Yasımda da görünmədi, toyuma gecikən dünya...

Yasımda da görünmədi,  toyuma gecikən dünya...
6 sentyabr 2013
# 10:24

Sentyabrın 7-si şair Saday Şəkərlinin doğum günüdür. Kulis.az onun yeni işıq üzü görmüş “Lənətlənmiş cənnət” kitabından bir neçə şeiri təqdim edir.

* * *

Atam ölən axşamı

cibindəki xırda pulların sayını tək mən bilirdim,

tək mən sevinə bilərdim gizlədə-gizlədə ağrılarımı,

dünən gonbul uşaqlar dondurmaya daraşmışdı,

daha doğrusu,

sanki, san ki, mal yoncanı yalayırdı, qoyun duzu

mən gözlərimi doyurdurdum bu ayətdən,

bir allah xəbərdardı içimdəki qarətdən

çiyələk də yeyirdilər,

bir gün gələr sən də yeyərsən ay uşaq, deyirdilər...

O axşamı ilan vuranlar yatdı, mən yatmadım

atamın cibindəki qara-quruş qəpikləri

saydım, saydım, ağladım,

arzuları soğantək soydum, soydum, ağladım...

Qırx ildi ağlayıram atasını öldürmüş qatil kimi

zəhləm gedir çiyələkdən, dondurmadan,

ona ölüm gəlməmişdi Sibirdə donvurmadan,

ona ölüm məni tamarzı qoyan

qəpik-quruşdan gəlmişdi,

ahdan, nalədən, qarğışdan gəlmişdi...

Qulaq verib sözümə,

yaxına gəlin, uşaqlar, yaxına

atanızdan dondurma istəməyin, heç vaxt,

mənim sözümə baxın ha...

* * *

Məmməd İsmayıla

De nədir mükəmməl, hansıdır o kəm,

Sulanmış gözləri cücərdən LƏKəm...

Mən boyda tənhasan, Sən boyda təkəm

Allahım, bu qərib O qərib deyil.

Binədən göz yaşı tökdü bu qərib,

tək vətən həsrəti çəkdi bu qərib,

allahım, sən təksən, təkdi bu qərib,

allahım, bu qərib, O qərib deyil...

O qərib, bir "qərib" sözündə yoxdu,

Yanıb alovunda,.. közündə,.. yoxdu...

Özündə gizlənib - özündə yoxdu,

Allahım, bu qərib O qərib deyil.

Sordunmu bu qərib nədən ağladı,

Yas qurub Gələnə Gedən, ağladı...

Elə Vətən deyib, Vətən... ağladı,

Allahım, bu qərib O qərib deyil.

Dənəm, YER altına girib, qayıtdım,

Gedib o dünyanı görüb, qayıtdım...

Mən qərib getmişdim, qərib qayıtdım,

Allahım, bu qərib O qərib deyil.

Gülləri saralmış vətən ki qürbət,

əynimdə ən gözəl kəfən ki qürbət,

allahım, bu qürbət, həmənki qürbət,

allahım, bu qərib, O qərib deyil...

** *

Satıram mənzil canımı,

daman gözlə, alan gəlsin,

bir az gözlərim köhnəlib,

haman gözlə, alan gəlsin.

vaxt varıydı günəşiydim,

çöhrəsi nur güləşiydim,

sünbülüydüm, küləşiydim,

saman gözlə alan gəlsin.

Zalım, mənnən qəsdin nədi,

kif basıbmı üstün, nədi,

yaman gözlər üstümdədi,

yaman gözlə alan gəlsin.

Qan qaralıb, gülməm daha,

ucuz gedir kəlməm daha,

mən gözlüyə bilməm daha,

zaman, gözlə, alan gəlsin...

* * *

Səni yel aparsın, yer oğurlasın,

qəmli gözlərimdən itib, qayıtma,

düşüb qollarımdan, kollar altında,

qərib bənövşətək bitib qayıtma.

Ayrılıb tellərin bitməz yol kimi,

baxtımın lil axan arxına düşər,

susuz səhralarda dava səngiməz,

eşqimiz hər dəfə qırğına düşər.

Bürüyər gül ətri, çiçək ətrinə,

daş kimi ömrünə hörənlər səni,

andını, əhdini unudar, yahu,

unutmaz bircə yol görənlər səni.

Dəridən-qabıqdan çıxıb gedirəm,

sürünən ilanlar ağlım çaşdırır,

sənin gündən-günə gözəlləşməyin,

məni gündən-günə cavanlaşdırır...

* * *

Gözümdən yaş kimi ayrılıb gedən

yolların qarğışı dalana qaldı,

görürkən şəklini divar zülmətin,

başıma dolana-dolana qaldı.

Demişdim, yolunda qurbandı başım,

bitmiş bostan kimi urrandı başım,

butək ziyarətdən fırlandı başım,

ürəyim bulana-bulana qaldı...

Yurdumu-yuvamı talan qoydular,

nə dedim, adını yalan qoydular,

ata, yəhər dedim, palan qoydular,

nəslinin şöhrəti qulana qaldı...

Ölür göz önündə vaxtın dirisi,

itirib, gizlədir görənlər izi,

hər yerdə soyuldu haqqın dərisi,

gözlərim sulana-sulana qaldı.

Odlardan-odlara atdıq milləti,

qəpiyə-quruşa satdıq milləti,

züy tutub, başını qatdıq millətin,

dərdimiz zurnanı çalana qaldı...

* * *

Həlim atam, kövrək atam

əlimdən tut deyərdi bərk-bərk atam,

aparıb gəzdirdi ormanları, meşələri,

öz əlləriylə üzdü küsmüş bənövşələri,

neçə-neçə doğmalara, əzizlərə çatdırdı,

gur axan çaylara,

dalğalanan dənizlərə çatdırdı,

on yaşıma çatdıra bilmədi, heyif,

camaat elə bildi, gözüm teştə çalınmış

təzə halvada qalıb,

əlimi bir dəfə buraxıb getdi, cəmi bir dəfə,

əllərim o vaxtdan havada qalıb...

* * *

Bizim kişilər yalanı çılpaq olduğundan sevir,

hərdən haqqı zorlayıb,

qızı qadın elədikləri kimi...

Payızı da çox sevir köndəmağıllarımız,

nə var-nə var ağacları soyundurur,

çiçəkləri lütləndirir,

otların yanmağında söndürür ehtirasını,

üryan şəkillərə baxıb,

mehr salır eşqidurmaz arvadına,

ayıra bilmir onu heyvan məhəbbətindən,

gendə gəzir quduzlaşmış insan mərhəmətindən...

Mayası haramdan yoğurulur,

yalandan tutulur kündəsi,

uşaqları yalandan doğulmasa belə,

yalanıynan yaşayır

yalanı çılpaq olduğundan sevən kişilərimizin...

* * *

Ağrılardan, oyğur-oyğur,

dizlər üstə çökən dünya,

gah fil, gah qurbağa doğur,

hər gün sancı çəkən dünya.

Haqqım yaytək gərilmədi,

haqq deyilən görün nədi,

yasımda da görünmədi,

toyuma gecikən dünya...

Mübhəm sirrim car eləyib,

eldə məni xar eləyib,

yüz yol intihar eləyib,

boğazımda tikəm, dünya.

Nəsimitək dağ məndədi,

haqq söylərəm, haqq məndədi,

sanırdım allah məndədi,

indi mən də təkəm, dünya...

# 1708 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #