25 avqust 1983-cü il
Kiçik stansiyadakı əqrəblər dünənki gecənin saat on birini göstərirdi. Mehmanxanaya tərəf getdim. Ötən dəfəki kimi hüzurluydum. Adam çoxdan tanıdığı yerlərə düşəndə həmişə belə olur. Enli darvazalar taybatay açılmışdı, malikanə alatorana qərq olmuşdu. Gül dibçəkləri tutqun güzgülərində əks olunan holla daxil oldum. Çox maraqlıdı, mehmanxana sahibi məni tanımadı.
O, kirayənişinlərin qeydiyyat kitabını mənə uzatdı. Lələyi tunc rəngli mürəkkəbqabına batırıb, başımı açıq səhifələrin üzərinə əydim və bu gecə taleyimə yazılacaq çoxlu sayda gözlənilməzliklərdən birincisiylə rastlaşdım.
Adım sayılacaq Xorxe Luis Borxes artıq ora yazılmışdı və mürəkkəb qurumağa belə vaxt tapmamışdı. Mehmanxana sahibi dilləndi:
- Deyəsən, getməyə hazırlaşırsınız. – Sonra diqqətlə məni süzdü.
- Bağışlayın, senyor, o biri kişi sizə çox oxşayır, amma siz daha cavansınız.
Mehmanxana sahibindən soruşdum.
- Onun nömrəsi hansıdı?
- O, 19-u xahiş elədi, - söylədi.
Qorxduğum da məhz bu cavabdı.
Qələmi masanın üstünə atıb, pilləkənləri qaçaraq çıxdım. On doqquzuncu nömrə ikinci mərtəbədə yerləşirdi. Bu, pəncərələri daxili həyətə açılan, sürahibəndlə dövrələnmiş, baxımsız və olduqca hündür bir otağıydı. Qapını açıb içəri keçdim. Çilçırağın amansız işığında özümü tanıdım. Dar dəmir çarpayıda arxası qatda uzanmışdım. Çox qocaydım, şişmanıydım, bənizim ağarmışdı, gözlərimi tavandakı oymalı yapmaya zilləmişdim. Səs eşitdim. O qədər də mənimkinə oxşamırdı; bu səs xoşagəlməziydi, maqnitofon yazısına oxşayırdı.
- Qəribədi, - o söylədi, - biz ikiyik, amma həm də birik. Əslində burda heyran qalası nə var ki, yuxuda hər şey ola bilər.
Ehtiyatla soruşdum:
- Deməli, bu, yuxudu?
- Hə, bunun sonuncu yuxum olduğuna əminəm. – Əliylə masanın üzərindəki boş dərman şüşəsini göstərdi. – Bu gecəyə çatmaq üçün hələ çox röyalar görəcəksən. Səndə bu gün ayın neçəsidi?
- Dəqiq bilmirəm, - lap karıxdım. – Amma dünən altmış bir yaşım tamam oldu.
- Yuxusuzluğun səni bu gecəyə gətirib çıxarmazdan bir gün əvvəl səksən dörd yaşını geridə qoyacaqsan. Bu gün 1983-cü il avqustun iyirmi beşidi.
- Necə də çox gözləməliyəm, - pıçıldadım.
- Mənimsə, demək olar ki, vaxtım qalmayıb, - cavabı kobud oldu.
- Hər an ölümün ağuşuna atıla, naməlumluğa yuvarlana və ikiqat artıq yuxu görə bilərəm. Güzgülərin və Stivensonun (şotland yazıçısı Robert Luis Stivenson nəzərdə tutulur – red.) sayəsində beynimi yeyən fikirdi bu.
Stivensonu xatırlaması məni mühakimə yürütmək istəyimdən aralı saldı. Bir tərəfdən o idim, digər tərəfdən, onu anlamırdım. Şekspir (ingilis yazıçısı Uilyam Şekspir – red.) olub, unudulmaz ifadələr yaratmaq üçün yalnız faciəli anlar bəs etmir. Onu azacıq da olsa yayındırmaq üçün söylədim:
- Bu hadisəylə üzləşəcəyini bilirdim. Uzun illər bundan öncə, elə bu mehmanxanada, birinci mərtəbənin otaqlarından birində bu intiharın hekayətini cızmışdıq.
- Hə, - o, fikirli halda təsdiqlədi, sanki xəyallara dalmışdı. – Amma əlaqə görmürəm. O cızma-qarada mən Adroqaya bilet götürüb, “Las Delisyas” mehmanxanasında gözdəniraq on doqquzuncu nömrəyə qalxır və intihar edirdim.
- Elə ona görə burdayam, - söylədim.
- Burda? Biz həmişə burdayıq. Burda mən səni röyamda, Maypu küçəsindəki evdə görürəm. Burda mən anamın otağında gəzirəm.
- Anamın otağında, - bir şey anlamadan təkrarladım. – Səni yuxuda, pəncərələri daxili həyətə açılan on doqquz nömrəli otaqda görürəm.
- Kim kimin yuxusuna girir ki? Sənin mənim yuxuma girdiyini bilirəm, amma mənim sənin röyanda olduğumdan xəbərsizəm. Adroqadakı mehmanxananı çoxdan xaraba qoyublar. Ya iyirmi, ya da otuz il öncə. Kim bilir.
- Xeyr, yuxu görən mənəm, - ona meydan oxudum.
- Yuxunu bir adamın görməsini, ya iki nəfərin bir-birinin yuxusuna gəlməsini müəyyənləşdirməyin nə qədər vacib olduğunu təsəvvür belə edə bilməzsən.
- Mən sənin adını kirayənişinlərin kitabında görüb bura qalxan Borxesəm.
- Borxes mənəm və özümü Maypu küçəsində öldürmüşəm. – O, bir az sükuta dalıb əlavə etdi: - Gəl yoxlayaq. Həyatımızda ən dəhşətli şey nə olub?
Ona tərəf əyildim və ikimiz də eyni zamanda danışmağa başladıq. Hər ikimizin yalan söylədiyini bilirdim.
Bürüşmüş üzündə xəfif təbəssüm oynadı. Bu təbəssümün əksim olduğunu hiss elədim.
- Yalan danışırıq, - qeyd elədi, - çünki özümüzü bir deyil, ayrı-ayrı görürük. Halbuki biz bir adamıq.
Aramızdakı söhbətdən bezdim və bunu açıq şəkildə etiraf etdim. Gerisini də söylədim:
- Məgər 1983-cü iləcən məni nələr gözləyəcəyini danışa bilməzsən?
- Biçarə Borxes, nə söyləyim ki? Əslində çoxdan öyrəşdiyin bədbəxtliklər öz axarında davam edəcək. Evdə tək qalacaqsan. Hərfsiz kitabları vərəqləyəcəksən, Svedenborqun (Emmanuil Svedenborq, İsveç alimi, təsəvvüfçü, ixtiraçı – red.) profildən barelyefinə və içində Xaç ordeni olan nəlbəkiyə toxunacaqsan. Korluq – zülmət deyil, tənhalığın bir növüdü. Yenidən İslandiyaya düşəcəksən.
- İslandiyada! Dənizlərin ortasında!
- Romada Kitsin (Con Kits, ingilis şairi – red.) sətirləri dilinin əzbəri olacaq. Halbuki onun da adı başqaları tək necə də qısa ömürlüdü.
- Mən heç vaxt Romada olmamışam.
- Hələ çox şey baş verəcək. Sən bizim ən yaxşı şeirimizi, elegiyamızı yazacaqsan.
- Onun ölümünə... – ad çəkməkdən qorxdum.
- Yox-yox, o qadın səndən çox yaşayacaq.
Biz susduq. O, davam etdi:
- Birgə arzuladığımız kitabı yazacaqsan. 1979-cu ildəsə əsər adlandıra biləcəyinin müxtəlif eskizlər dəstindən savayı bir şey olmadığı qənaətinə gələcək və beləcə şöhrət düşkünlüyündən – öz dahi kitabını yazmaq niyyətindən əl çəkəcəksən. Hötenin “Faust”unun, Floberin “Salambo”sunun, Coysun “Uliss”inin bizə təlqin etdiyi yanlışlığı deyirəm. Çox, lap çox yazmışam.
- Nəhayət, sonunda uğursuzluğa düçar olduğunu anladın, hə.
- Daha pis. Bunun sözün ən ağır mənasında karxana işi olduğunu anladım. Xoş niyyətlərimin ilk səhifələrdən o yana keçmədiyini dərk etdim. Sonra dolanbaclar, bıçaqlar, özünü inikas sayan insan, özünü real sayan inikas, gecələrin pələngləri, qana bulaşan döyüşlər, amansız və kor Xuan Muranya, Masedonionun səsi, ölülərin dırnaqlarından tikilmiş gəmi, axşamlar qədim ingilis diliylə məşğələlər.
- Bu kunstkamera mənə tanışdı, - gülümsündüm.
- Bundan savayı, tənqidçilərin sevincək aşkarladığı yanlış xatirələr, rəmzlərin ikili oyunu, uzun-uzadı sadalamalar, mövcudluğun qəbullanmasında yüngüllük, natamam simmetriyalar, heç də həmişə apokrifik (yunan sözü olub, gizli, məhrəm mənasını daşıyır – red.) olmayan sitatlar.
- Kitabı çap elədin?
- Onu məhv eləmək kimi melodramatik bir fikrə düşmüşdüm, bəlkə də yandırmaq istəyirdim. Sonunda, nəhayət, onu Madriddə təxəllüslə çap etdirdim. Kitabı uğursuz təqlid kimi qələmə verdilər, müəllifisə özünü Borxesə oxşatmaqda günahlandırdılar və onun orijinalı təkrarladığını söylədilər.
- Burda təəccüblü nə var ki - əlavə etdim. – Hər yazıçı sonunda özünün qaragün şagirdinə çevrilir.
- O kitab məni bura gətirən səbəblərdən biridi. Digərlərisə qocalığın doğurduğu naxoşluqlar, vaxtının ötməsindən əminlikdi...
- O kitabı yazmayacam, - əminliklə dilləndim.
- Yazacaqsan. İndi real səslənən sözlərimi bir yuxu kimi xatırlayacaqsan.
Onun öyüdverici tonu məni qıcıqlandırırdı, axı özüm mühazirələrdə bu cür danışırdım. Bu dərəcədə oxşarlığımız məni qıcıqlandırırdı. Yaxınlaşan ölümün ona verdiyi cəzasızlıqsan sui-istifadə etməsi məni qıcıqlandırırdı.
Əvəzini çıxmaq üçün ondan soruşdum:
- Ölüm yatağında olduğundan belə əminsən?
- Hə, - cavab verdi. – Heç vaxt hiss eləmədiyim rahatlıq və hüzur içindəyəm. Bunu ifadə etməyə sözün gücü çatmaz. Niyə söylədiklərim sənə bu qədər toxunur?
- Çünki biz çox oxşarıq. Üzümü xatırladan gülünc sifətin, səsimi təqlid edən çirkin səsin, məni xatırladan ibarəli tövrün adamı iyrəndirir.
- Elə məni də, - o, cavab verdi. – Elə buna görə də intihar etməyi qərara aldım.
Bağda quş cəh-cəh vurdu.
- Sonuncudu, - o söylədi.
Əlinin işarəsiylə məni yanına çağırdı. Əli əlimi axtardı. Onunla qovuşacağımdan hürküb daldalı getdim.
O söylədi:
- Möhkəm olanlar adama həyatdan şikayətçi olmamağı öyrədirlər; məhbəsin qapıları açıqdı. Həmişə bunu hiss etmişəm, yalnız tənbəllik və qorxaqlıq məni dayandırıb. İki həftə əvvəl La Platada “Eneida”nın (latın dilində qədim epos – red.) altıncı kitabı haqda mühazirə oxuyurdum. Hekzametri (qədim yunanlarda və romalılarda şeir vəznlərindən biri – red.) ucadan söyləyərkən birdən nə edəcəyimi anladım. Bir qərar aldım. O andan özümü dişbatmaz hiss elədim. Mənim taleyim səninki olacaq, sən latın və Vergiliyanın (Avqust dövrünün ən məşhur şairi, “Eneida”nın müəllifi – red.) sayəsində gözlənilməz bir kəşf edəcəksən. Onda iki müxtəlif yerdə və iki müxtəlif zamanda baş verən bu maraqlı olduğu qədər bəsirətli dialoqumuzu tamamilə unudacaqsan. Yenidən bu yuxunu görəndə mənə çevriləcəksən və mənim yuxum olacaqsan.
- Bu yuxunu unutmayacağam və elə sabah onu bir yerə qeyd eləyəcəm.
- Bu yuxu digər röyaların ağırlığı altında yaddaşının dərin qatına həkk olunacaq. Röyanı yazmaqla onu fantastik hekayəyə çevirmək istəyəcəksən. Bu, sabah olmayacaq, hələ uzun illər keçəcək.
Qoca susdu və onun öldüyünü anladım. Sanki onunla bir yerdə öldüm və qəm dəryasına bataraq, yastığın üzərinə əyildim, lakin orda heç kim yoxuydu.
Otaqdan çölə qaçdım. Orda nə daxili həyət, nə mərmər pilləkənlər, nə evkaliptlər, nə heykəllər, nə köşklər, nə fontanlar, nə enli darvazalar, nə də Adroqa qəsəbəsi vardı.
Orda məni başqa yuxular gözləyirdi.
Çevirdi: Kifayət Haqverdiyeva
Yuxuda özünü görən adam
14 noyabr 2012
10:01
5661 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024