Dahi yazıçının duası - MƏTN

Dahi yazıçının duası - <span style="color:red;">MƏTN
5 yanvar 2016
# 11:27

Kulis Cavanşir Yusiflinin “Eqzüperinin duası” yazısını və həmin mətni təqdim edir

Keçən ilin 29 iyun tarixində Antuan dö Sənt Eqzüperinin 115 illiyi tamam oldu. Məqsədim bu gecikmiş yubileyi qeyd etmək, bu qəribə taleli yazıçı haqqında avtobioqrafik mətn yazmaq deyil. İnsan həyatda çox səhvlər edir, bəzən istinadgah kimi bir şey tapır, ona sarılır, bəzən də tapmır, sol əlinin ovuc içi qapanır. Həm də ümidsizliyə qapanır.

Başqa bir təsadüf də vardı. Onun “Balaca Şahzadə” əsərini fransızcadan dilimizə çevirmişdim. Ön söz yazmalıydım. Elə bir şey ki, həyatı ilə yaradıcılığının kəsişdiyi nöqtələri göstərə bilsin. Bilmirdim nədən başlayım. Birdən onun haqqında yazılanları axtararkən iki şey çıxdı qarşıma. Həyat yoldaşı Konsuello haqqında xatirələr, bir də başqa bir şey, yəni ən vacib bir şey. Dua.

O, məlum olduğu kimi pilot olub, təyyarə sürüb ömrü boyu, Konsuello ilə də hava limanında tanış olub, Argentinada. Onu təyyarəsinə dəvət edib, havadaca deyib: siz məni öpmək istəmirsiniz? Eqzüperi insanlara təsir etməyi bacarırdı, o, bu sahədə az qala maq kimi güclü idi. Ordan qayıdanda Andre Jid, o dövrün böyük fransız yazıçısı belə demişdi: Eqzüperi Argentinadan iki şeylə qayıtdı: həyat yoldaşı və bir romanı. Həyat yoldaşı ilə tanış olduq. Romanını oxuyub sevdik.

Ancaq hər bir yazıçının ömründə onun taleyi ilə yaradıcılığının kəsişdiyi nöqtəni göstərən bir əsəri olur. Ya əlinə qələm alan kimi doğulur bu əsər, ya da çox sonralar. Bəzən heç gəlmir, yolunu nə qədər gözləsən də. “Balaca Şahzadə” belə bir əsərdir. Bütün dünya oxuyub və öz dilinə tərcümə edib. Bu, həm də janrı, janr xüsusiyyətləri etibarı ilə çox qəribə əsərdir. Nəsrdirmi? Əlbəttə, poeziyanın aşıb-daşdığı nəsr. Fəlsəfədirmi? Bəli, bütün fəlsəfi təlimləri gözdən salan bir əsər.

“Balaca Şahzadə” insanlara nəyi təlqin edir? Çox şeyi. Həyatın mənasını. Mənalarını. Onlar arasında baş verən faciə və bədbəxtlikləri. Həyatda sevinc ilğım kimidir. Xoşbəxtlik də. Qiyamətə qədər həyat belə olur. Ancaq bir şey də var. Sən bir gül əkirsən. Səhralıqda. Onu göz yaşlarınla sulayırsan. Səhrada tək-tənha bitən bu çiçəyin həyat eşqi işığa dönüb ulduzların qəlbində cücərir və əslində dərk edirsən ki, o gül elə o ulduzun içində cücəribmiş. Və harda olsan, o ulduzun altındasan. O gülün necə nəfəs alıb-verdiyini hiss edəcəksən. Bu mənada Eqzüperinin bədahətən sevgilisinə baxıb yazdığı o dua yerinə düşür. İnsan yaşamaq üçün dua etməlidir. Geri qayıtmayan təmənnasız dua...

***

Allahım, səndən nə möcüzə, nə də ilğım istəyirəm, səndən hər günüm üçün güc verməyini diləyirəm. Mənə kiçik addımların sirrini öyrət.

Ötüb keçən günlərin rəng qatışığında məni həyəcanlandıran kəşf və təcrübələri vaxtında görə bilməyim üçün elə et ki, heç nə gözümdən qaçmasın və bacardıqlarımı edə bilim.

Ömrümə düşən vaxt payı ilə düzgün davranmağı öyrət mənə. Mənə elə bir fəhm ver ki, birinci dərəcəli olanı sonrakılardan dəqiq seçə bilim, ayıra bilim, ilahi! Həyatda büdrəməmək, addım atdığı yerdə ayağımın sürüşməməsi, əksinə günlərin axışını ağıllı şəkildə qurmaq, zirvəni və üfüqləri eyni anda görə bilmək və incəsənətdən lazımi ləzzəti ürəyimə çəkə bilmək üçün səndən mənə lazım olan yerdə dayana bilməyi, ən əsası ölçü hissini qorumağı öyrətməni istəyirəm.

Arzuların, xəyalların yardım olmaması hissini anlamaqda mənə kömək elə. Nə keçmişin, nə gələcəyin xiffətini çəkim. İndi və burda olmağıma və bu anı ən vacib şey olaraq anlamağıma yardım et.

Bütün həyatın hamar olmasına sadəlövh inamdan məni xilas elə. Mənə elə iti ağıl ver ki, həyatdakı zədələrin, enişlərin və uğursuzluqların həyatın təbii tərkib hissəsi olmasını adi qəbul edim.

Yadıma sal ki, ürək tez-tez ağılla mübahisə edir. Lazım olan məqamda yanıma elə bir adam göndər ki, mənə həqiqəti bütün çılpaqlığı ilə, ancaq məni sevərək deyə bilsin.

Bilirəm ki, heç nə eləməyəndə belə, bir çox problemlər həllini tapır zamanla, ona görə mənə səbrli olmağı öyrət.

Dostluğa nə qədər möhtac olduğumuzu sən bilirsən. Taleyin belə bir ən gözəl, ən füsunkar payına layiq olmağıma şərait yarat.

Mənə elə zəngin bir fantaziya bəxş elə ki, lazım olan məqamda lazım olan yerdə, danışaraq və ya susaraq kiməsə həsrətində olduğu istiliyi verə bilim.

Elə et ki, lap həyatın dibində olan insanlara əlim çata bilsin.

Həyatda nəyinsə gözümdən qaçmağına mane ol. Mənə səndən istədiyimi yox, mənə doğrudan lazım olan şeyi ver.

Mənə kiçik addımların sirrini öyrət, ilahi!

# 1238 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #