Ərindən qaçıb peşman olmayan qadının hekayəsi

Ərindən qaçıb peşman olmayan qadının hekayəsi
1 mart 2016
# 16:26

Kulis türk yazıçı Necati Cumalının “Nəfəs almaq” hekayəsini təqdim edir.

Adamın, ulağın üstündə əli ayağı boşalmış, dalğın bir oturuşu vardı. Sol ayağını yana sallayıb, sağ ayağını palanın qaşı üstündən ulağın boynuna atmışdı. Gövdəsi ulağın yerişinin ahənginə uyaraq asta-asta irəli-geri tərpənirdi.

Niyə? Niyə arvadı onu, uşaqlarını atıb qaçmışdı? Düşünürdü, düşünürdü, heç cürə baş çıxara bilmirdi.

Dodağının kənarında saxladığı siqaretə əl vurmurdu. Hara baxdığı, yolda qarşılaşdıqlarını görüb-görmədiyi bəlli deyildi. Ulaq, onu alışdığı yolla səhər necə damından qəsəbəyə aparmışdısa, indi də eləcə damına qaytarırdı.

Xeyli müddət idi ki, ulağın üstündə, damın önündəki dağdağan ağacının altında, oturduğu hər yerdə saatlarla fikrə qapılırdı. Əl vurmadan çəkdiyi siqaretlər dodaqlarının arasında yanıb qurtarır, külləri sovrulub üst başına tökülürdü. Başa düşə bilmirdi: nə üçün? Nəyi əksik idi? Nə demişdi? Hansı işinə qarışmışdı arvadının?

Qısır çıxan birinci arvadından sonra ikinci ilə evlənəndə qırx yaşlarında idi. Alanda on səkkiz yaşında qulun kimi bir qız idi arvadı. İlk illər necə səbirsizliklə gözləyərdilər axşamı? Nə zaman yalnız qalsalar, boş qalsalar, göyərçin kimi qoynuna girirdi.

Belə səbirsizliklə axşamı gözləyə-gözləyə, göyərçin kimi qoynuna girə-girə arvadı ona dörd uşaq doğdu.

Dörd uşaq daha çox tütün, daha geniş tarla demək idi. Uşaqlar iynə tutub sapa tütün düzə biləcək yaşa gəldikcə gəlirləri artdı. Hər il tütünlər boy atdı, dərildi, saraldı, yığın-yığın oldu, satıldı. Qazancı artdıqca arvadının boynunu dəst-dəst boyunbağılarla doldurdu, biləklərindəki bilərziklərin sıxlığını hər il bir az da artırdı.

“Niyə qaçmışdı arvadı?”

Dörd uşaqdan sonra arvadı daha da böyüdü. Ombaları, döşləri genəldi, sanki hər tərəfi dilləndi. Yeriyəndə ayaqlarını daha dik basdı. Hörüb yığdığı saçlarını geriyə elə canlı bir atışı vardı ki, görəndə “hara uçacaq”, “görən haraya havalancaq indi” deyə ürəyindən keçirirdi. Nəsə olsa qıdıqlanan adam kimi gülər, evin içində gəzişərkən, durduğu yerdə mahnı zümzümə edərdi. Daşla işləyən radiolarını söndürmək nədi bilməzdi.

Axşam düşdükcə arvadının sevinci artardı, damın çardağın içində daha da deyə gülə gəzişərdi. Ona dikilən baxışları səbirsizliklə işıldayar, səsi yumşalar, məxmərləşər, nə desə bir eşq pıçıltısı kimi çıxardı dodaqlarından.

Halbuki illər keçdikcə onun qollarının gücü tükənirdi. Artıq yaxınlaşan gecələri əvvəlki səbirsizliklə gözləmirdi.

Hər il bir köməkçi tutmağa başladı. Tarladakı işini, cütü, tütün qırmağı yavaş-yavaş köməkçiyə, gündəlik gətirdiyi muzdlu işçilərə verdi. Beləcə bir müddət arvadının qoynuna girməsinə özündə güc saxladı. Son illərdə, beş yaşından bəri camaatın dilinə düşən varını qazanmaq üçün, hava işıqlanmadan başlayıb, şər qarışana qədər işləməklə keçən əlli illik həyatın yorğunluğu çökdü üsünə. Yerişi, əl ayağı ağırlaşdı. Günün altında quruyan hər şey kimi üzünün dərisi xət-xətt yarıldı, uzandı, sallandı; saçları, dişləri seyrəldi.

O, durğunlaşdıqca, arvadının axşamlara doğru artan sevinci, baxışlarının artan işıltısı söndü, səsi, sözləri tündləşdi, sərtləşdi.

O il gənc bir köməkçiləri vardı. İşləyəndə mahnılar oxuyar, tütün düzərkən arvadını güldürən hekayələr danışardı. Dəliqanlının işə başlamasından iki-üç həftə sonra, cütləşmədən öncə durmadan bir-birini izləyən iki it kimi arvadı ilə köməkçisinin bir birinin dalınca gəzdiklərini gördü. Köməkçi həyətə çıxsa arvadı da çıxar, köməkçi nəyə əl uzatsa arvadı daha cəld davranıb alar köməkçiyə verərdi.

O sevdiyi, tapındığı, ətiylə, sümüyüylə, hər şeyilə tanıdığı, tütün yarpaqları kimi bir nəzərlə bələd olduğu arvadı; dördüncü uşaq süddən kəsilənə qədər onun da arxasınca beləcə dolanardı. Dördüncü uşaqları yeriyənə qədər arvadının üzünü çevirib başqa bir kişinin arxasınca baxdığını xatırlamırdı.

Qocalmışdı! Bu yorğun, bu üzülmüş gövdəsilə, artıq özündən iyirmi iki yaş kiçik bir qadınla atını yanaşı sürə bilmirdi. Gecələr yatağa girər girməz yatar, tezcə yuxusunu alardı. Yatanda dodaqları quruyardı. Gecəyarısı oyanardı ki, dili damağına yapışıb. Çox vaxt oyananda arvadını yanında oyaq görürdü. Qadın, gözləri tavanın kirişlərində dərindən içini çəkir, yorğanı təpikləyir, sağına-soluna dönür, yata bilmirdi. Qadınından qürurunu sındıran bir günahla “Nə olub?” deyə soruşa bilmirdi.

Bir gecə oyananda arvadı yanında yox idi. İstisini, qoxusunu yataqda qoyub damdan çıxmışdı. Qürurunu qıran bu günah duyğusu silindir kimi keçdi üstündən. Bildi ki, indi o göyərçin soxuluşu ilə köməkçinin qollarındaydı. Məhv oldu! Ürəyi, bütün vücudu əzabla yoğruldu. O, silindir bədəni boyu getdi-gəldi, getdi-gəldi. Dursun, tapançasını götürsün? “Niyə?” dedi daxilindən bir səs! Arvadını ondan alan köməkçi deyildi axı, illər idi!

Həyatının on beş ilə yaxınını xoşbəxtliklə dolduran arvadı idi. Sevəcəyi qədər sevmiş, qoynuna girəcəyi qədər girmişdi. Arvadının qoynuna girişini, yatmaq vaxtı yaxınlaşdıqca artan sevincini xatırlamaq hələ də xoş idi. Arvadı olmasaydı, barmaqlarına yapışan tütün zəhərindən başqa həyatında nə qalardı?

Yerindən tərpənmədi. Qadınının yatağa qayıdışını, yanına uzananda içini çəkməsini yatırmış kimi izlədi.

Ertəsi gecə arvadının astaca yataqdan qalxdığını, əvvəlcə qərarsız, sonra sürətlə damdan çıxdığını gördü. Səs çıxarmadı.

Yay, beləcə ürəyini sıxa-sıxa keçdi. Bütün yay gözlərini arvadının gözlərindən qaçırdı, axşam düşərkən gözlərinə gələn o əvvəlki işıltını görməməyə çalışdı; yenə həlimləşən, məxmər kimi səsini eşitməmək üçün tarlada başını qatmağa işlər tapdı, arvadından uzaqlaşdı.

Son tütünləri də qırdılar. Sabah yuxudan oyananda arvadı otaqda yox idi. Hava açıldı, dan söküldü, arvadı qayıtmadı. İşıqlaşan damın içində gözlərini gəzdirib arvadının yaylığını, çarşabını yerində görə bilmədi. Bayırda da səs-səmir yox idi. O səssizlikdə, uşaqlar oyanmadan ətrafı nəzərdən keçirdi, sandığın üstündəki boğçalardan birinin əksik olduğunu gördü. Sanki damın içi boşaldı, hər şey əridi, yox oldu. Arvadı o boşluqda onu, dörd uşağını atıb qızılları, bilərzikləri, bir boğça pal-paltarı götürüb, bir gün əvvəl aylığını verdiyi köməkçisi ilə birlikdə getmişdi.

“Nə üçün?” deyə düşünməyə başladı.

Uşaqlar oyandılar.

“Niyə dörd uşağının yanında özünü alçaldaraq qaçmışdı? Köməkçisi ilə görüşün hazırlığı üçün olsa da, axşam üstləri arvadının yerinə gələn sevinci, ona evliliklərinin xoşbəxt illərini xatırladırdı. Niyə onun damından o sevinci alıb qaçmışdı. Ən kiçik bir inciklik göstərməkdən çəkinmiş, şübhəsini hiss elətdirməmişdi axı! Niyə?”

Uşaqlara köməkçinin işinin qurtardığını, analarının da beş on günlüyə xalalarının yanına getdiyini söylədi. Xalalarının yanında qalan nənələri xəstəydi.

Tezliklə obada, qəsəbədə dedi-qodu yayıldı. Söz axtaranlar ondan çıxacaq ən kiçik səs üçün ağzını güddülər, amma bir kəlimə ala bilmədilər. Elə hey özünə qapılaraq ulağın üstündə getdi-gəldi. Oturub saatlarla dalğın, yorğun baxışlarla damın qabağındakı dağdağan ağacına baxdı. Yola baxdı, arvadının əli ayağı dəyən hər yerə baxdı, onu gözləri qarşısında hərlənən gördü. Dodağının kənarında birini o birinə caladığı siqaretlərin külləri uzandı, uçdu, üst başına dağıldı.

Bir yaxınından arvadının İzmirdə olduğunu, ev tutduğunu eşitdi. Köməkçisi küçə ticarəti ilə məşğul olurmuş, qızıllardan xırdalayıb xərcləyirmişlər. Nə eşitdiklərindən başqa nəsə öyrənmək üçün sual verdi, nə də danışanlara əzabını, məğlubiyyətini hiss etdirən bir söz dedi.

Üç ay “Nə üçün?” deyə durmadan düşündü. Üç ay sonra bir səhər qalxıb, sabah erkəndən İzmirə getdi. Arvadının yaşadığı evin qapısını döydü. Qadın evdə tək idi. Bir iki söz deməyə icazə verərsənmi? Dedi. Qadın onu çaşqın, peşman, qorxaq, utanc dolu baxışlarla qarşıladı və dinlədi. “Uşaqlar darıxdılar sənin üçün. Sənsiz başsız qaldılar.” Qadın uşaqların hamısı haqda ayrı-ayrılıqda qısa suallar verdi. Cavabları dinləyəndə üzündəki cizgilər bir birinə qarışdı, soldu. “Mənim də, mənim də fikrim uşaqlardadı...”-dedi.

Adam yerə baxa-baxa, “Hazırlaş gedək” dedi. Qadın təlaşla yaylığını götürdü, çarşabını, ayaqqabısını geyindi. Boğçasını yığdı. Qonşuya dəyib “Mən evimə dönürəm. Məni axtarmasın” deyə aşiqinə xəbər verməsini istədi.

Avtobusda ancaq uşaqlardan danışdılar. Qəsəbədə arvadını ulağa mindirdi. Damlarına doğru yola çıxdılar. Yolda qadın bir-iki dəfə içini çəkib, sinəsi dolu nəfəs aldı. Sonra dözməyib ərindən soruşdu:

- Heç hirslənmədinmi mənə?

Adam qürurunu sındırmaq istəmədi:

- Peşmansan, niyə hirslənim?

Bir neçə addım getdilər. Qadın yenə içini çəkdi:

- Peşman deyiləm...

Kişi susdu. Bir müddət aralarında ulağın nallarının yoldakı daşlara dəydikcə çıxardığı səslər duyuldu. Qadın yenə dilləndi:

- Soruşsana! Niyə qaçdın? Niyə getdin?

Adam yorğun baxışlarla arvadına baxmaqla kifayətləndi.

- Dözə bilmədim! Boğulurdum! Peşmanam desəm yalan demiş olaram! Gecə qaçmaqdan, gündüz qaçmaqdan bezikdim, yoruldum! Gündüz üzünə gülüb, gecə yatağından qaçmaqdan səbrim qalmadı. İstər günah olsun, istər savab, günahı hər nə isə mənim boynuma, qaçdım, rahat bir nəfəs aldım!...

Tərcümə: Gülnar Əhməd

# 1131 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #