevgimiz var onunla
bir də ilıq
günəşimiz
və
ikimiz də pencək havasında doğulmuşuq...